Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-857/2022 07.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Fərid Abdullayevin iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən hesablanmış 1011.77 manat borcun silinməsi və ondan çıxılmış pul məbləğinin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X4 və uşaqları ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, X2 (Bakı şəhəri Xəzər rayonu, Binə, Sovxoz sahəsi, bina 1109, mənzil 0131) yaşayır. Müqaviləyə əsasən ona məxsus Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, X1 (Bakı şəhəri Xəzər rayonu, Binə, Sovxoz sahəsi, bina 1109, mənzil 0131) yerləşən yaşayış sahəsi elektrik eneriisi ilə təmin olunmuşdur. O, elektrik enerjisindən istifadə edərək dəyərini vaxtında ödəmişdir. 2021-ci ilin yanvar-fevral aylarında elektrik enerisində problem yaranmış, bununla bağlı işıq idarəsinə müraciət edilmiş, elektrik enerjisinin işçisi göndərilmiş, həmin işçi sayğacı müvəqqəti bərpa etmiş, əlavə olaraq bildirmişdır ki, yeni sayğaclar tezliklə quraşdırılacaq, o vaxta qədər bərpa edəcəklər. Daha sonra 12 mart 2021-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları akt tərtib etmiş və akt əsasında 1011, 77 manat cərimə hesablanmış, həmin cərimədən 34 manat borca tutulmuş, hazırda 977,77 manat borc qalmışdır. Dəfələrlə yaranmış problemin aradan qaldırılması üçün cavabdehə müraciət olunmuşdur. Ödəniş saldosundan da göründüyü kimi o, ödənişləri vaxtlı-vaxtında etmişdir. Həmçinin qeyd etmişdir ki, qaynatası X3 17 oktyabr 2021-ci il tarixdə rəhmətə getmiş, cümə axşamları, 40 mərasimi ərəfəsi və dəfn işləri ilə əlaqədar evdə olmamışlar. Akt tərtib edilərkən o, iştirak etməsə də “imtina etdi" qeydi yazılmışdır. Qeyd olunan aktın əsassızlığı barədə "xxxx" ASC-yə müraciət etsə də hər hansı bir nəticəsi olmamışdır. Hesab edir ki, borc əsassız hesablanmışdır və silinməlidir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən akt R 212180 saylı xx.xx.2021-ci il tarixli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1011.77 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verməklə bildirmişdir ki, yaşadıqları ünvanda olan sayğacın naqillərində yanğın baş elektirik enerjisi daxil olmadığına görə "xxxx" ASC-yə müraciət etmiş və ASC-nin əməkdaşı onlara gələrək ünvanlarına quraşdırılmış sayğaca baxış keçirmiş və sayğacın yararsız olduğunu ona bildirmiş, lakin elektrik enerjisinin müvvəqəti bərpa etmişdir. Bundan sonra isə sayğacın tezliklə dəyişdiriləcəyini bildirmişdir. O, həmin əməkdaşın telefonda videoçəkilişini də aparmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Fərid Abdullayev iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi və izahatında qeyd etdi ki, 12 mart 2021ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvan 1 ünvanında quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı sayğacın giriş və çıxış faza xəttinin sayğacdan kənar mənzilə daxil olması aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı "xxxx" ASC-nin əməkdaşları 212180 nömrəli xx.xx.2021-ci il tarixli müvafiq akt tərtib edilmişdir. Akt tərtib edilən zaman abonent həmin aktın tərtib edilməsindən imtina etmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 8870 kvts. itirilmiş elektrik eneriisinin dəyəri 1011.77 manat məbləğində müəyyən edilməklə abonentin **********90131 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildə olan şəxs "xxxx" ASC-nin əməkdaşı olmuş və işdə yol verdiyi nöqsanlara görə işdən azad olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək və işin materiallarını nəzərdən keçirib hesb edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AKT R 212180 saylı aktın surətindən görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, elektrik sayğacının giriş və çıxış xətti sayğacdan kənar mənzilə daxil olur. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş icra vərəqəsinin surətindən götünür ki, yuxarıda qeyd olunan akt əsasında 240 gün üçün 8870 kvts həcmdə elektrik enerjisinin sərfiyatı hesablanmışdır. İş materiallarından görünür ki, iddiaçının **********90131 saylı abunə hesabına xx.xx.2021-ci il tarixli AKT R 212180 saylı akt əsasında 1011.77 manat borc hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.7-cı bəndinə əsaəsn bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş “Azərişıq» ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş AKT R 212180 saylı, xx.xx.2021-ci il tarixli aktın olmasını və həmin aktın tərtib edilməsinə əsaslar istehlakçı (iddiaçı) tərəfindən elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulma faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı (istehlakçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. “Azərişıq» ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş həmin aktdan və işin araşdırılmış hallarından görünür ki, iddiaçının ünvanına baxış keçirilən zaman onun iştirakı təmin edilməmiş, həmin akt onun və 2 hal şahidlərinin iştirakı ilə tərtib edilməmiş, abonentin aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququnun həyata keçirilməsinə şərait yaradılmamış, eləcə də aktın nüsxəsi abonentə təqdim olunmamış, formal olaraq “imtina etdi” kimi aktda qeyd edilmişdir. Həmin aktdan başqa “Azərişıq» ASC tərəfindən məhkəməyə aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən edilməsinə, pozuntunun 240 gün müddətində baş verməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərişıq» ASC tərəfindən tərtib edilmiş “Azərişıq» ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş AKT R 212180 saylı, xx.xx.2021-ci il tarixli akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AKT R 212180 nömrəli akt etibarsız hesab edilməli, hesabına həmin akt əsasında iddiaçının abunə hesabına hesablanmış 1011,77 manat məbləğində borc silinməli, cavabdehdən 30,11 manat dövlət rüsumu tutularaq Bakı şəhəri Xəzər Rayon məhkəməsinin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AKT R 212180 etibarsız hesab edilsin. "xxxx" ASC tərəfindən həmin akt əsasında iddiaçının abunə hesabına (abonent kodu **********90131) hesablanmış 1011,77 manat məbləğində borc silinsin. "xxxx" ASC-dən 30,11 manat dövlət rüsumu tutularaq Bakı şəhəri Xəzər Rayon məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-857/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-857/2022
07.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver