Məhkəmə qərarları › İş №2(103)-3268/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3268/2025

10.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3268/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3268/2025 (Açar sözlər: istehlakçı hüququnun müdafiəsi, texniki şərtin-müqavilə öhdəliyinin icra olunmamasına görə dəyən maddi və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X5, Üçüncü şəxs "X3 Agentliyi" X10 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı, Azərbaycan Respublikasının Energetika Nazirliyi və "X3 Agentliyi" X12 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “istehlakçı hüququnun müdafiəsi, texniki şərtin-müqavilə öhdəliyinin icra olunmamasına görə dəyən maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1002/2025 nömrəli 10 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli TMX-17/0375 saylı məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 923 saylı bağ evinin elektrik təchizatı haqqında İddiaçı xx.xx.2017-ci il tarixli ərizəsinə baxılmışdır. Bildirilmişdir ki, tələb olunan gücü 8 kVt olan bağ evinin elektrik təchizatının təmini üçün 733 saylı komplekt transformator məntəqəsinin 0,4 kV-luq paylayıcı qurğusundan qidalanan «SİP» adlanan 0,4 kV-luq elektrik veriliş xəttindən budaqlanma yolu ilə yükə uyğun 1 kV-luq kabel xətti çəkməli. Bağ evinin girişində, asan görünən yerdə sayğac qutusu, sayğac komplekti və gücə uyğun avtomat açar quraşdırılsın. Sayğac qutusu torpaqlansın. Enerji ödənişi hesabatı obyektdə quraşdırılmış sayğacla aparılsın. Bildirilmişdir ki, "xxxx"-nın 7.9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi və onların quraşdırılması "xxxx" ASC-nin hesabına həyata keçirilir. Elektrik şəbəkəsi müasir texnologiya tətbiq edilməklə dünya standartlarına uyğun yenidən qurulduğundan elektrik şəbəkəsinə qoşulma ilə bağlı quraşdırma işləri "xxxx" ASC tərəfindən hazırlanmış layihə-smeta sənədləri əsasında istehlakçıların vəsaiti hesabına "xxxx" ASC tərəfindən yerinə yetiriləcəkdir. Bağ evinin şəbəkəyə qoşulması "xxxx" ASC ilə enerji alğı-satqı müqaviləsi bağlandıqdan sonra həyata keçirilsin. Texniki şərtlərin icra müddəti xx.xx.2018-ci ilə qədərdir.

2. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 923 saylı fərdi yaşayış evinin elektrik təchizatının smetasından görünür ki, smetada qeyd edilən işlərin görülməsinə ƏDV daxil olmaqla, cəmi 201 manat 72 qəpik pul vəsaiti tələb olunur.

3. 17/0170 inventar nömrəli işçi layihədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi 923 saylı sahədə yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin elektrik təchizatı ilə bağlı işçi layihə hazırlanaraq, Layihə və smeta idarəsinin rəisi S.Hüseynov tərəfindən təsdiq olunmuşdur.

4. "xxxx" ASC-nin Azərbaycan Respublikası Energetika Nazirliyinə ünvanladığı 13 aprel 2017-ci il tarixli VN-17/0126 saylı məktubundan görünür ki, İddiaçı "xxxx" ASC-yə dəvət edilmiş, lakin o, ASC-dən şikayətçi olmadığını, sadəcə qoşulma işləri ilə bağlı xərcləri çəkməkdən imtina etmək istədiyini bildirmişdir. Əlavə olaraq bildirilmişdir ki, şikayətdə qeyd olunan bağ evinin enerji təchizatı üçün TMX-17/0375 saylı xx.xx.2017ci il tarixli texniki şərt verilmişdir. Lakin İddiaçı smeta üzrə müəyyən edilmiş məbləği (201,72 manat) ödəmək istəmədiyindən elektrik qurğularının şəbəkəyə qoşulması ilə əlaqədar işlərin yerinə yetirilməsi mümkün olmamışdır.

5. "xxxx" ASC-nin 20 aprel 2017-ci il tarixli HX-17/1021 saylı və 19 yanvar 2018-ci il tarixli AX-18/0065 saylı məktublarından göründüyü kimi, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 923 saylı bağ evinin elektrik təchizatı barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatına ünvanlanan və araşdırılması üçün "xxxx" ASC-yə daxil olmuş şikayət ərizəsi üzrə aparılmış araşdırmanın nəticəsinə dair bildirilmişdir ki, məsələ ilə əlaqədar İddiaçı dəfələrlə yazılı cavab verilmişdir. Lakin İddiaçı qoşulma işləri ilə bağlı xərcləri çəkməkdən imtina etmək istədiyini bildirməkdə israr etmişdir. Bildirilmişdir ki, yuxarıda qeyd olunan ünvanda yerləşən bağ evinin elektrik enerji təchizatı üçün TMX-17/0375 saylı, xx.xx.2017- ci il tarixli texniki şərt verilmişdir. Lakin İddiaçı smeta üzrə müəyyən olunmuş məbləği (201,72 manat) ödəmək istəmədiyindən elektrik qurğularının şəbəkəyə qoşulması ilə əlaqədar işlərin yerinə yetirilməsi mümkün olmamışdır. Qoşulma ilə bağlı xərclərə isə texniki şərtdə göstərilən tələblərin icrası məqsədi ilə layihə-smeta sənədlərinin hazırlanması, elektrik quraşdırma işlərinin görülməsi, lazım olan dayaqlardan, naqillərdən, xətt armaturlarından, maşın-mexanizmlərdən istifadə edilməsi üçün nəzərdə tutulan işlərin dəyəri daxildir.

6. "xxxx" ASC-nin 12 fevral 2018-ci il tarixli AX-18/0140 saylı məktubundan və AX18/0139 saylı məktubundan göründüyü kimi, iddiaçının müraciətinə öncəki məktubda olduğu kimi eyni məzmunlu cavab verilmiş, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi 923 ünvanda yerləşən bağ evinin elektrik enerjisi təchizatı üçün TMX-17/0375 saylı xx.xx.2017-ci il tarixli texniki şərt verildiyi, iddiaçı texniki şərt əsasında tərtib olunmuş smeta dəyərini ödəmək istəmədiyindən, elektrik qurğularının şəbəkəyə qoşulması ilə əlaqədar işlərin yerinə yetirilməsi mümkün olmamışdır.

7. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı şəhər Regional Bölməsinin 07 may 2018-ci il tarixli 21/17-1-30 saylı məktubundan görünür ki, İddiaçı şikayət məktubu yerində araşdırılmışdır. Bağ sahəsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, bağ sahəsində heç bir yaşayış evi yoxdur. Həmin sahənin ən yaxın «SİP» adlanan elektrik qidalandırıcı xətdən məsafəsi təqribən 20 metr aralıdır. Göstərilənlərə əsasən onun adı çəkilən bağ sahəsinin elektrik enerjisi ilə təchizatı üçün «ASAN» Kommunal və ya «ASAN» xidmət Mərkəzlərindən yeni texniki şərt alınması üçün müraciət etməsi tövsiyə olunmuşdur.

8. "xxxx" ASC-nin 24 may 2018-ci il tarixli AX-18/0704 saylı məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Milli Məclisinə ünvanladığı və araşdırılması üçün "xxxx" ASC-yə daxil olmuş şikayət üzrə araşdırma aparılmışdır. Bildirilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi 923 ünvanda yerləşən bağ evinin elektrik enerjisi təchizatı üçün TMX-17/0375 saylı xx.xx.2017-ci il tarixli texniki şərt verilmişdir. Texniki şərt əsasında tərtib olunmuş smeta dəyəri ödənildikdən sonra bağ sahəsi elektrik enerjisi ilə təmin olunacaq.

9. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin 25 yanvar 2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının 2017-ci ilin dekabr ayından hazırki dövrə (məktub tərtib olunan vaxta) qədər 25 müraciəti Nazirliyə və Agentliyə daxil olmuşdur. İddiaçıya qanunvericiliyin tələbləri izah edilərək, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

10. "xxxx" ASC-nin 22 iyul 2019-cu il tarixli və 25 iyul 2019-cu il tarixli məktublarından görünür ki, X2 müraciəti "xxxx" ASCnin əməkdaşları tərəfindən araşdırılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx"nın 5-ci maddəsinə uyğun olaraq X4 ilə abonent arasında elektrik avadanlıqlarının balans mənsubiyyəti sərhəddinə görə istehlakçının balansında olan avadanlıqların istismar məsuliyyəti onun sahibinin üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 140s saylı 09 mart 2016-cı il tarixli sərəncamına əsasən istehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətlər tərəflərin hüquq və öhdəliklərini, o cümlədən xidmətə görə ödəniş şərtlərini özündə əks etdirən müqavilələr əsasında həyata keçirilir. Bu səbəbdən, xidmətin göstərilməsi istehlakçı tərəfindən smetada qeyd olunan məbləğin ödənilməsindən sonra mümkün olacaqdır.

11. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı filialının 20 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı verilmiş xx.xx.2017-ci il tarixli TMX-17/0375 nömrəli texniki şərtin icrası ilə əlaqədar istehlakçının müraciətinə əsasən aparılmış araşdırmanın nəticələri barədə Agentliyin Bakı filialına müraciət daxil olmadığından qeyd edilən məsələyə dair sənədləri məhkəməyə təqdim etmək mümkün olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «istehlakçı hüququnun müdafiəsi, texniki şərtin-müqavilə öhdəliyinin icra olunmamasına görə dəyən maddi-mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli texniki şərtin icrasına cavabdeh "xxxx" ASC-nin məcbur edilməsi, maddi ziyan olaraq 30.000 manat, mənəvi ziyan olaraq 20.000 manat olmaqla, cəmi 50.000 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə təcavüz olunan ilk gündən AMEA-nın aspirantlıq şöbəsində təhsilini, elmi işini atıb, iki körpə uşaqlı ailəsini Allahın ümidinə qoyub Qarabağ savaşına getmişdir. 1-ci dərəcəli Qarabağ əlilidir. Bakı şəhəri Sabunçu rayonu Ləiş bağ sahəsində yerləşən bağının kommunal xidmətlərlə təchiz olunmamasından, istehlakçı hüququnun pozulmasından maddi, mənəvi ziyan çəkir. Müraciəti əsasında cavabdeh "xxxx" ASC xx.xx.2017-ci il tarixli TMX-17/0375 nömrəli texniki şərt verib. Lakin 7 il 8 aydır cavabdeh verdiyi texniki şərtin, öhdəliyin icrasından imtina edir. Ondan, 1-ci dərəcəli Qarabağ qazisindən-əlilindən qanunda nəzərdə tutulmayan 201,72 manat texniki şərtin icrasına görə ödəniş tələb edilir. Halbuki Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan qanunun - Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə görə, heç kəs qanunda nəzərdə tutulmuş əsaslar olmadan vergiləri və digər dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Ondan texniki şərt üzrə adına sayğac qutusunun quraşdırılmasına görə 35,14 manat, kontakt sıxacların quraşdırılmasına 11,56 manat, anker dartıcı sıxacların quraşdırılmasına 8,94 manat, abonent dayağına 22,92 manat, birfazlı avtomat quraşdırılmasına 6,60 manat, sayğaca xəttin çəkilməsinə 29,52 manat, beton mismarına 0,47 manat, skoba quraşdırılmasına 0,80 manat, işin icrası üçün layihə və maşın-mexanizm xərcləri üçün 55 manat, cəmi 170,95 manat, 18 faiz ƏDV ilə birlikdə 201,72 manat qanunsuz ödənişi tələb edilir. Qiymətlərin şişirdilməsi bir yana, qanunvericilik texniki şərtlərin pulsuz hazırlanmasını, fiziki şəxslərin - məişət abonentlərinin sayğaclarla enerji təchizatçısının hesabına təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsini təsbit edir. "xxxx" isə sayğacın pulsuz olduğunu bildirib, sayğac qutusuna görə 35,14 manat tələb edir. Sayğac qutusunun qiyməti sayğacın özündən baha çıxır?! Eyni zamanda quraşdırılma, maşın-mexanizm xərcləri istehlakçının yox, təchizatçının hesabınadır. Beş metrlik məsafədəki dirəkdən budaqlanma yolu ilə balans sərhədinə kimi 201,72 manat tələb edilməsi istehlakçı hüququnun kobud pozuntusudur. 7 kvt gücü olan xəttdən 8 kvt gücündə xətt çəkilməsi də absurddur və özbaşınalığı, qanunsuz ödənişi əsaslandırmaq üçündür. Xidmət haqqına ƏDV tətbiq edilməsi də qanunda nəzərdə tutulmayıb. Cavabdeh təbii inhisarçı mövqeyindən, bazardakı hökmranlığından yararlanıb, nə 7 il 8 aydır nə icranı həyata keçirir, nə dəyən ziyanı ödəyir. Halbuki qanunvericilik belə hallarda, hətta hər gecikən gün üçün dəbbə pulu ödənməsini də qərara alıb. Cavabdeh isə nəinki ziyanı ödəyir, əksinə ondan 2017-ci il tarixli texniki şərtin verilməsindən sonra - 2018-ci ildə qəbul edilən və ona aid olmayan qoşulmaya aid yeni xərclər, hətta yeni texniki şərt almaq tələb edilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə görə, hüquqi və fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa qanunların qüvvəsi geriyə şamil edilmir. Cavabdeh "xxxx" ASC-nin onun istehlakçı hüququnu kobud pozmasından, özbaşınalığından, 8 ilə yaxındır qərəzlə verdiyi texniki şərti icra etməməsindən mənəvi sarsıntı və iztirab keçirir. Cavabdeh qəti şəkildə xidmətdən imtina edir, hətta məhkəmə təminatı hüququna da qadağa qoydurur, məhkəməyə verdiyi ərizələri it-bata saldırır, icraata qəbul edilənlərə isə qeyri-prosessual təzyiqlə xitam verdirir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Ana Qanunun 25-ci maddəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, mənşəyindən, ...sosial, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına təminat verir. İnsan və vətəndaş hüquq və azadlıqlarını irqi, etnik, dil, din, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. 60-cı maddəyə görə, hər kəsin inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 68-ci maddəyə görə, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığl istisna edən vicdanlı davranışına hüququ vardır. 71-ci maddəyə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. 73-cü maddənin İİ hissəsinə görə, heç kəs qanunda nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə görə, fiziki və hüquqi şəxslərin hüquq vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Elektroenergetika haqqında» xx.xx.2023-cü il tarixli Qanunun 29.9-cu maddəsinə görə, tikinti obyektlərinin qoşulduğu ötürücü və ya paylayıcı şəbəkədən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatorunun vəsaiti hesabına ... sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bu Qanunun qüvvəyə minməsi ilə ləğv olunan xx.xx.1998-ci il tarixli, 459 nömrəli «Elektroenergetika haqqında» Qanunun 11-ci maddəsində yazılmışdı ki, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. NK-nın xx.xx.2005- ci il tarixli «Enerjidən istifadə qaydalarının» 7.9-cu bəndinə görə, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. xx.xx.2023-cü il tarixli 399 nömrəli NK Qərarı ilə ləğv edilmiş NK-nın xx.xx.2013-cü il tarixli «İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları»nın 1.9-cu bəndinə əsasən, texniki şərtlərin hazırlanmasına haqq ödənilmir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Qanunun 8-ci maddəsinə görə, bazarda hökmran mövqe tutan icraçı işin görülməməsindən, xidmət göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 9-cu maddəyə görə, icraçı iş görülməsinə və xidmət göstərilməsinə vaxtında başlamırsa, müqaviləni, yəni texniki şərti icra etməkdən imtina edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. 9-cu maddənin 2-ci bəndinə görə, işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya möhlət verərsə bu müddət ərzində də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərini ödənilməsini tələb etmək və ya icraçının hesabına işin görülməsini 3-cü şəxsə tapşırmaq hüququ vardır. 9-cu maddənin 5-ci bəndinə görə, bu maddənin 2-ci bəndində göstərilmiş qüsurlar aradan qaldırılmadıqda, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi ləngidildikdə, icraçı hər gecikən gün üçün işin (xidmətin) dəyərinin bir faizi həcmində dəbbə pulu ödəyir. Cavabdeh 7 il 8 aydır – 2800 gündür (2555+245) işin görülməsindən, xidmətdən imtina edir, özü də işin görülməsinin qiymətini 201,72 manat müəyyən edib. 201,72 manatın bir faizi ortalıq 2 manat edir. 2800 gün hesabı ilə cavabdeh mənə 5600 manat dəbbə pulu ödəməlidir. Qanunun 12-ci maddəsinə görə, istehlakçının bu Qanunda nəzərdə tutulan hüquqları pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. 14.1-ci maddəsinə görə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ayrı-ayrı qruplarına ticarət və xidmət sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada güzəştlər və üstünlüklər verilə bilər. Qanunun 21-ci maddəsinə görə, bu Qanunun pozulmasına görə, təqsirli şəxslər qanunla nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. 26-cı maddəyə görə, istehlakçıların qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin şərh olunmasına dair» Qərarında qeyd edib ki, qanunverici bəzi halarda mənəvi ziyanın əvəzinin ödənilməsini xüsusi sahəvi qanunlarda nəzərdə tutur. Belə ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqlarının istehsalçı (icraçı, satıcı) tərəfindən pozulduğu halda istehlakçıya dəyən mənəvi ziyanın günahkar tərəfindən ödənilməsini nəzərdə tutur. Ödənilən ziyanın dəyəri, qanunda başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Ali Məhkəmə Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiiyyatına dair» xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 14- cü bəndinin 2-ci abzasında yazılıb ki, təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduğu münasibətlər (təbii inhisar subyektinin şəbəkələrinə qoşulma, texniki şərtin verilməsi, məhsulun satışına dair müqavilə bağlanması və s.) konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülkihüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Təbii inhisar subyektinin - cavabdeh "xxxx" ASC-nin qanunsuz ödəniş tələb edərək 8-ci ildir xidmətdən imtinasından, müqavilə öhdəliyini texniki şərti icra etməməsindən maddi, mənəvi ziyan çəkir. Bağında işıq olmadığından istifadə edə bilmir, bağda ev tikə, istirahət edə, əmlakından yararlana bilmir. Bağda əkdiyi ağaclar da susuzluqdan quruyub. Daşınmaz əmlakından istədiyi kimi istifadə edə bilmir. 5600 manatlıq dəbbə pulundan əlavə ona xeyli maddi ziyan da dəyib. O, həmin ərazidə bağ evi tikib, istirahət edə, yaxud icarəyə verə bilmir. Bununla aya ən azı 250 manat, ilə 3 min manat hesabı ilə ona 8 ildə 24.000 manata yaxın maddi ziyan dəyib. Dəbbə pulu ilə birlikdə ortalıq 30.000 manat maddi ziyan məbləği edir. Mənəvi ziyanın məbləği isə məhkəmə müəyyən edir, onun özü isə ən azı 20.000 manat mənəvi ziyan tələb edir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 mart 2025-ci il tarixli 2(006)-1002/2025 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia rədd edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istehlakçı kimi müraciəti əsasında həmin dövrdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən texniki şərt hazırlanaraq təqdim edilmişdir. Texniki şərt, yəni elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənədin hazırlanması üçün haqq ödənilmir. Bu qayda həm iddiaçının istehlakçı kimi müraciət etdiyi dövrdə qüvvədə olan qaydaların, həmçinin də hazırda qüvvədə olan qaydaların tələblərinə əsasən belədir. Yəni cavabdeh tərəfindən hər hansı haqq tələb edilmədən qeyd edilən sənəd tərtib edilərək iddiaçıya təqdim edilmişdir. İddiaçının dəlili həmin texniki şərtə görə haqq ödənilməsinin yolverilməz olduğuna dair dəlildir ki, məhkəmə də irəli sürülən bu dəlili əsaslı hesab etmir. Belə ki, cavabdehin texniki şərtin icrasını həyata keçirməməsi məhz iddiaçı tərəfindən texniki şərtin, yəni sənəddə göstərilən texniki hərəkətlərin icrası üçün tələb edilən smeta xərclərinin ödənilməməsindən irəli gəlir. İddiaçının qeyd edilən halları bir-biri ilə eyniləşdirməsi əsassızdır. Hamıya bəlli haldır ki, cavabdehin texniki şərtin icrasını şərtləndirdiyi hal, yəni qoşulmanın istehlakçının vəsaiti hesabına yerinə yetirilməsi qoşulmanın tənzimləndiyi normativ aktların tələblərindən irəli gəlir. Hazırda cavabdehin həmin qoşulmanı icra etməsi üçün tələb edilən əsas məhz iddiaçının smeta xərclərinin ödənilməsindən ibarətdir. İddiaçı isə nədənsə bunu texniki şərt adlı sənədin hazırlanmasına görə haqq tələb edilməsi kimi qiymətləndirməkdə israr edir.

16. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutların tədqiqindən cavabdehin hərəkətlərində hər hansı hüquq pozuntusu müəyyən edilmədiyindən cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi ziyan vurulması da müəyyən edilməmişdir. Bir tərəfin digər tərəfə münasibətdə maddi və mənəvi zərər vurulması ilə nəticələnən əməli, həmin əməllə onun nəticəsi arasında səbəbli əlaqə və həqiqətən də iddiaçıya 30000 manat maddi ziyan vurulmasına səbəb olan delikt müəyyən edilməmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023cü il tarixli 399 nömrəli “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 avqust tarixli 234 nömrəli və “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarlarının ləğv edilməsi barədə qərarı ilə qüvvədən düşmüşdür) 1.2.1, 2.13, 2.19, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydaları”nın 1.2.1, 1.10, Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətinin əsasları iddia ərizəsi ilə eynilik təşkil etməklə, göstərilmişdir ki, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları” (qüvvədən düşmüşdür)

23. Bənd 2.19. Tikinti obyektləri üçün tələb olunan güc 7 kVt (7 kVt da daxil olmaqla, mövcud 0.4 kV-luq şəbəkədən) və qeyd edilən tikinti obyektlərindən ETŞ–yə qoşulma nöqtəsi 50 metr olduqda (50 metr də daxil olmaqla), sifarişçi tərəfindən qoşulma işləri ilə bağlı xərclər və qoşulma haqqı ödənilmir, ETM texniki şərtlər əsasında (qoşulma ilə bağlı layihə işləri də daxil olmaqla) ETŞ–yə qoşulma işlərini öz hesabına 15 (on beş) iş günü müddətində həyata keçirir.

24. Bənd 2.19 (xx.xx.2019-cu il tarixdən sonra qüvvəyə minmiş redaksiyada). Tikinti obyektləri üçün tələb olunan güc 7 kVt-dək (7 kVt daxil olmaqla, mövcud 0.4 kV-luq şəbəkədən) və qeyd edilən tikinti obyektlərindən ETŞ-yə qoşulma nöqtəsi 50 metrədək olduqda (50 metr daxil olmaqla), qoşulma haqqı ödənilmir, ETŞ-yə qoşulma işləri sifarişçinin müraciəti əsasında verilmiş texniki şərtlərə uyğun olaraq ETM ilə sifarişçi arasında razılaşdırılmış müddətdə sonuncunun hesabına həyata keçirilir.

25. Bənd 2.13. Bu Qaydaların 2.16-cı bəndində nəzərdə tutulmuş imtina halları olmadıqda, sorğunun və ya ərizənin qeydiyyata alındığı gündən 10 (on) iş günü müddətində ETM texniki şərtin verilməsini təmin etməlidir. Bir qayda olaraq texniki şərtlərin qüvvədəqalma müddəti 2 il müəyyən edilir.

26. Bənd 1.2.1. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd anlamını ifadə edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydaları”

27. Bənd 1.2.1. Texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar enerji təchizatı layihəsinin hazırlanmasına əsas verən, elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd anlamını ifadə edir.

28. Bənd 1.10. Bu Qaydanın 1.25-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, texniki şərtlərin qüvvədəolma müddəti 2 (iki) il müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

42. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

43. İş materiallarından göründüyü kimi, iddiaçının müraciəti əsasında ona cavabdeh tərəfindən texniki şərt verilmişdir. Texniki şərt, yəni elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənədin hazırlanması üçün haqq ödənilmir.

44. Cavabdehin texniki şərtin icrasını həyata keçirməməsi məhz iddiaçı tərəfindən texniki şərtin, yəni sənəddə göstərilən texniki hərəkətlərin icrası üçün tələb edilən smeta xərclərinin ödənilməməsindən irəli gəlir. İddiaçı isə öz növbəsində xərcləri ödəməkdən imtina edir.

45. Bundan əlavə texniki şərtin yararlıq müddəti 2 olduğu nəzərə alınsa, həmin texniki şərtin verilməsindən 8 il vaxt ötmüşdür. Belə olduqda isə həmin təxniki şərt aktuallağını itirmişdir.

46. Göründüyü kimi tərəflər arasında hər hansı müqavilə münasibəti baş tutmamışdır. Belə olduqda isə müqavilə öhdəliyi yaranmamışdır.

47. Müqavilə öhdəlikləri yaranmadığına görə istehlakçıya hər hansı maddi və ya mənəvi ziyanın dəyməsindən söhbət gedə bilməz.

48. Nəzərə alınmalıdır ki, müqavilə münasibətlərinin yaranmaması məhz iddiaçının smeta xərclərini ödəmədiyindən baş tutmamışdır.

49. Kollegiya hesab edir ki, iddianın rədd edilməsi barədə məhkəmənin qənaəti düzgün olmuşdur.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1002/2025 nömrəli iş üzrə 10 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdeh onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar