Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-513/2025 23.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçı Yolu oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* nömrəli, xx.xx.2023-cü il tarixli AKT-a əsasən dəymiş ziyanın bərpasına dair tələbnamə ilə müəyyən olunmuş cavabdeh tərəfindən yazılmış əsasız borc görə 2900.4 manat borcun ləğv edilməsi, 210 manat əsassız ödənişin və vurulmuş mənəvi ziyana görə 200 manat cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin mülkiyyətçisidir. Mənzildə əvvəllər quraşdırılmış qaz sayğacı xx.xx.2023-ci il tarixdə cavabdehin Yasamaldakı qurumunun əməkdaşları tərəfindən qaz sayğaclarının dəyişdirilməsi bəhanəsi əsasında mənzildəki sayğacı yenisi ilə əvəzləyib, sayğacı özləri ilə apardılar. O, aktda yazılan son göstəriciyə uyğun olaraq hər hansı borcunun olubolmadığını soruşduqda bildirmişlər ki, borcu yoxdur, əks halda ona yeni qaz sayğacının kartı verilən zaman bu barədə məlumat verilərdi. Üç gün bundan əvvəl qaz sayğaclarının yenidən yoxlanılması vaxtı mənzildə heç kim olmayıb. O evə döndükdə məlum olmuşdur ki, sayğac “blok” a düşüb. xx.xx.2024-cü il tarixdə cavabdeh quruma müraciət edərkən məlum olmuşdur ki, sayğac borc səbəbindən “blok” edilib. Həmçinin bu günə kimi kart vasitəsi ilə ödənişlərin yarısı “borca” silinib. Halbuki ona heç bir xəbərdarlıq və bildiriş göndərilməyib. Müraciəti vaxtı həmçinin bəlli olmuşdur ki, qas sayğacının yoxlanılması barədə ‘'Azəriqaz" İB-nin -14-2-2/3-5-4704/Q007saylı, 29 aprel 2023-cü il tarixli akta əsasən yararsız hesab edilərək yeni qaz sayğacı quraşdırılmışdır. xx.xx.2024-cü tarixdə “ASAN kommunal” mərkəzi tərəfindən verilmiş Abonentin saldosu cədvəlindən məlum olur ki, 04.2023-cü il üçün ayın əvvəlinə borc xanasında 0 borc, 05.2023-cü il üçün 0 borc, 06.2023-cü il üçün ayın əvvəlinə borc xanasında 3110 manat göstərilir. Bundan sonra tərəfindən ödənilən vəsait bu günə kimi hər ödənişdə yarısı olmaqla borca çıxılmışdır. Bu günə ayın əvvəli xanasında 2900.4 borc göstərilmişdir. Belə çıxır ki, bu qədər müddətdən sonra onun borcunun olması cavabdehin yadına düşmüş, lakin borcun haradan yaranması barədə məlumatı unutmuşdur. Bundan sonra mütəmadi olaraq Cavabdeh QSC-nin idarəsinə, ASAN Kommunala müraciət etsə də, heç bir faydası olmamış və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin bu hərəkəti qəsdən vətəndaşlardan əsassız olaraq pulun silinməsinə hesablanmış hərəkətdir. Cavabdeh QSC onun hər hansı borcunun olmadığını bilir, lakin buna baxmayaraq qəsdən törədilən əməllərlə vətəndaşların qanunsuz olaraq vəsaitini mənimsəyir. Əgər onun həqiqətən də 2023-ci ildən etibarən borcu olsa idi, cavabdeh ötən 1 il ərzində həmin borc məbləğini davamlı olaraq ondan tutardı. Lakin qeyd etdiyi kimi, 2023-cü ilin may ayından 2024-ci ilin oktyabr ayınadək karta yüklənmiş məbləğlərdən borca görə tutulma olsa da, ona bu barədə hər hansı məlumat verilməmişdir. Cavabdehin bu qanunsuz əməli nəticəsində bu günə qədər ondan borc kimi 210 manat məbləğ tutulmuşdur. Bundan başqa cavabdeh əsassız olaraq ondan tələb etdiyi borcla bağlı keçirdiyi əsəbə görə ona vurduğu zərərin əvəzini ödəməlidir. Onun başqa qazanc yeri yoxdur, ancaq təqaüdə alır. Bu məsələ ilə bağlı o, lüzumsuz yerə “Azəriqaz “ QSC-nin Yasamal şöbəsinə, Asan Kommunala gedərək saatlarla vaxt itirmişdir. Lakin, bunun nəticəsi olmamış və hazırda o, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuş, bunun özü də əlavə olaraq vaxt itkisi və əsəbi gərginlik deməkdir. Lüzumsuz məsələyə görə o, narahat olaraq əsəb keçirmiş və buna görə də cavabdeh ona vurduğu mənəvi ziyanı ödəməlidir. Cavabdeh elektron kabinet vasitəsilə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin və mənəvi zərərin ödənilməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı (**********00080 istehlakçı hesabı üzrə) ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 2900,4 manat borcun silinməsi, 210 manat ödənişin və ona vurulmuş mənəvi ziyana görə 200 manat məbləğində pulun cavabdehdən tutulması tələbinə dair iddia qaldırmışdır. İddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, nominal və minimal sərfiyyatda 100% xəta ilə işlədiyi, hesablama mexanizminin nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi aşkar edilmiş və sayğac istismara yararsız olduğu müəyyən edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda abonentin saldosundan da mübahisəsiz qaydada görünür ki, 2020-ci ilin noyabr ayından 2023-cü ilin aprel ayına qədər iddiaçı tərəfindən istehlak edilən qaz sərfiyyatı, ümumiyyətlə qeydə alınmamışdır. Qeyd olunanlar iddiaçının sərfiyyatın qeyd edilməməsindən ötrü sayğaca müdaxilə etdiyini təsdiq edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdimedilən hesaba əsasən ödəyir. Beləliklə, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı iki ildən artıq müddətə müqavilə əsasında qazla təmin edildiyi halda istehlak etdiyi qaza görə heç bir ödəniş etməmişdir. Qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz- özündə istisna edilir. Bundan əlavə “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6-cı madddəsi ilə qazın verilməsini dayandırılmasına əsas olan hallar müəyyən edilmişdir. İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə gəldikdə isə mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Hazırki mülki işdə iddiaçının mənəvi ziyana görə cavabdehdən 200 manat pulun tutularaq ona ödənilməsi tələbi özü özlüyündə əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-4704/Q007 nömrəli aktına əsasən, zavod seriya nömrəsi 1302AQ**********7 olan sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilmişdir. Xətalar normadan artıqdır, sayğac nominal və minimal sərfiyyatda -100% nisbi xətayla işləyir. Kamera ilə sayğacın daxilinə baxış keçirilmiş, plastmas boruda deşik aşkar olunmuş, hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli Akta əsasən, abonent kodu **********00080 olan istehlakçı İddiaçı məxsus Yasamal, Mətbuat pr. 3560-0080 ünvanında quraşdırılmış sayğaca baxış keçirilən zaman Cavabdeh İB-nin 14-2-2/3-5-4704/0007 saylı aktına əsasən 1302AQ**********7 nömrəli sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. İş materiallarında olan Bakı Regional Qazın Satışı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. (6x24x180=25920 m3) İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonentin saldosuna əsasən abonent kodu **********00080 olan İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3560- 0080 ünvanda qalıq və aktlar üzrə qaz sərfiyyatına görə borcu 05/2023-cü il tarixinə 3110,40 manat, 10/2024-cü il tarixinə 2900,40 manat məbləğində təşkil edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. 26-ci maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli Qərarının: 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-4-cü maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1–ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qeyd olunan maddə 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir. Həmin tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda,yəni 5500 manatadan yuxarı olmayan məbləğdə ziyan vuruulduqda), cinayət tərkibinin əlamətləri olduqda (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim etməlidir. Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının 6.5-ci bəndində də müəyyən edilmişdir. Ona görə də 2022-ci ilin mayın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq hakimiyyət orqanına və ya cinayət təqibi orqanına təqdim edildikdə istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edildikdən sonra istehlakçının şəxsi hesabına borc kimi yazılaraq tələb edilməlidir. Məhkəmə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8- 1–ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə əlavə edilmiş dəyişikliklərin 01 may 2022-ci il tarixdən qüvvəyə minməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt üzrə istehlakçı İddiaçı qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edilmədiyindən həmin akt əsasında vurulmuş zərər istehlakçının şəxsi hesabına borc kimi yazıla bilməz. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddiaçının vurulmuş mənəvi ziyana görə 200 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsinə, mənəvi zərərin nədə ifadə olunduğuna dair sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən ******* nömrəli, xx.xx.2023-cü il tarixli Akta əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3560- 0080 ünvanına dair abonent kodu **********00080 olan İddiaçı adına hesablanmış 2900.4 (iki min doqquz yüz manat qırx qəpik) manat məbləğində borc silinməli və hesablanmış borca görə İddiaçı tutulmuş 210 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün 51.10 (əlli bir manat on qəpik) manat məbləğində ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ******* nömrəli, xx.xx.2023-cü il tarixli Akta əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3560-0080 ünvanına dair abonent kodu **********00080 olan İddiaçı adına hesablanmış 2900.4 (iki min doqquz yüz manat qırx qəpik) manat məbləğində borc silinsin. 0385376 nömrəli, xx.xx.2023-cü il tarixli Akta əsasən hesablanmış borca görə İddiaçı tutulmuş 210 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 51.10 (əlli bir manat on qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-513/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-513/2025
23.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver