Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-237/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən satılmış buraxılış ili 2022-ci il tarixli olan adına qeydiyyata alınmış ** ER *** qeydiyyat nişanlı “Chery Tiggo 2 Pro” markalı avtomobilinin ödənilmiş dəyərinə uyğun yeni avtomobillə əvəzləşdirilməsi, bu mümkün olmadıqda isə avtomobilə ödənilmiş 30900 manat pul vəsaitinin, dəymiş maddi zərərə görə 1100 manatın, mənəvi ziyana görə 3000 manatın və məhkəmə üçün ödəniş etdiyi 195 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 avqust 2022-ci il tarixində cavabdehdən alqı-satqı müqaviləsi ilə “Chery Tiggo 2 Pro” markalı avtomobili dəyəri olan 30900 manat pul ödəniş edərək almışdır. Həmin avtomobil alınan zaman cavabdeh tərəfindən 5 (beş il) müddətinə və 150000 km-ə tam zəmanət verilmişdir. Zəmanət talonunda yazılmış müddəalarda göstərilən şərtlərə də daim əməl etmişdir. Bütün servis xidmətlərini cavabdehin servisində etdirmişdir. Lakin bütün servisləri cavabdehin servisində vaxtlı-vaxtında etdirsə də avtomobilin 45511 km-də mühərriki sıradan çıxmışdır. Cavabdehə avtomobilin nasazlığı barədə məlumat vermişdi və avtomobili 10-15 günə təmir edəcəkləri barədə ona zəmanət verdilər, hətta bildirdilər ki, əks halda yeni avtomobillə təmin edəcəklər, bu mümkün olmazsa, ödənilmiş pul məbləği geri qaytarılacaq. Bu səbəbdən də adına qeydiyyata alınmış ** ER *** qeydiyyat nişanlı “Chery Tiggo 2 Pro” markalı avtomobili xx.xx.2024-cü il tarixdən servisə təhvil vermişdir. Avtomobili artıq 4 aya yaxındır ki, təmir edilməyib. Dəfələrlə cavabdehin əməkdaşları ilə əlaqə saxlasalar da hər dəfə tezliklə həll ediləcəyini bildirmişlər. Lakin sonuncu dəfə o, soruşanda cavabdehin əməkdaşları avtomobilin istehsalı zamanı problemli olduğunu və təmirə ehtiyacı olan hissənin satışda olmadığını və yalnız yenidən zavodda istehsal olunaraq veriləcəyi halda düzələcəyini bildirdilər. Bu günə kimi də yeni detal gətirilib əvəz edilməmişdir. Eyni zamanda da artıq həmin markalı avtomobilin istehsalında problem olduğundan düzəlsə belə yenidən nasaz olması ehtimalı böyükdür. Bu isə onun hüquqlarının pozulmasına və gələcəkdə maddi ziyan çəkəcəyinə gətirib çıxaracaqdır. Cavabdehə avtomobilin təmir edilməsi baş tutmadığından yenisi ilə əvəzləşməsini və ya dəyərinin geri qaytarılması ilə bağlı yazılı şəkildə xəbərdarlıq edərək xahiş etsə də hər hansı bir addım atılmamışdır. Bu səbəbdən də hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətindədədir. Cavabdehin ona satılan avtomobilin istehsalı zamanı olan problemi bildirməməsi onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır ki, o, 4 aya yaxındır ki, avtomobilsiz qalmışdır. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. xx.xx.2022-ci il tarixdə 30900 manatı cavabdeh "xxxx" MMC-yə ödəmişdir. Buna dair cavabdeh tərəfindən ona qəbz və zəmanət kitabçası da verilmişdir. Cavabdehin hərəkətləri nəticəsində, o, sarsıntı və əsəb keçirir, çünki, cavabdehin ona vurduğu mənəvi ziyan əvəz olunmazdır. Bu səbəbə görə də ona dəyən mənəvi ziyanın ödəməsi üçün cavabdehin real imkanlarını nəzərə alaraq vurduğu mənəvi ziyanı 3000 manat hesab edir.
Cavabdehin etirazı:
3. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçıya satılmış buraxılış ili 2022-ci il tarixli, ** ER *** dövlət qeydiyyat nişanlı “Chery Tiggo 2 Pro” markalı avtomobilin ödənilmiş dəyərinə uyğun yeni avtomobillə əvəzləşdirilməsi, bu mümkün olmadıqda isə avtomobilə görə ödənilmiş 30900 manat pul vəsaitinin, dəymiş maddi zərərə görə 1100 manatın, mənəvi ziyana görə 3000 manatın və 195 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Efendiler Motors" MMC-dən alqı-satqı etdiyi avtomobil 45511 km yürüşdə olarkən mühərriki sıradan çıxmış və buna görə uzun müddətdir avtomobilsiz qalmışdır. Bildirmək istəyir ki, “Chery” markalı avtomobillərin Azərbaycan Respublikası üzrə rəsmi distribüteri olan Cavabdeh MMC ölkədə öz müştərilərinə qarşı həssaslığı ilə seçilən, onların müraciətlərinə operativ reaksiya verən və problemlərin ən qısa müddətdə həll olunmasına nail olan şirkətlərdən biridir. Bunu xidmətlərindən yararlanan hər bir müştəri təsdiq edə bilər. İddiaçı iddiası tamamilə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh MMC tərəfindən “Chery Tiggo 2 Pro” markalı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmışdır. Tərəflər arasında təsdiqlənən müqavilənin zəmanət şərtlərinə uyğun olaraq, əgər zəmanət müddəti ərzində avtomobildə istehsalçı ilə əlaqədar qüsur yaranarsa, satıcı yaranmış qüsurları aradan qaldırmağı öhdəsinə götürür. Əgər zəmanət müddəti ərzində nasazlıq avtomobilin istismar, saxlama, baxılması və xidməti üzrə təlimatının alıcı tərəfindən pozulması nəticəsində yaranarsa, satıcı nasazlıqları yalnız qarşı tərəfin vəsaiti hesabına aradan qaldıra bilər. Qeyd edilən avtomobilin zəmanət şərtləri tərəflər arasında bağlanan zəmanət müqaviləsi ilə tənzimlənmişdir. Satıcı nasazlığın növündən və təmirin mürəkkəbliyindən asılı olaraq mümkün olan ən qısa müddətdə zəmanət şərtləri daxilində təmirin yerinə yetirilməsi üsullarını özü təyin edir. Zəmanət dövründə avtomobildə meydana çıxan hər hansı nasazlıqların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir prosesinin müddəti hər bir halda avtomobilin xüsusiyyətləri ilə bağlıdır və satıcının təqsirindən asılı olmayan hər hansı müddətlə məhdudlaşdırılmır. İddiaçı iddia tələbi ilə belə təəssürat yaratmağa çalışır ki, guya avtomobil satılmamışdan əvvəl istehsal qüsurlu olmuşdur. Belə ki, iddiaçı avtomobili 2 il müddətində heç bir qüsur və ya nasazlıq olmadan istifadə etmiş və həmin müddət ərzində hər hansı istehsal qüsuru barəsində “Efendiler Motors" MMC-yə rəsmi və ya qeyri-rəsmi məlumat verməmişdir. Bu da onu göstərir ki, avtomobil istehsal qüsurlu olmamışdır. İstehsal qüsuru olan avtomobili 2 il müddətinə idarə etmək mümkün deyildir. Bundan əlavə avtomobilə 5 il müddətinə və ya 150000 km yürüşə çatanadək zəmanət verilmişdir. Zəmanətin verilməsinin məqsədi də bundan ibarətdir ki, gələcəkdə avtomobildə hər hansı istehsal qüsuru və ya xətası aşkarlanarsa satıcı öz hesabına həmin halı aradan qaldırsın. Əgər hər bir alıcı yaranmış istənilən nasazlığa görə avtomobili geri qaytarmaq niyyətinə düşsəydi o zaman zəmanət müqaviləsinin heç bir mənası qalmazdı. İstehsal qüsuru olan avtomobildə hər hansı qüsur 2 ildən sonra və ya 40000 km yürüşdən sonra aşkara çıxa bilməz. İddiaçı alqı-satqı etdiyi avtomobili 2 il müddətində istifadə etdiyinə görə amortizasiya müddəti ərzində avtomobilin müxtəlif hissələrində aşınma və ya nasazlıq yaranması təbii hal hesab edilir. İddiaçı sonuncu dəfə servisə müraciətindən sonra mütəxəssislər tərəfindən keçirilən baxış zamanı məlum olmuşdur ki, avtomobilin sürətlər qutusunda nasazlıq mövcuddur. Həmin nasazlıq isə avtomobilin istifadəsi zamanı meydana gələ bilən haldır. Lakin sürətlər qutusuna verilən zəmanət müddəti qüvvədə olduğundan MMC tərəfindən həmin qüsurların ödənişsiz aradan qaldırılması qərara alınmışdır. Bununla bağlı istehsalçı “Chery Automobile CO., LTD”-yə müraciət olunmuş və sürətlər qutusunun təmir edilməsindənsə, müştəri məmnuniyyəti rəhbər tutularaq və gələcəkdə yeni xətaların çıxmasının qarşısının alınması məqsədilə sürətlər qutusunun yenisi ilə əvəz edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Xaricdən sürətlər qutusunun gətirilməsi isə müəyyən vaxt aldığından və alıcının əlavə ziyana düşməməsi məqsədilə məcburi surətdə avtomobil servisdə saxlanılmışdır. İddiaçı maddi və mənəvi zərər olaraq vəsaitin “Efendiler Motors" MMC-dən tələb etməsi də absurd iddiadır. İddiaçı maddi və mənəvi zərər çəkdiyinə dair iddia ərizəsinə hər hansı sübut təqdim edilməmiş, habelə onun maddi və mənəvi zərər çəkməyində “Efendiler Motors" MMC-nin təqsirli olmasını müəyyən edən hər hansı hal mövcud deyildir.
Tərəflərin izahatları:
4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirdi ki, 14-15 günə düzələcək dedilər, daha sonra 1 ay dedilər, lakin 4 aya hazır etdilər. Bildiriblər ki, 10 günə gəlib götürməsə 1 günü 50 manatdan saxlama xərci hesablanacaq. O, 4 ay ərzində maşınsız qalıb. Ona görə iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirdi ki, iddiaçı 4 ay maşınsız qalıb və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununa əsasən ona təmir müddətində istifadəsinə əvəzsiz olaraq avtomobil verməli idilər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə etirazda qeyd edilənləri müdafiə etdi, əlavə olaraq bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı təmir müddətində istifadəsinə əvəzsiz olaraq avtomobil verməsini xahiş etməyib. Onların da vəzifəsi deyil ona təklif etmək. Təmir müddətində istehlakçının istifadəsinə əvəzsiz olaraq avtomobil verməsi qanunda var, yalnız özü müraciət etməli idi. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
İş materialları:
7. 16.08.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 195 manat dövlət rüsumu ödənilmişdir.
8. İddiaçı "xxxx" MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində avtomobilin satışı üçün alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC İddiaçı “Chery Tiggo 2 Pro” markalı avtomobili təhvil vermiş o, isə avtomobilin dəyəri olan 30900 manat pul vəsaitini nağd şəkildə MMC-yə ödəmiş. Bundan əlavə olaraq avtomobilə MMC tərəfindən Zəmanət talonu verilmişdir. Lakin hər zaman o, "xxxx" MMCnin servisinizdən istifadə etsə də yeni alınmış avtomobil 45000 km-də mühərriki sıradan çıxmışdır, MMC-yə bu barədə bildirmiş və o, avtomobilini təmir edilməsi üçün xx.xx.2024cii il tarixində MMC-nin servisinə təhvil vermiş. Ona isə bildirilmişdir ki, avtomobil 15 iş günü müddətində təmir edilib təhvil veriləcəkdir. Əks halda ya yeni avtomobillə əvəzləşəcək, ya da ki, ödənilmiş pul vəsaiti tam olaraq geri qaytarılacaqdır. Bütün buna baxmayaraq bu günə kimi avtomobili təmir edilərək ona təhvil verilməmişdir. Hər dəfə bir bəhanə ilə vaxt uzadılır. Hətta sonradan MMC-nin əməkdaşları tərəfindən bildirilmişdir ki, ona satılan “Chery Tiggo 2 Pro” markalı avtomobil istehsalatdan yaranmış problemlə gəlmişdir ki, bu barədə zavoda da məlumat verilmişdir. O, isə hazırda istehsalda problemli olan avtomobili istəmir. O, ödəniş dəyərinə uyğun yeni avtomobillə əvəzlənərək ona yeni avtomobil verilməsini, və ya ödənilmiş pul vəsaitini dəymiş zərərlə birlikdə geri qaytarılmasını istəyir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq bildirmək istəyir ki, 5 (beş) iş günü müddətinə ona satılan “Chery Tiggo 2 Pro” markalı avtomobilin ödəniş dəyərinə uyğun yeni avtomobillə əvəzlənərək ona yeni avtomobil verilməsini və ya ödənilmiş pul vəsaitini dəymiş zərərlə birlikdə geri qaytarılması MMC tərəfindən təmin edilməzsə onlara qarşı aidiyyət üzrə Məhkəmədə "pul tələbinə dair" (dəymiş Zərər və əldən çıxmış fayda ilə bərabər) iddia qaldıracaq.
9. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chery Tiggo 2 Pro” markalı ** ER *** qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. Avtomobil onun adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
10. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Chery Tiggo 2 Pro” markalı ** ER *** qeydiyyat nişanlı avtomobil 30020 manata satılmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən “satıcı” mala, təhvil-təslim aktı imzalandığı tarixdən istismar qaydalarına riayət etməklə 5 il müddətinə və ya 150000 km məsafə (hansı tez bitərsə) məhdudiyyəti ilə zəmanət verir. Müqavilənin 4.3-cü və 4.4-cü bəndinə əsasən əgər zəmanət müddəti ərzində avtomobildə istehsalçı ilə əlaqədar qüsur yaranarsa, satıcı yaranmış qüsurları aradan qaldırmağı öhdəsinə götürür. Əgər zəmanət müddəti ərzində nasazlıq avtomobilin istismar, saxlama, baxılması və xidməti üzrə təlimatının alıcı tərəfindən pozulması nəticəsində yaranarsa, satıcı nasazlıqları alıcının vəsaiti hesabına aradan götürməyi öhdəsinə götürür.
11. xx.xx.2022-ci il tarixli zəmanət müqaviləsinin surətindən görünür ki, ehtiyat hissələrindən təkər 3 ay 5000 km, akkumulyator 12 ay 30000 km, ekzos sistemi 24 ay 60000 km, dişli qayış 36 ay 60000 km, injector 36 ay 60000 km, amortizator 36 ay 60000 km-dək zəmanət müddəti vardır. Digər ehtiyat hissələrinə “Chery Automobile CO., LTD” tərəfindən müəyyən olunan reqlament əsasında zəmanət veriləcəkdir. Müqavilənin 2.3-cü bəndinə əsasən zəmanət dövründə avtomobildə meydana çıxan hər hansı nasazlıqların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir prosesinin müddəti hər halda avtomobilin xüsusiyyətləri ilə bağlıdır və müddətlə məhdudlaşdırılmır.
12. İddiaçı ünvanlanan sms-dən görünür ki, “Chery Tiggo 2 Pro” markalı ** ER *** qeydiyyat nişanlı avtomobilin təmiri bitib. İstifadəyə tam hazırdır. Avtomobilin götürülməsinin təmin edilməsi bildirilmişdir.
13. 13.06.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən Çin Xalq Respublikasında surətlər qutusu sifariş edilmişdir.
İşin faktiki halları:
14. Məhkəmə iclasında müəyyən olundu ki, “Chery Tiggo 2 Pro” markalı ** ER *** qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Avtomobil 30020 manata iddiaçıya satılmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən “satıcı” mala, təhvil-təslim aktı imzalandığı tarixdən istismar qaydalarına riayət etməklə 5 il müddətinə və ya 150000 km məsafə (hansı tez bitərsə) məhdudiyyəti ilə zəmanət verilmişdir. Zəmanət müddətində avtomobildə nasazlıq yaranmış və iddiaçı avtomobili təmir edilməsi üçün servisə təhvil vermişdir. Lakin avtomobil təmir edilib iddiaçıya məlumat verilsə də o, avtomobili servisdən götürməmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən satılmış buraxılış ili 2022-ci il tarixli olan adına qeydiyyata alınmış ** ER *** qeydiyyat nişanlı “Chery Tiggo 2 Pro” markalı avtomobilinin ödənilmiş dəyərinə uyğun yeni avtomobillə əvəzləşdirilməsi, bu mümkün olmadıqda isə avtomobilə ödənilmiş 30900 manat pul vəsaitinin, dəymiş maddi zərərə görə 1100 manatın, mənəvi ziyana görə 3000 manatın və məhkəmə üçün ödəniş eldiyi 195 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 390.1-ci maddəsi ilə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
16. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun:
6-cı maddəsinin tələbinə əsasən istehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir.
17. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
19. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:
Qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının:
8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir.
22. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Chery Tiggo 2 Pro” markalı ** ER *** qeydiyyat nişanlı avtomobil 30020 manata iddiaçıya satılmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən “satıcı” mala, təhvil-təslim aktı imzalandığı tarixdən istismar qaydalarına riayət etməklə 5 il müddətinə və ya 150000 km məsafə (hansı tez bitərsə) məhdudiyyəti ilə zəmanət verilmişdir. Müqavilənin 4.3-cü və 4.4-cü bəndinə əsasən əgər zəmanət müddəti ərzində avtomobildə istehsalçı ilə əlaqədar qüsur yaranarsa, satıcı yaranmış qüsurları aradan qaldırmağı öhdəsinə götürür. Əgər zəmanət müddəti ərzində nasazlıq avtomobilin istismar, saxlama, baxılması və xidməti üzrə təlimatının alıcı tərəfindən pozulması nəticəsində yaranarsa, satıcı nasazlıqları alıcının vəsaiti hesabına aradan götürməyi öhdəsinə götürür. Avtomobildə nasazlıq yaranmış və iddiaçı avtomobili təmir edilməsi üçün xx.xx.2024-cü il tarixdə servisə təhvil vermişdir. Göründüyü kimi avtomobilin təmir edilməsi üçün zəruri olan sürətlər qutusu xaricdən (Çin) sifariş edilmişdir. Tərəflər arasında bağlanmış zəmanət müqaviləsindən də görünür ki, zəmanət dövründə avtomobildə meydana çıxan hər hansı nasazlıqların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir prosesinin müddəti hər bir halda avtomobilin xüsusiyyətləri ilə bağlıdır və satıcının təqsirindən asılı olmayan hər hansı müddətlə məhdudlaşdırılmır. Beləliklə, iddiaçı alqı-satqı müqaviləsini imzalayarkən, nəqliyyat vasitəsinin təmir edilməsi müddətinin cavabdeh tərəfindən müəyyən edilməsi şərti ilə razılaşmışdır. Yəni avtomobilin təmir edilməsi üçün konkret olaraq müddət müəyyən edilməmişdir.
23. İddiaçı iddia ərizəsində qeyd edir ki, “Cavabdehə avtomobilin nasazlığı barədə məlumat verdi və avtomobili 10-15 günə təmir edəcəkləri barədə ona zəmanət verdilər, hətta bildirdilər ki, əks halda yeni avtomobillə təmin edəcəklərini, bu mümkün olmazsa, ödənilmiş pul məbləği geri qaytarılacağı bildirilmişdir”. Lakin alqı-satqı müqaviləsində “avtomobilin yeni avtomobillə əvəzləşdirilməsi, bu mümkün olmadıqda isə avtomobilə ödənilmiş pul vəsaitinin geri qaytarılması" nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən avtomobil təmir edilmiş və tam istifadəyə yararlı hala gətirilməsi, avtomobilin servisdən götürülməsi barədə iddiaçıya sms göndərilmiş, lakin iddiaçı avtomobili servisdən götürməmiş, əvəzində yeni avtomobil və ya onun pulunu istəmişdir. Göründüyü kimi cavabdeh tərəfindən müqavilənin şərtlərinə əməl edilmişdir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz.
24. İddia tələbi maddi ziyanın ödənilməsi hissəsində də təmin edilə bilməz. Belə ki, iddiaçı avtomobilin təmir olunma müddətində ona müvəqqəti avtomobil verilməsi ilə bağlı cavabdehə müraciət etməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 6-cı maddəsinə əsasən istehlakçının tələbi ilə avtomobildə yaranmış nasazlıqla əlaqədar təmir müddətində "xxxx" MMC ona əvəzsiz olaraq avtomobil verməli idi. Lakin iddiaçı öz istehlakçı hüququndan istifadə etməmiş, ona təmir müddəti ərzində müvəqqəti avtomobil verilməsi ilə bağlı müraciət etməmişdir.
25. Məhkəmə, iddia tələbinin “dəymiş mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi əsas yəni “maddi zərərin ödənilməsi” hissəsindən törəmə tələb olduğundan və həmin tələb təmin edilmədiyindən məhkəmə həmin hissədə iddia tələbini təmin etməməkdə haqlıdır.
26. Göründüyü kimi, mənəvi zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir. Lakin iddiaçı onun fiziki və mənəvi sarsıntılar keçirməsini və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir.
Məhkəmə baxışının hədləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Məhkəmə xəcləri:
28. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
29. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
30. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova