Məhkəmə qərarları › İş №2(003)-90/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-90/2024

30.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-90/2024 30.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “qapının sökülməsi və hasarın bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “qapının sökülməsi və hasarın bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ə.Vahid küçəsində yerləşən 320 kv.metr olan torpaq sahəsini əhatə edən hasarda cavabdeh tərəfindən inşa edilmiş qapının sökülməsi və hasarın cavabdehin vəsaiti hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Buzovna Bələdiyyəsinin 134 N-li xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ə.Vahid küçəsində yerləşən 320 kv.m torpaq sahəsi torpaqların alqı-satqısına dair Akt üzrə İddiaçı1 satılmışdır. İddiaçı1 ilə İddiaçı2 arasında olan razılaşma əsasən həmin torpaq sahəsi etibarnamə əsasında İddiaçı2 sahibliyinə verilmişdir. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ə.Vahid küçəsində yerləşən 320 kv.m torpaq sahəsi 2017-ci ilin iyul ayından İddiaçı2 istifadəsində və sahibliyindədir. Həmin ildən də torpaq sahəsinə dair vergi ödənişi İddiaçı2 tərəfindən həyata keçirilməkdədir. İddiaçı2 həmin torpaq sahəsini ortadan hasar çəkməklə 2 yerə ayırmış və bir hissəsində tikili tikmiş, digər hissəsi isə boş torpaq sahəsi olmaqla qalmışdır. Qeyd olunur ki, torpaq sahəsinin boş qalan hissəsinə arxa tərəfdən qonşu olan iş üzrə Cavabdeh tərəfindən hasar sökülməklə təxminən eni 1.2 metr, hündürlüyü 2 metr olan dəmir qapı qoyulmuşdur. Yəni cavabdeh tərəfindən iddiaçılara məxsus olan torpaq sahəsinə giriş qapısı qoyulmaqla, əmlakın toxunulmazlıq hüquqlarını pozmuşdur. Cavabdehdən həmin qapının sökülməsi dəfələrlə tələb olunmasına baxmayaraq, cavabdeh həmin qapının sökülməsi və hasarın bərpa edilməsi üçün heç bir addım atmamışdır. Qeyd edilənlərə əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ə.Nahid küçəsində yerləşən 320 kv.m, olan torpaq sahəsini əhatə edən hasarda cavabdeh tərəfindən inşa edilmiş qapının sökülməsi və hasarın cavabdehin vəsaiti hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ə.Nahid küçəsində yerləşən 320 kv.m, olan torpaq sahəsini əhatə edən hasarda cavabdeh tərəfindən inşa edilmiş qapının sökülməsi və hasarın əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, iddiaçıya məxsus torpaq sahəsinə girməmişdir. Təxminən 20 ildir ki, həmin yerdə yaşayır, iddiaçı tərəf isə bir müdət əvvəl həmin yerə köçmüşdür. Tikinti-texniki ekspertizanın rəyi ilə razı olmadığını qeyd edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan: - Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı1 Buzovna qəsəbəsində zəbt etdiyi 320 kv.metr torpaq sahəsinin fərdi yaşayış evi tikilməsi üçün alqı-satqı yolu ilə ayrılması qərara alınmışdır; - Torpaqların alqı-satqısına dair aktın surətindən aydın olur ki, İddiaçı1 Buzovna qəsəbəsi ərazisində 320 m2 torpaq sahəsi satılmışdır; - Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin sədrinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 Abçeron küçəsi ilə M.Dadaşov küçəsinin kəsişməsində yerləşən Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinə baxış keçirilmiş və ölçülərək ona təhvil verilmişdir; - İddiaçı1 tərəfindən notarial qaydada təsdiq olunmaqla verilmiş xx.xx.2017-ci il tarixli ərizədən aydın olur ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 320 m2 torpaq sahəsini baş etibarnamə əsasında İddiaçı2 istifadə və sahibliyinə vermişdir; - xx.xx.2017-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı2 tərəfindən Buzovna bələdiyyəsinə 19,80 manat torpaq vergisi ödənilmişdir; - Azərbaycan Respublikasınən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4311 saylı ekspert rəyinə əsasən İddiaçı1 Yahir qızına ayrılmış torpaq sahəsinin texniki göstəriciləri ilə tədqiq olunan torpaq sahəsinin faktiki texniki göstəriciləri müqayisələndirilən zaman torpaq sahəsinin faktiki göstəriciləri ilə sənəd üzrə göstəriciləri arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, mülki iş materiallarında olan İddiaçı1 ayrılmış torpaq sahəsinin sxemində mübahisə predmeti olan torpaq sahəsinin Abşeron küçəsinə paralel olan hissəsinin uzunluğu 27.20 metr qeyd olunsada faktiki olaraq həmin torpaq sahəsinin Abşeron küçəsinə paralel olan hissəsinin uzunluğu 15.7 metr təşkil edir. Belə olan halda tədqiq olunan torpaq sahəsinin faktiki olaraq çatışmayan 135 kvmetr hissəsinin cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 134 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamında və sərəncama ayrılmış torpaq sahəsinin sxemində faktiki olaraq cavabdeh tərəfindən inşa edilmiş qapı barəsində hər-hansı bir məlumat qeyd olunmamışdır. Belə olan halda qeyd olunan qapının Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 134 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamına əsasən ayrılmadığı müəyyən olunur; - Azərbaycan Respublikasınən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/33 saylı ekspert rəyinə əsasən İddiaçı1 Yahir qızına ayrılmış torpaq sahəsinin sxemində həmin torpaq sahəsinin Abşeron küçəsində paralel olan hissəsinin uzunluğu 27.20 metr qeyd olunsada faktiki olaraq həmin torpaq sahəsinin Abşeron küçəsinə paralel olan hissəsinin uzunluğu 15.7 metr təşkil edir. Belə olan halda tədqiq olunan torpaq sahəsinin faktiki olaraq çatışmayan 135 kv.metr hissəsinin cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü və faktiki olaraq cavabdehə məxsus giriş-çıxış qapısının torpaq sahəsinin üst-üstə düşən hissəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). İlk növbədə məhkəmə qeyd edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən daşınmaz əmlakla bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq normaları mövcud olmadığından, analoji mübahisələrlə bağlı Avropa Məhkəməsinin presedentlərində nümayiş etdirdiyi mövqe nəzərə alınmaqla, mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, bir sıra qərarlarında Avropa Məhkəməsi belə qənaətə gəlmişdi ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiya olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirmişdir. “X1rşı” məhkəmə işində (həmin şikayətin verilməsinə əsas - 1993-cü ilin aprelində Türkiyə Ümraniyə şəhər zibilliyində baş vermiş partlayış nəticəsində torpaq sürüşməsi olub. Ətrafdakı özbaşına tikililər sahiblərindən Önər Yıldızın evi uçub, ailə üzvlərindən doqquz nəfər dünyasını dəyişib. Vətəndaş Avropa Məhkəməsinə üz tutub) Avropa Məhkəməsi şikayətçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirərək, qeyd etmişdir ki, “Əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanıyıb". X3 Məhkəməsi bir daha xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» sayıla bilər (bax: İatridis Yunanıstana qarşı iş, b. 54; Beyeler İtaliyaya qarşı iş, b. 100). Bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır (bax: Tre Traktörer AB İsveçə qarşı iş, b. 53; Van Marle və b. Niderlanda qarşı iş, b. 40). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir,artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 157-ci maddəsinə əsasən həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən yəni əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. - 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Göründüyü kimi, İddiaçı1 Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Buzovna qəsəbəsi ərazisində 320 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı1 isə öz növbəsində həmin torpaq sahəsini etibarnamə əsasında digər İddiaçı2 istifadə və sahibliyinə vermişdir. Cavabdeh iddiaçıya ayrılmış torpaq sahəsinə qanunsuz olaraq qapı açmışdır. Belə olan halda, iddiaçının həmin daşınmaz əmlak üzərində “gözlənilən” mülkiyyət hüququ pozulmuşdur. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququndan görünür ki, iddiaçı ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Mülkiyyət marağı iddia xarakterində olduqda, ərzəçinin milli qanunvericilikdə maraq üçün kifayət qədər əsas olduğu halda, legitim gözləntisi ola bilər, məsələn, yerli məhkəmələrin onun mövcudluğunu təsdiq edən presedent-hüququnun olması. Məhkəmə hesab edir ki, ekspert rəyi ilə, həmçinin aparılmış araşdırmalar nəticəsində cavabdehin inşa etdiyi qapının iddiaçının mülkiyyətinə qanunsuz medaxilə etməsi faktı öz təsdiqini tapır. Bu hal isə iddiaçının maraqlarına toxunmaqla onun “gözlənilən” mülkiyyət hüquqlarını pozur. Məhkəmə qeyd edilən işin hallarına qiymət verərək və qanunvericiliyə əsaslanaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunduğundan 100 məbləğində ekspertiza xərci Cavabdeh tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ə.Vahid küçəsi ilə Abşeron küçəsinin kəsişməsində Cavabdeh tərəfindən inşa edilmiş qapı cavabdehin hesabına sökülsün və həmin hissədə hasarın əvvəlki vəziyyətə qaytarılması öhdəlik kimi Cavabdeh üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar