Məhkəmə qərarları › İş №2(003)-772/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-772/2024

05.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-772/2024 05.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvana Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 700 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, məxsus olan ünvan 1 ünvanında **********001 saylı abonent hesabına 700 manat cərimə yazılmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli laboratoriya rəyindən görünür ki, sayğacın kipliyi pozulmuş, elektron platası işləmir, hesablama mexanizmi hissəsinə su yığılmışdır, istismara yarasızdır. Sayğacın xarab olmasında onun heç bir təqsiri olmamışdır. Cavabdeh ASC-nin əməkdaşı hər ay gəlib sayğaca baxış keçirmişdir. Birdən-birə 700 manat məbləğində cərimənin hansı qaydada hansı əsasla hesablanması ona məlum deyil. Çünki sayğacın işləməməsinə, texniki problemlərinə görə o, məsuliyyət daşımır. Sayğaca heç bir müdaxilə etməmişdir. Sayğacın plombu yerində olmuşdur. Həmin ünvanda yaşayış nadir hallarda olur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğacın məxsus olduğu ev ona məxsus olsa da o həmin evdə yaşamır. Həmin evə məxsus torpaq sahəsində dibçəklər varki, yay aylarında ara bir onları sulayır. Sayğac işləmədiyindən ona məxsus sayğac labaratoriyaya göndərilmiş sayğacın işlək vəziyyətdə olmaması müəyyən edilmişdir. Ona 2 aya görə 100 kub.metr su sərfiyyatı hesablanmışdır ki, onun həmin müddətdə həmin suyu istifadə etməsi mümkün deyil.Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, sayğac yoxlamadan keçirilmək çün göndəriləndə iddiaçının iştirakı ikə aktlaşdırılaraq sayğacın üzərindəki göstərici 1145 kub.metr müəyyən olunmuşdur. Sayğacın əvvəlki mexaniki göstərici ilə arasındakı fərq müəyyən olunaraq iddiaçıya zərər hesablanmışdır. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 63112/0294436 nömrəli rəyin surətindən görünür ki, “Alfasu AS-20 markalı, Smart DN-20 tipli, 49863112 nömrəli sayğac xx.xx.2023-cü il tarixdə çıxarılmış, müayinə zamanı Sc-nin Laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığı pozulmuşdur. S C-in elektron platası işləmir. S.C-in qapaqaltı platform hissəsi çatlaqdır. S.C-in quru hesablama mexanizmi hissəsinə su yığılmışdır. Nisbi xətanın təyini üçün yararlı deyil. S.C təmirə və istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən su xətti üzrə **********001 sayla qeydiyyata alınmış abonent koduna xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixə 702,80 manat zərər hesablanmışdır. İş materiallarında olan 15 mexaniki su sayğacının labarator yoxlamadan keçirilməsi barədə məlumatdan görünür ki, sayğaca baxış keçirildi, abonent sayğacı çox yazmağından şikayətçidir. Sayğac labarator yoxlamadan keçirilməsi üçün sökülərək abonentə təhvil verildi. Dövlət plombu və Azərsu plombu sayğac üzərində bütövdür. Sudan istifadə yoxdur. Nöci tərəfindən təmirdən gələn sayğac quraşdırıldı və plomb vuruldu. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda su sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin, dövlət yoxlamasından keçirildikdən sonra, sayğacın Sc-nin Laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığı pozulmuşdur. S.C-in elektron platası işləmir. S.C-in qapaqaltı platform hissəsi çatlaqdır. S.C-in quru hesablama mexanizmi hissəsinə su yığılmışdır. Nisbi xətanın təyini üçün yararlı deyil. S.C təmirə və istismara yararsızdır. İtirilmiş suyun bərpası üçün hesabat aparılmaqla (akt əsasında) 702,8 manat məbləğində zərər hesablanmışdır. Hazırda iddiaçı tələbində 700,0 manat hesablanmış zərərin silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 4.1-ci bəndinə əsasən, istehlakçıların vəzifələri aşağıdakılardır: (4.1.1.) su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; (4.1.2.) STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; (4.1.3.) bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; (4.1.4.) suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək; (4.1.5.) istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək; (4.1.6.) hüquq təsdiqedici sənədlər (xidməti vəsiqə və s.) əsasında STKM-in səlahiyyətli nümayəndələrini vəzifə borclarını yerinə yetirmək məqsədi ilə maneəsiz olaraq istehlakçıya məxsus əraziyə buraxmaq; (4.1.7.) suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, istehlakçıların hüquqları aşağıdakılardır: (5.1.1.) qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək; (5.1.2.) su təchizatı və kanalizasiya xidmətləri və sudan istifadə üçün müqavilə bağlanılmasını tələb etmək; (5.1.3.) müqavilə öhdəliklərinin icrasını tələb etmək; (5.1.4.) müqavilədə və mülki qanunvericilikdə göstərilmiş hallarda və qaydada müqavilə öhdəliyinin icrasından birtərəfli qaydada imtina etmək; (5.1.5.) verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək; (5.1.6.) tələbatına görə keyfiyyət standartlarına uyğun məişət (təsərrüfat)-içməli su ilə təmin olunmaq; (5.1.7.) tullantı sularının fasiləsiz axıdılmasını tələb etmək; (5.1.8.) STKM-in balansında olan STTSASda baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək. Həmin Qaydaların 6.4-cü bəndinə əsasən, yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Həmin Qaydaların 6.8-ci bəndinə əsasən, suölçən cihazın dövlət yoxlaması istehlakçının arzusu ilə və ya istehlakçının təqsiri səbəbindən həyata keçirildikdə istehlakçının, digər hallarda isə STKM-in vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.9-cu bəndinə əsasən, yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların göstəricilərinə sərbəst şəkildə baxılmasına şərait olmalıdır və həmin cihazların üzərindəki plomblar onların toxunulmazlığının təmin edilməsi məqsədi ilə STKM tərəfindən örtüklə örtülməlidir. Həmin Qaydaların 6.10-cu bəndinə əsasən, zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən suyun istehlakına görə hər ay az məbləğdə su sərf edildiyi, iddiaçının təqsirinin müəyyən olmadığı, o cümlədən, su sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 700 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etmir. Belə ki, həmin Qaydaların “Su təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 1-ci hissəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış su sayğacının göstəricilərinə əsasən suyun dəyəri düzgün hesablanmadığından, suyun hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş suya görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan suyun dəyərinin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, su sərfinə görə iddiaçıya hesablanmış və yalnız iddiaçının tələb etdiyi 700,0 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000,0 manatadək olduqda 30,0 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinəəsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000,0 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinəəsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2).Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən sudan istifadə qaydalarının pozulmasına görə abonent kodu **********001 olan sayğaca hesablanmış 700,0 (yeddi yüz) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar