Məhkəmə qərarları › İş №2(003)-920/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-920/2025

20.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-920/2025 20.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra “1 saylı Bakı Ərazi İdarəsi”) maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Əzizbəyov rayon XDS İK-nin (indiki Xəzər rayon İH) xx.xx.1959-cu il tarixli 4 nömrəli protokolunun X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, ərizəçinin atası X3 Əzizbəyov rayon XDS İK-nin (indiki Xəzər RİH) xx.xx.1959-cu il tarixli 4 nömrəli protokolu ilə 375 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi onun və ailəsinin daimi istifadəsindədir. Atası xx.xx.2006cı il tarixdə vəfat etdiyindən Bakı şəhəri 7 saylı Notariat ofisində vərəsəlik işi açılmış və ərizəçi vərəsə olaraq tanınmışdır. Həmin torpaq sahəsinə 1959-cu ildə yerləşmə cizgisi verilmədiyindən, o, bununla əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin qərarı əsasında həmin torpaq sahəsinə dair yerləşmə cizgisi almışdır. Lakin notariusda olan sənədlərdə, ölüm haqqında şəhadətnamədə ata adı “Hüseynqulu” kimi qeyd olunmasına baxmayaraq, Əzizbəyov rayon XDS İK-nin (indiki Xəzər RİH) xx.xx.1959-cu il tarixli 4 nömrəli protokolunda atasının adı “Sənquli” kimi qeyd edildiyindən hazırda həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Belə ki, arxiv məlumatları ilə sənədlər arasında uyğunsuzluq yarandığı üçün 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Ərizəçi həmin sənədləri başqa formada əldə edə bilmir. Ona görə miras qalmış əmlakın sənədləşdirilməsi üçün hüquqi əhəmiyyətli faktın tanınması zəruridir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının 185-ci maddəsinə uyğun olaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 305.1.1. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. Məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarı: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır.

Məhkəmənin mövqeyi:

Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əzizbəyov rayon XDS (ZDS) İK-nin xx.xx.1959-cu il tarixli 4 nömrəli protokolunun arxiv çıxarışından görünür ki, Əzizbəyov rayon XDS İK tərəfindən X4 (Кулиев Сангули Мамедкули оглы) Şüvəlan qəsəbəsi, 3 nömrəli sahədə 375 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri 7 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 459 nömrəli məktubundan görünür ki, miras əmlak (Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 375 kv.m. torpaq sahəsi) üzərində miras qoyan X2 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından hüququn ölmüş şəxsə məxsus olması haqqında elektron arayışın verilməsi məsləsinə baxılması üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi tərəfindən təqdim edilmiş sənədlərlə torpaq sahəsinin hüquqi sahibinin adında uyğunsuzluq aşkar edillmişdir. Belə ki, təqdim edilmiş etibarnamədə və notariat ofisinin məktubunda hüquq sahibinin adı “Hüseynqulu” kimi, Əzizbəyov rayon XDS İK-nin (indiki Xəzər rayon İH) xx.xx.1959-cu il tarixli 4 nömrəli protokolunda isə “Sənquli” kimi qeyd olunmuşdur. Bu səbəbdən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 2121/2024 nömrəli qərarından görünür ki, Ərizəçi Xəzər rayon İcra Hakimiyyətinə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Həmin qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında saxlanılan Əzizbəyov RXDS İK-nin xx.xx.1959-cu il tarixli 4 nömrəli protokoldan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 375 kv.m. torpaq sahəsi H.M.Quliyevə ayrılmışdır. ... həmin torpaq sahəsi iddiaçının mərhum atasına naturada təhvil verilmiş olsa da, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi verilməmişdir. Həmin qərarla iddia təmin edilərək Əzizbəyov RXDS İK-nin xx.xx.1959-cu il tarixli 4 nömrəli protokoldan çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 375 kv.m torpaq sahəsinə yerləşmə cizgisinin Ərizəçi verilməsi öhdəliyi Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-2631/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının İ Müavininin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, Əzizbəyov rayon XDS İK-nin xx.xx.1959-cu il tarixli 4 nömrəli protokolu ilə Şüvəlan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün X3 ayrılmış 375 kv. m torpaq sahəsinin yerləşmə sxemi tərtib olunaraq Ərizəçi etibarnamə üzrə nümayəndəsi X7 göndərilmişdir. Qeyd olunan sənədlərdən və işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 3 nömrəli sahədə yerləşən 375 kv.m torpaq sahəsinin X3 ayrılması təsdiq olunur. Lakin bu faktı təsdiq edən hüquqmüəyyənedici sənədin arxiv çıxarışından görünür ki, X2 adı Əzizbəyov rayon XDS İK tərəfindən X5 (Кулиев Сангули Мамедкули оглы) kimi qeyd edilmişdir. Sonradan Ərizəçi həmin torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi də torpaq sahəsinin X3 məxsus olduğunu, həmin torpaq sahəsinin hüquq sahibinin adında texniki səhvə yol verildiyini təsdiq edir. Lakin hazırda bu səhv səbəbindən iddiaçı Ərizəçi atası X1 qalmış miras əmlakı (həmin torpaq sahəsini) öz adına rəsmiləşdirə bilmir və həmin sənəddəki yalnışlığın məhkəmədən kənar qaydada aradan qaldırılması mümkün deyil. Ona görə də hüquqi əhəmiyyəti olan faktın yalnız məhkəmə qaydasında müəyyən edilməsinə zərurət vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən Əzizbəyov rayon XDS (ZSD) İK-nin (indiki Xəzər rayon İcra Hakimiyyəti) xx.xx.1959-cu il tarixli 4 nömrəli protokolunda X2 adının yazılışında olan fərqliliyin texniki səbəblərdən yaranmış olduğu qənaətinə gəlməklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və Əzizbəyov (indiki Xəzər) rayon XDS (ZSD) İK-nin xx.xx.1959-cu il tarixli 4 nömrəli protokolunun X3 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

Ərizə təmin edilsin. Əzizbəyov (indiki Xəzər) rayon XDS (ZSD) İK-nin xx.xx.1959-cu il tarixli 4 nömrəli protokolunun X3 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar