Məhkəmə qərarları › İş №2(004)-1088/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1088/2022

14.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1088/2022 14.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə onun arasında “Toyota Land-Cruiser Prado minik” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə əlaqədar bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında ** VX *** qeydiyyat nişanlı, “Toyota Land-Cruiser-Prado minik” markalı avtomobil ilə əlaqədar bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci ilin sentyabr ayında ona təcili 20000 manat pul lazım olduğu üçün tanışı vasitəsilə Azadlıq Prospektində lombard işlədən Dilarə adlı xanıma müraciət etmişdir. Lombardda işləyən Dilarə xanım ona pulun verilməsi müqabilində hər hansı bir əmlakın girov qoyulmalı, yaxud da onların işçisi olan Cavabdeh1 adına keçirilməli olduğunu bildirmişdir. Müəyyən qədər fikirləşdikdən sonra Cavabdeh1 ilə predmeti onun mülkiyyətində olan və anası X1 uzun illər istifadəsində olan etibarnamə ilə idarə etdiyi ** KL *** qeydiyyat nişanlı, “Toyota Land-Cruiser-Prado” markalı avtomobil olan formal alqısatqı müqaviləsi bağlamaq qərara gəlmişdir. Belə şərtləşdirilmişdir ki, 20000 manat pulun müqabilində hər ay 20000 manat pulun 5 faizi onun tərəfindən ödəniləcəkdir. Pul tam ödənildikdən sonra formal bağlanmış alqı-satqı müqaviləsi ləğv olunacaqdır. Şərtləndirilmiş qaydada Cavabdeh1 ilə alqı-satqı müqaviləsi bağlanmış, o da öz növbəsində anası X2 uzun müddətə maşını idarə etmək üçün etibarnamə vermişdir. 2021-ci ilin oktyabrında 1 ay üçün 20000 azn pulun 5 faizi onun tərəfindən lombardın rəhbəri olan Dilarə adlı xanıma ödənilmişdir. 2021-ci ilin noyabr axırlarında 20000 manat pulu tam şəkildə əldə edib həmin məbləği Dilarə xanıma qaytarmaq istəyini ona bildirmişdir. Lakin o, cavab olaraq hazırda həmin maşının bazar qiymətinin 40000 manat olduğunu, onun tərəfindən 37000 manat pulun ödəniləcəyi təqdirdə avtomobili əldə edə biləcəyini bildirmişdir. O, borcunun 20000 manat olduğunu bildirmişdir. O, isə onun fikri ilə razılaşmayaraq anası X1 adına verilmiş etibarnaməni ləğv etdirəcəyini bildirmişdir. Cavabdeh1 ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsi formal xarakter daşımışdır. AR Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ** KL *** qeydiyyat nişanlı “Toyota Land-Cruiser-Prado 2010” markalı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində Cavabdeh1 adında qeydiyyatdan çıxarılmış və yeni ** VX *** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin və iddia ərizəsinə əlavənin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı əvvəllər də avtomobili girov qoymaqla və ya formal alqı-satqı müqaviləsi bağlamaqla lombarddan pul götürmüşdür. İddiaçının cavabdehə iki ay faiz ödəməsinə dair rəsmi sənəd yoxdur. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, iddia tamamilə əsassızdır. Cavabdeh1 lombardda işləyir. İddiaçı avtomobilini girov qoyaraq pul götürmək üçün lombarda müraciət etmişdir. Lakin, ona pul verilməmişdir. İddiaçı avtomobilini münasib qiymətə satmaq istədiyini bildirmiş və cavabdeh iddiaçıdan avtomobili münasib qiymətə almışdır. İddiaçı avtomobil anasının istifadəsində olduğu üçün ona yeni avtomobil alana kimi vaxt verilməsini xahiş etmişdir. Həmin vaxt avtomobilin qiyməti 40000 manat və ondan yuxarı olduğu halda, münasib qiymətə, yəni 35000 manata aldığı üçün Cavabdeh1 bununla razılaşır və avtomobili idarə etmək üçün iddiaçının anasına etibarnamə verir. Həmin vaxt Cavabdeh1 avtomobili olmuşdur. Cavabdeh iddiaçıya bunun üçün 2 ay müddətində möhlət verir və iki aydan sona tərəflər arasında mübahisə yaranır. Lombarddan pul götürməyin qaydası var. Lombardın girov bileti olur, pul ödənilməsinə dair qəbz olur. İddiaçı bununla bağlı sübutları və faiz ödəməsinə dair qəbzi təqdim etməmişdir. Hesab edir ki, iddia tamamilə əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5–ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə əsasında X3 özünə məxsus “Toyota Land-Cruiser Prado minik” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobil 18000 manata İddiaçı satmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AD 836940 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Land-Cruiser Prado minik” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə əsasında İddiaçı özünə məxsus “Toyota Land-Cruiser Prado minik” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobil 35000 manata Cavabdeh1 satmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ƏN-V seriyalı 763881 nömrəli və xx.xx.2021-ci il tarixli ƏN-V seriyalı 846282 nömrəli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamələrin surətindən görünür ki, Cavabdeh1 “Toyota Land-Cruiser Prado minik” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X2 1 il müddətində etibarnamə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən təqdim edilmiş “Toyota Land-Cruiser Prado minik” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların komputer çıxarışından görünür ki, xx.xx.2014-cü il tarixdən etibarən nəqliyyat vasitəsinin idarə edilməsi üçün mülkiyyətçilər tərəfindən X2 etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 özünə məxsus “Toyota Land-Cruiser Prado minik” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobil 35000 manata Cavabdeh2 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2022-ci il tarixli, 4/570 nömrəli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin kserosurətinin aşağı sol hissəsində “Satıcı”nın s.s.s., imzası” qrafasında olan “Məmmədov” yazıları və həmin yazının qarşısında olan imza- İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən: 324.1. Əəqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir.Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericilik iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən müqavilələrin etibarsız olması halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, müqavilələrin etibarsız olmasını sübut etməsi yükü iddiaçının üzərinə düşür. İddiaçı lombarddan hər ay 5 faiz ödəmək şərtilə 20000 manat pul götürdüyünü, borc qaytarılana qədər mübahisə predmeti olan avtomobilə dair lombardda işləyən Cavabdeh1 ilə formal alqı-satqı müqaviləsi bağlandığını, ilk bir ay üçün faiz ödədiyini iddia etsə də buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, iddiaçı öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Odur ki, məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq, formal mülahizələr əsasən müqaviləni etibarsız hesab bilməz. Cavabdehin avtomobili idarə etməsi üçün iddiaçının anasına etibarnamə verməsi isə tərəflər arasında alqı-satqı müqaviləsinin formal olaraq bağlanmasının təsdiq etmir. Əksinə iş materiallarında olan alqı-satqı müqaviləsinə əsasən iddiaçının avtomobili 20000 manata deyil, 35000 manata satdığı və iddiaçının (satıcının) həmin məbləği Cavabdeh1 (alıcıdan) aldığı müəyyən edilir. İddiaçı həmin alqı-satqı müqaviləsində olan imzanın ona məxsus olmadığını iddia etsə də, məhkəmə tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertin rəyi əsasında qeyd edilən imzanın iddiaçıya məxsus olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 arasında nəqliyyat vasitəsinə dair bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyildir. Odur ki, qeyd edilən müqavilə etibarsız hesab edilə bilməz. Məhkəmə iddianın digər hissəsi olan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi İddiaçı ilə Cavabdeh1 arasında nəqliyyat vasitəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində rədd olunduğundan, digər tələb ilkin tələblə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi həmin hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar