Məhkəmə qərarları › İş №2(003)-912/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-912/2021

09.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-912/2021 09.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı X1 nümayəndəsi İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 cavabdeh «xxxx» ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı olu cavabdeh «xxxx» ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC tərəfindən əsassız olaraq hesablanmış 922,42 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 12, mənzil 27-də yaşayır, həm də Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində həyət evi vardır. 2015-ci ildən başlayaraq həyətinə işıq çəkilib, sayğac qoyulmuşdur. Ev tikili olmasına baxmayaraq yaşayış yoxdur, hətta evə elektrik xəttləri belə çəkilməmişdir. 2020-ci ilin sentryabr ayının əvvələrində işığa görə borcun ödənilməsi üçün əraziyə nəzarət edən Ayxan adlı əməkdaşa zəng edib bildirdi ki, borcu öyrənmək istəyir. O, ona bir-iki gündən sonra zəng edərək bildirdi ki, sayğac nasaz vəziyyətdədir və yenisi ilə əvəz ediləcəkdir. 2020-ci ilin sentyabr ayının 11-də sayğacı dəyişdiriblər və həmin aktda qeyd olunub ki, evdə yaşayış yoxdur, təmir işləri gedir. 2020-ci ilin noyabr ayının 9-da o sayğacın qabında ödəniş qəbzi aşkar etdi və gördü ki, guya onun **********60059 saylı abonent hesabında 922 manat 42 qəpikl borcu vardır. Əslində onun elektrik enerjisinin sərfiyatı ilə ilə bağlı borcu yoxdur. Onun borcu ola bilməz, cünki 2015-ci ildən bu günə kimi evdə yaşayış olmamışdır, hətta evə elektrik naqilləri belə çəkilməmişdir, elektrik lampası belə olmamışdır. Bundan başqa, o hər dəfə eletrik eneriisinın sərfiyyatına görə borcundan çox olaraq əlavə depazitə pul qoyurdu. Daha sonra mülki iş üzrə iddiaçı əsl iddiaçı ilə əvəz edilərək, X3 mülki iş üzrə əsl iddiaçı kimi tanınmışdır. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən fərdi yaşayış evinə cavabdeh təşkilatı tərəfindən verilmiş **********60059 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, 922,42 qalıq borcu vardır. İş materiallarında olan 11.09.2020-ci il tarixli 19624 nömrəli aktda qeyd edilmişdir ki, istehlakçı **********60059 nömrəli abonent kodu ilə istifadəsində olan sayğacın dövrədən axan yükü qeyd etmədiyi qeyd edilmişdir və bu akta əsasən hesabat verilmiş və 931,04 manat borc hesablanmışdır. İş materiallarında olan “xxxx” ASC-nin İddiaçı ünvanlanmış 25.11.2020-ci il tarixli 0199/M-845/5628 nömrəli məktubunda qeyd edilmişdir ki, **********60059 saylı kod üzrə yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 11.09.2020-ci il tarixdə Xəzər RETSİ-nin nümayəndələri tərəfindən hesablama elektrik sayğacı axan yükü hiss etməməsi səbəbi ilə R 196924 saylı akt tenib edilmiş və itirilmiş enerjinin bərpası məqsəd (8464 kvt/s) 931,04 manat dəyərində əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 196924 saylı, 11.09.2020-ci il tarixli aktdan isə görünür ki, akt iki hal şahidinin iştirakı ilə tərtib edilməmiş, abonentin aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququnun həyata keçirilməsinə şərait yaradılmamış, eləcə də aktın nüsxəsi abonentə təqdim olunmamışdır. « “xxxx” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə sayğacda pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair başqa hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Belə ki, MPM-in 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, borcun yaranmasına səbəb olan akt etibarsız hesab edilməli və onun əsasında hesablanmış borc silinməlidir. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etmiş olduğu foto şəkillərdən də müəyyən edilir ki, həmin ünvanda yaşayış yoxdur. Bu da bir daha iddiaçının tələblərinin əsaslı olmasına rəvac verir. Həmçinin məhkəməyə təqdim edilmiş abonentin salidosundan müəyyən edilmişdir ki, akt üzrə 931,04 manat, sayğac oxunması nəticəsində 44,44 manat borc hesablanmış və bu borclardan ümumilikdə abonent tərəfindən 53,06 manat ödəniş edilmişdir ki, bu da son olaraq iddiaçının akt üzrə hesablanmış borcdan ödəniş etməsi ilə nəticələnmişdir. Hazırda iddiacı bu halı mübahisələndrmədiyindən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməklə «xxxx» ASC tərəfindən tərtib edilmiş iddiaçıya hesablanmış 922,42 manat məbləğində borc iddiaçının abunə hesabından silinməlilidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də 30 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı X2 məxsus **********60059 saylı abonent hesabına hesablanmış 922,42 manat məbləğində borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar