Məhkəmə qərarları › İş №2(004)-1074/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1074/2021

11.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1074/2021 11.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 106, mənzil 5 ünvanda yerləşən evə əsassız olaraq borc kimi yazılmış 216 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 106, mənzil 5 ünvanda yerləşən ev iddiaçıya məxsusdur. Cavabdeh tərəfindən həmin yaşayış evində sayğac dəyişdirilərək yeni mexaniki sayğac quraşdırılmışdır. Köhnə sayğac aparıldıqdan sonra iddiaçıya məlumat verilmişdir ki, sayğacda problem var və bu problem onun tərəfindən ödənilməlidir. O, qazdan istifadəyə görə ödənişləri tam etmişdir və hazırki problemə görə ödəniş etməsi qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-4.9-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etdi ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ******* saylı aktda köhnə qaz sayğacına müdaxilə edildiyi göstərilmış və iddiaçıya 216 manat məbləğində borc hesablanmışdır. Səbəb qismində sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilib sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunması görstərilmişdir. Halbuki, sayğac çöldə yerləşdirildiyindən müdaxilənin olduğu təqdirdə belə, bunun iddiaçı tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Məhkəmə mövqeyini bununla əsaslandırır ki, müvafiq qanunvericiliyə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 106, mənzil 5 ünvanına hesablanmış 216 manat məbləğində borc Cavabdeh İB-nin hesabından silinsin. Borcun silinməsi vəzifəsi Cavabdeh İB-nin üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar