Məhkəmə qərarları › İş №2(004)-1031/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1031/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1031/2021 03.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı “İddiaçı Tam Orta Məktəb” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “İddiaçı Tam Orta Məktəb” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı Tam Orta Məktəb” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “İddiaçı Tam Orta Məktəb” MMC-nin xeyrinə 5800 manat təhsil haqqı borcu, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 521,42 manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirir ki, “İddiaçı Tam Orta Məktəb” MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 4-cü bəndinə əsasən cavabdeh təmsil etdiyi şagird X2 6-cı sinfə qeydə aldıraraq 2018-2019 tədris ili üçün illik 14300 manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında təhsil haqqının hissə-hissə olmaqla avans şəklində 3000 manat, xx.xx.2018-ci il tarixədək 3400 manat, xx.xx.2018-ci il tarixədək 4500 manat, xx.xx.2019-cu il tarixədək 3400 manat ödənilməsi nəzərdə tutulmuşdur. Hazırda müqavilə üzrə cavabdehin “İddiaçı Tam Orta Məktəb” MMC-yə 5800 manat borcu vardır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir xəbər verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “İddiaçı Tam Orta Məktəb” MMC ilə şagird X1 valideyni Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi haqqında müqavilədən görünür ki, Cavabdeh X1 2018-2019-cu tədris ili üçün 14.300 manat təhsil haqqını hissə-hissə olmaqla avans şəklində 3000 manat, xx.xx.2018-ci il tarixədək 3400 manat, xx.xx.2018-ci il tarixədək 4500 manat, xx.xx.2019-cu il tarixədək 3400 manat ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə “İddiaçı Tam Orta Məktəb” MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən şagird üçün müqavilə üzrə ödənilməli olan 14300 manat təhsil haqqından valideyn Cavabdeh tərəfindən 8500 manat təhsil haqqı ödənilmişdir, qalıq borcu 5800 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh övladının təhsil alması məqsədi ilə 2018-2019-cu tədris ili üçün xx.xx.2018-ci il tarixdə tam orta təhsil xidməti haqqında iddiaçı ilə müqavilə bağlamışdır və həmin müqaviləyə əsasən cavabdeh övladının təhsili üçün 14300 manat məbləğində təhsil haqqını hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. AR Mülki Məcəllənin 404.1-ci maddəsinə əssən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. AR Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 430.2-ci maddəsinə əssən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə tərəflər arasında öhdəlik münasibətləri yaranmış, iddiaçı öhdəliyini icra etsə də cavabdeh öhdəliyini lazmınca icra etməmişdir. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Qeyd edilən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz(maddə 488.2). Məhkəmə iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə 521,42 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 4.10-cu bəndinə əsasən davamlı xatırlatma və xəbərdarlıqlara baxmayaraq ödəniş gecikdirildiyi halda nümayəndə hər gecikdirilmiş gün üçün təhsil haqqının ümumi məbləğinin 0,5% həcmində dəbbə pulu ödəyir. Məhkəmə qeyd edir ki, müqavilə üzrə cərimə o halda tutula bilər ki, cavabdehə davamlı xəbərdarlıq və xatırlatma olsun. İş materiallarından isə müəyyən olunur ki, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə bir dəfə xəbərdarlıq məktubu göndərmiş və xx.xx.2020ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi 521,42 manat cərimənin tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5800 (beş min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı “İddiaçı Tam Orta Məktəb” MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi 5800 manat təhsil haqqının tutulması hissəsində əsaslı hesab edildiyi üçün, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində də tələb təmin edilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5800 (beş min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı “İddiaçı Tam Orta Məktəb” MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar