Məhkəmə qərarları › İş №2(004)-1135/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1135/2021

14.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1135/2021 14.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 07.12.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi, ev 45C, 14 saylı mənzili barədə onunla Cavabdeh arasında bağlanmış 11.06.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahat verərək bildirir ki, təsisçisi olduğu “xxxx” MTK və Cavabdeh arasında 27.08.2018-ci il tarixdə kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə “xxxx” MTKonun tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi, 468-472-ci məhəllədə inşa edilən 6 mərtəbəli, çoxmənzilli yaşayış evinin ümumi sahəsi 81,1 m2, yaşayış sahəsi 66,1 m2 olan 18 nömrəli mənzilin Cavabdeh təhvil verməyi, Cavabdeh isə mənzilin dəyərini təşkil edən 91000 manat məbləğində pulu MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə nəzərdə tutulmuş qaydada cavabdeh 91000 manat ödəmiş və mənzil ona təhvil verilmişdir. Cavabdeh mənzili bəyənmiş, onun mansard mərtəbədə yerləşməsini bilmiş və bununla razılaşmışdır. Onu da qeyd edir ki, qeyd olunan ünvanda MTK-ya məxsus 18 nömrəli sadəcə bir mənzil olmuşdur. Cavabdeh 2020-ci ildə mənzili öz adına qeydiyyata alarkən mübahisə yaratmış və MTK-dan başqa mənzil tələb etməyə başlamışdır. O isə mübahisəyə son qoymaq üçün eyni binadan yerləşən və onun adına qeydiyyatda olan mənzili Cavabdeh adına keçirməyi, əvəzində isə 18 nömrəli mənzilə dair müqavilənin ləğv olunmasını təklif etmiş və Cavabdeh onunla razılaşmışdır. Bundan sonra onunla Cavabdeh arasında notariat kontorunda 14 saylı mənzilə dair alğı-satqı müqaviləsi bağlanmışdır. Lakin həmin mənzil Cavabdeh mülkiyyətinə verildikdən sonra o, 18 nömrəli mənzilə dair alğı-satqı müqaviləsini ləğv etməmiş, müxtəlif bəhanələrlə şərtlərini pozmuşdur. Hazırda müahisə predmeti olan evi cavabdeh onu aldadaraq əldə etmişdir. Həmçinin müqavilə ilə müəyyən edilmiş pul cavabdeh tərəfindən ödənilməmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddiaçının onunla başqa mübahisəsi var və bu iddianın səbəbi də həmin mübahisədir. Həmin mübahisə isə iddiaçının onun mülkiyyətində olan 215000 manat dəyərində olan əmlakını ona 50000 manat satmasını tələb etməsindən ibarətdir. Hazırki iddia tələbi ilə bağlı dəfələrlə araşdırılmalar aparılmışdır. O, 85000 manat ödəyərək evi almış, təmir etdirmişdir. Mənzilin mansard məsələsini 14 saylı mənzili aldıqdan sonra, maliyyə arayışını alarkən bilmişdir. İddia tələbi əsassızdır. İddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə X3 arasında bağlanmış 11.06.2020-ci il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsinin surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi, ev 45C, 14 saylı mənzil İddiaçı tərəfindən 85000 manata Cavabdeh satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, ev 45C, mənzil 14, giriş-1 ünvanında yerləşən mənzil İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestrində 01.06.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan “xxxx” ASC-nin 10.12.2020-ci il tarixli, BİN423 nömrəli məktubuna əsasən notarius X1 11.06.2020-ci il tarixli, XK-406 saylı məktubuna əsasən alğı-satqı müqaviləsi üzrə 85000 manat Cavabdeh tərəfindən notariusun hesabına mədaxil edilmişdir. İş materiallarında olan İddiaçı 11.06.2020-ci il tarixli, **********794 saylı ərizəsinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, ev 45C, mənzil 14, giriş-1 ünvanında yerləşən ümumi sahəsi 76,2 m2 olan mənzili 85000 manata satılması barədə razılığa gəlmişdir. Bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır. İşin müəyyən olunmuş halları odur ki, mübahisə predmeti olan ev 01.06.2020-ci ildə iddiaçının adına qeydiyyatdan keçmiş, 11.06.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh satılmışdır. Cavabdeh tərəfindən evin müqavilədə nəzərdə tutulmuş dəyəri ödənilmişdir. Hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış 11.06.2020-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini edilməsini xahiş edir. Məhkəmə iddianı əsassız hesab edir. Belə ki, iddiaçı 11.06.2020-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsinin cavabdehin onu aldatması yolu ilə bağlandığını və cavabdeh tərəfindən mübahisə predmeti olan evin müqavilə ilə müəyyən edilmiş dəyərinin ödənilmədiyini iddia etsə də, iş materialları ilə cavabdeh tərəfindən evin dəyərinin ödənildiyi sübut olunur. Lakin iddiaçı müqavilənin aldatma yolu ilə bağlandığını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi, ev 45C, 14 saylı mənzilə dair onunla Cavabdeh arasında bağlanmış 11.06.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi, ev 45C, 14 saylı mənzilə dair onunla Cavabdeh arasında bağlanmış 11.06.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar