Məhkəmə qərarları › İş №2(003)-770/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-770/2021

21.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-770/2021 21.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, onun nümayəndəsi və vəkili X2, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "nəqliyyat vasitəsinin alq-satqı müqaviləsinin etibarsız sayılması və nəqliyyat vasitəsinin alınıb ona təhvil verilməsi" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış 22.09.2012-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi”nin, Azərbaycan Respublikası BDYPİ tərəfindən verilmiş “AB816906” nömrəli, 22.09.2012-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin etibarsız sayılması və həmin nəqliyyat vasitəsinin cavabdehlərdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında “Kia Sportage minik” markalı, “**-LT- ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış 22.09.2012-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi”nin etibarsız sayılması, Azərbaycan Respublikası BDYPİ tərəfindən verilmiş “AB816906” nömrəli, 22.09.2012-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin ləğv edilməsi və həmin nəqliyyat vasitəsinin Cavabdeh2 ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, bacısı qızı X1 Xəyyam Nizami oğlu adlı şəxslə 2010-cu ildən qeyri-rəsmi ailə münasibəti quraraq yaşamışdır. X6 2011-ci ildə özünə 25000 manata “Kia Sportage minik” markalı, “90-LT575” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almış və avtomobili onun adına qeydiyyata aldırmışdır. Samirə Heydərovanın xahişi ilə o, Samirə ilə birlikdə yaşayan Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. 2020-ci ilədək Samirə Heydərova Cavabdeh2 ilə bir yerdə yaşamış və bacısı qızı Samirə daim işlədiyindən Cavabdeh2 ehtiyaclarını qarşılamış, onun maddi ehtiyaclarını təmin etmişdir. Cavabdeh2 heç vaxt işləməmiş, bacısı qızının qazancından müvafiq faydalanmışdır. 2020-ci ildə Xəyyam u birinci nikahından olan övladının müalicəsi üçün İran İslam Respublikasına həmin avtomobillə getmək istədiyini, bunun uçün həmin etibarnamənin üzərinə notariat kontorunda ölkədən çıxmağa icazə verməyi üçün imza çəkməyinin zəruri olduğunu bildirmişdir. O, bacısı qızının razılığı ilə onunla notariat kontoruna getmişdir. Cavabdeh2 gəlib onu bacısı qızının evindən götürmüş və qaytarıb öz evinə aparmışdır. Cavabdeh2 onu notariat kontorunda növbədən kənar içəri daxil etmiş, sənədə imza çəkdirmiş və onu gətirib evə buraxmışdır. O, hüquqi savadı olmadığından nəyə imza çəkdiyini bilməmiş və Cavabdeh2 deməsinə görə guya avtomobillə ölkədən çıxmaq üçün etibarnaməyə əlavə imza çəkməli idi. Düşünmüşdür ki, Xəyyam sözünə əməl edər, düşünməmişdir ki, o, onu və bacısı qızını aldadar. Hazırda bacısı qızı X3 Cavabdeh2 adlı şəxslə münasibətləri normal deyil. Sonradan anlamışlar ki, o, onu əlavə imza çəkmək adı ilə notariat kontoruna aparmış və orada nəqliyyat vasitəsi ilə bağlı özündə sərəncam vermək səlahiyyətini də, nəzərdə tutan baş etibarnamə almışdır. Sən demə o, həmin etibarnaməyə xəbəri olmadan imza etmişdir. Onlara məlum olmuşdur ki, Cavabdeh2 həmin etibarnamədən istifadə edərək sözügedən avtomobili digər cavabdeh olan Cavabdeh1 ilə 22.09.2012-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq ona satmış, avtomobili onun mülkiyyətinə vermişdir. Avtomobil satıldıqdan və onun adından çıxarıldıqdan sonra isə avtomobilin mülkiyyətçisi Cavabdeh1 22.09.2019-cu il tarixdə yenidən 21.05.2019-cu il tarixdək Cavabdeh2 etibarnamə vermişdir. Həmin etibarnamənin müddəti bitəndən sonra Cavabdeh1 2019-cu il tarixdə yenidən 14.05.2029-cu il tarixdək Cavabdeh2 etibarnamə vermişdir. Bundan xəbər tutan kimi 02.10.2020-ci il tarixdə şikayət ərizəsi ilə Xəzər rayon DYP şöbəsinə müraciət etmiş, avtomobilinin geri qaytarılmasını tələb etmişdir. Buradan görünür ki, avtomobilin sahibi əslində Cavabdeh1 deyil, Cavabdeh2dur. Xəyyam iddiaçının verdiyi etibarnamədən istifadə edərək dolayısı ilə avtomobilə özü sahiblənmiş, etibarnamədən öz məqsədləri üçün sui-istifadə etmişdir. Seymur avtomobilin sahibi olmamış, yalnız sənəd üzərində onun adı qeyd olunmuşdur. Nəticədə Xəyyamın özbaşına hərəkəti ilə o, dəyəri 25000 manat olan avtomobilindən məhrum olmuşdur. Xəyyam qanunsuz şəkildə və heç bir əsas olmadan əmlakını mənimsəmiş, qanuni əsas olmadan əmlakını ələ keçirmişdir. Onun adından Xəyyamın Seymurla bağladığı alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsaslar yaranmışdır. Belə ki, Xəyyam ondan alınmış etibarnamədən öz mənafe və məqsədləri üçün istifadə edə bilməzdi və bu istiqamətdə bağlanmış müqavilə etibarsız sayılmalıdır. Göründüyü kimi, müqavilə həm mülki hüquqların, həm də mülki vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. İşin bu cür halında müqavilənin bir iştirakçısının müqavilə üzrə malik olduğu hüququ, həmin müqavilənin digər iştirakçısının vəzifəsini müəyyən edir. Xarakterindən və məzmunundan, yəni maddi və ya qeyri-maddi nemətlər barəsində bağlanmasından asılı olmayaraq müqavilə tərəflərinin müəyyən etdikləri şərtlər müqavilə tərəfləri üçün müqavilə öhdəliyi hesab olunur. Hesab edir ki, onu aldadaraq etibarnamə almış Xəyyam adlı şəxs səlahiyyətli nümayəndə kimi ona etibar edilmiş səlahiyyətlərdən (notarial təsdiqli etibarnamədən) sui-istifadə edərək mübahisəli avtomobilə dair digər cavabdeh Seymur adlı yaxın dostu və tanışı ilə alqı-satqı müqaviləsi bağlamış, guya avtomobili ona satmışdır. Əslində həmin müqavilə görünüş üçün bağlanmış, həqiqi niyyəti ifadə etməyən yalan əqddir. Bununla Xəyyam həmin etibarnamədən istifadə edərək özü üçün əqd bağlamışdır. Məlumdur ki, hər hansı bir əqdin etibasız hesab olunması formal mülahizələr əsasında deyil, ağılabatan, təkzib olunmaz dəlillər və qanuni əsaslarla həyata keçirilməlidir. İndiki halda mübahisəli avtomobilin Xəyyam tərəfindən təmsilçilik hüququ ilə Seymur adlı şəxsə alqı-satqı edilməsi və edilmiş sonrakı hərəkətlər zamanı Mülki Məcəllə ilə etibarsızlığa dəlalət edəcək şərtlərin və qaydaların pozulması halı baş vermişdir. Ona görə də, mübahisəli avtomobil üzərində Seymurun mülkiyyət hüququnun həqiqiliyi, tamlığı prezumsiyası qüvvədə sayılmır, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin onun mülkiyyətinə qaytarılmasının hüquqi əsasları müəyyən edilir. Bundan başqa Xəyyam adlı şəxsin vəkalət əsasında tapşırıq verdiyini düşünəndə belə Xəyyam avtomobilin satışından əldə etdiyi pul məbləğini ona qaytarmalı idi, bunu da etməmiş, mənimsəmişdir. Buradan görünür ki, Xəyyam onu aldadaraq nəqliyyat vasitəsinin satılması üçün etibarnamə əldə etmiş, iradəsi olmadan alqı-satqı müqaviləsi bağlamış, avomobili guya yaxın dostuna satmaqla özü mənimsəmişdir. Həmçinin, vəkalət tapşırığını yerinə yetirdiyini düşünsək belə avtomobilin satmaqla onun dəyərini də, ona ödəməmiş, onu da mənimsəmişdir. Bütün bunlar əsas verir ki, mübahisəli avtomobilə dair bağlanmış alqısatqı müqaviləsi etibarsız sayılsın və avtomobil iddiaçının mülkiyyətinə qaytarılmaqla cavabdehlərdən alınaraq ona verilsin və ya həmin avtomobilin dəyəri onaödənilsin. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi və iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək izahatında bildirdi ki, 2010-cu ildə X6 ilə faktiki nikaha daxil olaraq ailə qurmuşdur. 2012-ci ildə Babək prospektində yerləşən avtomobil satışı mağazasından 21500 manat məbləğində pula “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı avtomobil almış və avtomobili razılıq əsasında Samirə Heydərovanın xalası İddiaçı adına rəsmiləşdirmişdir. Sonra Samirə və Dünyaxanım ilə birlikdə notariat kontoruna gedərək avtomobili Seymurun adına keçirmişlər və Seymurdan 20000 manat məbləğində pul götürərək Samirəyə ev almışdır. Lakin avtomobil alındığı gündən hal-hazıradək onda olmuş və avtomobili o, idarə etmişdir. Bundan bir qədər sonra Samirə avtomobili birgə yaşadıqları müddətdə aldıqları üçün ona verməli olduğunu bildirmiş, verməyəcəyi halda onu şərləyəcəyini demişdir. Bundan sona Samirə ondan polisə şikayət etmişdir. Həmçinin Samirənin qızı onu məhkəməyə vermişdir ki, guya o, hamamdan çıxanda dəsmal ilə çıxmışdır. Eyni zamanda avtomaşının alqı-satqı müqaviləsi 9 il əvvəl bağlanmışdır və iddiaçının həmin müqavilənin bağlanmasından məlumatı olmuş, lakin bu illər ərzində iddia tələbi irəli sürməmişdir. Qeyd olunanalara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X5 iddianı qəbul etməyərək, cavabdehin izahatına uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh2 2012-ci ilin yay aylarında “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı avtomobili onun adına keçirtmək istəmişdir. Sonra Xəyyam ondan 20000 manat məbləğində borca pul almış və avtomobili onun adına keçirtmişdir. Xəyyam pulu alarkən 29000 manata Samirənin adına ev aldığını demişdir. O, həmi günü də avtomobili idarə etmək üçün Xəyyama etibarnamə vermişdir. Həmin avtomobil onun adında olsa da, avtomobil heç vaxt onda olmamışdır, avtomobil həmişə Xəyyamın istifadəsində olmuşdur. Pulu aldıqdan 6 ay sonra Xəyyam ona olan borcunu qaytarsa da, avtomobil onun adında qalmışdır. Onun ümumiyyətlə həmin alqı-satqı zamanı avtomobil almaq fikri olmamışdır. Qeyd olunanalara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan BDYPİ tərəfindən məhkəməyə ünvanlanmış 016- 28340-1221 saylı, 15.03.2021-ci il tarixli məktuba əlavə edilmiş komputer çıxarışından görünür ki, “Kia Sportage minik” markalı avtomobil 29.07.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, avtomobilə “**-LT-***” dövlət qeydiyyat nişanı və AB seriyalı 629575 saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmin avtomobilə dair X4 29.07.2011-ci il tarixdən 29.07.2061-ci il tarixədək, Cavabdeh2 29.07.2011-ci il tarixdən 21.05.2019-cu il tarixədək etibarnamə verilmişdir. Həmin avtomobil 28.09.2012-ci il tarixdə Cavabdeh2 adından qeydiyyatdan çıxmış, 22.09.2012-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi”nə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Daha sonra həmin avtomobilə dair Cavabdeh2 22.09.2012-ci il tarixdən 21.05.2019-cu il tarixədək etibarnamə verilmişdir. Həmin avtomobilə dair Cavabdeh2 etibarnaməsinə 28.09.2012-ci ildə xitam verilmişdir. Sonuncuya verilən etibarnamənin müddəti 23.05.2019-cu ildən 14.05.2029-cu ilədək uzadılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının bacısı qızı X6 2011ci ildə özünə “Kia Sportage minik” markalı, “90-LT575” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almış və avtomobili iddiaçının adına qeydiyyata aldırmışdır. X3 xahişi ilə iddiaçı onunla qeyri-rəsmi yaşayan Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. 2012-ci ildə Cavabdeh2 birinci nikahından olan övladının müalicəsi üçün İran İslam Respublikasına həmin avtomobillə getmək istədiyini bildirərək mübahisəli avtomobilə dair iddiaçıdan baş etibarnamə almışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 həmin etibarnamə əsasında 22.09.2012-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq sözügedən avtomobili formal olaraq Cavabdeh1 satmışdır. Belə ki, həmin avtomobil Cavabdeh1 adında olsa da, Cavabdeh1 22.09.2019-cu il tarixdə 21.05.2019-cu il tarixdək, 2019-cu il tarixdə yenidən 14.05.2029-cu il tarixədək Cavabdeh2 etibarnamə vermişdir. Həmçinin avtomobili 2012-ci ildən hal-hazıradək Cavabdeh2 idarə etmiş, avtomobil heç vaxt Cavabdeh1 istifadəsində olmamışdır. Bundan əlavə Cavabdeh2 Cavabdeh1 aldığı 20000 manat məbləğində pulun müqabilində avtomobili Seymurun adına keçirdiyini bildirsə də, həmin borc 6 ay sonra tam olaraq qaytarılmış, lakin avtomobil yenə də, formal olaraq Seymurun mülkiyyətində qalmışdır. Beləliklə, iddiaçının və cavabdehlərin izahatları, işin digər materialları məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli avtomobil ilə əlaqədar bağlanmış alqı-satqı müqaviləsi hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmış əqddir. Belə ki, Cavabdeh1 məhkəməyə verdiyi izahtından da göründüyü kimi, o həmin avtomobil üçün hər-hansı pul ödəməmiş və həmin avtomobildən bir gün belə istifadə etməmişdir. Ümumiyyətlə onun həmin avtomobillə bağlı hər-hansı bir iddiası yoxdur. Sadəcə o digər Cavabdeh2 2012-ci ildə 20.000,0 manat pul vermişdir ki, Xəyyam Əsaədovda həmin məbləği 6 aydan sonra ona qaytarmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavbdehlər arasında bağlanmış Kia Sportage minik” markalı, “90-LT575” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqısatqısı zamanı Cavabdeh1 qeyd olunan avtomobilin dəyərini ödəmədiyindən, onun ümumiyyətlə həmin alqı-satqı zamanı avtomobil almaq fikri olmadığından Cavabdeh2 ilə Cavabdeh1 arasında “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış 22.09.2012-ci il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nin etibarsız hesab olunmasına, Cavabdeh1 buraxiliş ili 2011-ci il olan, ağ rəngli “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı avtomobilə dair 22.09.2012-ci il tarixdə verilmiş AB seriyalı, 816906 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv olunmasına və həmin avtomobilin cavabdehlərdən alınaraq ona təhvil verilməsinə dair iddiaçının iddiası əsaslıdır. Ona görə ki, cavabdehlər Cavabdeh1 ilə və Cavabdeh2 arasında “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış 22.09.2012-ci il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi mübahisəli avtomobil ilə əlaqədar bağlanmış alqı-satqı müqaviləsi hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış 22.09.2012-ci il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” etibarsız hesab edilməli və buraxiliş ili 2011-ci il olan, ağ rəngli “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 adına Azərbaycan Respublikası BDYPİ-də 22.09.2012-ci il tarixdə aparılmış qeydiyyat və Cavabdeh1 buraxiliş ili 2011-ci il olan, ağ rəngli “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı avtomobilə dair 22.09.2012-ci il tarixdə verilmiş AB seriyalı, 816906 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd edilən Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, mübahisəli avtomobilə dair bağlanmış 22.09.2012-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi”nin etibarsız hesab edildiyindən, ondan irəli gələn məsələlər həll edilərək avtomobilin hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı və mübahisəli avtomobil cavabdehlərdən alınaraq iddiaçıya geri qaytarılmalıdır. Cavabdeh2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək avtomaşının alqı-satqı müqaviləsinin 9 il əvvəl bağlandığını, iddiaçının həmin müqavilənin bağlanmasından məlumatı olduğunu və bu illər ərzində iddia tələbi irəli sürmədiyinin bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə qeyd edir ki, iddiaçı bundan xəbər tutan kimi 02.10.2020-ci il tarixdə şikayət ərizəsi ilə Xəzər rayon DYP şöbəsinə müraciət etmiş, avtomobilinin geri qaytarılmasını tələb etmişdir. Həmçinin avtomobil 2012-ci ildən hal-hazıradək Cavabdeh2 istifadəsində olduğundan iddiaçı avtomobilin Cavabdeh1 mülkiyyətinə keçməsindən şübhələnməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh1 arasında “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış 22.09.2012-ci il tarixli “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi” etibarsız hesab edilsin. Buraxılış ili 2011-ci il olan, ağ rəngli “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 adına Azərbaycan Respublikası BDYPİ-də 22.09.2012-ci il tarixdə aparılmış qeydiyyat və Cavabdeh1 buraxiliş ili 2011-ci il olan, ağ rəngli “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı avtomobilə dair 22.09.2012-ci il tarixdə verilmiş AB seriyalı, 816906 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv olunsun. Buraxılış ili 2011-ci il olan, ağ rəngli “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar