Məhkəmə qərarları › İş №2(003)-966/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-966/2023

23.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-966/2023 23.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2, Cavabdeh3, onların nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X8, Məmmədova (Tağıyeva) Rəhimə Məmmədəli qızı və Məmmədova (Aslanova) Rəhilə Dadaş qızı olmaqla, cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisi, Cavabdeh2 və qeyrilərinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Baba Əliyev küçəsində yerləşən 12a saylı fərdi yaşayış evinə dair Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 adına xx.xx.2021-ci il tarixdə verilmiş və reyestrdə 2V-520 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evinə dair Cavabdeh2 və Cavabdeh3 adına verilmiş ********** və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışların ləğv edilməsi, onun həmin yaşayış evinə dair miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının mərhum atası X6 məxsus olmuş (Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Baba Əliyev küçəsində yerləşən 12a saylı fərdi yaşayış evi) miras əmlakının iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin fərdi yaşayış evinə dair Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 adına xx.xx.2021-ci il tarixdə verilmiş və reyestrdə 2V-520 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evinə dair Cavabdeh2 və Cavabdeh3 adına verilmiş ********** və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışların ləğv edilməsi, iddiaçının həmin yaşayış evinə dair miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Baba Əliyev küçəsində yerləşən 12a saylı fərdi yaşayış evi iddiaçının mərhum atası X6 məxsus olmuşdur. İddiaçının atası xx.xx.1976-cı il tarixdə vəfat etmişdir. Atasının birinci növbə vərəsələri iddiaçının anası Məmmədova (Hadıyeva) X27, iddiaçının özü, onun bacıları- Məmmədova (Aslanova) Rəhilə Məmmədəli qızı, Məmmədova (Tağıyeva) Rəhimə Məmmədəli qızı, qardaşları- X5, X13, X11, X8 olmuşdur. Anası xx.xx.2006-cı il tarixdə, qardaşlarından X13 xx.xx.2018-ci il tarixdə, X11 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İddiaçı bir neçə ay əvvəl mərhum atasından miras qalmış qeyd olunan yaşayış evinə dair vərəsəlik işinin açılması üçün Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət etmişdir. Müraciətinə cavab olaraq mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünə görə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş və məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan sonra o, vəkillə müqavilə bağlamış və miras əmlaka dair vərəsəlik işinin açılıb açılmaması barədə notariat ofisinə vəkil sorğusu verilmişdir. Daha sonra həmin qurumdan vərəsəlik işinin surəti ona təqdim edilmişdir. Vərəsəlik işi ilə tanış olan zaman ona məlum olmuşdur ki, mərhum atasından miras qalmış qeyd olunan yaşayış evinə dair onun mərhum qardaşı X3 arvadı Cavabdeh2 ½ hissədə, digər mərhum qardaşı X7 arvadı Cavabdeh3 1/8 hissədə, X10 Elvin Eldar oğluna 1/8 hissədə, qızı Cavabdeh5 1/8 hissədə, digər oğlu Cavabdeh6 1/8 hissədə pay hüququna dair xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Elə həmin tarixdə Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 miras payın bağışlanması müqaviləsinə əsasən qeyd olunan yaşayış evinə dair miras paylarını anaları Cavabdeh3 bağışlamışlar. Bundan sonra qeyd olunan yaşayış evinə dair ½ hissədə Cavabdeh2, ½ hissədə isə Cavabdeh3 adına çıxarış verilmişdir. İddiaçı mərhum atasından miras qalan əmlakda qeydiyyatda olmaqla faktiki olaraq miras əmlakı qəbul etmişdir. Lakin cavabdehlər onunla eyni ünvanda qeydiyyatda olmaqlarına və orada yaşamalarına baxmayaraq vərəsəlik işi açılan zaman onun vərəsə olmağı barədə notariat ofisinə məlumat verməmiş, vərəsələrin dairəsini gizlətmiş, vərəsəlik işinin açılması barədə ona heç bir məlumat verməmiş, eyni zamanda notariat ofisi də vərəsələrin axtarılması üçün heç bir tədbir görməmiş, yalnız cavabdehlərin ərizəsi əsasında sonunculara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, İddiaçı miras qoyanın vəfatından sonra miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Belə ki, İddiaçı xx.xx.1987-ci il tarixdə X14 ilə rəsmi nikaha daxil olaraq başqa ünvana gəlin köçmüşdür. Onun miras evlə hər hansı bağlılığı olmamış, mirasın qəbulu üçün nə notariat orqanına, nə də məhkəməyə müraciət etməmişdir. Mübahisəli evin mülkiyyətçisi olmuş X12 xx.xx.1976-cı il tarixdə vəfat etdiyinə görə qüvvədən düşmüş 1964-cü il redaksiyalı Mülki Məcəllənin 528-ci maddəsinə görə həmin vaxtdan vərəsəlik açılmışdır. Qeyd olunan maddəyə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 552-ci maddəsində təsbit edilmişdir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyini açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən 06 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 03 aydan az olduqda isə həmin müddət 03 aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İddiaçının mübahisəli evə münasibətdə vərəsəlik hüququnun tanınması onun tərəfindən miras əmlakın qəbul edilməsindən asılıdır. Qeyd edilən maddədən isə göründüyü kimi miras əmlak 2 üsulla qəbul edilə bilər: 1.bu barədə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə 2.yaxud miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnməklə. İşdən isə görünür ki, iddiaçı notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişdir. O, iddia ərizəsində mirası faktiki surətdə idarə etməyə başlamaqla qəbul etdiyini bildirmişdir. Lakin iş materiallarında iddiaçının mirası faktiki surətdə qəbul etdiyini təsdiq edən hər hansı mötəbər sübutlar yoxdur, əksinə işdə olan digər sübutlar miras qoyanın vəfatından sonra iddiaçı tərəfindən miras əmlakını faktiki qəbul edilmədiyinə dəlalət edir. Bu hal ilk növbədə xx.xx.1987-ci il tarixdə iddiaçının Hacıağa Abasovla rəsmi nikaha daxil olaraq başqa ünvana gəlin köçməsi ilə təsdiqlənir. İddiaçının evləndikdən sonra mübahisəli mülkə gəlibgetməsi, miras əmlakın faktiki surətdə onun tərəfindən qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Çünki miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İddiaçının mübahisəli həyətə gəlib-getməsi faktını mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirmək mümkün deyil. İddiaçının mirası qəbul etmək niyyətini açıqaşkar təsdiqləyən, məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımasından ibarət hərəkətləri, miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirib ona sahiblik etməsini göstərən faktlar yoxdur. Eyni zamanda, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək orada qeyd etmişdir ki, iddiaçı İ.M.Abbasova tərəfindən pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar iddia müddəti ötürülmüşdür və cavabdehlər tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verildiyindən, iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. İddiaçının miras əmlaka faktiki sahiblik etməməsi, mirasın qəbulu ilə bağlı həm 3 aylıq, həm 6 aylıq müddətlərlə birlikdə Mülki Məcəllədə nəzərdə tutulmuş 10 illik iddia müddətini ötürməsi iş materialları ilə təsdiq olunur. İddiaçı atasının ölümündən sonra mirası nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etməmiş, hətta sonradan mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. İddiaçı mirası qanunla müəyyən edilmiş qaydada qəbul etmədiyindən o, həmin miras əmlaka dair mübahisə açmaq hüququnu itirmişdir. İddiaçı iddia müddətini ötürməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil bildirdiklərini təsdiq edərək əlavə olaraq qeyd etdi ki, 1981-ci ildə mərhum Eldar Məmmədova ərə gələrək müahisəli evə gəlin köçmüşdür. Eldarla nikahlarından 2 övladları olmuşdur. Təxminən 1986-1987-ci illərdə İlhamə rəsmi nikaha daxil olmuş və həmin evdən köçüb getmişdir. Mübahisəli evi İlhamə heç vaxt faktiki qəbul etməmiş və sahiblik etməmişdir. Ərə gedən vaxtdan hal-hazıradək İlhamə öz ailəsi ilə birlikdə ərinin evində yaşayır. Məhkəmə iclasında digər Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil bildirdiklərini təsdiq edərək əlavə olaraq göstərdi ki, 1992-ci ildə mərhum Xanlar Məmmədova ərə gələrək müahisəli evə gəlin köçmüşdür. İlhamə ilə münasibətləri həmişə yaxşı olmuşdur. Ona məlum olmuşdur ki, təxminən 1986-1987-ci illərdə İlhamə rəsmi nikaha daxil olmuş və həmin evdən köçüb getmişdir. O vaxtdan hal-hazıradək İlhamə öz ailəsi ilə birlikdə ərinin evində yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq İddiaçı İ.M.Abbasova, cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisinin nümayəndəsi, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X8, Məmmədova (Tağıyeva) Rəhimə Məmmədəli qızı və Məmmədova (Aslanova) Rəhilə Dadaş qızı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin fikrini tədqiq edib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Baba Əliyev küçəsində yerləşən 12a saylı 41.60 kv.m olan yaşayış sahəsi xüsusi mülkiyyət əsasında **********09-10301 reyestr nömrəsi ilə X4 adına qeydiyyatdan keçirilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş arayışın təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1976-cı il tarixdə “mədə xərçəngi” səbəbindən Bakı şəhərində ölmüşdür. Bu barədə ölümün qeyd edilməsi kitabında 15 nömrə ilə qeyd edilmişdir. -xx.xx.2021-ci il tarixli 2V-520 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1976-cı il tarixdə vəfat etmiş X4 vərəsəsi X1 xx.xx.2023-cü il tarixdə ölməsi ilə əlaqədar gəlini Cavabdeh2 miras əmlakdan ½ hissədə, oğlu X7 xx.xx.2018-ci il tarixdə vəfat etməsi ilə əlaqədar gəlini Cavabdeh3 miras əmlakdan 1/8 hissədə, nəvəsi Cavabdeh4 miras əmlakdan 1/8 hissədə, nəvəsi Cavabdeh5 miras əmlakdan 1/8 hissədə, nəvəsi Cavabdeh6 miras əmlakdan 1/8 hissədə pay almalıdır. -xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 xx.xx.2021-ci il tarixdə verilmiş 2V-520 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X2 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41.6 kv.m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0,0636 ha torpaq sahəsindən özlərinə düşən hissəni Cavabdeh3 bağışlamışlar. -Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin xüsusi notariusu X16 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli D/109 saylı məktubdan görünür ki, xx.xx.1976-cı ildə ölmüş X2 miras qalmış ünvan 1 ünvanına dair Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən (vərəsə vərəsəliyə çağırıldığı bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər) ona notarial qaydada qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməmişdir. -AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. -xx.xx.1987-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı 361184 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X9 nikahlarını bağlamışlar. Bu barədə nikahın qeydə alınması haqqında kitabda 23 iyul 1987-ci il tarixdə 639 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1145 və 1146-cı maddələrinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Həmin Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1976-cı ildə baş verməklə (yaranmaqla), hazırki iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964- cü il tarixində qəbul edilmiş, 1965-ci il tarixində qüvvəyə minmiş, 01 sentyabr 2000-ci ilədək qüvvədə olan) normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən Məcəllənin: -527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. -528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. -529-cu maddəsinə əsasən, vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. -532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. -533-cü maddəsinə əsasən, birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. -552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. -553-cü maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Sadalanan qanunvericiliyin tələblərindən görünür ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarından görünür ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin hallarından görünür ki, mübahisəli evin mülkiyyətçisi X12 xx.xx.1976-cı il tarixdə vəfat etmişdir. Onun vərəsəsi İddiaçı vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən nə üç ay ərzində, nə də altı ay ərzində miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməmiş, nə də mirası faktiki qəbul edəcək hərəkətlər etməmişdir. Mülki qanunvericiliyə əsasən (həm 1964- cü il tarixində qəbul edilmiş, həm də hazırda qüvvədə olan) fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, xx.xx.1970-ci il təvəllüdlü İlhamə Abbasova vərəsəliklə bağlı hüquqlarını yetkinlik yaşına çatdıqda, yəni tam mülki hüquq fəaliyyət qabiliyyətli olduqda həyata keçirə bilərdi. Lakin iş materiallarından görünür ki, iddiaçı 1987-ci il tarixdə, yəni 17 yaşında rəsmi nikaha daxil olaraq başqa ünvana gəlin köçmüşdür. Bununla da öz subyektiv vərəsəlik hüququnu həyata keçirməmişdir. İddia tələbinin xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, X4 vərəsələri X13 və X17 öldüyündən irsi transmissiya əsasında mirasdan payın bir hissəsi onların arvadlarına keçmişdir. Daha sonra övladları tərəfindən özlərinə düşən paylar anaları Cavabdeh3 bağışlama müqaviləsi əsasında hədiyyə edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının mirası faktiki qəbulu sübuta yetirilmədiyindən, qeyd olunan halların mübahisələndirilməsinə subyektiv hüququ yoxdur. Bu səbəbdən də əsas iddia tələbi təmin edilmədiyinə görə törəmə iddia tələbləri də təmin edilməməlidir. Cavabdehin nümayəndəsi və vəkilinin iş üzrə iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Qeyd olunana əsasən məhkəmə hesab edir ki, cavabdehin vəkili və nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı müraciəti əsassızdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisi, Cavabdeh2 və qeyrilərinə qarşı “miras əmlakının iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və sair” tələblərinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı miras əmlakının iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin fərdi yaşayış evinə dair Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 adına xx.xx.2021-ci il tarixdə verilmiş və reyestrdə 2V-520 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evinə dair Cavabdeh2 və Cavabdeh3 adına verilmiş ********** və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışların ləğv edilməsi, iddiaçının həmin yaşayış evinə dair miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar