Məhkəmə qərarları › İş №2(004)-1109/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1109/2025

17.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1109/2025 17.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı istiliyin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: istiliyin bərpa edilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı istiliyin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2010-cu il tarixdən İddiaçı adına qeydə alınmışdır.

2. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 13-12/1-Ə-50-5-68/24 nömrəli məktubdan görünür ki, H.Zərdabi 71 nömrəli yaşayış binasında 61 mənzildən cəmi 42 mənzil mərkəzləşdirilmiş iştilik təchizatından istifadə edir. Bir tərəfdən binada bütün mənzillərin istiliklə təmin olunmaması ilə bağlı yaranan texnoloji istismar normalarının pozulması, digər tərəfdən istilik təchizatı xidmətllərindən istifadə edən sakinlər tərəfindən istilik haqlarının dəyərinin vaxtında və tam ödənilməməsi ümumilikdə xidmət göstərilməsində ciddi çətinliklər yaratmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.3-cü maddəsinin tələblərinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 235.1-ci maddəsinin tələblərinə əsasən yaşayış binasının birgə hissələrinin habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülərə və xərclərə aiddir. Lakin binanın sakinləri tərəfindən istifadə edilən istilik təchizatı xidmətlərinin dəyəri ödənilmədiyindən istilik xətlərinə texniki qulluq, habelə cari və əsaslı təmir işlərinin aparılması mümkün olmamışdır. Bununla əlaqədar olaraq sakinlərə bu barədə müvafiq xəbərdarlıq edilərək binanin istilik təchizatı dayandırılmışdır. xx.xx.2023-cü il tarixə istiliklə təmin olunmuş mənzillərdə abonent tərəfindən istifadə olunmuş istilik təchizatı xidmətinin dəyəri ödənilməmiş, həmin mənzillərin ümumilikdə 5575,57 manat məbləğində ödənilməmiş borcu qalmışdır.

3. "xxxx" ASC 1 saylı Bakı “ASAN Kommunal” mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 108C nömrəli arayışdan görünür ki, **********32 abonent kodlu Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçı abonentin istilik təchizatı xidmətinə görə xx.xx.2024-cü il tarixə borcu yoxdur.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən mənzilə cavabdeh tərəfindən verilən istliliyin bərpa edilməsi və ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Həmin evdə xx.xx.2023-cü il tarixdən cavabdeh tərəfindən mənzilə gələn istilik tam dayandırmışdır və bugünədək istilik bir dəfə belə olsun verilməmişdir. Abonent kodu üzrə ödənişləri vaxtında ödəmişdir. Hazırda heç bir borcu yoxdur. Cavabdehdən istiliyin kəsilmə səbəbini öyrəndikdə isə bildirmişlər ki, ümumi binanın borcu olduğuna görə istilik tam olaraq binaya dayandırılıb. O, qış aylarında məcbur elektrik enerjisindən istifadə etmiş, maddi ziyan təxminən 150-200 manat təşkil edir. Həmçinin mənəvi ziyan çəkmişdir.

b) iddiaya etiraz

6. İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirmişdir ki, binanın əksər sakinlərinin istilikdən istifadəyə görə borcu yaranmışdır. BBinanın istilik sisteminin quruluşuna görə yalnız bir mənzilin istilik sisteminin xəttinin ayrılması istiliyin bərpası texniki cəhətdən mümkün deyil.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclaslarında iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "xxxx" Qaydaları: Bənd 4.1. Müəssisənin vəzifələri aşağıdakılardır: 4.1.2. istehlakçını müqavilə ilə müəyyən edilmiş müddət ərzində fasiləsiz olaraq istilik və isti su təchizatı xidmətləri ilə təmin etmək; 4.1.5. istilik və isti su təchizatı xidmətləri ilə bağlı istehlakçıların müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun baxmaq; Bənd 6.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 6.1.4. istilik və isti su təchizatı xidmətlərindən istifadə etmək üçün Müəssisə ilə müqavilə bağlamaq və bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 6.1.5. istilik və isti su təchizatı xidmətlərinin hesabı Müəssisə tərəfindən istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaiti 1 (bir) ay müddətində tam məbləğdə ödəmək; Bənd 7.1. İstehlakçının hüquqları aşağıdakılardır: 7.1.1. istilik və isti su təchizatı xidmətlərindən istifadə etmək üçün Müəssisə ilə müqavilə bağlanılmasını və bağlanılmış müqavilənin şərtlərinin yerinə yetirilməsini tələb etmək; 7.1.6. müqavilə ilə müəyyən edilmiş müddət ərzində fasiləsiz olaraq istilik və isti su xidmətləri ilə təchiz edilmək; Bənd 8.1. Müəssisə istilik və isti su təchizatı xidmətlərini aşağıdakı hallarda dayandırır: 8.1.2. Müəssisənin istehlakçıya göstərdiyi istilik və isti su təchizatı xidmətlərinin hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait bir ay müddətində tam məbləğdə ödənilmədikdə; Bənd 8.2. İstilik və isti su təchizatı xidmətlərinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. İstilik və isti su təchizatı xidmətlərinin fərdi qaydada dayandırılması texniki cəhətdən mümkün olmadığı hallarda yaranmış mübahisə ilə əlaqədar Müəssisə tərəfindən məhkəməyə müraciət edilir. İstilik və isti su təchizatı xidmətlərinin dəyərini vaxtında ödəməyən istehlakçıya istilik və isti su təchizatı xidmətlərinin dayandırılması istilik və isti su təchizatı xidmətlərinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir; Bənd 8.3. Bu Qaydaların 8.1-ci bəndində nəzərdə tutulan hallarda (təmirprofilaktika və qəza işlərinin görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı, habelə dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldığı hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən istilik və isti su təchizatı xidmətlərinin dayandırılması qadağandır. İstilik və isti su təchizatı xidmətlərinin dayandırılması hər bir halda (təmir-profilaktika və qəza işlərinin görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı, habelə dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldığı hallar istisna olmaqla) Müəssisə tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

11. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

14. İşdən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yaşayır. Həmin mənzilin yerləşdiyi bina istilik sistemi ilə təchiz olunub. Lakin bina sakinləri tərəfindən istilik sistemindən istifadəyə görə haqq ödənilmədiyindən istiliyin verilməsi dayandırılmışdır. İddiaçının isə öz ünvanı üzrə istilik sistemindən istifadəyə görə borcu yoxdur. Bu barədə cavabdeh tərəfindən arayış verilmişdir.

15. Hazırda isə iddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən mənzilə cavabdeh tərəfindən verilən istliliyin bərpa edilməsi və ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi öhdəliyinin qoyulmasını xahiş edir.

16. Məhkəmə hesab edir ki, istiliyin bərpa olunması hissədə iddia tələbi əsaslıdır.

17. Belə ki, cavabdeh istiliyin verilməsinin dayandırılmasını binada olan digər mənzillər tərəfindən yaranan borcun ödənilməməsi ilə əsaslandırmışdır. Lakin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "xxxx" qaydalarının 8.2-ci bəndinə əsasən istilik və isti su təchizatı xidmətlərinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. İstilik və isti su təchizatı xidmətlərinin fərdi qaydada dayandırılması texniki cəhətdən mümkün olmadığı hallarda yaranmış mübahisə ilə əlaqədar Müəssisə tərəfindən məhkəməyə müraciət edilir. İstilik və isti su təchizatı xidmətlərinin dəyərini vaxtında ödəməyən istehlakçıya istilik və isti su təchizatı xidmətlərinin dayandırılması istilik və isti su təchizatı xidmətlərinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir;

18. Göründüyü kimi, istilik təchizatının dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Bu – fərdi qaydada dayandırma mümkün olmadığı təqdirdə isə məhkəməyə müraciət olunmalı, hər bir halda xidmətin dəyərini vaxtında ödəyən istehlakçıların hüquqları pozulmamalıdır.

19. İddiaçı həmçinin maddi və mənəvi zərərin ödənilməsini xahiş etmişdir, hansı ki, bu hissələrdə iddianın təmin olunmasına əsas verəcək yetərli sübutlar təqdim edilməmişdir.

20. İlk növbədə, nə maddi, nə də mənəvi zərərin tutulması ilə bağlı iddiaçı tərəfindən hər hansı konkret məbləğ göstərilməmiş, hansı formada və hansı həcmdə əmlak itkisinə, yaxud mənəvi sarsıntıya məruz qaldığı aydınlaşdırılmamışdır.

21. Maddi zərərlə bağlı iddia ərizəsinə elektrik enerjisindən istifadə barədə ödənişləri təsdiq edən abonent haqqında məlumatlar təqdim edilmişdir. Lakin məlumatlardan elektrik enerjisindən istifadəyə görə ödənilmiş ödəniş haqqlarında istilik təchizatının dayandırıldığı göstərilən xx.xx.2023-cü il tarixdən əvvəlki və sonrakı dövrlərin ödənişləri arasında hər hansı kəskin fərq müşahidə olunmur. Eyni zamanda əvvəlki dövrə münasibətdə müqayisə aparılması, iddiaçının cavabdehin hərəkəti nəticəsində normal sərfiyyatdan artıq sərfiyyatı, bunun nəticəsində dəqiq hansı məbləğdə artıq ödənişə məruz qaldığı aydın deyil.

22. Həmçinin, mülki dövriyyə şəraitində hər hansı hüquqa zidd hərəkətin törədilməsi heç də həmişə mənəvi zərərin vurulması ilə nəticələnmir. Hazırkı iş üzrə də cavabdehin hüquqazidd hərəkəti, iddiaçıya məxsus mənzilə istilik təchizatının əsassız olaraq dayandırması faktı özlüyündə iddiaçının birmənalı mənəvi zərər məruz qaldığı qənaətinə gəlmək üçün əsas deyil.

23. Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır.

24. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.

26. Odur ki, iddiaçı tərəf maddi və mənəvi zərər hissəsində öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia bu hissədə rədd edilməlidir.

27. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən mənzilə verilən istlilik "xxxx" ASC tərəfindən bərpa edilməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən mənzilə verilən istlilik "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar