Məhkəmə qərarları › İş №2(004)-1068/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1068/2023

30.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1068/2023 30.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası olan Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və həmin ünvan üzrə pasport qeydiyyatından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** qeydiyyat nömrəli Çıxarışına əsasən 16 sentyabr 2021-ci il tarixdən tam payda iddiaçının mülkiyyətindədir. Hazırki iş üzrə Cavabdeh onun atasıdır. Cavabdeh yuxarıda göstərilən mənzildə pasport qeydiyyatında olsa da faktiki olaraq uzun illərdir ki, İsmayıllı rayonu, Xanagah kəndi ünvanında yaşayır. Belə ki, onun qeydiyyatı həmin mənzilə formal xarakter daşıyır. Bu səbəbdən də hesab edir ki, atası Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməli və pasport qeydiyyatından çıxarılmalıdır. Çünki, onun həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir, nəticədə o, atasının evdə formal qeydiyyatda olmasına görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu olan İddiaçı bir müddət öncə eyni iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Onun məhkəməyə ünvanladığı məktuba əsasən iddiaçının iddiası təmin edilməmiş və iddiaçı eyni ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının qeyd etdiyi ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil əvvəllər cavabdehə məxsus olmuşdur. Yaşı və səhhəti ilə əlaqədar olaraq mənzili onun adına sənədləşdirməli olmuşdur. Bakı şəhərinə gedən zaman həmin mübahisəli mənzildə qalır. Çünki yaşamağa və qeydiyyata düşməyə başqa evi yoxdur. Oğlu psixi pozuntudan əziyyət çəkir, ona görə hərbi xidmətə də yararsızdır. Mülkiyyət sahibi olmasına baxmayaraq psixi pozuntusu onu təkbaşına qərar verməyə mane olur. İddiaçı hazırda cavabdehin böyük oğlunun yardımları əsasında yaşayır. Cavabdehi qeydiyyatdan çıxardıqdan sonra iddiaçı mənzili satacaq və yeni mənzil ala bilməyəcək. Odur ki, mənzildən qeydiyyatdan çıxmağa və mənzilin satılmasına razılıq verməyə fikri yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materillarına əlavə edilmiş: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. «Asan-3» Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdən mübahisəli mənzildə qeydiyyatdadır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(-1(112)-2357/2023 saylı qərarından, iddiaçının izahatından və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazdan görünür ki, cavabdeh ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilin mülkiyyətçisi olan iddiaçının atası olmaqla onun ailə üzvüdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, iddiaçının məhkəmədə verdiyi izahatı və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etiraz ərizəsi ilə cavabdehin daimi olaraq İsmayıllı rayonunda yaşaması, yəni iddiaçıya məxsus mənzilə ehtiyacının aradan qalxması təsdiq edildiyindən iddiaçının cavabdehin ona məxsus mənzildən cavabdehin istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə iddiası təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilinə istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elekron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar