Məhkəmə qərarları › İş №2(003)-962/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-962/2023

26.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-962/2023 26.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXnin DƏDRX publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportda göstərilmiş X7 və xx.xx.1991-ci il tarixdə vəfat etmiş X5 eyni şəxs olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun xx.xx.1991-ci il tarixdə vəfat etmiş X8 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, X10 onun anasıdır. Anası xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Hazırda mərhum anasının adında olan ünvan 3 ünvanında yerləşən evin vərəsəliklə alınması üçün anasının adına qeydiyyata alınması ilə əlaqədar reyestr xidmətinə müraciət etmişdir. Lakin oradan bildirmişlər ki, arxiv sənədlərində mərhum anasının adına tərtib edilmiş texniki pasport mövcud olsa da, həmin pasportda anasının ata adı “Budjat” kimi qeyd olunmuşdur. Bu uyğunsuzluq onun hüquqlarının tam həcmdə həyata keçirilməsinə mane olur. Bu səbəbdən də ünvan 1 ünvanındakı ev barədə DƏDRX-də qeydiyyatı ilə bağlı müraciət edə bilmir. Hazırkı ərizə ilə məhkəməyə müraciət edərək həmin sənədin anasına məxsus olmasının tanınması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Həmin anlaşmazlıq başqa qaydada aradan qaldırıla bilmədiyinə görə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərdi ki, o ərizəçinin xalası oğludur. X10 onun xalasıdır. O, bildirir ki, xalası Züleyxanın atasının adı “Höccət” olmuşdur. Höccət eyni zamanda onun babası da olmuşdur. Sənəddə yanlışlıqla “Budjat” kimi qeyd edilmişdir. Həmçinin xalası Züleyxa vəfat etdiyi tarixə kimi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərdi ki, o ərizəçinin xalası qızıdır. X10 onun xalasıdır. Bildirir ki, xalası Züleyxanın atasının adı “Höccət”-dir. Sənəddə yanlışlıqla “Budjat” kimi qeyd edilmişdir. Həmçinin xalası Züleyxa vəfat etdiyi tarixə kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXnin DƏDRX publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xəzər rayonu Binə qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 222929 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X13, anası X3r. -Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-1875 saylı arayışın surətindən görünür ki, X13 və X1 nikahı haqqında xx.xx.1965-ci il tarixdə 123 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhədov arvada Əhədova soyadı verilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(003)-453/2013 nömrəli qətnaməsinə əsasən xx.xx.1936-cı il təvəllüdlü X5 xx.xx.1991-ci il tarixində ölməsi faktı müəyyən edilmişdir. - Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 627914 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən verilmiş “Artyom rayonu Zəhmətkeş deputatları soveti icraiyyə komitəsinin xx.xx.1965-ci il tarixli 13/171 saylı qərarından” çıxarışdan məlum olur ki, X4 fərdi ev tikməkdən ötrü D.Bünyatzadə küçəsi, 1 nömrəli döngə, ev 38 nömrəli 400 kv.metrdən ibarət torpaq sahəsi təhkim edilmişdir. -"Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə” aid 1968-ci ildə verilmiş Pasportun təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, döngə 1, ev 38-ə dair həmin sənəd X2 adına verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) ona məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 adına 1968-ci ilin yanvar ayında verilmiş Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, döngə 1, ev 38-ə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid Pasportun” xx.xx.1991-ci il tarixdə vəfat etmiş X8 (AZ-İ seriyalı 627914 saylı ölüm haqqında şəhadətnamə) aid olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, döngə 1, ev 38-ə dair 1968-ci ilin yanvar ayında X2 adına verilmiş, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid Pasportun” xx.xx.1991-ci il tarixdə vəfat etmiş X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar