Məhkəmə qərarları › İş №2(004)-1016/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1016/2022

26.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1016/2022 26.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X3nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ərizəçinin onun üzərində himayəçi təyin edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası iş üzrə maraqlı şəxs qismində göstərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1016/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi, Azərbaycan Respublikası Prezidenti yanında X2 1 saylı yataqxanasının 45 saylı otağında məcburi köçkün kimi müvəqqəti məskunlaşmış xx.xx.2003-cü il təvəllüdlü X5 psixi vəziyyətini müəyyən etmək üçün ambulator məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 905 nömrəli ekspert rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1016/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, Cəbrayıl şəhərindən məcburi köçkün Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi, Azərbaycan Respublikası Prezidenti yanında X2 1 saylı yataqxanasının 45 saylı otaqda müvəqqəti qeydiyyatda olan xx.xx.2003-cü il təvəllüdlü X9 onun oğludur. Həyat yoldaşı X10 xx.xx.2020-ci il tarixdə “Covid-19” virusuna yoluxma səbəbindən vəfat etmişdir. X3 doğulandan ağır dərəcəli kəmağıllıq, stereotipik hərəkətlərlə birlikdə rast gəlinən hiperaktiv pozuntu xəstəsidir və fəaliyyət qabiliyyətini tamamilə itirib. Doğulandan anası olaraq o baxır. Oğlu 2007-ci ildən X15 Dispanserində qeydiyyatda olub. Daha sonra 18 yaşı tamam olanadək Yasamal rayon 5 saylı Uşaq Poliklinikasında qeydiyyatda olub, 18 yaşı tamam olduqdan sonra isə indiyədək Yasamal rayon 16 saylı Şəhər Poliklinikasında “ağır dərəcəli kəmağıllıq xəstəsi” kimi qeydiyyatdadır. Oğlu özünü müstəqil idarə etmək qabiliyyətində deyil və öz hərəkətlərini müstəqil normal idarə edə bilmir. Bu səbəbdən X4, X15 Dispanserinin stasionar şöbəsində, 1 saylı RPX-də stasionar müalicə almışdır. Oğlu - X7 pensiya təyin edilməsi üçün müraciət etməyə görə onun himayəçisi kimi məhkəmə qərarı ilə təsdiqlənməyi zəruridir. Hesab edir ki, X5 faktiki olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə və üzərində himayəçi təyin edilməsinə zərurət vardır. Bu səbəbdən X5 üzərində qəyyum təyin edilməsi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və ərizəçinin onun üzərində himayəçi təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri, ekspertizanın rəyini nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2003-cü ildə Cəbrayılda anadan olmuşdur. Anası Ərizəçi, atası X8r. AZ-İİ seriyalı 107676 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ikitərəfli pnevmaniya səbəbindən xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixatriya xəstəxanasının 651 nömrəli Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X9 ağır dərəcəli kəmağıllıq stereotipik hərəkətlərlə birgə rast gəlinən hiperaktiv pozuntusu diaqnozu ilə qeydiyyatdadır və daim kənar şəxslərin himayəsinə ehtiyac vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2022ci il tarixli arayışdan müəyyən edilir ki, xx.xx.2003-cü il təvəllüdlü X9 “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli kəmağıllıq stereotipik hərəkətlərlə birgə rast gəlinən hiperaktiv pozuntusu ilə, əmək qabiliyyətsiz, daim kənar şəxslərin himayəsinə ehtiyac” diaqnozu ilə xəstədir. X7 birinci dərəcəli müddətsiz əlil təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 905 nömrəli ekspert rəyindən görünür ki, X6 – ağır dərəcəli əqli gerilik müəyyən edilir. X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X5 onda müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti məhkəmə baxışında iştirakına yol vermir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxsin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi, Azərbaycan Respublikası Prezidenti yanında X2 1 saylı yataqxanasının 45 saylı otağında məcburi köçkün kimi müvəqqəti məskunlaşmış xx.xx.2003-cü il təvəllüdlü X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməli, xx.xx.2003-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. İddia tələbi Ərizəçi övladı X5 üzərində himayəçi təyin edilməsi hissəsində rədd edilsin. Belə ki, hazırki məhkəmə qətnaməsi özlüyündə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum təyin edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 305, 306, 317-322, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi qismən təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar