Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1060/2022 28.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdr. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Novxanı kəndində 2005-ci ildən onun yaşayış evi vardır və bu barədə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən ona 18461 №-li reyestr kitabında 560 №-li inventar işi əsasında qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd edilən yaşayış bağ evini alan zaman Abşeron rayon Qaz Xidməti tərəfindən onun evinə qaz xətti çəkilərək evin hasarının çöl tərəfinə Smart tipli qaz sayğacı quraşdırılmışdır. 2016-cı ildə yenə də Abşeron rayon Qaz İstismar Xidməti tərəfindən evinin hasarının çöl tərəfmə quraşdırılmış qaz sayğacı onun iştirakı olmadan dəyişdirilərək yenisi - 18 02 AZ 1 301 18060687 nömrəlili Smart tipli qaz sayğacı quraşdırılmışdır. Bu zaman o, bağ evində olmamış və onun iştirakı ilə heç bir akt tərtib edilməmişdir. Təxminən altı-yeddi ay bundan əvvəldən başlayaraq o Smart karta qaz üçün pul yükləyərək həmin pulu qaz sayğacına yüklədikdə onun ödədiyi pulun yarısı çıxılaraq yarı dəyəri qaz sayğacına yüklənməyə başlanmışdır. O, bununla əlaqədar olaraq şifahi Abşeron rayon Qaz İstismar Xidmətinə müraciət etdikdə ona bildirmişlər ki, guya onun borcu olduğundan həmin pullar borca çıxılır. Bundan sonra o, dəfələrlə müraciət edərək Smart kart istifadəçisi olaraq necə borcun yaranmasını aydınlaşdırıb ona rəsmi cavab vermələrini xahiş etsə də, ona heç bir cavab verməmişlər. Onlar yalnız adına olan abonentin saldosunu təqdim etmişlər. Həmin saldoya baxdıqda məlum olur ki, 2019-cu ilin feral ayına qədər olan dövr ərzində onun heç bir borcu olmadığı halda, həmin vaxtdan sonra guya onun 815.40 manat borcu vardır. Bu zaman o rəsmi qaydada Abşeron rayonu Qaz İstismar Xidmətinə müraciət edərək buna aydınlıq gətirilməsini xahiş etmişdir. Onun rəsmi sorğusuna Bakı Regional Qazın Satışı Departamcntinin rəis müavini Hicran Abasov rəsmi cavab verərək bildirmişdir ki, «sözügedən ünvanda quraşdırılmış G-4 markalı, 1102AQ**********5 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilmək üçün 07.12.2018-ci il tarixində əvvəlcədən ödənişli yeni qaz sayğacı ilə əvəz olunmuşdur. Çıxarılan qaz sayğacı «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında Cavabdeh2 İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və sayğacların müayinəsi laboratoriyasının 11.01.2019-cu il tarixli MSK 29/1710-02522 saylı aktına əsasən “Sayğacın yivli birləşmələri korroziyaya uğrayıb, çıxış yivli birləşmə gövdədən qopub. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plombu boya ilə rənglənib. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyü və element yuvasının qapağı alt hissədən çatlayıb. Sayğacın yaddaş arxivi Cavabdeh2 İB-nin nümayəndəsi tərəfindən oxundu. Sayğaca istismar müddətində 05.04.2021-ci il tarixində 2 dəfə ALARM-1 rejimi aşkar olundu” rəy verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «X3»nın (Qaydalar) 4.9-cu bəndinə əsasən zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydalara 2 nömrəli əlavə ilə təsdiqlənmiş «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi»nin (Müqavilə) 2.2.4-cü yarımbəndinə uyğun olaraq aşkar olunmuş nöqsanlar müvafiq qaydada rəsmiləşdirilərək baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilir və yalnız təqsiri səbəbindən qaz sayğacı yararsız vəziyyətə düşərsə onun təmiri, dəyişdirilməsi istehlakçıdan tələb edilir. Müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin dəqiq uçotunun aparılması məqsədilə Cavabdeh2 İBnin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən 31.01.2019-cu il tarixli ******* nömrəli «Təbii X3nın pozulması haqqında» tərtib edilmiş akta əsasən, qaz sayğacının zədələnməsi nəticəsində 8154.00 im itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir». Göstərmək istəyir ki, qeyd edilən sayğacın dəyişdirilməsi onun iştirakı olmadan həyata keçirilmiş, bu barədə onun iştirakı ilə heç bir akt tərtib edilməmiş və hər iki halda sayğaclar evin hasarının çöl tərəfində quraşdırılmışdır. Bu halda isə sayğaca nəzarət cavabdeh tərəfindən həyata keçirilməlidir. Qeyd olunanlara əsasən cavabdeh Bakı Regional Qazın Satışı Dcpartamenti tərəfindən ona hesablanmış həcmi 8154.00 kub.m olan itirilmiş təbii qazın - 815.40 manat borcun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi bardə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, lakin məhkəməyə iddiaya etiraz ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh2 İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********0006600 saylı abonent kodu verilmiş fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət oluması yoxlanıldıqda, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü və element yuvasının qapağı alt hissədən çatladığına görə təbii qaz itkisi yaranmışdır. Bütün bunlara əsasən itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********06600 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh2 İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, qanuni əsaslı yazılmış borcun silinməsinə çalışır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 04.12.2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi bağ sahəsindəki Smart G4 sayğacı Smart G4-1 sayğacı ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş 31.01.2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh2 İB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən istehlakçı İddiaçı aid qaz sayğacın hesablama mexanizminin boya ilə rənglənməsi, mexanizmin qoruyucu örtüyünün alt hissəsinin çatlaması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş **********06600 saylı abonentin saldosundan görünür ki, 1 nəfərin qeydiyyatda olduğu, 4 gözlü qaz plitələri (PQ-4) (1/1), Kombi (1/1) quraşdırıldığı Abşeron rayonu, Novxanı Bağlar massivində yerləşən iddiaçiya aid ünvan üzrə abonent İddiaçı 2019-cu il tarixdə təbii qaz sərfiyyatına görə 815.4 manat borc hesablanmışdır. Beləliklə, Məhkəmə hesab edir ki, tərtib olunan 31.01.2019-cu il tarixli, ******* saylı akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış borclar silinməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X3”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşin materiallarından da göründüyü kimi qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmaqla, Cavabdeh2 İB tərəfindən İddiaçı məxsus **********0006600 saylı abonent kodu üzrə hesablanmış 815 (səkkiz yüz on beş) manat 40 (qırx) qəpik məbləğində borc əsassız hesab edilərək silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh2 İB-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 İB tərəfindən İddiaçı məxsus **********0006600 saylı abonent kodu üzrə hesablanmış 815 (səkkiz yüz on beş) manat 40 (qırx) qəpik məbləğində borc əsassız hesab edilərək silinsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh2 İB-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1060/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1060/2022
28.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver