Məhkəmə qərarları › İş №2(003)-962/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-962/2024

22.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-962/2024 22.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni sahə massivi ünvanına (abonent kodu: **********01000) hesablanmış 2073,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2 №-li sahə ünvanında fərdi yaşayış eviolan həyət evi almışdır. Həmin ünvanda yerləşən mənzil faktiki olaraq onun və onun ailə üzvlərinin istifadəsindədir. Cavabdeh İB ilə onun arasında xx.xx.2022-ci il tarixli, AKX-03848xx/xx- 2022 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə müəyyən edilmiş şərtlərə uyğun olaraq keyfiyyətli qazla təmin olunmağı və bunun müqavbilində aldığı qazın dəyərini sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödənişi həyata keçirmişdir. 23 may 2023-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və fərdi yaşayış evinin istifadəsində olan G-4 markalı, 1702AZ**********30 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilməsi məqsədi ilə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən G-4 markalı, 1702AZ**********30 nömrəli qaz sayğacı yeni qaz sayğacı ilə əvəzlənmişdir. Aktda qeyd olunmuşdur ki, M1=136 M2=16502 1 ədəd qutu quraşdırılmışdır. Çıxarılan sayğac G-4 SM/6303 nömrəli qutuya qoyulmuşdur. Aktda həmçinin onun, yəni abonentin təkidlə çıxarılmış qaz sayğacının dövlət yoxlamasında iştirak etməsi də qeyd olunmuşdur. Qazdan istifadəyə görə paylayıcı tərəfindən təqdim edilən hesabata əsasən ödənişi həyata keçirərkən onun hesabından artıq məbləğin çıxılması halları baş vermiş və bununla bağlı Cavabdeh İB-nin qaynar xətti ilə əlqə yaradıb mövcud vəziyyəti həmin qurumun diqqətinə çatdırmışdır. Ona qeyd edilən məsələ ilə bağlı ərizə ilə müraciət etməli olduğu bildirilmişdir. Bundan sonra onun tərəfindən yaranmış borcun araşdırılması barədə Bakı Regional Qazın Satışı Departamentinə xx.xx.2023-cü il tarixli, 14-2-2/1-K-4xx-xx/2023- 19524 nömrəli müraciət edilmişdir. Onun müraciətinə əsasən 12 dekabr 2023-cü il tarixdə 14-2-2-4/2-K-4xx-xx/2023-4252 nömrəli cavab məktubu göndərilmişdir. Məktubda qeyd edilmişdir ki,çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitunun nümayəndəsi) nəzarəti altında dövlət yoxlamasından keçirilmiş və Metrologiya Departamentinin xx.xx.2023-cü il tarixli, MSK 14-2-2/3-5-5696/Q002 saylı akt tərtib edilmişdir. Həmin aktda sayğaca ümumi baxış keçirilməsi, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafının zədəli olması, sayğacın yaddaş arxininin oxunması, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixlərində ALARM-1 rejiminin aşkar olunması, xətaların təyin edilə bilməməsi, sayğacın membranı fasilələrlə işlədiyindən sayğacın sınaq qurğusunda yoxlanılmasının mümkün olmaması, kamera ilə sayğacın daxilinə baxış keçirilməsi, kənar təsir izlərinin aşkar edilməməsi, sayğacın istismara yararsız olması qeyd olunmuşdur. Çıxarılan qaz sayğacının dövlət yoxlamasından keçirilməsində onun iştirakı təmin olunmamışdır. O, sayğac çıxarılıb yoxlanılmaq üçün götürülən zaman çıxarılan sayğacın dövlət yoxlamasında iştirakının olmasını öz imzası ilə təsdiq etmişdir. Cavab məktubunda qeyd edilmişdir ki, müqavilənin 2.1.5-ci bəndinə əsasən istehlakçıya verilən qazın həcminin dəqiq uçotunun aparılması məqsədi ilə Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmiş, onun iştirakı olmadığı halda həmin aktda onun da adı və guya gəmin aktı imzalamaqdan imtina etməsi qeyd edilmişdir. Həmin aktda istehlakçıya məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman qeyd edilmişdir ki, Cavabdeh İB-nin 14-2-2/3-5-5696/Q002 nömrəli rəyinə əsasən 1702AZ**********30 nömrəli sayğacın çıxış plastmas borusu deşilib, yivli birləşmələri korroziyaya uğrayıb, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Həmin aktda dəymiş ziyanın hesablanıb ödənilməsi tələb edilmişdir. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın hesablanmasına dair tələbnamə”yə əsasən qaz sayğacının qeydiyyata almadığı təbii qaz 17280 m3 müəyyənləşdirilərək istehlakçı hesabına daxil edilmişdir. Onun və ya onun ailə üzvləri tərəfindən sayğac hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və ya hərəkətsizlik nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda ona əlavə pul hesablanması yolverilməzdir. Sayğacın onun faktiki mülkiyyətində olan ərazidə deyil, evdən kənar hissədə quraşdırıldığına görə onun sayğaca kənardan müdaxilələr edilməsini güdməsi qeyri-mümkündür. Müdaxilənin onun və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, sayğac çıxarılan zaman sayğaca müdaxilə edilməsi qaz istismar sahəsinin əməkdaşları tərəfindən aşkar olunmadığından, habelə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin aktı əsasında sayğaca müdaxilə edilməsi sonradan aşkar olunduğundan, h’min rəy əsasında ziyan hesablandığından, sayğaca onun və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması məyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan görünmədiyindən hesablanmış borc qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və evi 2022-ci il tarixdə aldığını, evin sənədinin olmadığını, sayğacın dəyişdirildiyini, sayğacın iddiaçının ünvanından kənarda, küçədə yerləşdiyini bildirmişdir. İddiaçı Əlavə olaraq qeyd etmişdir ki, aktda sayğacın 2021-ci il tarixdə “ALARM-1” rejimində olduğu göstərilmişdir və o, 2021-ci ildə həmin evdə yaşamamışdır. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə 31 may 2023-cü il tarixli aktdan görünür ki, 1702AZ**********30 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafının zədəli olması, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2022-ci il tarixlərdə “ALARM-1” rejiminin aşkar olması göstərilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda “Azəriqaz" İstehsalat Birliyinin 14-2-2/3- 5-5696/Q002 saylı rəyinə əsasən 1702AZ**********30 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi, yivli birləşmələrin korroziyaya uğraması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması qeyd edilmişdir. 30 iyun 2023-cü il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 17280 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********01000 nömrə ilə qeydiyyata alınmış abonent koduna akt üzrə 2073,60 manat borc hesablanmışdır. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının ünvanında yoxlama apararkən iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmuşdur. Bundan sonra cavabdeh təşkilatın nümayəndələri tərfindən akt tərtib olunaraq itmiş təbii qazın dəyəri hesablanmaqla iddiaçıya akt əsasında 2073,60 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı iddia tələbinin təmin olunmaqla hesablanmış borcun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 2.1.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Hazırki iş üzrə cavabdeh tərəfindən qəbul edilmiş akt heç bir hüquqi nəticə doğurmayaraq iddiaçı tərəfindən mübahisələndirilməsə də belə, hər bir halda iddiaçının silinməsini tələb etdiyi borc cavabdehin tərtib etdiyi aktın yaratdığı hüquqi nəticədir. Ona görə də bu hal cavabdeh tərəfindən sübut edilməli olan haldır. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən ziyanın hesablanmasına əsas olmuş akt isə iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş və qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktın bir nüsxəsi abonentə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə iddiaçıdan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, 2073,60 manat borcun hansı qaydada və əsasla hesablanması da cavabdeh tərəfindən göstərilə bilməmişdir. Sayğac iddiaçının ünvanından kənar sahədə, küçədə quraşdırıldığına görə sayğaca digər şəxslər tərəfindən müdaxilə edilməsi mümkündür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq akt istehlakçıya təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş akt tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməklə iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********01000) hesablanmış 2073,60 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 10.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən 40,73 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********01000) hesablanmış 2073,60 (iki min yetmiş üç manat, altmış qəpik) manat məbləğində borc silinsin. 40,73 (qırx manat, yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar