Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-909/2023 25.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Zəfəran sovxozu ərazisində yerləşən yaşayış evinə əsassız olaraq hesablanmış 5954,60 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zəfəran Sovxozu ərazisində yerləşən, ona məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanda Cavabdeh İB-də istehlakçı kimi o qeydiyyata alınmış və onların ünvana **********08460 saylı abonent kodu verilərək qaz sayğacı quraşdırılmışdır. O, daimi həmin sayğac vasitəsilə təbii qazdan istifadə etmiş və tərəfindən vaxtı-vaxtında ödənişlər aparılmışdır. Lakin son zamanlar etdiyi ödənişlərdən tutulmalar aparıldığını görmüşdür. Bununla bağlı “ASAN kommunal” xidmətə getdikdə ona bildirmişlər ki, guya o qanunsuz olaraq sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etdiyinə görə xx.xx.2018-ci il tarixli akta əsasən xx.xx.2018-ci il tarixində 1548,20 manat, xx.xx.2022-ci il tarixli akta əsasən isə 4406,40 manat cərimə hesablanmışdır. O, buna etiraz edərək təbii qazdan qanunsuz istifadə etmədiyini bildirsə də heç bir nəticəsi olmamışdır. Ona yalnız xx.xx.2018-ci il tarixli aktı, həmin akta əsasən cərimə hesablanması barədə qərarın surətini və akta əlavə edilmiş şəkili təqdim etmişlər. xx.xx.2022-ci il tarixli aktın surətinin sistemə yüklənmədiyini demişlər. Sonradan bir neçə dəfə də şifahi şəkildə Cavabdeh İByə müraciət etsə də yenə də müxtəlif bəhanələrlə xx.xx.2022-ci il tarixli aktın surətini ona təqdim etməmişlər. Yalnız sistemdə akt barədə göstərilmiş məlumatların şəkilini çəkməyinə icazə verməmişlər (şəkil ərizəyə əlavə olunur). Bildirmək istəyir ki, “ASAN kommunal”da və Cavabdeh İB-də ona bildirilənlər tamamilə əsassızdır. Belə ki, “ASAN kommunal”da ona təqdim olunan şəkillə bağlı araşdırma aparılan zaman ona məlum olmuşdur ki, onun qonşuluğunda yaşayan qardaşı tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə olunduğu üçün bu halı Cavabdeh İB-nin əməkdaşları aşkar etmiş və 2018-ci ilin mart ayında qardaşı barəsində akt tərtib edərək ona da 1548,20 manat cərimə hesabmışdır. Həmin cərimə məbləği də qardaşı tərəfindən ödənilmişdir. Lakin Cavabdeh İB-nin əməkdaşları eyni halla bağlı xx.xx.2018-ci il tarixində onun, barəsində akt tərtib etmiş və cərimə hesablamışlar. Bu isə tamamilə qanunsuzdur. Çünki o təbii qazdan qanunsuz istifadə etməmişdir. Hətta xx.xx.2018-ci il tarixli akta diqqətlə nəzər yetirildiyi zaman da həmir aktın saxta olması aydın şəkildə nəzərə çarpır. Belə ki, aktda qeyd olunmuşdur ki, xx.xx.2018-ci il tarixində guya ona məxsus ünvana baxış keçirilmiş, lakin nədənsə aktın özü baxış keçiriləndən 7 gün sonra — xx.xx.2018-ci il tarixində tərtib olunmuşdur. Sual yaranır ki, əgər həqiqətən də xx.xx.2018-ci il tarixində onun təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdirsə onda niyə həmin vaxt yox, 7 gün sonra akt tərtib edilmişdir. Bu da Cavabdeh İB-nin əməkdaşlarının ümumiyyətlə ona məxsus ünvana gəlmədiyini, həmin aktı idarədə yazdıqlarını təsdiq edir. Digər tərəfdən aktda qeyd olunmuşdur ki, guya o imza etməkdən imtina etmişdir. Halbuki ümumiyyətlə onun həmin aktdan heç bir məlumatı olmamışdır. Hətta onun bərəsində tərtib olunmuş akta əlavə edilmiş şəkil də qardaşının ünvanında çəkilmiş şəkildir. Digər tərəfdən qərarda 121 gün müddətində cərimə hesablandığı göstərilmişdir. Hər ay Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğaclarına baxış keçirilir, əgər tərəfindən qazdan qanunsuz istifadə olunsaydı bu barədə dərhal xəbərləri olardı. Belə olan halda hansı əsasla 121 gün müddətinə cərimə hesabladıqları ona məlum deyil. Buna görə də hesab edir ki, cərimə olunmağı heç bir məntiqə, qanuna, hüquqi akta əsaslanmadan həyata keçirilmişdir. Abonent saldosundan da göründüyü kimi o, hər ay istehlak etdiyi qazın dəyərini ödəmişdir. xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktın surəti isə ona təqdim edilmədiyi üçün həmin aktı hansı əsasla tərtib etdikləri, cəriməni necə hesabladıqları ona məlum deyil. Fərdi yaşayış evinə 4406,40 manat məbləğində cərimə hesablanması həmin aktın da tamamilə saxta olduğunu sübut edir. Çünki fərdi yaşayış evi üçün hesablanan məbləğ bir istixananın mövsümlük sərfiyyatından da çoxdur. İşin baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcmini artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Zəfəran sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış cəmi 8907,44 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş abonent saldosunun “qalıq və aktlar” hissəsindən də göründüyü kimi iddiaçı məhkəməyə müraciət edəndən sonra da cavabdeh qanunsuz olaraq 2022-ci ilin dekabr ayında 734,40 manat, 2023-cü ilin yanvar ayında 734,40 manat, fevral ayında 749,64 manat və mart ayında 734,40 manat olmaqla əlavə 2952,84 manat məbləğində də cərimə yazılmışdır. Ona məxsus fərdi yaşayış evində əvvəllər mexaniki qaz sayğacı quraşdırılmışdır. Lakin xx.xx.2022-ci il tarixdə həmin sayğac yeni ZENNER G4T Smart tipli **********212 saylı sayğacla əvəz edilmişdir. Bundan sonra o yeni smart tipli sayğacın ödəniş kartını (smart kart) almaq üçün ASAN Kommunal mərkəzinə müraciət edən zaman bildirilmişdir ki, ona sayğacdan kənar qeyri-qanuni birləşmə ilə qazdan istifadə edilməsi əsası ilə xx.xx.2018-ci il tarixli akta əsasən 1548,20 manat məbləğində cərimə yazılmış və o həmin yazılmış cəriməni ödəməsə ona yeni quraşdırılmış sayğaca görə ödəniş kartı (smart kart) verilməyəcəkdir. O, həmin cərimədən xəbərsiz olduğunu, təbii qazdan heç vaxt qanunsuz istifadə etmədiyini və cərimənin qanunsuz yazıldığını bildirsə də heç bir nəticə əldə etmək mümkün olmamışdır. Bu səbəbdən də hazırki günə qədər ona yeni smart tipli sayğacın ödəniş kartı (smart kart) verilməmiş və bu yolla (sayğaca ödəniş etmək mümkün olmadığı üçün təbii qazdan istifadə edə bilmirəm) onun fərdi yaşayış evinə təbii qazın verilməsi Cavabdeh İB tərəfindən qanunsuz olaraq dayandırılmışdır. Bu səbəbdən də havalar soyuyandan sonra ailədə körpə uşaq olduğu üçün onlar məcbur olub noyabr ayının ortalarından etibarən sayğacdan kənar birləşmə ilə qaz xəttinə qoşularaq təbii qazdan istifadə etmişlər. Bir daha məhkəmənin nəzərinə çatdırmışdır ki, onlar Cavabdeh İB-nin qanunsuz hərəkətləri (yeni quraşdırılmış SMART sayğacın ödəniş kartı verilmədiyi üçün bu yolla qaz təchizatlarını dayandırılmışdır) nəticəsində 2022-ci ilin noyabr ayının ortalarından etibarən təbii qazdan qanunsuz istifadə etməyə məcbur olmuşlar. Lakin göründüyü kimi Cavabdeh İB göstərilən dövrə görə həddindən artıq şişirdilmiş məbləğ hesablamışdır. Hətta xx.xx.2022-ci il tarixli akta əsasən tərtib edilmiş tələbnamədə ona məxsus fərdi yaşayış evində mövcud olmayan cihazlar göstərilmiş, hesabat dövrü (guya təbii qazdan qanunsuz istifadə etdikləri müddət) 180 gün və orta günlük iş rejimi 24 saat kimi nəzərə alınmış və həmin günlərin sayına uyğun cərimə (4406,40 manat) hesablanmışdır. Halbuki xx.xx.2022-ci il tarixinə qədər istifadələrində olmuş qaz sayğacı mexaniki qaz sayğacı olmuş və qanunvericiliyin tələblərinə əsasən Birliyin əməkdaşları ən azı ayda bir dəfə sayğaca baxış keçirərək aylıq qaz sərfiyyatını müəyyən edir və bu barədə istehlakçıya bildiriş verir. Abonent saldosuna da nəzər yetirdikdə təsdiq olunur ki, Birliyin əməkdaşları hər ay ona məxsus sayğaca baxış keçirmiş və sayğacın son göstəricisini götürərək hər ay abonent saldosuna daxil etmişlər. Bu hallar isə onu sübut edir ki, əgər o, daha əvvəllər də təbii qazdan qanunsuz istifadə etmiş olsa idi bu halı Cavabdeh İB-nin əməkdaşları sayğacın göstəricisini götürəndə dərhal müəyyən edərdilər. Digər tərəfdən istifadələrində olmuş qaz sayğacı xx.xx.2022-ci il tarixində Cavabdeh İB-nin əməkdaşları tərəfindən dəyişdirilmişdir. Cərimə aktının tərtib edildiyi xx.xx.2022-ci il tarixindən sayğacın dəyişdirildiyi tarixə qədər də çox az müddət keçmişdir. Bütün bu hallar isə Birliyin əməkdaşları tərəfindən həddindən artıq şişirdilmiş (istifadə günləri və saatlıq iş rejimi şişirdilməklə) cərimə hesablandığını sübut edir. Digər tərəfdən xx.xx.2022-ci il tarixli akta əlavə edilmiş fotoşəkilin üzərindəki tarixdən məlum olur ki, birliyin əməkdaşları həmin faktı xx.xx.2022-ci il tarixdə aşkar etmiş və şəkilini çəkmişlər. Ancaq hesabat dövrünü uzatmaq məqsədilə cərimə aktını fakt aşkar olunan tarixdə deyil, xx.xx.2022-ci il tarixində tərtib etmiş və bu halda da saxtakarlığa yol vermişlər. xx.xx.2022-ci il tarixində tərtib edilmiş akta əsasən də hesablanmış cərimə məbləği həddən artıq şişirdilmiş, tərtib edilmiş aktda və tələbnamədə evində mövcud olmayan cihazlar qeyd olunmuş, iş rejimi yenə də şişirdilərək 24 saat kimi nəzərə alınmışdır. Akta əlavə edilmiş fotoşəkilin üzərindəki tarixdən məlum olur ki, Birliyin əməkdaşları həmin faktı xx.xx.2022-ci il tarixdə aşkar etmiş və şəkilini çəkmişlər. Ancaq yenə də hesabat dövrünü uzatmaq məqsədilə cərimə aktını fakt aşkar olunan tarixdə deyil, 17 gün sonra yəni xx.xx.2022-ci il tarixində tərtib etmiş və həmin 17 günə görə də cərimə hesablamışlar. xx.xx.2023-cü il tarixində tərtib edilmiş akta əsasən də hesablanmış cərimə məbləği həddən artıq şişirdilmiş, tərtib edilmiş aktda və tələbnamədə evində mövcud olmayan cihazlar qeyd olunmuş, iş rejimi yenə də şişirdilərək 24 saat kimi nəzərə alınmışdır. Akta əlavə edilmiş fotoşəkilin üzərindəki tarixdən məlum olur ki, Birliyin əməkdaşları həmin faktı xx.xx.2023-cü il tarixdə aşkar etmiş və şəkilini çəkmişlər. Ancaq yenə də hesabat dövrünü uzatmaq məqsədilə cərimə aktını fakt aşkar olunan tarixdə deyil, 18 gün sonra yəni xx.xx.2023-cü il tarixində tərtib etmiş və həmin 18 günə görə də cərimə hesablamışlar. Bundan əlavə 2023-cü ilin fevral və mart aylarına görə tərtib olunmuş aktların surəti ona təqdim edilmədiyi üçün həmin aktları hansı əsasla tərtib etdikləri, cəriməni necə hesabladıqları ona məlum deyil. Lakin fərdi yaşayış evinə bir ay üçün 734 manat məbləğində cərimə hesablanması həmin aktların da tamamilə saxta olduğunu sübut edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qanunvericiliyin qeyd olunan normasını anologiya ilə tətbiq edilməli olsa, o, 2022-ci ilin noyabr ayının ortalarından etibarən mart ayının sonuna qədər qısa müddətlərlə istifadə etdiyi təbii qaza görə sayğac əvəzlənən tarixdən əvvəlki ayın və ya əvvəlki illərin müvafiq ayları üzrə sayğac göstəricisi əsasında aparılmış hesabata uyğun ödənişləri etməyə hazırdır. Ancaq Birliyin əməkdaşları heç bir normativ akta istinad etmədən qanunsuz hesablama aparmış və həddindən artıq şişirdilmiş cərimə hesablamışlar. Odur ki, hazırda cavabdeh tərəfindən ona yuxarıda qeyd olunan saxta aktlara əsasən qanunsuz olaraq cəmi 8907,44 manat məbləğində cərimə hesablanmışdır. Qeyd edilənləri nəzərə alaraq ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Zəfəran Sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə (kod: **********08460) Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış cəmi 8907,44 manat məbləğində cərimə borcunun silinməsinə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin baxılması zamanı X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia tələbinin həcminin artırılmasına dair ərizənin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirdi ki, kombi aparatından yanvar və fevral aylarında istifadə edilmiş, evdə yaşayanlar işlədiklərindən, uşaqları isə bağçaya getdiyindən ancaq axşam vaxtlarında istifadə edilmişdir. Yəni kombi aparatından gün ərzində təxminən 12-14 saat istifadə edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında bildirmişdir ki, Bakı şəhəri Xəzər rayonu Zəfəran sovxozu ərazisində yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və hər hansı bir sənədi yoxdur. İddiaçı onun bacısıdır. İddiaçı bir müddət onlarla birlikdə yaşamışdır. Hazırda isə uzun müddətdir həmin evdə yaşamır. İddiaçının yaşadığı dövrdə evə qaz xətti çəkilmiş və sayğac qoyulan zaman onun adına rəsmiləşdirilmişdir. Yaşadıqları evə quraşdırılmış sayğac əvvəl mexaniki sayğac olmuşdur. Həmin sayğac xx.xx.2022-ci il tarixdə dəyişdirilərək smart tipli sayğac quraşdırılmışdır. Lakin, bundan sonra qazın verilməsi dayandırılmışdır. Qazın dayandırılması barədə səbəbi aydınlaşdıran zamanı məlum olmuşdur ki, 2018-ci ilin mart ayında 1548,20 manat borc yazılmışdır və həmin borcun ödəniləcəyi təqdirdə qazın verilməsinin bərpa ediləcəyi bildirilmişdir. Onlar isə həmin aktla razılaşmadıqlarından borcu ödəməmişlər. Belə ki, 2018-ci ilin mart ayında qonşuluqda yaşayan qardaşı tərəfindən qeyri-qanuni xətt vasitəsilə qazdan istifadə edilmiş, həmin aktda əlavə edilmiş şəkildən də görünür ki, həmin həyət qardaşının həyətidir. Hətta həmin məsələyə görə qardaşına da cərimə yazılmışdır. Buna baxmayaraq qardaşı tərəfindən qeyri-qanuni xətt vasitəsilə istifadə edilmiş qaza görə onların ünvanlarına da cərimə tətbiq edilmişdir. Həmçinin bildirmişdir ki, 2022-ci ilin noyabr ayının ortalarından etibarən məcbur olub qazdan qeyri qanuni-istifadə etmişlər. Daha sonra iddiaçı tərəfindən məhkəməyə müraciət olunmuş və məhkəmə tərəfindən qəbul edilmiş qazın verilməsinin bərpa edilməsi haqqında qərardad icra olunanadək, təxminən mart ayının 31-dək qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etmişlər. Hazırda isə qazdan yalnız sayğac vasitəsilə istifadə edirlər. Evdə qazdan istifadə edilməsi üçün kombi aparatı və dördgöz sobası vardır. Kombinin radiatorlarından 1 ədədi mətbəxdə, 3 ədədi ikinci mərtəbədə olan zalda, bir ədədi isə digər otaqda yerləşir. Başqa avadanlıqları isə yoxdur. Tərtib edilmiş aktlar barəsində məlumatları olmamış, həmin aktlar onların iştirakı ilə təmin edilməmişdir. Həmçinin bildirmişdir ki, istifadə etdiyi 5 ay müddətində qazın dəyərinin ödənilməsinə etiraz etmir. Ona görə də iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndsi X4 iddia tələbini etiraf etməyərək təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçının yaşadığı ünvanda qeyriqanuni xətt vasitəsilə istifadə etmiş və həmin istifadə olunmuş təbii qazın həcmi sayğac vasitəsilə istifadə olunan qazın həcmindən çox olmuşdur. Ona görə də iddia tələbini əsassız hesab edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -iddiaçının adına olan abonent saldosundan (abonent kodu **********08460) görünür ki, 2018-ci ilin mart ayında 1548,20 manat, 2022-ci ilin noyabr ayında 4406,40 manat, dekabr ayında 734,40 manat, 2023-cü ilin yanvar ayında 734,40 manat, fevral ayında 749,64 manat və mart ayında 734,40 manat borc yazılmışdır. Bununla da həmin abonent saldosundan görünür ki, iddiaçının abonent hesabına aktlar əsasında 8907,44 manat məbləğində borc yazılmışdır. - xx.xx.2018-ci il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent X5 tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında 5728 m3 həcmində itirilmiş təbii qaz hesablanmışdır. -xx.xx.2018-ci il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında 7741 m3 həcmində (1548,2 manat dəyərində (7741 m3 x 0.2 manat)) itirilmiş təbii qazın dəyəri hesablanmışdır. -yuxarıda qeyd olunan hər iki akta eyni fotoşəkil əlavə edilmişdir. -xx.xx.2022-ci il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında PQ-4, QSSQ, dəmir soba və iran soba cihazları nəzərə alınmaqla 36720 m3 həcmində (4406,40 manat dəyərində (36720 m3 x 0.12 manat)) itirilmiş təbii qazın dəyəri hesablanmışdır. -xx.xx.2022-ci il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında PQ-4, QSSQ, dəmir soba və iran soba cihazları nəzərə alınmaqla 6120 m3 həcmində (734,40 manat dəyərində (6120 m3 x 0.12 manat)) itirilmiş təbii qazın dəyəri hesablanmışdır. -xx.xx.2023-cü il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında PQ-4, QSSQ, dəmir soba və iran soba cihazları nəzərə alınmaqla 6120 m3 həcmində (734,40 manat dəyərində (6120 m3 x 0.12 manat)) itirilmiş təbii qazın dəyəri hesablanmışdır. -məhkəmə iclasında tədqiq edilmiş iş üzrə Məhkəmə Ekspertiza mərkəzinin ekspertləri Əlihüseyn Süleymanov və Zaur Məmmədov tərəfindən verilmiş 10/4335- 9/4462 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zəfəran Şovxozu ərazisində yerləşən fərdi yaşayış evində istifadə edilən PQ-4 tipli qaz plitəsinin qərardadda göstərilən 15 sentyabr 2022-ci il tarixdən 2023-cü ilin mart ayının 31-dək qaz sərfiyyatının 709.2 m3 təşkil etdiyi müəyyən edilir. Həmin ünvanda istifadə edilən Kombi tipli qaz cihazının saatlıq qaz sərfinin 1.706 m3 təşkil etdiyi müəyyən edilir. Lakin vəsatətə cavab mətkubunda fərdi yaşayış evində kombi tipli qaz cihazından konkret olaraq hansı tarixdən istifadə edilməsi və gündəlik işləmə rejimi göstərilməmişdir. Bununla da, kombi cihazının hansı tarixdən işə qoşularaq istifadə edilməsi və gündəlik işləmə rejimi müəyyən edildikdən sonra, konkret olaraq qərardadda sadalanan aylarda fərdi yaşayış evində rəyin tədqiqat hissəşində göstərilən riyazi hesablamalarla kombi qaz cihazı üçün istifadə edilmiş təbii qazın sərfiyyatı müəyyən edilə bilər. PQ-4 tipli qaz plitəsinin gündəlik olaraq qaz sərfiyyatının 709.2 m3 təşkil etdiyi müəyyən edilmişdir. 709.2 m3 qaz sərfiyatının dəyərinin 85,1 manat təşkil etdiyi müəyyən edilmişdir. İş üzrə iddiaçının ünvanı yerində müayinə olunmuş və yerində müayinə zamanı qeyri-qanuni xəttin çəkildiyi yaşayış evinin iki mərtəbəli evdən ibarət olması, evin və torpaq sahəsinin iki hissəyə bölünməsi, yəni ayrı-ayrı ünvanlardan ibarət olması, digər ünvanda başqa şəxslərin yaşaması, hər iki ünvanın ayrıcı giriş-çıxış üçün darvazalarının olması və hər ünvana ayrıca sayğaclar quraşdırıldığı müəyyən edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı qeyri-qanuni xəttlər aşkar edildiyi ünvanda (evdə) qaz avadanlıqlarından kombi aparatı və birinci mərtəbə olan mətbəxdə PQ-4 (dördgöz qaz sobası) sobası, kombi aparatının radiatorlarının bir ədədi mətbəxdə, 3 ədədi ikinci mərtəbədə olan zalda, bir ədədinin isə ikinci mərtəbə olan otaqda quraşdırılmış, iş materiallarında olan xx.xx.2018-ci il tarixdə tərtib edilmiş akta əlavə edilmiş fotoşəkildə əks olunmuş qeyri-qanuni xəttin isə digər qonşu ünvanda olduğu müəyyən olunmuşdur. Yerində müayinə zamanı dindirilmiş Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti Qazın balansı və satış şöbəsinin mühəndisi X6 bildirmişdir ki, ünvanda dəfələrlə qeyri-qanuni xətdən istifadə edilmişdir. Xətt aşkar olunduğundan sonra ləğv edilmiş, lakin yenidən qoşulmuşdur. Evdə heç kim olmadığından evdə yaşayan şəxslərin iştirakı olmadan aşkar edilmiş xətt ləğv olunmuş və aktlar tərtib edilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-4-cü maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya aid ünvanda 2022-ci ilin noyabr ayının ortalarından 2023-cü ilin mart ayının sonunadək təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə olunmuşdur. Ünvanda olan cihazlar isə PQ-4 sobadan və kombidən ibarətdir. Bu halları məhkəməyə təqdim olunmuş iddia tələbinin həcminin artırılmasına dair ərizədən, iş üzrə üçüncü şəxs X1 izahatından və məhkəmə tərəfindən ünvanın yerində müayinəsindən əldə edilmiş sübutlar təsdiq edir. İşin hallarından görünür ki, iddiaçının adına olan abonent hesabına xx.xx.2018-ci il tarixli, AKT ******* saylı akt əsasında 1548,2 manat dəymiş zərər hesablanmışdır. Məhkəmə hesab edir ki, həmin akt cavabdeh tərəfindən tərtib edilmiş akt olduğundan həmin aktın tərtib edilməsinə əsas olmuş halların mövcudluğunu sübut etmək yükü cavabdehin üzərinə düşür. Lakin buna baxmayaraq cavabdeh tərəfindən həmin aktın əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İş materiallarından isə görünür ki, həmin akt tərtib edildiyi tarixdə qonşuluqda yaşayan şəxs barəsində də eyni halla bağlı akt tərtib edilmiş, həmin aktlara əlavə edilmiş fotoşəkillərdən isə görünür ki, həmin şəkillərdə eyni qeyri-qanuni xətt əks olunmuşdur. İddiaçının ünvanının yerində müayinəsi zamanı isə xx.xx.2018-ci il tarixdə tərtib edilmiş həmin akta əlavə edilmiş fotoşəkildə əks olunmuş qeyri-qanuni xəttin qonşu ünvanda olduğu müəyyən olunmuşdur. Bu hallar isə xx.xx.2018-ci il tarixli, AKT ******* saylı akt əsassız olduğuna dəlalət edir. Odur ki, məhkəmə hesab edir ki, həmin akt əsasında iddiaçının abonent hesabına zərərin hesablanması əsassız olmuşdur. Bundan başqa məhkəmə iş üzrə müəyyən olunmuş halları nəzərə alaraq hesab edir ki, aktlar əsasında 2022-ci ilin noyabr ayında 4406,40 manat, dekabr ayında 734,40 manat, 2023-cü ilin yanvar ayında 734,40 manat, fevral ayında 749,64 manat və mart ayında 734,40 manat borcun iddiaçının abonent hesabına hesablanması əsassız olmuşdur. Belə ki, həmin aktlardan görünür ki, təbii qazdan qeyri-qanuni xəttdən istifadə edilməsi nəticəsində PQ-4 sobası, QSSQ, dəmir soba və iran sobası nəzərə alınmaqla dəymiş zərər hesablanmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixli, AKT ******* saylı aktdan görünür ki, həmin akt əsasında 180 gün müddəti üçün dəymiş zərər hesablanmışdır. Bu hallar isə cavabdeh tərəfindən sübut edilməməklə işin məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir. Məhkəmə, iş üzrə müəyyən olunmuş halları, yəni xx.xx.2022-ci il tarixdən 2023-cü ilin mart ayının 31-dək iddiaçının yaşadığı ünvanda qeyri-qanuni xətt vasitəsilə təbii qazdan PQ-4 və kombi cihazları ilə istifadə edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslı hesab edilməklə iddiaçının abonent hesabından 7867,7 manat məbləğində borc silinməlidir. Belə ki, məhkəmə iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyini, həmin rəy ilə müəyyən olunmuş cihazların qaz sərfiyyatını nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçının yaşadığı ünvanda PQ-4 sobası üçün 489,6 m3 həcmində, 58,8 manat məbləğində təbii qazdan istifadə edilmişdir. Məhkəmə kombi cihazının ekspert rəyi ilə saatlıq qaz sərfinin 1.706 m3 təşkil etməsini nəzərə alaraq hesab edir ki, iddiaçının yaşadığı ünvanda 2022-ci ilin noyabr ayının 15-dən 30-dək 614,16 m3 (15 gün x 24 saat x 1.706 m3= 614,16 m3 ), 2022-ci ilin dekabr ayının 1-dən 31-dək 1269,3 m3 (31 gün x 24 x 1.706 m3 =1269,3 m3), 2023-cü ilin yanvar ayının 1-dən mart ayının 31-dək isə 3684.96 m3 (90 gün x 24 saat x 1.706m3=3684.96 m3) həcmində qazdan istifadə edilmişdir. Azərbaycan Respublikasının Tarif Şurasının müvafiq qərarın əsasən əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminə görə 1200 m3-dək bir kubmetrə görə 12 qəpik, 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik müəyyən edilməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, 2022-ci il üçün iddiaçı cəmi 1883,46 m3 (614,16 m3 + 1269,3 m3) həcmində təbii qazdan istifadə edilməklə həmin istehlak həcmin 1200 m3 hissəsi 12 qəpiklə hesablanmaqla 144 manat, 683,46 m3 hissəsi isə 20 qəpiklə hesablanmaqla 136,7 manat, cəmi 280,7 manat dəyərində qazdan istifadə etmiş, 2023-cü il üçün iddiaçı cəmi 3684.96 m3 həcmində təbii qazdan istifadə edilməklə həmin istehlak həcmin 1200 m3 hissəsi 12 qəpiklə hesablanmaqla 144 manat, 1300 m3 hissəsi 20 qəpiklə hesablanmaqla 260 manat, 1184,96 m3 hissəsi 25 qəpiklə hesablanmaqla 296,24 manat, cəmi 980,94 manat dəyərində iddiaçının yaşadığı ünvanda təbii qazdan istifadə edilmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə bildirir ki, iddiaçının nümayəndəsi kombi cihazından gün ərzində 12-14 saat ərzində istifadə edildiyini bildirsə də, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən 2023cü ilin mart ayının 31-dək iddiaçının yaşadığı ünvanda qeyri-qanuni xətt vasitəsilə PQ-4 və kombi cihazları ilə ümumilikdə 1039,74 manat (980,94 manat+ 58,8 manat) məbləğində təbii qazdan istifadə edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və iddiaçının abonent hesabına aktlar əsasında hesablanmış 8907,44 manat məbləğində borcdan 7867,7 manat (8907,44 manat -1039,74 manat ) hissəsi silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci bəndində əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçınun adına olan **********08460 nömrəli abonent hesabından 7867,7 manat məbləğində borc silinməli, cavabdehdən dövlət mədaxilinə 98,67 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı adına olan **********08460 nömrəli abonent hesabından 7867,7 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 98,67 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-909/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-909/2023
25.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver