Məhkəmə qərarları › İş №2(003)-934/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-934/2025

21.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-934/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Saray Bağlar massivi, B-4016 ünvanında yerləşən 0,0493 ha torpaq sahəsinin cavabdehə bağışlamasına dair xx.xx.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, oğlu, X1 “beyin ödəmi” xəstəliyindən əziyyət çəkmiş və xx.xx.2023-cü il tarixdə ölmüşdür. Oğlunun müalicəsi ilə bağlı özünə məxsus torpaq sahəsi satmaq istəmişdir. Cavabdeh isə torpaq sahəsinin ona bağışlmasını, oğlunun müalicəsində köməklik edəcəyini demişdir. O da oğlunun görə müalicəsinə torpaq sahəsini cavabdehə bağışlamışdır. Lakin cavabdeh ona verdiyi sözə əməl etməmişdir. Bağışlama müqaviləsi bağlanan zaman isə özündə olmamış, nəyə imza atdığını bilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı oğlunun müalicəsinə görə torpaq sahəsini satmaq istəmişdir. Cavabdeh bunu bildikdə iddiaçıya torpaq sahəsini ona verməsini və ona oğlunun müalicəsində köməklik göstərəcəyini bildirmişdir. İddiaçı da ona görə torpaq sahəsini cavabdehə bağışlamışdır. Həmçinin cavabdeh iddiaçıya söz vermişdir ki, oğlunun qəbrinə baş daşı qoyacaqdır. Lakin vədinə əməl etməmişdir. Torpaq sahəsinin bağışlaması ilə bağlı danışıqlar əvvəllər aparılmış, rəsmi qaydada isə oğlunun ölümündən sonra bağlanmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etməyək göstərdi ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsi qanunvericilin tələblərinə uyğun bağlanmışdır. Notarial qaydada bağlanmış və notarius tərəfindən tərəflərə nəticələr izah edilmişdir. Eyni zamanda bildirir ki, bağışlama müqaviləsi 2023-cü il tarixdə bağlanmış və buna görə də bu müqavilənin etibarsızlığı ilə bağlı iddia irəli sürmək üçün iddia müddətini ötürmüşdür. İddiaçının hazırki iddia qaldırmasına səbəb qardaşıdır. Belə ki, qardaşı istəyir ki, iddiaçı torpaq sahəsini ona bağışlasın, lakin iddiaçı torpaq sahəsini bacısına bağışlamışdır. Ona görə də qardaşı aranı qarışdırmışdır. Göstərilənlərə əsasən iddianın əsassız olması səbəbindən rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, iddiaçı və cavabdeh onun bacısıdır. İddiaçının oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bundan sonra iddiaçının halı pisləşdiyindən cavabdeh onu Binə qəsəbəsində yerləşən evinə aparır. İddiaçı sənədlərini özü ilə aparmışdır. Bundan sonra sənədlər itir. Sənədləri itirdiyinə görə Mətanət iddiaçıya torpaq sahəsini onun adına keçirməsini, lazım olanda isə geri qaytaracağını söyləyir. Məlahət əri ilə boşandığından və torpaq sahəsi əlindən alınmasından qorxuduğundan Mətanət ilə razılaşır. Lakin Mətanət onu aldatmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan AZ-İİ seriyalı, 346654 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Məhkəmə sorğusuna cavab olaraq verilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, B-4016 nömrəli bağ sahəsi (**********69 reyestr nömrəli) İddiaçı adına xx.xx.2012ci il tarixdə qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş və iş materiallarında olan Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi, B-4016 saylı torpaq sahəsini hədiyyə alan Cavabdeh mülkiyyətinə vermişdir. Bu müqavilənin 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələr, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah edilmişdir. Həmçinin məktuba əlavə edilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, B-4016 saylı torpaq sahəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil iş üzrə iddia müddətinin tətbiqi barədə ərizəsindən görünür ki, o, bu ərizədə göstərmişdir ki, X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 may 2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət — şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. İddiaçının iddia tələbi əsassız olmaqla yanaşı iddia müddəti də ötürülmüşdür. Göstərilənlərə əsasən iddia müddətinin tətbiq edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə,rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə,daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə, gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. İlkin olaraq qeyd olunur ki, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin faktiki halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpağa dair xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Bu müqavilə tərəflərin özləri tərəfindən imzalanmışdır. Müqaviləin etibarsız hesab edilməsinə dair iddiaçının dəlili isə ondan ibarətdir ki, cavabdeh bu müqavilənin bağlanmasına səbəb olmuş öhdəliklərinin yerinə yetirməyərək onun aldatmışdır. Yəni, cavabdeh onun oğlunun müalicəsi ilə bağlı yardım edəcəyini, həmçinin oğlunun ölümü ilə bağlı dəfn mərasimi ilə bağlı xərclərin ödəməsinə vəd vermiş, lakin onu aldatmış və vədinə əməl etməmişdir. İş materiallarından görünür ki, iddiaçının oğlu xx.xx.2023-cü il tarixdə ölmüş, bağışlama müqaviləsi isə xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Eyni zamanda bu müqavilə şərtsiz bağlanmışdır. Bu müqavilənin aldatılma nəticəsində bağlanmasına dair isə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən əqdin aldadılma nəticəsində bağlandığı sübuta yetirilmir. Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında aldatma ilə bağlı qeyd edilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barəsində yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Hazırki iş üzrə tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinin pozulması ilə bağlanması müəyyən edilmir. Həmçinin bu müqavilənin aldadılması nəticəsində bağlanılması sübuta yetirilmir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddianın əsassız olduğu müəyyən edildiyindən iş üzrə iddia müddətinin tətbiqi məsələsinin müzakirə olunaraq qiymət verilməsinə zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar