Məhkəmə qərarları › İş №2(004)-1008/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1008/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1008/2021 10.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin cavabdeh X1 qanuni təmsilçisi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 qanuni təmsilçisi Cavabdeh 2500 manat əsas borc, təhsil haqqı borcunun gecikdirilməsi üçün hesablanmış 224,75 manat cərimə olmaqla, cəmi 2724,75 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC ilə X1 qanuni təmsilçisi Cavabdeh arasında bağlanmış xx.xx.2018 tarixli təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilənin 4-cü bəndinə əsasən, cavabdeh, təmsil etdiyi şagird X2 1-ci sinfə qeydə aldıraraq, 2018-2019 tədris ili üçün illik 15.500 manat ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Tərəflər arasında təhsil haqqının avans şəklində 1500 manat, xx.xx.2018 tarixinədək 30% - 4200 manat, xx.xx.2018 tarixinədək 40% - 5600 manat və xx.xx.2019 tarixinədək 30%-4200 manat olmaqla, hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə 13000 manat məbləğində təhsil haqqı ödənilmişdir və hal-hazırda, cavabdehin MMC-yə olan borcu 2500 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 cavabdeh tərəfin müqavilə üzrə ümumilikdə 16300 manat məbləğində pul ödəməli olduğunu, həmin məbləğin komissiya haqqı çıxılmaqla 13800 manatının ödənildiyini, çeklərdə ödənilən məbləğlərə post-terminal vasitəsi ilə ödənildiyi üçün komissiya haqqının da daxil olduğunu, cavabdehin 2500 manat məbləğində borcunun qaldığını bildirmiş və məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh X1 qanuni təmsilçisi Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5 maddəsinə əsasən, işə cavabdehin qanuni nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC ilə X1 qanuni təmsilçisi Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilədən görünür ki, 2018/2019-cu tədris ili üçün təhsil haqqı 15.000 manat təşkil edir. Müqavilənin 4.4-cü bəndinə əsasən təhsil haqqının avans şəklində 1500 manat, xx.xx.2018 tarixinədək 30% - 4200 manat, xx.xx.2018 tarixinədək 40% - 5600 manat və xx.xx.2019 tarixinədək 30%-4200 manat olmaqla, hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC ilə X1 qanuni təmsilçisi Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə 1 saylı əlavədən görünür ki, şagirdin avtobusla evdən məktəbə və məktəbdən evə geri gətirilməsi üçün təmsilçinin məktəbə 800 manat məbləğində birdəfəlik illik ödəniş etməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 15.500 manat təhsil haqqından valideyn Cavabdeh tərəfindən 13000 manat təhsil haqqı ödənilmiş, qalıq borcu 2500 manat, 647 gün üçün qalıq borc məbləğinə illik 5 faizlə hesablanmış cərimə 224,75 manat, ümumi borc 2724,75 manat təşkil edir. İş materiallarına əlavə olunmuş pretenziyadan görünür ki, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC tərəfindən cavabdeh X1 qanuni təmsilçisi Cavabdeh təhsil haqqı ilə bağlı yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, bununla da, mübahisənin məhkəməyəqədər həlli qaydasına əməl olunmuşdur. Cavabdeh iş materiallarında olan xx.xx.2018-ci il tarixli 0241 nömrəli qəbzə əsasən 1525,17 manat, xx.xx.2018-ci il tarixli 0271 nömrəli qəbzə əsasən 4067,11 manat, xx.xx.2019-cu il tarixli 0305 nömrəli qəbzə əsasən 2846,98 manat, xx.xx.2019-cu il tarixli 0370 nömrəli qəbzə əsasən 2033,55 manat, xx.xx.2019-cu il tarixli 0373 nömrəli qəbzə əsasən 2033,55 manat, xx.xx.2020-ci il tarixli FJB**********856 nömrəli qəbzə əsasən 1500 manat olmaqla, cəmi 14006,36 manat məbləğində ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında Cavabdeh övladının təhsil alması məqsədi ilə bağlanmış 2018-2019-cu tədris ili üçün xx.xx.2018-ci il tarixli təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilələr və xx.xx.2018-ci il tarixli müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh 15.500 manat təhsil haqqını və 800 manat məbləğində daşınma xərcini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən cəmi 13.000 manat təhsil haqqı və daşınma xərci ödənilmiş, yerdə qalan hissə isə ödənilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasınm zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. AR Mülki Məcəllənin 404.1-ci maddəsinə əssən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. AR Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 430.2-ci maddəsinə əssən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Qeyd edilən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz(maddə 488.2). Beləliklə cavabdeh tərəfindən müqavilə üzrə ödənilməmiş qalmış məbləğin ödənilməməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməli, 2500 manat məbləğində ödənilməmiş təhsil haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 224,75 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 qanuni təmsilçisi Cavabdeh 2500 manat əsas borc, 20 manat cərimə borcu olmaqla cəmi 2520 (iki min beş yüz iyirmi manat) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar