Məhkəmə qərarları › İş №2(004)-1001/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1001/2024

27.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1001/2024 27.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X8-Məmmədova Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “akta əsasən hesablanmış borcun silinməsi, həmin borca görə hesabdan tutulmuş pul vəsaitinin hesaba geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğvi və akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-yi tərəfindən tərtib edilmiş ******* saylı aktın əsassız olması səbəbilə ləğv edilməsi, akta əsasən dəymiş zərərin əvəzi kimi qaz hesabına abonent koduna-**********00010 nömrəsinə hesablanılmış 1036,80 manat borcun silinməsi, borca görə kartdan ödənilən ödənişlərə əsasən tutulan vəsaitlərin tam şəkildə qaz hesabına abonent koduna - **********00010 nömrəsinə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi ev 4 ünvanındakı ev mərhum X1 tərəfindən tikilmiş və ailə üzvləri ilə birlikdə uzun illərdir ki, həmin evdə yaşayırlar. X1 26 dekabr 2016-cı il tarixində uzun sürən xəstəlik səbəbindən vəfat etmişdir. Bildirir ki, Cavabdeh İB-ilə bağlanmış qazın alqısatqısına dair abonent müqaviləsinə əsasən fasiləsiz olaraq yaşadıqları ev qazla təmin edilmişdir. Həmin evə dair verilmiş sayğaca sonuncu dəfə cavabdeh orqanın əməkdaşları tərəfindən 2015-ci il tarixində baxış keçirilmiş və ******* saylı akta əsasən G-4 markalı,1102AQ**********9 nömrəli sayğacın istismara yararlı olması barədə mərhum atanın adına akt təqdim edilmişdir. Bugünədək həmin sayğac vasitəsilə təbii qazdan istifadə etmiş bunun əvəzində isə aylıq ödənişləri vaxtı-vaxtında tam şəkildə ödəmişlər. Qeyd edir ki, 21 iyul 2022-ci il tarixində cavabdeh orqanın əməkdaşları tərəfindən ünvana gəlinərək onların xəbəri olmadan sayğac çıxarılmış, sonradan mühəndislərin işləməsini görüb dərhal sayğacın yerinə geri qaytarılmasını, bu əməlin qanunsuz olmasını cavabdeh orqanın əməkdaşlarına bildirsələr də əməkdaşlar onların tələblərinə əhəmiyyət verməmişdir. Aktın bir nüsxəsini alaraq aktdan şikayət verəcəkləri barədə bildirəndə, “gözləyin ikinci akt və mesaj gəlsin sonra nə istəyirsiz edin”. Hazırda isə onlara məktubla təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt təqdim edilmişdir. Aktda qeyd edilir ki, “sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Xətalar normadan artıqdır, sayğac istismara yararsızdır, dəymiş zərər hesablanılsın, çıxış plastmas borusu deşilib”. Bundan sonra cavabdeh orqana müraciət edərək, aktın əsassız və qanunsuz olduğunu, ünvana xəbərdarlıq edilmədən ünvana yaxınlaşdığını, sayğacın sahibinin uzun illər öncə vəfat etdiyi təqdirdə onun adına akt yazılmasının qanunsuz olmasını, bundan başqa da sayğacın istismara yararsız olmasının və iç mexanizmində dəlik olmasının onların təqsirləri ucbatından olmamasını, sayğacın 2015-ci ildən bəri sayğacın blombunun üzərində olması onların sayğaca müdaxilə etmədiklərini təsdiq edilməsini bildirsələr də onlara əllərindən heçnə gəlmədiyini, bunun üçün məhkəmyə müraciət edə biləcəklərini bildirmişlər. Hal-hazırda həmin akta əsasən hesablanılmış məbləğ 1036 manat 80 qəpik təşkil edir. Artıq borc kart hesabına yönəldilib və hesabdan 50 faiz hissi tutulur. Hesab edilir ki, akt ləğv edilməli, borc silinməli və borca görə tutulan ödənişlər də hesaba geri qaytarılmalıdır.Qeyd edilir ki, onlardan sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Çünki belə olacağı təqdirdə isə ən azından aylıq ödənişlər arasında ziddiyətli fərqlər yaranmış olardı. Belə ki, cavabdehin əməkdaşlarının iddia etdikləri həcmdə qazdan artıq istifadə etmədikləri barədə heç bir mütəxəssis araşdırması aparılmadan gözəyarı rəqəm yazılmışdır. Bundan başqa Cavabdeh əməkdaşları tərəfindən qaz cihazlarının saatlıq qaz sərfinə uyğun hesabatın aparılması hansı əsaslarla və ya sənədlərlə müəyyən edildiyi bəlli deyil, həmçinin bu cür hesablama metodikasının aparılmasına, eləcə də həmin hesablamanın aparılması hüquq verən müvafiq normativ-hüquqi aktların mövcud olmadığına görə, həmin hesabat obyektiv, əsaslı və qanuni hesab edilə bilməz. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən onun qaz hesabına abonent kodu- **********00010 dair tərtib edilmiş ******* saylı, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və həmin akta əsasən hesablanılmış 1036,80 manat məbləğində borcun silinməsi, borca görə hesabından tutulmuş 192 manat məbləğində pul vəsaitinin hesabına geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi iddiaya etirazını elektron kabinet vasitəsilə məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00010 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış Smart G4 İtron markalı 1102AQ**********9 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-29/1710-02874-1 saylı Akta əsasən “sayğacın çıxış plastmas borusu deşilib” şəkildə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 8640 m3 təşkil etmişdir. Hesablanmış (8640 m3 x 0.12) = 1036.80 manat məbləğində dəymiş ziyan 2022-ci ilin avqust ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə çalışır. Beləliklə yuxarıda qeyd olunanlara əsaslanaraq iddia ərizəsinə öz etirazlarını bildirirlər. Odur ki, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, hazırki mülki iş üzrə bütün məhkəmə iclaslarına cavadeh tərəf olaraq onların iştirakı olmadan baxılmasını, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı 21 iyul 2022-ci il tarixli aktdan görünür ki, X4 məxsus yaşayış ünvanında olan sayğac əvəz edilmişdir. İş materiallarında olan Cavabdeh, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktdan görünür ki, ünvan 1 ünvanında fərdi yaşayış evinə quraşdırılmış sayğacın “Qaz sayğacının yoxlanılması barədə ”MSK/29/1710-02874-1 saylı Akta əsasən, “sayğacın çıxış plastmas borusu deşilmə” aşkar olunduğundan dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. İş materiallarında abonent Kodu **********00010 olan X2 adına olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında 08/2022-ci il tarixi üzrə 1036,80 manat məbləğində qalıq və aktlar hesablanmışdır. İş materiallarına əlavə edilmiş 31 avqust 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli MSK/29/1710- 02874-1 nömrəli aktına əsasən G-4 markalı 110AQ**********9 nömrəli sayğacın “çıxış plastmas borusu deşilib” aşkar olunması qeyd edilmiş, qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün olmaqla, 4x24x90=8640 m3 hesablanmışdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı ildə qırtlaq xərçəngi xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, abonent Kodu **********00010 olan karta yüklənən məbləğdən borca görə tutulma 192 manat təşkil edir. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının sahibliyində olan evə aid olan sayğacda olan qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və belə olan halda iddiaçı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Qavazov Bolqarıstana qarşı» işi üzrə 06 mart 2008-ci il tarixli Qərarda qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacda sonradan aşkar edilmiş qüsura görə hər hansı akt tərtib etmək və həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesabat yazmaq qanunsuz olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesabat yazaraq 1036,80 manat pulun tələb edilməsi əsassız olduğundan, abonent tərəfindən karta yüklənən ödənişdən həmin pulun ödənilməsi üçün 192 manat məbləğində vəsaitin tutulması da əsassızdır. «Qazdan istifadə Qaydaları»nın 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən Cavabdeh İB ilə iddiaçı arasında qazın alğı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt ləğv olunmalı, Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 14 (Abonent kodu:**********00010) ünvanına iddiaçı X3 adına xx.xx.2022-ci il tarixli akt üzrə hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) məbləğində borcun silinməsi və akt üzrə borca görə iddiaçının kart hesabından tutulmuş 192 manat məbləğində pul vəsaitinin iddiaçı X4 məxsus **********00010 nömrəli abonent hesabına qaytarılması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30,36 (otuz manat otuz altı qəpik) manat dövlət nəfinə tutulmalıdır. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mtəünasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt ləğv olunsun. Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 14 (Abonent kodu:**********00010) ünvanına iddiaçı X3 adına xx.xx.2022-ci il tarixli akt üzrə hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) məbləğində borcun silinməsi və akt üzrə borca görə iddiaçının kart hesabından tutulmuş 192 manat məbləğində pul vəsaitinin iddiaçı X4 məxsus **********00010 nömrəli abonent hesabına qaytarılması öhdəliyi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 30,36 (otuz manat otuz altı qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar