Məhkəmə qərarları › İş №2(102)-2905/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2905/2025

24.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2905/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:istehlak münasibətlərindən irəli gələn mübahisələr, elektrik enerjisindən istifadə ilə bağlı mübahisələr, texniki şərtin-müqavilə öhdəliyinin icra olunmamasına görə dəyən maddi-mənəvi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “texniki şərtin icrası, müqavilə öhdəliyinin icra olunmamasına görə dəyən maddi-mənəvi ziyanın ödənilməsi” tələblərinə dair mü lki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3268/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 923 saylı bağ evinin elektrik təchizatı (tələb olunan gücü 8 kVt ola) ilə bağlı İddiaçı xx.xx.2017-ci il tarixli texniki şərt verilmiş və texniki şərtin icra müddəti xx.xx.2018-ci ilə qədər nəzərdə tutulmuşdur.

2. Elektrik təchizatının smetasına əsasən, smetada qeyd edilən işlərin görülməsinə ƏDV daxil olmaqla, cəmi 201 manat 72 qəpik pul vəsaiti tələb olunmuşdur.

3. İddiaçı smeta üzrə müəyyən edilmiş məbləği (201,72 manat) ödəmə k istəmədiyindən elektrik qurğularının şəbəkəyə qoşulması ilə əlaqədar işlərin yerinə yetirilməsi mümkün olmamışdır.

4. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı şəhər Regional Bölməsinin 07 may 2018-ci il tarixli 21/17-1-30 saylı məktubuna əsasən İddiaçı şikayət məktubu yerində araşdırılmışdır. Bağ sahəsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, bağ sahəsində heç bir yaşayış evi yoxdur. Həmin sahənin ən yaxın «SİP» adlanan elektrik qidalandırıcı xətdən məsafəsi təqribən 20 metr aralıdır. Göstərilənlərə əsasən onun adı çəkilən bağ sahəsinin elektrik enerjisi ilə təchizatı üçün «ASAN» Kommunal və ya «ASAN» xidmət Mərkəzlərindən yeni texniki şərt alınması üçün müraciət etməsi tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli texniki şərtin icrasına cavabdeh "xxxx" ASC-nin məcbur edilməsi, maddi ziyan olaraq 30.000 manat, mənəvi ziyan olaraq 20.000 manat olmaqla, cəmi 50.000 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, bağ sahəsinə elektrik xətti çəkilməsi üçün xx.xx.2017-ci il tarixli TMX-17/0375 nömrəli texniki şərt-müqavilə almışdır. Lakin bu texniki şərt üzrə elektrik təchizatı 7 il 8 aydır həyata keçirilmir. Bu müddət ərzində cavabdeh "xxxx" ASC texniki şərtin icrasına qərəzli şəkildə imtina etmiş, əksinə qanunsuz olaraq 201,72 manat məbləğində ödəniş tələb etmişdir. Bu tə ləb aşağıdakı xərclərdən ibarətdir: sayğac qutusu, sıxaclar, avtomatlar, layihələndirmə və mexanizm xərcləri və s. Halbuki qanunvericiliyə əsasən: xx.xx.2023-cü il tarixli 399 nömrəli NK Qərarı ilə ləğv edilmiş NKnın xx.xx.2013-cü il tarixli «İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları»nın 1.9-cu bəndinə əsasən, texniki şərtlərin hazırlanmasına haqq ödənilmir. xx.xx.1995-ci il tarixli Qanunun 8ci maddəsinə görə, bazarda hökmran mövqe tutan icraçı işin görülməməsindən, xidmət göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 9-cu maddəyə görə, icraçı iş görülməsinə və xidmət göstərilməsinə vaxtında başlamırsa, müqaviləni, yəni texniki şərti icra etməkdən imtina edirsə, istehlakçını n müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. 9-cu maddənin 2-ci bəndinə görə, işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya möhlət verərsə bu müddət ərzində də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərini ödənilməsini tələb etmək və ya icraçının hesabına işin görülməsini 3-cü şəxsə tapşırmaq hüququ vardır. 9-cu maddənin 5-ci bəndinə görə, bu maddənin 2-ci bəndində göstərilmiş qüsurlar aradan qaldırılmadıqda, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi ləngidildikdə, icraçı hər gecikən gün üçün işin (xidmətin) dəyərinin bir faizi həcmində dəbbə pulu ödəyir. Cavabdeh 2800 gündür işin görülməsindən, xidmətdən imtina edir, özü də işin görülməsinin qiymətini 201,72 manat müəyyən edib. 201,72 manatın bir faizi ortalıq 2 manat edir. 2800 gün hesabı ilə cavabdeh mənə 5600 manat dəbbə pulu ödəməlidir. Qanunun 12-ci maddəsinə görə, istehlakçının bu Qanunda nəzərdə tutulan hüquqları pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ərizəçinin bağında işıq olmadığı üçün əmlakından istifadə edə bilmir: ev tikə, istirahət edə və ya icarəyə verə bilmir. Əkdiyi ağaclar da susuzluqdan quruyub. Bu səbəbdən daşınmaz əmlakından səmərəli istifadə mümkün olmayıb. 5600 manat dəbbə puluna əlavə olaraq, 8 il ərzində təxminən 24.000 manat maddi ziyan dəyib. Ümumi maddi ziyan 30.000 manat təşkil edir. Ərizəçi əlavə olaraq ən azı 20.000 manat mənəvi ziyan tələb edir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli 2(006)1002/2025 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçının istehlakçı kimi müraciəti əsasında həmin dövrdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən texniki şərt hazırlanaraq təqdim edilmişdir. Texniki şərt, yəni elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənədin hazırlanması üçün haqq ödənilmir. Bu qayda həm iddiaçının istehlakçı kimi müraciət etdiyi dövrdə qüvvədə olan qaydaların, həmçinin də hazır da qüvvədə olan qaydaların tələblərinə əsasən belədir. Yəni cavabdeh tərəfindən hər hansı haqq tələb edilmədən qeyd edilən sənəd tərtib edilərək iddiaçıya təqdim edilmişdir. İddiaçının dəlili həmin texniki şərtə görə haqq ödənilməsinin yolverilməz olduğuna dair dəlildir ki, məhkəmə də irəli sürülən bu dəlili əsaslı hesab etmir. Belə ki, cavabdehin texniki şərtin icrasını həyata keçirməməsi məhz iddiaçı tərəfindən texniki şərtin, yəni sənəddə göstərilən texniki hərəkətlərin icrası üçün tələb edilən smeta xərclərinin ödənilməməsindən irəli gəlir. İddiaçının qeyd edilən halları bir-biri ilə eyniləşdirməsi əsassızdır. Hamıya bəlli haldır ki, cavabdehin texniki şərtin icrasını şərtləndirdiyi hal, yəni qoşulmanın istehlakçının vəsaiti hesabına yerinə yetirilməsi qoşulmanın tənzimləndiyi normativ aktların tələblərindən irəli gəlir. Hazırda cavabdehin həmin qoşulmanı icra etməsi üçün tələb edilən əsas məhz iddiaçının smeta xərclərinin ödənilməsindən ibarətdir. İddiaçı isə nədənsə bunu texniki şərt adlı sənədin hazırlanmasına görə haqq tələb edilməsi kimi qiymətləndirməkdə israr edir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutların tədqiqindən cavabdehin hərəkətlərində hər hansı hüquq pozuntu müəyyən edilmədiyindən cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi ziyan vurulması da müəyyən edilməmişdir. Bir tərəfin digər tərəfə münasibətdə maddi və mənəvi zərər vurulması ilə nəticələnən əməli, həmin əməllə onun nəticəsi arasında səbəbli əlaqə və həqiqətən də iddiaçıya 30000 manat maddi ziyan vurulmasına səbəb olan delikt müəyyən edilməmişdir.

10. Məhkəmə öz m övqeyini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 399 nömrəli “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 avqust tarixli 234 nömrəli və “Məişət abonentlə rinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarlarının ləğv edilməsi barədə qərarı ilə qüvvədən düşmüşdür) 1.2.1, 2.13, 2.19 bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydaları”nın 1.2.1, 1.10-cu bəndlərinə, Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 216220, 227, 233 və 360-cı maddələrinə istinad edə rək əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətinin əsasları iddia ərizəsi ilə eynilik təşkil etməklə, göstərilmişdir ki, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3268/2025 nömrəli mülki iş üzrə 10 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhramzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarə t olmuşdur ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçının müraciəti əsasında ona cavabdeh tərəfindən texniki şərt verilmişdir. Texniki şərt, yəni elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənədin hazırlanması üçün haqq ödənilmir. Cavabdehin texniki şərtin icrasını həyata keçirməməsi məhz iddiaçı tərəfindən texniki şərtin, yəni sənəddə göstərilən texniki hərəkətlərin icrası üçün tələb edilən smeta xərclərinin ödənilməməsindən irəli gəlir. İddiaçı isə öz növbəsində xərcləri ödəməkdən imtina etmişd ir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bundan əlavə texniki şərtin yararlılıq müddətinin 2 il olduğu nəzərə alınsa, həmin texniki şərtin verilməsindən 8 il vaxt ötmüşdür. Belə olduqda isə həmin texniki şərt aktuallığını itirmişdir. Tərəflər arasında hər hansı müqavilə münasibəti baş tutmamış, müqavilə öhdəliyi yaranmamışdır. Müqavilə öhdəlikləri yaranmadığına görə istehlakçıya hər hansı maddi və ya mənəvi ziyanın dəyməsindən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, müqavilə münasibətləri məhz iddiaçının smeta xərclərini ödəmədiyi üçün yaranmamışdır.

16. Kollegiya hesab etmişdir ki, iddianın rədd edilməsi barədə məhkəmənin qənaəti düzgün olmuşdur.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydalarının” 1.2.1, 2.13, 2.19-cu bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydaları”nın 1.2.1, 1.10-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1,1096.2, 1097.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması (kassasiya şikayətinin tələb hissəs ində iddia tələbinin tam rədd olunmasının qeyd edilməsi texniki səhv olaraq qəbul edilir) barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən 8 ilə yaxın müddət ərzində texniki şərtin icra olunmaması, əlavə qanunsuz ödəniş tələb edilməsi və müqavilə bağlanmamasına baxmayaraq öhdəlik yüklənməsi–mülki qanunvericiliyin pozulmasıdır. Bu pozuntuya görə "xxxx" ASC mülki məsuliyyət daşımalıdır və dəyən maddi-mənəvi ziyanı ödəməlidir. Hətta işçi layihə və smeta tərtib olunub və təsdiqlənsə belə, bu sənədlər müqavilə öhdəliyinin (xidmət haqqının ödənməsi və icrası) yaranmasına səbəb olmur. Əgər müqavilə bağlanmayıbsa, istehlakçı istənilən zaman razılaşmadan imtina edə bilər və heç bir ödəniş etməmək hüququ var. İddiaçı 1-ci dərəcəli Qaraba ğ əlilidir, yəni sosial müdafiəyə ehtiyacı olan şəxs statusuna malikdir. Bu səbəbdən ona digər istehlakçılardan fərqli olaraq üstün hüquqlar və güzəştlər tətbiq olunmalı idi. "xxxx" ASC bazarda hökmran mövqe tutmasına baxmayaraq, verdiyi texniki şərti icra etməkdən 8 ildən çoxdur imtina edir, hər gecikdirilən günə tələb olunan dəbbə pulunu isə məhkəmə hakimiyyəti özbaşına hesablanan məbləğ sayır. Halbuki cavabdeh özü işin dəyərini 201,72 manat hesablayıb. Məhkəmələr isə ümumiyyətlə bu qanunu tamam yaddan çıxarıb, qəsdən tətbiq etməyiblər.

20. Kassator şikayətini Konstitusiyanın 73-cü və 149-cu maddəsinin Vİİ hissəsinə, ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında’’Qanunun 3, 8, 21 və 95-ci maddələrinə, NK-nın xx.xx.2005-ci il tarixli,18 N-li “Elektrik enerjisindən istifadə qaydaları ha qqında” Qərarının 7.9-cu bəndinə, Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarına, Mülki Prosessual Məcəllənin 2.1, 10.11, 14.2, 14.3, 19, 77, 384, 392, 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsi ni tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir ).

27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları” (xx.xx.2023cü il tarixli qərarla ləğv edilmiş)

29. Bənd 1.10. Tikinti obyektlərinin ETŞ–yə qoşulması (qoşulma nöqtəsindən tikinti obyektinə qədər məsaf ə nəzərə alınmaqla) üçün haqq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunur.

30. Bənd 2.19. Tikinti obyektləri üçün tələb olunan güc 7 kVt (7 kVt da daxil olmaqla, mövcud 0.4 kV-luq şəbəkədən) və qeyd edilən tikinti obyektlərindən ETŞ–yə qoşulma nöqtəsi 50 metr olduqda (50 metr də daxil olmaqla), sifarişçi tərəfindən qoşulma işləri ilə bağlı xərclər və qoşulma haqqı ödənilmir, ETM texniki şərtlər əsasında (qoşulma ilə bağlı layihə işləri də daxil olmaqla) ETŞ–yə qoşulma işlərini öz hesabına 15 (on beş) iş günü müddətində həyata keçirir.

31. Bənd 2.19. (xx.xx.2019-cu il tarixdən sonra qüvvəyə minmiş redaksiyada). Tikinti obyektləri üçün tələb olunan güc 7 kVt-dək (7 kVt daxil olmaqla, mövcud 0.4 kV-luq şəbəkədən) və qeyd edilən tikinti obyektlərindən ETŞ-yə qo şulma nöqtəsi 50 metrədək olduqda (50 metr daxil olmaqla), qoşulma haqqı ödənilmir, ETŞ-yə qoşulma işləri sifarişçinin müraciəti əsasında verilmiş texniki şərtlərə uyğun olaraq ETM ilə sifarişçi arasında razılaşdırılmış müddətdə sonuncunun hesabına həyata keçirilir.

32. Bənd 2.20. Bu Qaydaların 2.19-cu bəndində nəzərdə tutulmuş tikinti obyektləri üçün tələb olunan gücün maksimal həddi 7 kVt-dan yuxarı olduqda, qoşulma işləri sifarişçinin hesabına həyata keçirilir və sifarişçi bu Qaydaların 1.10-cu bəndinə uyğun olaraq qoşulma haqqı ödəyir.

33. Bənd 2.13. Bu Qaydaların 2.16-cı bəndində nəzərdə tutulmuş imtina halları olmadıqda, sorğunun və ya ərizənin qeydiyyata alındığı gündən 10 (on) iş günü müddətində ETM texniki şərtin verilməsini təmin etməlidir. Bir qayda olaraq texniki şərtlərin qüvv ədəqalma müddəti 2 il müəyyən edilir.

34. Bənd 1.2.1. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd anlamını ifadə edir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir.

42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında hər hansı müqavilə münasibəti yaranmadığından və iddiaçının 2017-ci ildə aldığı texniki şərtin həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 2.13-cü bəndinə əsasən qüvvə olma müddəti bitdiyindən iddiaçı tərəfindən icrası tələb edilə bilməz.

43. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, texniki şərtin qüvvədə o lduğu müddətdə iddiaçıdan qoşulma haqqı ödənişinin tələb edilməsi Qaydaların tələblərinə uyğun olduğundan iddiaçının maddi ziyan tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

44. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. İddiaçının elektrik şəbəkəsinə qoşulma haqqından azad olunması üçün qanuni əsas olmadığından cavabdehin hərəkətlərinin qanunsuz olduğuna dair kassasiya şikayətinin dəlilləri də kollegiya tərəfindən əsassız hesab edilir.

45. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdiri lmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3268/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar