Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1100/2021 30.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı üçüncü şəxs Abşeron rayonu Xırdalan şəhəri 2 saylı Notariat kontoru cəlb olunmaqla Cavabdeh İlham Əzizağa oğluna qarşı “müqavilənin və sazişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs Abşeron rayonu Xırdalan şəhəri 2 saylı Notariat kontorunu cəlb etməklə “ipoteka müqaviləsinin və əlavə sazişin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış 05.07.2018-ci il tarixli ipoteka müqviləsi və ona əlavə edilmiş 24.04.2019-cu il tarixli sazişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İlham Əzizağa oğlu 30.08.2021-ci il tarixdə etiraz ərizəsi verərək iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh İlham Əzizağa oğlu 30.08.2021-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə verərək hazırki iddia tələbi üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, cavabdehlə oğlu vasitəsi ilə tanış olmuşdur. O, ona 50000 ABŞ dolları borc verdi ki, oğlu Dubaya gedib müəyyən mallar gətirsin. Yəni, biznes məqsədi ilə cavabdehdən borc almışdır. Oğlu Dubaya gedən axşam pulu oteldə oğlundan X8 və X3 adlı şəxslər oğurlamışdır. Hazırda həmin şəxslərlə bağlı DİN-də müvafiq cinayət işi başlanmışdır. Beləliklə, onlar, cavabdehə məlum 50 min dollar pulu borclanmışdır. O, pulu alanda Cavabdeh ilə kredit müqaviləsi bağlamış və notarial qaydada təsdiq etdirmişdir. O, yalnız kredit müqaviləsi bağlamış, həmin ad altında ipoteka müqaviləsi də bağlandığını bilməmişdir. Müqavilənin müddəti bir il olduğu halda İlham iki aydan sonra onlardan faiz tələb etməyə, evi əllərindən almaqla hədələməyə başlamışdır. Halbuki, müqavilənin 3-cü bəndində kreditin faizsiz şərtləşdirdiyi göstərilmişdir. Beləliklə, cavabdeh onu məcbur edərək bilmədiyi ipoteka müqaviləsinə əlavə saziş kimi, 24.04.2019 tarix də bir sənəd imzaladaraq, guya, ona əlavə 12000 ABŞ dolları verməsini, hesabladığı 12000 pulun faiz olduğunu rəsimləşdirdi, ona isə kredit müqaviləsinə əlavə olduğunu bildirmişdir. Əlavə olaraq qeyd edir ki, evin girov qoyulması ilə bağlı həmin evdə qeydiyyatda olan ailə üzvlərinin razılığı alınmamışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, ipoteka müqaviləsi bağlanarkən iddiaçının ailə üzvləri notariusa gələrək razılıq barədə ərizə vermişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuşdur və etibarsız hesab olunması üçün heç bir əsas yoxdur. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Bununla bağlı borcun tutulması barədə notariusdan icra qeydi alınaraq iş icraya yönəlmiş və icra hərəkətləri başlanmışdır. Lakin qarşı tərəf icra şöbəsinə də gəlmir. İpoteka müqaviləsinin predmeti olan ev iddiaçının adına olduğundan kredit və ipoteka müqavilələri də onunla bağlanmışdır. Əgər iddiaçının ipoteka müqaviləsindən həqiqətən xəbəri olmamış olsa idi, onda ən azı 1-2 ay ərzində bunu mübahisələndirə bilərdi. İpoteka müqaviləsi üzrə iddiaçının ailə üzvlərinin də notarial qaydada razılığı alınmışdır. Eyni zamanda iddiaçı iddia müdətini də ötürmüşdür. İddia tamamilə əsassız olduğundan rədd olunmalıdır. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 05.07.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 05.07.2019-cu il tarixədək qaytarmaq şərti ilə faizsiz olaraq 85000 manat məbləğində borc vermişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 05.07.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, İddiaçı onunla Cavabdeh arasında bağlanmış 05.07.2018-ci il tarixli, 3M-1118 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203,6 m2 olan fərdi yaşayış evi və Abşeron rayonu, Goradil kəndi, M.Müşfiq küçəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsini ipoteka saxlayan Cavabdeh xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 05.07.2018-ci il tarixli, 3M-1119 nömrəli ipoteka müqaviləsinə 1 nömrəli, 24.04.2019-cu il tarixli əlavə sazişə əsasən müqvilənin 3.2-ci bəndinə dəyişiklik edilərək öhdəliyin əsası kimi faizsiz 105400 manat borc müəyyən olunmuşdur. İş materiallarında olan Abşeron rayon, Görədil kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19.04.2018-ci il tarixli, 86 nömrəli arayışa əsasən X4, X9 və X2 rayonu, Goradil kəndi, M.Müşfiq küçəsi, 20 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş 21.04.2018-ci il tarixli ərizələrin surətinə əsasən X4, X9 və X1 Nurəddin Binyət oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203,6 m2 olan fərdi yaşayış evi və Abşeron rayonu, Goradil kəndi, M.Müşfiq küçəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsini ipoteka ilə yüklü edilməsinə etiraz etmir. İşin halları odur ki, tərəflər arasında kredit müqaviləsi, ipoteka müqaviləsi və ipoteka müqaviləsinə 1 nömrəli, 24.04.2019-cu il tarixli əlavə saziş bağlanmışdır. İddiaçı ipoteka müqaviləsi və əlavə sazişin etibarsız hesab edilməsini xahiş edir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, ipoteka müqaviləsi bağladığını bilməmişdir və onun ailə üzvlərinin razılığı alınmamışdır. Eyni zamanda qeyd edir ki, o, əlavə sazişi bağlamağa məcbur edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia tələbini əsaslandıran heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ipoteka müqaviləsi və əlavə sazişin etibarsızlığını 1 il müddət keçdikdən sonra mübahisələndirməklə müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X14 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı onunla Cavabdeh arasında bağlanmış 05.07.2018-ci il tarixli ipoteka müqaviləsi və ona əlavə edilmiş 24.04.2019-cu il tarixli sazişin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı onunla Cavabdeh arasında bağlanmış 05.07.2018-ci il tarixli ipoteka müqaviləsi və ona əlavə edilmiş 24.04.2019-cu il tarixli sazişin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1100/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1100/2021
30.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver