Məhkəmə qərarları › İş №2(004)-1072/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1072/2021

29.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1072/2021 29.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 473 manat məbləğində cərimənin silinməsi və cavabdehdən maddi və mənəvi zərərə görə 5000 manat təzminatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu ildə, “xxxx” ASC-nin əməkdaşları yaşadığı ərazidə yoxlama apararkən əlavə xətt aşkarlamış, xəttin kimə aid olduğunu bilmədikləri üçün, yoxlamadan cəriməni başqa bir abonentə yazmışlar. Həmin abonent orda olduğu üçün etiraz etdikdən sonra, aktı onun sayğacının üstünə keçirmiş, bu haqda ona məlumat verməmişlər. Aktın tərtib edilməsində iştirakı olmamışdır. Sonradan əraziyə qurumun digər əməkdaşları, yaxınlaşıb işığı kəsiblər. Maraqlanarkən bəlli olmuşdur ki, sayğaca akt tərtib olunub. İradını bildirərkən idarəyə yaxınlaşmalı olduğu bildirilmişdir. Bakmildəki idarəyə yaxınlaşmış, məsələni aydınlaşdırarkən aydın olmuşdur ki, səhh ediblər və özləri də etiraf ediblər ki, əlavə xəttin kimə aid olduğunu bilmədiklərindən, lakin ona gələn xəttə qoşulduğu üçün aktı, onun iştirakı olmadan, onun sayğacının üstünə tərtib ediblər. Baş İdarəyə yaxınlaşıb aktın səhv tərtib edildiyini və həmin məbləğin sayğacdan silinməli olduğunu bildirməyini istəmişlər. Həmin idarəyə yaxınlaşıb, məsələni aydınlaşdırmağa çalışmış, aktın surətini götürmüşdür. Tez bir zamanda həll olunması üçün araşdırılıb məsələyə aydınlıq gətiriləcəyini bildirilmiş, lakin üstündən 1,5 ildən çox keçməsinə baxmayaraq bu problem hələ də həll olunmamışdır. Son olaraq xx.xx.2020-ci ildə işığı yerli-dibli kəsiblər ki, əlavə xətti var. Yəni sual yaranır ki, ona gələn xəttə qoşulanlara irad bildirilmədən, niyə ona gələn xəttə qoşulduğu üçün işığı kəsib. Bildirmək istəyir ki, indiyə qədər “xxxx” ASC-nin ucbatından ona mənəvi zərərdən başqa, həm də maddi zərər dəyib. Soyuducusu və televizoru yanıb, ərzaqları hər işıq kəsiləndə xarab olur, çünki, əksər hallarda, işdə olduğu vaxtı gəlib kəsib gedirlər. Üstəlik bu müddət ərzində neçə dəfə əsəbdən müalicə almış, hüzuru pozulmuşdur. Evdə körpə uşaqları var, yayın istisində və qışın soyuğunda işıqsız qalmaq çox çətindir. Son olaraq “xxxx” ASC-dən xx.xx.2020-ci il tarixdə ünvanına yazılan 472 manat sərfiyyatın doğru hesab edildiyi barədə məktub gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, verdiyi izahatında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı X1 mənzili almışdır, lakin Cavabdeh ASC ilə “abunə haqqında” müqavilə X5 arasında bağlandığından mənzil satıldıqdan sonra iddiaçı ilə yeni müqavilə bağlanmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 X4 məxsus olmuş, həmin evin elektrik enerjisi ilə təchi edilməsi üçün müqavilə onunla Cavabdeh ASC arasında bağlanmışdır. Təqdim olunmuş **********70001 saylı abonent haqqında məlumatdan da görünür ki, qeyd olunan mənzilə dair müqavilə hələ də, X2 adınadır. İddiaçı həmin evi aldıqdan sonra müqavilənin adına keçirilməsi ilə bağlı cavabdeh quruma müraciət etməmişdir. xx.xx.2019-cu il tarixli, SQUN № 000048 nömrəli akta və xx.xx.2019cu il tarixli AKT Komissiyasının qərarına əsasən ünvan 1 ünvanında abonentin sayğacın giriş sip xəttini zədələyərək kənar xətt götürüldüyü, kənar xətdən **********70001 saylı abunə kodunun sahibi Z.Orucovun istifadə etdiyi müəyyən olunmuş, kənar xəttin ləğv edilməsi, dəymiş 473,04 manat ziyanın tələb olunması qərara alınmışdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə görə enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.21-ci və 8.22-ci bəndlərinin tələblərinə əsasən elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu). Məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evİnin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Həmin Qaydaların 8.32-ci bəndinin tələbinə görə məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-14.2.9-cu maddələrində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki İddiaçı cavabdeh “xxxx” ASC-nin qanunsuz hərəkətləri nəticəsində ona elektrik enerjisindən istifadəyə görə 473 manat cərimə hesablandığını, həmçinin ona 5000 manat maddi və mənəvi ziyan dəydiyini iddia etsə də, bunu təsdiq edəcək mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı isə məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçı cavabdeh “xxxx” ASC tərəfindən yazılmış 473 manat məbləğində cərimənin silinməsi, dəymiş maddi və mənəvi zərərə görə 5000 manat təzminat ödənilməsinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar