Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1113/2021 11.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs 41 saylı Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin və razılaşmanın etibarsız hesab edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs 41 saylı Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin və razılaşmanın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək cavabdehlə aralarında bağlanmış və Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin və xx.xx.2020-ci il tarixli razılaşmanın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, Bakı şəhəri icra hakimiyyətinin texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2010- ci il tarixli MA-0063654 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.1 kv metr olan evin 1/2 hissəsinin 1/6 hissəsi İddiaçı1, 1/2 hissəsinin 1/6 hissəsi isə İddiaçı2 mülkiyyətindədir. Həmçinin, həmin sənədə əsasən sözügedən daşınmaz əmlak 1,7 sot torpaq üzərində yerləşir və həmin torpaq mülkiyyət hüquqları pozulana qədər onların istifadəsində olub. 2019-cu ilin sonunda Yasamal İcra Hakimiyyəti 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinə müraciət edərək, kompensasiya qarşılığında mülkiyyətçilərdən biri olan Yaşar Əliyevin istifadə və mülkiyyət hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə qərar verilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bu məhkəmə prosesindən və hüquqlarına toxunan məhkəmə qərarından məlumatları olmamış və bu barədə yalnız may ayının sonunda təsadüf nəticəsində xəbər tutmuşlar. xx.xx.2020-ci il tarixdə cavabdeh Yaşar Əliyev Bakı İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından apelyasiya şikayəti vermiş, şikayətə baxılan zamanı Bakı Apelyasiya məhkəməsinə müraciət edərək həmin qərarla mülkiyyət hüquqlarının pozulmasını bildirmiş və işə cəlb olunmalarını xahiş etmişlər, lakin, müraciətləri nəzərə alınmamışdır. Bakı apelyasiya məhkəməsi Yaşar Əliyevin şikayətini rədd etmişdir. Yaşar Əliyev AR Ali Məhkəməsinə kasasiya şikayəti vermiş, monlar da ərizə verərək işə cəlb olunmalarını xahiş etmişlər. Lakin, müraciətləri nəzərə alınmamışdır. AR Ali Məhkəməsi Yaşar Əliyevin kassasiya şikayətini xx.xx.2020-ci il tarixli qərarla rədd etmiş və qərar icraya yönəldilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı1 Bakı İnzibati Məhkəməsinə mülkiyyət hüquqlarının qorunması və bərpaedilməz zərərin dəyməsinin qarşısının alınmasına dair ərizə ilə müraciət etmiş, eyni zamanda, ərizə ilə məhkəmədən Yasamal RİH-nə qarşı verdiyi həmin iddia ərizəsi üzrə yekun qərar qəbul edilənədək AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının icrası dayandırılmasını və əmlakın sökülməsinin qadağan edilməsini xahiş etmişdir. Məhkəmə ərizə ilə bağlı heç bir tədbir görməmişdir. xx.xx.2020-ci il tarixdə Yasamal rayonu İcra şöbəsinin əməkdaşları AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının icrasına başlamışlar. İcra məmurlarına Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini bildirsə də, ağır tikinti texnikası mülkiyyətçisi olduqlaarı daşınmaz əmlakın onlara aid pay hissəsinə dair heç bir məhkəmə qərarı olmadan sökməyə başlamışdır. Sökülmə prosesində Yasamal RPİ-nin polis əməkdaşları iştirak etmişdir. Etiraz etdiklərinə görə İddiaçı1 və barəsində məhkəmə qərarı icra olunan Yaşar Əliyev polis bölməsinə aparılmış və yalnız evin sökülməsi bitəndən sonra azad edilmişlər. Ev sökülmüş, bütün əmlakları dağıntılar altında qalaraq məhv olmuşdur. Ev sökülən zaman evin içində olan əşyalar siyahıya alınmamış, onları götürməyə imkan verilməmişdir. Yuxarıda göstərilən özbaşnalıqlardan AR Baş Prokurorluğuna, Yasamal Rayon Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və digər qurumlara şikayətləri heç bir nəticə verməmişdir. xx.xx.2020-ci il tarixdə Yasamal RİP-nin 26-cı Polis Bölməsinin təhqiqatçısı şikayəti üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul etmişdir. xx.xx.2020-ci il tarixdə küçədə qalmalarını, köməksiz vəziyyətlərini və çıxış yolunun olmamasını bilən Yasamal RİH öz inzibati səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində Yasamal RİH ilə Yaşar Əliyev arasında bağlanan daşınmaz əmlakın alqısatqısı müqaviləsinə razılıq imzalamağa məcbur olmuşlar ki, Yaşar Əliyevə ödənilən kompensasiyaya mənzil alınsın və heç olmasa müvəqqəti olaraq orada məskunlaşsınlar. Bir daha bildirirlər ki, paylı mülkiyyətçisi olduqları daşınmaz əmlakdan məhkəmə qərarı və digər qanuni əsas olmadan məhrum edilmişlər. Cavabdehin hakimiyyətdən sui-istifadəsi yolu ilə qeyri-insani rəftarı nəticəsində ağır vəziyyətə düşmələri, hədələnmələri, təhqir olunmaları, ailə üzvləri ilə birgə küçədə qalma təhlükəsi qarşısında mülkiyyət hüququndan imtinaya məcbur edilmişlər. Cavabdeh inzibati orqan Yasamal RİH-nin və onun sifarişini yerinə yetirən polis və icra orqanlarının işçilərinin onlara qarşı etdiyi qanunsuz hərəkətləri, hədə-qorxular, psixoloji- mənəvi sarsıntılar və iztirab keçirmələrinə, əsəblərinin pozulmasına gətirib çıxarmışdır. Cavabdeh inzibati orqanın onlara qarşı pis rəftarının məqsədi mülkiyyətlərindən imtina etməyə məcbur edilməsi olmuşdur. Dövlət orqanlarına, o cümlədən polisə ünvanladıqları şikayətlərin nəticə verməməsi onlarda ümidsizlik və çarəsizlik yaratmışdır. Yaşadıqları ərazidə söküntülərin həyata keçirildiyi 2 illik müddət ərzində özünü Yasamal rayonu İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edən şəxslər dəfələrlə, mütəmadi olaraq hədə-qorxu gəlir, mənzili tərk etməklərini tələb edir, əks halda isə evin “dağıdılaraq başlarına uçuracaqlarını” bildirirdilər. Bundan sonra işıq, qaz və su xəttlərini kəsiblər, bunu hansı əsasla etdiklərini soruşanda, Yasamal icra hakimiyyətinin tapşırığını yerinə yetirdiklərini deyiblər. Bundan sonra işıqsız, suzuz və qazsız yaşamağa məcbur olmuşlar. Nəhayyət, xx.xx.2020-ci il tarixdə evləri zorla sökülmüş və küçədə qalmışlardıq. Belə bir vəziyyətdə Yasamal icra hakimiyyəti ilə artıq sökülmüş ev barəsində Bakı şəhəri 41 saylı dövlət notariat kontorunda xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsini imzalamağa məcbur olmuş, əlavə olaraq Yasamal İcra Hakimiyyəti çoxsaylı şikayətlərindən sonra xx.xx.2020-ci il tarixli razılaşmanı da imzalatdırmışdır. Müqavilənin və razılaşmanın bağlandığı tarixdə müqavilənin predmeti olan daşınmaz əmlak mövcud deyildi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə) iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Cavabdeh nümayəndəsi X7 iddiaçıların məhkəmə iclasına gəlməmələrinin mübahisənin həllinin uzadılması məqsədi daşımasını göstərərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış üçüncü şəxs Bakı şəhəri 41 saylı dövlət notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə işə iddiaçıların və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi X7 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Bakı şəhər Yasamal rayonu icra hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. ünvan 1 ünvanında yerləşən əmlaka yerində baxış keçirilmiş və həmin əmlakın iddiaçılar İddiaçı1, İddiaçı2 və onların atası X3 mülkiyyətlərində olmuş sahələrə görə müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq ümumi 75.223 manat məbləğində kompensasiya məbləği hesablanmışdır. Kompensasiya məbləğini almaqdan imtina etdikləri üçün Bakı şəhər Cavabdeh iddiaçının atası X5 qarşı “kompensasiya ödənilərək mənzilin boşaldılması” barədə iddia ərizəsi ilə 1 saylı İnzibati-lqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2-1(81 )-1599/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı X5 75.233 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1656/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Qeyd olunan qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019cu il 2-1 (102)-3155/2019 saylı qərar ilə təmin edilməmişdir. Beləliklə, İddiaçı2, X9 və İddiaçı1 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanaraq, ünvan 1 ünvanında yerləşən paylı əmlakın 1/2 hissənin qalan hissəsindən 4/6 hissəsinə görə X5, 1/2 hissənin qalan hissəsindən 1/6 hissəsinə İddiaçı1 və 1/2 hissənin qalan hissəsindən 1/6 hissəsinə görə İddiaçı2 cəmi 60.223 manat kompensasiya məbləği ödənilmişdir. 75.223 manat kompensasiya məbləğindən qalan 15.000 manat kompensasiya məbləği xx.xx.2020-ci il tarixində Cavabdeh ilə həmin ünvanda qeydiyyatda olmaqla uzun müddət istifadə edən X4 arasında bağlanmış müqaviləyə əsasən həmin şəxsə ödənilmişdir. Bundan başqa, Cavabdeh ilə X9, İddiaçı1 və İddiaçı2 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli maddi yardım haqqında razılaşmaya əsasən mülkiyyətçilərə kompensasiya məbləğindən əlavə olaraq 15.469,50 manat 50 məbləğində pul ödənilmişdir. İddiaçıların paylı mülkiyyətində olmuş əmlaka görə onlara qanuna müvafiq ədalətli məbləğdə kompensasiya ödənilmişdir. Lakin, bunlara baxmayaraq iddiaçılar Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək müqavilənin və razılaşmanın etibarsız hesab edilməsini xahiş etmişdir. Halbuki, iddiaçılar notarial qaydada verdikləri ərizələrə əsasən dövlət ehtiyacları üçün alınanadək onların sahib olduqları yaşayış obyektləri ilə əlaqədar hər hansı digər tələblərinin olmayacağını, həmin obyektlərlə bağlı məhkəmədə və digər dövlət qurumları qarşısında hər hansı iddia qaldırmayacaqlarını və bununla bağlı dövlət orqanlarına, mətbu orqanlarında, qeyrihökümət təşkilatlarına və digər təşkilatlara heç bir şikayətlərinin olmayacaqlarını və müraciət etməyəcəkləri barədə öhdəlik götürmüşdürlər. Nəticə etibarı ilə, iddiaçılar mübahisəli sahəni alqı-satqı müaqaviləsi əsasında Cavabdeh xeyrinə özgəninkiləşdirmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddia tələbinin əsassız və qanunsuz olduğuna görə təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.1 kv metr olan evin 1/2 hissəsi X1, 1/2 hissədən 1 otaq X6, 1/2 hissənin qalan hissəsindən 4/6 hissəsi X3,1/2 hissənin qalan hissəsindən 1/6 hissəsi İddiaçı1 və 1/2 hissənin qalan hissəsindən 1/6 hissəsi İddiaçı2 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81 )- 1599/2019 saylı qərarının surətindən görünür ki, iddiaçı Yasamal Rayon İcra Hakimiyyyətinin cavabdeh X5 qarşı “kompensasiya ödənilərək mənzilin boşaldılması” barədə iddiası təmin edilərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı X5 75.233 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1656/2019 saylı qərarının surətindən görünür ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1599/2019 saylı qərarından cavabdeh X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il 2-1(102)-3155/2019 saylı qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1656/2019 saylı qərarından cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. AN-İ seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, satıcılar X9, İddiaçı1 və İddiaçı2 özlərinə məxsus ünvan 2 ünvanının 1/2 hissəsinin müvafiq olaraq 4/6, 1/6 və 1/6 hissələrini ümumilikdə 60.223 manat müqabilində Bakı şəhər Cavabdehnə satmışdır. Alqı-satqı müqaviləsi Bakı şəhəri 41 saylı notariat ofisində təsdiq olunmuş və reyestrdə 4Ə-202 nömrə ilə qeyd edilmişdir. Bakı şəhər Cavabdeh ilə X9, İddiaçı1 və İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşmanın surətindən görünür ki, razılaşmanın şərtlərinə əsasən, “İkinci tərəf” onlara ödənilmiş, kompensasiya məbləğinə yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiklərini bildirmiş və onlara kömək məqsədi ilə bu razılaşmanın birinci hissəsində göstərilən kompensasiya məbləğinə əlavə maddi yardım ödənilməsini "Birinci tərəf”dən xahiş edmişlər. "Birinci tərəf" yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə "ikinci tərəf”in xahişini qəbul etmiş və onlara ödənilmiş kompensasiya məbləğinə əlavə olaraq bu razılaşmanın predmetinə dair öz imzalanmış razılaşma protokolu ilə müəyyən edilmiş qaydada hesablanan 15469.50 manat məbləğində maddi yardım ödənilməsi və həmin vəsaitin 7 gün müddətində müvafiq notarial ofisinin müvəkkil bankda olan depozit hesabında "İkinci tərəf”in adına köçürülməsi barədə öhdəlik götürmüşdür. "İkinci tərəf” bəyan etmişdir ki, razılaşma protokolunda əksini tapan maddi yardımın hesablanması qaydası və ödənilməsi şərtləri onlara izah edilmişdir və bu şərtlərlə tam razıdırlar və bu razılaşmanın onlara hər hansı kənar təsir olmadan bağlandığını bəyan etmişlər. Müvafiq bankda adlarına açılmış bank hesabına 15469.50 manat vəsait köçürüldüyü andan etibarən ünvan 2-də yerləşən və dövlət ehtiyacları, üçün alınanadək sahibi olduqları yaşayış obyekti ilə əlaqədar hər hansı digər tələblərinin olmayacağı, həmin obyektlə bağlı məhkəmələrdə və dövlət qurumları qarşısında hər hansı iddia qaldırmayacaqları və bununla bağlı dövlət orqanlarına, mətbu orqanlarına (KİV), qeyri-hökümət təşkilatlarına və digər təşkilatlara heç bir şikayət etməyəcəkləri barədə öhdəlik götürmüşlər. "İkinci tərəf” əlavə olaraq təsdiq etmişdir ki, dövlət ehtiyacları üçün alınanadək sahibi olduqları yaşayış obyekti və razılşamanın predmeti ilə əlaqədarİ onun hüquqlarını müdafiə edən müvəkkillər tərəfindən də hər hansı bir iddia təiad sürülməyəcəkdir və belə tələblər irəli sürüləcəyi halda bu cür tələbin ünvanlandığı müvafiq qurumlardan həmin məsələlərə baxılmamasını xahiş etmişdirlər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə bu Qanuna əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi, dəniz limanının ərazisinin artırılması torpağın alına biləcəyi dövlət ehtiyaclarıdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, “MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar.” Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumunun “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2018-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqyinə görə, “Mülki qanunvericilik bu azadlığı (müqavilə azadlığı) mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.4-cü maddəsinə görə isə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Beləliklə, məhkəmə baxışı zamanı iş materialları və məhkəmədə toplanılmış digər sübutlar hərtərəfli araşdırılmaqla işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 41 saylı notariat ofisində təsdiq edilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.1 kv metr olan evin iddiaçılara məxsus hər birinin 1/2 hissədən 1/6 hissəsinə dair xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi və xx.xx.2020-ci il tarixli razılaşma İddiaçı1, 1/2 hissəsinin 1/6 hissə 4-Ə reyestr nömrəsi ilə təsdiq olunmuş xx xxxx 2018-ci il tarixli AN-1 № ******* saylı alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət olunmaqla, o cümlədən, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq bağlanmışdır. Həmçinin, iddiaçılar qeyd olunan müqavilənin etibarsız hesab edilməsi barədə tələblərini iddia ərizəsində əsaslandıra bilməmiş, bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, iddia tələbi əsassız olduğundan, rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs 41 saylı Notariat Kontoruna qarşı alqı- satqı müqaviləsinin və razılaşmanın etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1113/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1113/2021
11.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver