Məhkəmə qərarları › İş №2(003)-755/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-755/2021

17.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-755/2021 17.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 oğlunun iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 7469.70 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçı Mülki Prosessual Məcəllənin 53cü maddəsinə əsasən, iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 8804.50 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Natavan küçəsi, ev 55 saylı evdə yaşayır. Həmin ünvana G-4 markalı 1402AZ**********22 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Sonradan qaz sayğacına pul yükləmək istədiyi zaman Cavabdeh tərəfindən ona bildirilib ki, 7469,70 manat borcu vardır. Bunula bağlı Cavabdeh Xəzər rayon şöbəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən ona bildirilmişdir ki, qaz sayğacına müdaxilə etdiyi üçün ona 7469,70 manat cərimə yazılıb. Halbuki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. İstifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən ona məxsus evin daxilində deyil, hasarın çöl tərəfində yerləşdirilmişdir. Bu səbəbdən həmin saycağın hər hansı müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Buna baxmayaraq, cavabdeh təşkilat tərəfindən qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin akt tərəfindən imzalanmamışdır. Qeyd olunan akt əsasında əsassız olaraq ona borc hesablanmışdır. Əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və əsassız olaraq ona borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsə də hər hansı bir nəticə olmamışdır. Bundan əlavə, o, həmin ünvanda 2016-cı ildən yaşayır. Qeyd olunanlara əsasən, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 7469.70 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X1 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus ünvana baxış keçirilərkən təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş, bu barədə müvafiq akt tərtib olunaraq dəymiş ziyan hesablanmış və istehlakçının hesabına yönəldilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, mübahisəli ünvana verilən qaz xətti üzrə abonent kodu **********00000 sayla qeydiyyata alınmışdır. Həmin qaz xətti Alışov Şükürün adına qeydə alınmışdır. Qeyd olunan abonent saldosundan görünür ki, iddiaçıya məxsus ünvana ümumilikdə 8804.50 manat borc yazılmış, həmin borcun 507 manat məbləği qaz sərfiyyatına görə hesablanmış, qalan 8297.50 manat məbləği aktlar əsasında hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə araşdırması zamanı istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamış, cavabdeh tərəf 8297.50 manat borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış 8297.50 manat borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə habelə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********00000 saylı abonent hesabına əsassız hesablanmış 8297.50 (səkkiz min iki yüz doxsan yeddi manat əlli qəpik) manat borc silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət gəlirlərinə alınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar