Məhkəmə qərarları › İş №2(003)-964/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-964/2021

07.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-964/2021 07.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazli Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Yunusov Ağabəy Ağasəf oğlunun nümayəndəsi və vəkili Qocayev Orxan Ələddin oğlunun, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qasımzadə Fuad Nail oğlunun iştirakı ilə, İddiaçı Yunusov Ağabəy Ağasəf oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Yunusov Ağabəy Ağasəf oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona əsassız hesablanmış 5106,18 (beş min yüz altı manat on səkkiz qəpik) manat məbləğində borcun silinməsi və əsassız olaraq ondan çıxılmış pul məbləğinin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natavan küçəsi, ev 127-də yaşayır, müqaviləyə əsasən ona məxsus Bakı şəhəri Xəzər rayonu, E.Bünyatov küçəsində yerləşən sahəyə elektrik enerjisi verilir. Cavabdeh təşkilatla aralarında bağlanılmış müqavilə əsasında elektrik enerjisindən istifadə edərək dəyərini ödəyir. 29 dekabr 2020-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları 5106,18 (beş min yüz altı manat on səkkiz qəpik) manat cərimə hesablanması barədə bildiriş göndərmişlər. İstifadə olunan elektrik xəttinə quraşdırılmış sayğacı cavabdeh tərəfindən ona məxsus evin daxilində deyil, hasarın çöl tərəfində yerləşdirilmişdir. Hesab edir ki, bu səbəbdən həmin sayğacın hər hansı müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Bununla bağlı sözü gedən quruma müraciət etdikdə, ona bildirdilər ki, 5106,18 manat işıq sərfiyyatına görə borcu vardır. Həmin borcun hardan yaranmasını araşdırmaq üçün rayon yerli işıq idarəsinə müraciət etdi. Həmin saldodan göründüyü kimi vaxtlı-vaxtında ödənişlərimi etmişdir. Heç bir gecikmə olmamışdır. Azərbaycan Respublikası ərazisində xüsusi karantin dövründə iş reyiminin tənzimlənməsi barədə müvafiq qərarların olduğu halda və “Koronovirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair tədbirlər görüldüyü zaman və sözü gedən sahənin işləmədiyini nəzərə alaraq birdən birə bir ay ərzində bu qədər cərimənin necə yaranması müəmmalıdır. O sayğac göstəricisinə əsasən, istehlak olunmuş elektrik eneriisinin dəyərini vaxtlı-vaxtında ödəmiş, heç bir borcu olmamışdır. O sözügedən mövcud olmuş aktı əldə etməyə çalışsa da ona yalnız məhkəmənin sorğusu ilə həmin aktı verə biləcəklərini bildirdilər. Akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Bu səbəbdən də hesab edir ki, akt tərtib olunduğu andan etibarsızdır. Qeyd olunan aktın əsassızlığı barədə "xxxx" ASC-yə müraciət etsə də hər hansı bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iddiaçı Yunusov Ağabəy Ağasəf oğlunun nümayəndəsi və vəkili Qocayev Orxan Ələddin oğlu bildirdi ki, mübahisəli akt qeyri-yaşayış sahəsinə tərtib edilmişdir və iddiaçı sahiblkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh Salahov Alim İlham oğlunun nümayəndəsi və vəkili Nəsibov Həsən Qəhrəman oğlu şifahi vəsatətlə müraciət edərək bildirdi ki, hazırkı mübahisələndirilən akt qeyri-yaşayış sahəsinə tərtib edilmiş aktdı. Bu səbəbdən də mülki işin aidiyyəti məhkəməyə göndərilməsini xahiş etdi. İddiaçı “Yunusov Ağabəy Ağasəf oğlunun nümayəndəsi və vəkili Qocayev Orxan Ələddin oğlu vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, hazırkı mülki iş ümumi yurisdiksiyalı məhkəməyə aid olduğundan vəsatət təmin edilməli və buna görə də iş aidiyyəti məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin məcəllənin 26.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə qeyd edir ki, qanunvericiliyə edilmiş dəyişikliklər əsasında inzibati-iqtisadi məhkəmələrin əvəzinə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılmış, habelə işlərin məhkəmə aidiyyətinin, yəni ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə, eləcə də məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının yeni qaydaları müəyyən edilmişdir. Ümumilikdə, kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. İddia ərizəsindən və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 29.12.2020-ci il tarixli hesab ödəniş vərəqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən (kafe VÖEN **********) qeyri-yaşayış sahəsinə 5106,18 manat borc hesablanmışdır. Görünüdüyü kimi iddiaçı istehlakıçı kimi məhkəməyə müraciət etsə də, hazırkı mülki iş üzrə iddiaçı vergi ödəyicisidir və qeyd edilən borc məbləği onun sahibkarlıq fəaliyyətinin icrasının nəticəsi olaraq hesablanmışdır və iddiaçı hazırda həmin borcu mübahisələndirir. Yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış hüquq münasibətlərinin nəticəsidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarından (icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən) görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, mövcud mübahisə üzrə aidiyyət Bakı Kommersiya Məhkəməsinə aid olduğu halda, mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, iddia ərizəsi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasındakı hazırkı mübahisə kommersiya xarakterli olduğundan hazırki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Yunusov Ağabəy Ağasəf oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC tərəfindən ona əsassız hesablanmış 5106,18 (beş min yüz altı manat on səkkiz qəpik) manat məbləğində borcun silinməsi və əsassız olaraq ondan çıxılmış pul məbləğinin ona geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün ərzində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar