Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1043/2024 15.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyən olunması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nə iddia ərizəsində, nə də məhkəmə iclaslarında iddia tələbinin hüquqi və faktiki əsasları məhkəməyə aydın şəkildə təqdim edilməmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, İddiaçı iddia edir ki, mübahisə predmeti olan ünvan 1 ünvanı onun nənəsi X3 miras əmlakıdır. İddiaçı məhkəmə iclasınında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mərhum X1 (1962-ci ildə vəfat etmişdir) məxsus ünvan 1 ünvanına dair 2/3 hissədə payı mərhumun vərəsəsi (oğlu) X2 miras payıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mərhum X4 məxsus ünvan 1 ünvanına dair 2/3 hissədə payı mərhumun vərəsəsi (qızı) Cavabdeh2 miras payıdır. İş materiallarına müvafiq çıxarışlar əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-3294/2018 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Ələkbərov (əvvəlki soyadı Əlimərdanov) Vaqif Frans oğlunun müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X7 cəlb edilməklə cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi” tələbinə dair iddiası iddia tələbi üzrə subyektiv hüququn olmaması əsası ilə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-13595/2018 nömrəli qətnaməsi ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 3294/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-13595/2018 nömrəli qətnaməsindən iddiaçı tərəfindən kasasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-13595/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüsü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan məhkəmə qərarlarında sərgilənmiş hüquqi mövqeləri nəzərə alır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ mövcud deyildir. İddiaçı tərəfindən aktiv sübutetmə prosessual fəaliyyət təmin edilməmiş, iddia tələbinin dəlilləri əsaslandırılmamış, hətta tələb üzrə faktiki münasibətlər barədə də məhkəməyə sənəd, sübut və ya materiallar təqdim edilməmişdir. İddiaçı məhkəmədən müstəqil araşdırma aparılmasını tələb etsə də, sözügedən tələbin mülki prosessual qanunvericiliyin prinsiplərinə zidd olması (məhkəmə mülki prosesdə tərəf ola bilməz və yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar qəbul etməlidir) ilə yanaşı ümumiyyətlə nəzərdə tutduğu araşdırma istiqamətləri barədə məhkəməyə şifahi də olsa vəsatət verməmiş, bu barədə fikir bildirməmişdir. Məhkəmənin tərəflər, qohumlar arasında uzun illər əvvəl mövcud olmuş hüquqi və ya faktiki vəziyyətlə bağlı hər hansı məlumatı olmadan öz təşəbbüsü ilə araşdırma aparması ağlabatan deyildir. Odur ki, məhkəmə istəsə belə araşdırma aparmaq istiqamətini müəyyən edə bilməmişdir. Nəzərə almaq lazımdır ki, hazırda qüvvədə olan Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmçinin İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan məhkəmə mülki iş üzrə icraata sözügedən hissədə xitam verilməsini və bu barədə ayrıca qərardad qəbul edilməsi əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi (məhkəmə təcrübəsini müəyyən edən müvafiq üç ulduzlu qərar) əsas götürməklə etibarsızlıq və ləğv anlayışlarına formal əsaslarla yanaşmır, hər ikisinin mahiyyəti üzrə eyni xarakterli və eyni hüquqi nəticələrə səbəb olduğunu nəzərə alır. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyən olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1043/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1043/2024
15.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver