Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-969/2024 12.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 (eyni zamanda digər cavabdeh X1 prosessual hüquqi varisi) iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri X3rşı “yol üzərindəki maneələrin sökülməsi və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsinə keçid yolunun üzərində tikilmiş tikililərin və ona məxsus bağ sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, onun əri Cavabdeh2 və Cavabdeh3 Şıxbaba oğlu, ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsindən əsas yola olan çıxış üzərində tikililər tikmişlər. Artıq uzun illərdir ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsi isə onların bu əməlləri üçün şərait yaratmış, köməklik göstərmişdir. Belə ki, iddiaçı 560 saylı bağ sahəsinin mülkiyyətçisidir. Cavabdeh3 562 saylı bağ sahəsinin mülkiyyətçisidir. 561 saylı bağ sahəsi Cavabdeh2, 561A saylı bağ sahəsi isə onun arvadı Cavabdeh1 məxsusdur. Uzun müddətdir ki, cavabdehlər onun bağ sahəsinə olan keçid yolunun üzərində qanunsuz tikililər inşa etmişlər və onun keçid yolunu bağlamışlar, bu səbəbdən də öz mülkiyyətindən istifadə edə bilmir. Mülkiyyətində olan 560 saylı bağ sahəsindən istifadə etməsinin qarşısını alındığı üçün, keçid yolunun üzərində cavabdehlər tərəfindən inşa edilmiş tikililər sökülməlidir. Cavabdeh1, onun əri Cavabdeh2 həmçinin ona məxsus, Mərdəkan qəsəbəsinin ərazisində yerləşən 560 saylı bağ sahəsində qanunsuz tikinti işləri apararaq ev tikirlər. Cavabdehlər onun mülkiyyətinə olan keçid yolunun üzərində tikililər inşa edib, onun keçid yolunu bağlamalarından istifadə edərək, onun torpağını da zəbt ediblər və orada tikinti işləri aparırlar. Mülkiyyət hüquqlarının qorunması üçün, həmin tikintinin cavabdehlərin hesabına sökülməsi vacibdir. Digər tərəfdən Daşınmaz Əmlakın Kadastrı və X4 şəxsi hansısa maraqlar naminə Cavabdeh1, onun əri Cavabdeh2 qanunsuzluq törətməkdə köməklik ediblər. Bu səbəbdən də onlar da hazırkı iş üzrə onun əmlakına dəymiş ziyana görə məsuliyyət daşıyırlar, cavabdehlərin bu hərəkətləri mülki hüququ pozuntusudur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qərardadı ilə iddiaçıya məxsus bağ sahəsində eləcə də həmin bağ sahəsinin yolunun üstündə hər hansı (qanunsuz) tikilinin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəməyə Məhkəmə Ekspertiza Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli ekspert rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Bundan başqa Cavabdeh1 ərizə ilə müraciət edərək, bildirmişdir ki, Cavabdeh2 01 sentyabr 2024-cü il tarixdə vəfat etmişdir. Bununla əlaqədar olaraq mülki işə baxılmasının davam etdirilməsi üçün onun Cavabdeh2 prosessual hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. İş materiallarında olan “ölüm haqqında şəhadətnamədən” görünür ki, Cavabdeh2 01 sentyabr 2024-cü il tarixdə “ağciyər– ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formaları” səbəbindən ölmüşdür. Belə olan halda məhkəmə hazırlıq iclasında Cavabdeh1 Cavabdeh2 prosessual hüquqi varisi kimi tanınmışdır. Məhkəmənin iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil ayrıayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdilər. Məhkəmənin iclasında iştirak edən cavabdehlər Cavabdeh1 (eyni zamanda digər cavabdeh X1 prosessual hüquqi varisi) iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə gəlməyən cavabdehlərin iştirakları olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 560 nömrəli bağ sahəsi ünvanında yerləşən 0.11 hektar torpaq sahəsi xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0.13 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 227.07 kv.m olan 562 saylı bağ evi xx.xx.2009-cu il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir; Mərdəkan qəsəbəsi, 0.12 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 54.91 kv.m olan 561 saylı bağ evi xx.xx.2008-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir; Mərdəkan qəsəbəsi, 561a saylı bağ sahəsi ünvanında yerləşən 0.08 hektar torpaq sahəsi xx.xx.2013-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İddiaçı isə özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsinə keçid yolunun üzərində, eləcə də bağ sahəsində tikililər inşa edildiyini bildirməklə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla belə iş materialları ilə iddiaçının qeyd etdiyi halların müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi iddiaçıya məxsus bağ sahəsində, eləcə də həmin bağ sahəsinin yolunun üstündə hər hansı (qanunsuz) tikilinin olub-olmamasının müəyyən edilməsi zərurəti yarandığından iddiaçıya məxsus bağ sahəsi və bağ sahəsinin yolunun üzərində qanunsuz tikilinin olub-olmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, mərkəzə təqdim olunan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024 tarixli 3-21-3-30/2-40762/24 nömrəli mütəxəssis rayində aşağıdakılar qeyd olunur: mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.11 ha olsa da, faktiki olaraq 0.1198 ha təşkil edir. 0.0098 ha torpaq sahəsi əlavə olaraq istifadə olunur. Torpaq sahəsinin dörd tərəfi qonşu sahələrdir. Təqdim olunmuş sənədlər toplusuna əsasən bağ sahəsinə yol yoxdur. İlkin qeydiyyat zamanı iddiaçı və qonşular tərəfindən təsdiq olunmuş razılıq ərizələri əsasında bağ sahəsi qeydiyyatdan keçmişdir. Belə ki, iddiaçı bağ sahəsinin qeydiyyata alındıqdan sonra həmin qonşularla alqı-satqı olunmasını qeyd etsə də, lakin alqı-satqı olunmamışdır. Hazırda iddiaçı bağ sahəsinə keçmək üçün yolu qonşu sahələrdən tələb edir (sahə mübahisəlidir). Servitutla verilməsi nəzərdə tutulan yol qonşu mülkiyyətində olduğu müəyyən edilir (üzərində tikili yoxdur) Qeyd olunanlarla bağlı izahlı baş plan əlavə edilmişdir. Məhkəmə işin hallarına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi iddiaçı özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsinə keçid yolunun üzərində, eləcə də bağ sahəsində tikililər inşa edildiyini bildirsə də, iddiaçıya məxsus bağ sahəsinin üzərində tikilinin olmadığı müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqdim edilmiş ekspert rəyi sübut kimi nəzərə alınmalıdır, belə ki, rəyin əsassız olması, eləcə də işin halları ilə ciddi ziddiyyət olması müəyyən edilməmişdir. Bundan başqa təqdim edilmiş rəyin mötəbərliyini şübhə altına almaq üçün əsaslar müəyyən edilməmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “bağdan yola nəqliyyat vasitəsi ilə çıxış üçün keçid yolunun bərpa edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 noyabr 2014-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya baxışı zamanı isə İddiaçı iddiasından imtina etmiş və iddiaçının imtinası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2015-ci il tarixli qərardadı ilə qəbul edilərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 noyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bundan sonra İddiaçı Cavabdeh1 qarşı gediş-gəliş yolunun açılması, servitut tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus bağ sahəsindən qəsəbədaxili yola piyada və avtomobil keçidi üçün onun və cavabdehin bağ sahələrinin ortaq divarından başlayaraq, cavabdehin mülkiyyətində olan bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə onun xeyrinə servitut təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3604/2018 nömrəli iş üzrə 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 560 saylı bağ sahəsindən qəsəbədaxili yola piyada və avtomobil keçidi üçün iddiaçının və cavabdehin bağ sahəsinin ortaq divarından başlayaraq cavabdehin mülkiyyətində olan 561 saylı bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə iddiaçının xeyrinə servitutun təyin edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4766/2019 nömrəli mülki iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdehə qarşı gediş-gəliş yolunun açılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-6453/2019 nömrəli iş üzrə 31 oktyabr 2019-cu il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-222/2021 nömrəli iş üzrə 5 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1400/2022 nömrəli iş üzrə 4 aprel 2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 5 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-231/2023 nömrəli mülki iş üzrə 12 may 2023-cü il tarixli qətnaməsi ilə (cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə iddiaçının cavabdehə qarşı gediş-gəliş yolunun açılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3261/2023 nömrəli iş üzrə 30 avqust 2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-231/2023 nömrəli, 12 may 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə Kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli 10/7288 nömrəli ekspert rəyinə əsasən qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********85 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli Çıxarış sənədinə əsasən ünvan 2 ünvanda 0,11 ha torpaq sahəsinin və **********28 nömrəli, xx.xx.2013-cü il tarixli Çıxarış sənədinə əsasən, ünvan 3 ünvanda 0,08 ha toraq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlarına əsasən sərhədləri müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 560 saylı bağ sahəsinə dair iş materiallarına əlavə edilmiş ilkin torpaq ayırma sənədləri arasında uyğunsuzluq olduğundan (1-ci cild, səh. 160) 560 saylı bağ sahəsinin cizgisində yol göstərilməmişdir. Lakin (2-ci cild, səh. 33) 560 saylı bağ sahəsinin digər cizgisində torpaq sahəsinin eninin 23,8 metr olan hissəsində 3 metr enində yol olduğu göstərilmişdir. Eyni zamanda **********85 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli Çıxarışda qeyd olunan torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan ölçüləri (eni, uzunluğu, konfiqurasiyası və s.) ilə 560 saylı bağ sahəsinə dair iş materiallarına əlavə edilmiş cizgilərində qeyd olunan ölçülər arasında uyğunsuzluq mövcud olduğundan həmin torpaq sahəsinin ilkin torpaq ayırma sənədlərində əvvəllər gediş-gəliş yolunun olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın üçüncü-dördüncü sualları üzrə: birinci instansiya məhkəməsinin müəyyən etdiyi qaydada (iddiaçının mülkiyyətində olan ünvan 2ndən qəsəbədaxili yola piyada və avtomobil keçidi üçün iddiaçının və cavabdehin bağ sahələrinin ortaq divarlarından başlayaraq cavabdehin mülkiyyətində olan 561 saylı bağ sahəsində qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə iddiaçının xeyrinə servitut təyin edilsin) baxış zamanı yol kimi iddia olunan sahə **********28 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli Çıxarış sənədinə əsasən, ünvan 4 ünvanda cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,08 ha torpaq sahəsinin ortasından keçməklə torpaq sahəsini iki hissəyə böldüyündən həmin yolun açılması cavabdehin mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə bütov sahə kimi istifadəsini mümkünsüz etmiş, eyni zamanda cavabdehin mülkiyyətində olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi istiqamətində müxtəlif təyinatlı tikililər (yaşayış və yardımçı) yerləşməsini nəzərə alaraq, texniki cəhətdən cavabdehə məxsus torpaq sahəsindən başqa qaydada keçid verilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Qeyd olunmuşdur ki, iddiaçının tələb etdiyi zəruri keçidin hansı qonşu torpaq sahəsinə münasibətdə daha yolverilən və daha az zərər vurmaqla olmasının müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertizasının predmetinə aid deyil. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi qaydada cavabdehin mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə bütov sahə kimi istifadəsini mümkünsüz etməklə yanaşı, onun mülkiyyətində olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi istiqamətində müxtəlif təyinatlı tikililər (yaşayış və yardımçı) mövcud olduğundan cavabdehə məxsus torpaq sahəsindən başqa qaydada keçid verilməsi mümkün deyil. Kollegiya işin faktiki hallarını, eyni zamanda ekspert rəyi ilə müəyyən edilmiş vəziyyəti nəzərə alaraq hesab etmişdir ki, hazırkı halda iddia tələbinin təmin edilməsi mümkünsüzdür. Belə ki, tələb edilən formada iddiaçının xeyrinə servitut təyin edilməsi mülkiyyətçinin ona məxsus torpaq sahəsindən istifadənin mümkünsüz etməklə bərabər iddiaçı üçün də əlavə xərclərin (yolun açılması, cavabdehə məxsus torpaqda yerləşən tikinti sahələrinin kompensasiya edilməklə iddiaçının öz vəsaiti hesabına sökülməsi və s.) yaranmasına gətirib çıxaracaqdır. Belə olan halda həmin vəziyyət mülki qanunvericiliyin ümumi-fundamental prinsipləri olan səmərəlik-qənaət prinsiplərinin mahiyyəti ilə də uzlaşmır. Kollegiya həmçinin qeyd etmişdir ki, işə baxan məhkəmələr nəzərə almamışdır ki, iddiaçı iddia ərizəsində və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində cavabdehin mülkiyyətində olan 561 saylı bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə onun xeyrinə servitut təyin edilməsini xahiş etsə də, iş materiallarından görünmüşdür ki, cavabdehin mülkiyyətində olan bağ sahəsi 561 saylı deyil, 561a saylı bağ sahəsidir. İddiaçının servitut tələb etdiyi 561 saylı bağ sahəsi cavabdehin əri Cavabdeh2 mülkiyyətindədir. Bu isə bir daha göstərmişdir ki, hazırkı halda iddia tələbinin təmin edilməsi mümkünsüzdür. Göründüyü kimi nəticə etibarı ilə İddiaçı Cavabdeh1 qarşı gediş-gəliş yolunun açılması, servitut tələbinə dair iddası təmin edilməmişdir. Qeyd olunanları ümumiləşdirirək məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının 560 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törətməsi sübut olunmamış, işin tədqiq olunan halları ilə iddia tələbi tam təkzib olunmuşdur. Belə ki, yuxarıda qeyd edilən mülki iş üzrə müəyyən edilmişdir ki, iddiaçının servitut tələb etdiyi 561 saylı bağ sahəsi cavabdehin əri Cavabdeh2 mülkiyyətindədir, eləcə də hazırki iş üzrə keçirilmiş ekspertizanın nəticələri ilə iddiaçıya məxsus torpaq sahəsi üzərində tikilinin olmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə daha sonra qeyd edir ki, edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, iddianın dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri X3rşı “yol üzərindəki maneələrin sökülməsi və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2 və Daşınmaz Əmlakın Kadastrı və Reyestri X3rşı “yol üzərindəki maneələrin sökülməsi və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(003)-969/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-969/2024
12.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver