Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1137/2021 05.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 MMC-yə qarşı əmək haqqı tələbinə dair mülki işə 1 saylı Bölgə üzrə X4 cəlb edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1237,30 manat məbləğində əmək haqqının, 1000 manat məbləğində mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi X1na məxsus “Gənclik Mall” Ticarət mərkəzində yerləşən, “Koton” mağazasında xx.xx.2019-cu il tarixdən satış məsləhətçisi vəzifəsində işləməyə başlamışdır. Aylıq 250 manat (əmək haqqından tutmalarla 237 manat) əmək haqqı ödənilməsi barədə əmək müqaviləsinə qeyd edilməklə ona ödəməyi şirkət öz üzərinə götürmüşdür. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə, 146 №-li əmr ilə əmək münasibətləri rəsmiləşdirilmiş, xx.xx.2020-ci il tarixdə 176 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən onun ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Ona rəsmi olaraq maaş kartı fevral ayının sonunda təqdim edilmişdir. O da xx xxxxxx 2020-ci il tarixdə X4 Xidmətinə əmək haqqının ödənilməsi üçün həm yazılı, həm elektron qaydada müraciət etmişdir. Bir müddət araşdırma aparılmış, həm onu, həm də Cavabdeh2 MMC-nin əməkdaşlarını dəvət edib dinləmişlər. Bundan sonra avqust ayının sonunda ona fəaliyyətinə icazə verilmiş mağazalardan birində satış məsləhətçisi işi təklif edilmışdır. O, keçən ayların ödənilməmiş əmək haqqlarının ödənilməsi şərtilə bu təklifi qəbul edəcəyini bildirsə də, şirkət ödənilməmiş əmək haqlarının bundan sonra da ödənilməyəcəyini bildirmişdir. O, bir neçə dəfə fasilələr ilə cavabdehlərə müraciət etsə də, əmək haqqının ödənilməsi, həmçinin yeni işlə təmin edilməsi mümkün olmamışdır. Sentyabr ayının 22-də X1 ona fəaliyyətinə icazə verilmiş mağazalardan birində satış məsləhətçisi kimi işləməyi ilə bağlı avqust ayındakı təkliflə eyni məzmunlu təklif irəli sürdü. İddiaçı bununla razılaşmış, ancaq təklif real təzahürünü əks etdirə bilməmışdır. Belə ki, şirkət onu “satış məsləhətçisi“ vəzifəsinə yox, “anbardar“ vəzifəsinə təyin etmişdir. X1 tutarsız mövqe əks etdirsə də, çətin vəziyyətini nəzərə alaraq, işlə tanış olmağı qəbul etmişdir. 1 gün ərzində işlə tanış olduqdan sonra, xx.xx.2020-ci il tarixdə işdən imtina etmişdir. Uzun müddət (oktyabr, noyabr) gözləsə də konkret tədbirlər görülməmişdir. Yekunda məcbur qalıb başqa iş tapmaq üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini və son haqq-hesabın edilməsini xahiş etmişdir. Bu müddətdə əmək haqqının ödənilməməsi ilə yanaşı ona cavabdehlər tərəfindən mənəvi sarsıntılar keçirməyinə səbəb olacaq hərəkətlər də edilmişdir. Onun hər dəfə əmək haqqının ödənilməsi ilə bağlı etdiyi müraciətlər ciddiyə alınmamış, ötəri tədbirlər görülmüşdür. O da bunun müqabilində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edəcəyini bildirəndə bunun bir fayda verməyəcəyi vurğulanmışdır. Beləliklə, cavabdehlər tərəfindən uzun müddət əmək haqqı ödənilmədən, sadacə ötəri vədlər verilməklə bu proses süni surətdə uzadılmışdır. Yekunda cavabdehlər mənəvi sarsıntılar keçirməyinə səbəb olmuş, bununla da ona mənəvi ziyan vurulmuşdur. Həmin məbləği ödəniləcək əmək haqqına münasibətdə 1000 manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini tam müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraz təqdim edərək izahatında bildirmişdir ki, iddia ərizəsindən də göründüyü kimi iddia edilən əmək haqqı dövrü xüsusi karantin rejiminin qüvvədə olduğu müddətləri əhatə edir. Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 122 nömrəli qərarı ilə Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi tətbiq edilmişdir. Həmin qərarla iri ticarət obyektlərinin fəaliyyətinə, o cümlədən orada yerləşən obyektlərin fəaliyyətinə məhdudiyyət tətbiq edilmişdir, karantin rejimi işçilərdən daha çox sahibkarlara təsirsiz keçməyib. Həmin qərarın 1.4-cü bəndi ilə eyni zamanda fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə tövsiyə edilmişdir. Göründüyü kimi həmin qərarın tələblərinə uyğun olaraq cavabdeh öz fəaliyyətini iradəsindən asılı olmayan səbəbdən faktiki olaraq dayandırmış, hər hansı dövriyyəsi, fəaliyyəti və gəliri olmamışdır. Bundan başqa iddiaçı işləmədiyi günlərə görə əmək haqqı tələb edir. Onun işə çıxmasına tərəflərindən hər hansı məhdudiyyət qoyulmayıb. Dövlət tərəfindən yardım olaraq ödənilmiş vəsaitlər tam olaraq işçilərə, o cümlədən İddiaçı ödənilmişdir. Eyni zamanda iddiaçı ödənişlərlə bağlı məhkəməyə təhrif edilmiş, doğru olmayan məlumat təqdim etmişdir. Belə ki, iddiaçıya 2020-ci ilin iyul ayında da ödəniş edilmişdir. İddiaçı işsiz olaraq daha yüksək müavinət alacağını əsas gətirsə də, bunun qanuni əsası yoxdur və bu iddianın təmin edilməsi üçün səbəb deyil. Eyni zamanda öz istəyi ilə iş yerini tərk etmiş şəxslərə dövlət işsiz statusu vermir. Bundan başqa işsiz statusu olan şəxslərdən fərqli olaraq iddiaçının xüsusi karantin rejimindən sonra iş yeri var. İddiaçı ona mənəvi ziyanın vurulmasını hər hansı formada əsaslandıra bilməmiş və buna dair hər hansı sübut təqdim etməmişdir. Bu tələb üzrə hər hansı mənəvi ziyandan söhbət belə gedə bilməz. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarının 1.4-cü bəndinə əsasən fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı hazırki iddia tələbi ilə aprel ayında 87 manat, iyul ayında 237,75 manat, avqust ayında 112,30 manat, sentyabr ayında 237,75 manat, oktyabr ayında 237,75 manat, noyabr ayında 237,75 manat olmaqla cəmi 1237,30 manat məbləğində ödənilməmiş əmək haqlarının ona ödənilməsini məhkəmədən xahiş edir. Lakin həmin dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən işəgötürənin iradəsindən asılı olmayan səbəbdən işçi işə çıxmamışdır. Beləliklə, əmək haqqının vaxtında verilməməsində işəgötürənin təqsirli olması halı sübut edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təxminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1137/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1137/2021
05.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver