Məhkəmə qərarları › İş №2(3-6)-775/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-775/2026

10.03.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-775/2026 10.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, X4 və Səmədov Rəşid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4952/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı iddia edir ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin problemli kreditlər üzrə şöbəsinə müdir axtardığını görmüşdür. Özü "xxxx" hazırlamış və həmin MMC-nin e-mail adreslərinə göndərmişdir. Müsabiqədə iştirak etmiş və onu işə qəbul edəcəklərini bildirmişlər. Bu səbəbdən "xxxx" MMC-dən işdən azad edilmə barədə ərizə təqdim etmiş və işə getməmişdir. 176303 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətində hüquqşünas vəzifəsinə işə qəbul edilmiş və öz ərizəsi ilə xx.xx.2025-ci il tarixdə işdən azad edilmişdir. İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdən əvvəlki 7 ay üzrə əmək haqqı təyinatlı ödənişlərin cəmi 13178,22 manat olmuşdur. Hazırda iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən işdən çıxmağına görə aylıq əmək haqqından olduğu üçün 3 aylıq əmək haqqı olan 7.500 manat, dəfələrlə MMC-yə gedib gəldiyi üçün 2.500 manat və mənəvi ziyan olaraq 15.000 manat, cəmi 25.000 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə internet səhfəsində "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin problemli kreditlər üzrə şöbəsinə müdir axtardığını görmüşdür. Özü "xxxx" hazırlamış və həmin MMC-nin e-mail adreslərinə göndərmişdir. Həmin dövrdə o "xxxx" MMC-də (Manato.az) məhkəmə işləri üzrə şöbənin hüquqşünası işləyirdi. MMC-yə "xxxx"-ni göndərdikdən sonra həmin müəsissənin əməkdaş Aynurə Mirhəsənova (***-*******) onunla əlaqə saxlayaraq müsabiqəyə dəvət etmişlər. xx.xx.2025-ci il tarixdə müsabiqədə iştirak etmiş və onu işə qəbul edəcəklərini bildirmişlər. xx.xx.2025-ci il tarixində onunla yenidən əlaqə saxlayaraq iş planı hazırlayıb onlara göndərməyini xahiş etmişlər. xx.xx.2025-ci il tarixdə geri dönüş edərək onların əməkdaşlıq edəcəyini və işə qəbul olmaq üçün sənədləri hazırlamağını bildirmişlər. Bundan əlavə isə işlədiyi "xxxx" MMC-də işdən ayrılmaq üçün ərizə təqdim etməyini söyləmişlər. Bu səbəbdən "xxxx" MMC-dən işdən azad edilmə barədə ərizə təqdim etmiş və işə getməmişdir. xx.xx.2025-ci ildə MMC-nin yerləşdiyi “Malibo Residence”ə dəvət etmişlər. Ora gedərkən onu əməkdaşlarla tanış edib, problemli kreditlər şöbəsinin müdiri kimi təqdim etmişlər, əlavə olaraq xx.xx.2025ci il tarixindən iş fəaliyyətinə başlayacağını elan etmişlər. Ancaq bundan sonra xx.xx.2025-ci il tarixədək müxtəlif bahanələr gətirərək işə buraxmamışlar. xx.xx.2025-ci il tarixdə isə onlarla işləyə bilməyəcəyi, əsas kimi guya ki, Mərkəzi Bankla onların şirkəti arasında hər hansısa yaranmış mübahisə olduğu bildirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4952/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 3765,20 manat məbləğdə pulun "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hüquqşünas (şöbə müdiri) vakansiyası üzrə işə qəbul edilməsi üçün cavabdeh MMCnin əməkdaşları ilə görüşməsi, işə qəbul prosesi ilə bağlı mütəmadi danışıqların və müzakirələrin aparıldığı, yekunda MMC-nin əməkdaşının təkidi ilə əvvəlki iş yeri üzrə işdən öz təşəbbüsü ilə azad olunması iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh MMC-nin iddia tələbinə qarşı şifahi etirazının əsas dəlillərindən biri iddiaçının əlaqədə olduğu şəxslərin heç birinin işə işçi götürmək səlahiyyətinin olmaması barədədir. Məhkəmə bu dəlilləri qəbul etməmişdir. Əvvəla, həmin ərəfədə cavabdeh MMC-də “yığım şöbəsinə şöbə müdiri və ya qrup rəhbəri” vakansiyasının olduğunu cavabdehin nümayəndəsi də məhkəmə iclasında qəbul etmişdir. İddiaçı da adıçəkilən şəxsləri təsisçi Fuad bəyi və kadrlar şöbəsinin əməkdaşı Aynurə xanımı şəxsi münasibətlər zəminində tanımamış, cavabdeh MMC-nin vakansiyasına müraciət etdikdən sonra, MMC-nin əməkdaşları olaraq onlar özü iddiaçı ilə əlaqə saxladıqlarında tanımışdır. Bu baxımdan, iddiaçının MMC-nin əməkdaşları olaraq adıçəkilən şəxslərə etimad göstərməsi normal olmuşdur. İşçinin müsahibələrdən və tanışlıqdan sonra işə qəbul edilməməsinin normal olması barədə dəlillər də qəbul edilmir. İşçidən məhkumluq haqqında arayışın istənilməsi, iş planı barədə müzakirələr, işçinin kollektivə təqdim edilməsi və s. hərəkətlər işgüzar təcrübədə işəgötürənin işçinin işə qəbul edilməsi ilə bağlı müsbət yekun qərarı verməsindən sonra icra edilən addımlardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdeh MMCnin məsul şəxslərinin hərəkətlərinə və sözlərinə inam göstərərək öz ərizəsi ilə işdən azad olunması, sonradan razılaşdırılanın əksinə işə qəbul edilməməsi, nəticədə bir müddət işsiz qalması ona cavabdehin təqsiri ucbatından zərər vurulduğunu deməyə əsas verir İddiaçının dediyinə görə cari ilin oktyabr ayında yeni işə qəbul ola bilmişdir və bunun əksi iş materialları ilə təkzib edilmir. Odur ki, iddiaçının işdən məhrum olduğu 2 ay üzrə əmək haqqı məbləği cavabdehdən zərərin əvəzi qismində tutulmalıdır. İddiaçı aylıq əmək haqqının 2.500 manat olduğunu bildirsə də, təqdim etdiyi hesab çıxarışdan görünür ki, əmək haqqı sabit pul məbləğində yox, hissəvi ödənişlər formasında köçürülmüşdür. Hesabdan çıxarışın əhatə etdiyi əvvəlki 7 ay üzrə cəmi əmək haqqı məbləği 13178,22 manat, aylıq orta əmək haqqı isə 1882,60 manat təşkil etmişdir. Odur ki, 2 ay üzrə 3765,20 manat cavabdehdən tutulmalıdır. Cavabdeh MMC-nin ofisinə gediş-gəliş xərclərinə dair hər-hansı sübut təqdim edilmədiyindən bu hissədə tələb təmin edilməməlidir. İddiaçı eyni zamanda mənəvi zərərin əvəzinin tutulmasını da xahiş edir ki, məhkəmə bu hissədə də iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır. Hazırkı işin halları baxımından isə işin bu faktiki hallarının heç biri iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddiaçının iddiasını qismən təmin edilən hissəsinin də, yəni 3765,20 manat məbləğdə pulun "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi ilə bağlı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam və obyektiv araşdırmadan qətnamə qəbul etmişdir. Həmçinin birinci instansiya məhkəməsi iş üzrə araşdırmanı və ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. Belə ki, qətnamədə qeyd olunur ki, iddiaçının hüquqşünas (şöbə müdiri) vakansiyası üzrə işə qəbul edilməsi üçün cavabdeh MMC-nin əməkdaşları ilə görüşməsi, işə qəbul prosesi ilə bağlı mütəmadi danışıqların və müzakirələrin aparıldığı, yekunda MMC-nin əməkdaşının təkidi ilə əvvəlki iş yeri üzrə işdən öz təşəbbüsü ilə azad olunması iş materialları ilə öz təsdiqini tapır. Bununla bağlı olaraq qeyd edilir ki, əvvəla vakansiyada hüquqşünas (şöbə müdiri) yox, “Problemli kreditlərin yığımı üzrə qrup rəhbəri” kimi elan olmuşdur. Daha sonra hakim qeyd edir ki, “yekunda MMC-nin əməkdaşının təkidi ilə əvvəlki iş yeri üzrə işdən öz təşəbbüsü ilə azad olunması iş materialları ilə öz təsdiqini tapır” halbuki, bununla bağlı olaraq iş materiallarında hər hansı bir sübut mövcud deyildir. İddiaçı qeyd edir ki, Fuad və Aynurə Mirhəsənova adlı şəxslərlə danışıqları olubdur. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, Fuad Bağırov "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətin təsisçisi, Aynurə Məhərrəmova isə kadrlar şöbəsinin əməkdaşıdır. Hər iki şəxsin işəgötürmək kimi səlahiyyətləri yoxdur. Çünki cəmiyyətin direktoru yəni işəgötürəni X5r. Hansı ki, iddiaçının onunla heç bir görüşü olmamışdır. Cəmiyyətin direktoru kimi onun tərəfindən iddiaçının işə qəbulu ilə bağlı hər hansı bir əmr və yaxud göstəriş verilməmişdir. Əmək qanunvericiliyini tələblərinə əsasən əmək müqaviləsi işəgötürən və işçi arasında bağlanır. Təsisçi ilə yox. Daha sonra məhkəmə qətnamədə qeyd etmişdir ki, “məhkəmə hesab edir ki, iddiaçının cavabdeh MMC-nin məsul şəxslərinin hərəkətlərinə və sözlərinə inam göstərərək öz ərizəsi ilə işdən azad olunması, sonradan razılaşdırılanın əksinə işə qəbul edilməməsi, nəticədə bir müddət işsiz qalması ona cavabdehin təqsiri ucbatından zərər vurulduğunu deməyə əsas verir.” Bununla bağlı olaraq qeyd edir ki, hansı zərər ola bilər ki, iddiaçı özü iddia ərizəsində qeyd edir ki,xx.xx.2025-ci il tarixdə işdən azad olunub. İddiaçı daha sonra iddiasında göstərir ki, xx.xx.2025-ci il tarixdə guya onu iş fəaliyyətinə başlamağı elan etmişlər. Əgər həqiqətən belə bir danışıq olsaydı onda iddiaçı xx.xx.2025-ci il tarixdə yox, xx.xx.2025-ci il tarixdə də işdən çıxa bilərdi, yəni 15 gün əvvəldən işdən azad olmağa heç bir ehtiyac və zəruriyyətdə yox idi. Yəni bu o deməkdir ki, iddiaçı könüllü öz iradəsinə və arzusuna uyğun olaraq işdən azad olmuşdur. İddiaçı ali təhsilli hüquqşünasdır. Ən azında onun işə qəbul edilməsi ilə bağlı cavabdehdən hər hansı bir rəsmi sənəd əldə edə bilərdi. Tam əmin olandan sonra işdən azad oluna bilərdi. Bu fakt özlüyündə onu göstərir ki, cavabdeh tərəfindən işə qəbulla bağlı iddiaçıya hansı bir razılıq verilməmişdir. Bundan əlavə iddiaçı bildirir ki, 2.500 manat əmək haqqı alırdı. Təsəvvür edin yüksək əmək haqqı alan şəxs əmək haqqısı aşağı olan bir şirkətdə gəlib işləməsi də sual doğuran hallardan biridir. Çünki, vakansiya ilə bağlı elanda 2.500 manatdan yüksək əmək haqqının verilməsi ümumiyyətlə göstərilməmişdir. Bununla bağlı olaraq iş materiallarında hər hansı bir sübut yoxdur. İşə baxan hakim konkret iş üzrə maddi norma olmadığı halda hazırkı, işə heç bir aidiyyatı olmayan maddi normalara istinad etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14cü və 21-ci maddələri məcəllənin 2- ci fəslində qeyd olunan Mülki hüquq və vəzifələr, onların müdafiəsi aid maddi normalardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsi məcəllənin 19-cu fəslində qeyd olunan öhdəliklər haqqında ümumi müddəalar aid maddi normalardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddəsi məcəllənin 20-ci fəslində qeyd olunan Müqavilə hüququ, Müqavilə anlayışı və şərtləri aid maddi normalardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsi məcəllənin 22-ci fəslində qeyd olunan öhdəliklərin icra edilməməsi aid maddi normalardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı və 1097.1-ci maddələrinə mülki hüquq pozuntularına (delikdən) əmələ gələn öhdəliklər 59-cu fəsildə qeyd olunan mülki hüquq pozuntuları (deliktlər) aiddir. Hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı bir öhdəlik və ya mülki hüquq pozuntusu ilə bağlı mübahisə yoxdur. Bu onu göstərir ki, məhkəmə özü faktiki olaraq qətnaməni qanunsuz və əsassız olaraq qəbul etmişdir. Göründüyü kimi məhkəmənin istinad etdiyi maddi normaların hazır ki, mübahisəyə heç bir aidiyyatı yoxdur. Bununla bağlı hər hansı bir maddi normanın olması da mümkün deyildir. Belə ki, məhkəmə qətnamə ilə onu bildirmək istəyir ki, cavabdeh məcburən iddiaçı ilə əmək müqaviləsi bağlamalı idi. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci (Əmək hüququ) maddəsinin İV hissəsinə əsasən - əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci (Əmək müqaviləsinin tərəfləri) maddəsində aydın şəkildə qeyd olunub ki, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə bu qətnamə ilə artıq təcrübə yaratmaq niyyətindədir. Belə ki, istənilən şəxs və ya şəxslər elan olunmuş vakansiya ilə bağlı dəvət olunduğu yerdə bir necə dəfə görüş təşkil edilməklə həmin hüquqi şəxsə iddia qaldırmaqla istənilən vəsaiti əldə etmiş olacaqdır. Bu yanaşma özü absurtdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi: 3.4-1. Əmək münasibətləri-əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra-əmək müqaviləsi)-işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.

69. 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. 69.7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə onu məcbur etmək qadağandır.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin edilən 3765,20 manat məbləğdə pul "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməklə həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, 176303 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətində hüquqşünas vəzifəsinə işə qəbul edilmiş və öz ərizəsi ilə xx.xx.2025-ci il tarixdə işdən azad edilmişdir. Hazırda iddiaçı bildirir ki, xx.xx.2025-ci il tarixdə internet səhfəsində "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin problemli kreditlər üzrə şöbəsinə müdir axtardığını görmüşdür. Özü "xxxx" hazırlamış və həmin MMC-nin e-mail adreslərinə göndərmişdir. Daha sonra xx.xx.2025-ci ildə MMC-nin yerləşdiyi “Malibo Residence”ə dəvət etmişlər. Ora gedərkən onu əməkdaşlarla tanış edib, problemli kreditlər şöbəsinin müdiri kimi təqdim etmişlər, əlavə olaraq xx.xx.2025-ci il tarixindən iş fəaliyyətinə başlayacağını elan etmişlər. Ancaq bundan sonra xx.xx.2025-ci il tarixədək müxtəlif bahanələr gətirərək işə buraxmamışlar. xx.xx.2025-ci il tarixdə isə onlarla işləyə bilməyəcəyi, əsas kimi guya ki, Mərkəzi Bankla onların şirkəti arasında hər hansısa yaranmış mübahisə olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə hesab etmişdir ki, iddiaçının hüquqşünas (şöbə müdiri) vakansiyası üzrə işə qəbul edilməsi üçün cavabdeh MMC-nin əməkdaşları ilə görüşməsi, işə qəbul prosesi ilə bağlı mütəmadi danışıqların və müzakirələrin aparıldığı, yekunda MMC-nin əməkdaşının təkidi ilə əvvəlki iş yeri üzrə işdən öz təşəbbüsü ilə azad olunması iş materialları ilə öz təsdiqini tapir. İddiaçının cavabdeh MMC-nin məsul şəxslərinin hərəkətlərinə və sözlərinə inam göstərərək öz ərizəsi ilə işdən azad olunması, sonradan razılaşdırılanın əksinə işə qəbul edilməməsi, nəticədə bir müddət işsiz qalması ona cavabdehin təqsiri ucbatından zərər vurulduğunu deməyə əsas verir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsiin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, əmək qanunvericiliyinə əsasən əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmçinin əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Göründüyü kimi əmək qanunvericiliyin tələblərinə əsasən hazırki vəziyyətdə iddiaçı ilə cavabdeh arasında hər hansı formada əmək müqaviləsi bağlanmayaraq iddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətində hər hansı vəzifə tutmamışdır. Lakin iddiaçının cavabdeh tərəflə görüşməsi onun işə qəbul prosessinin həyata keçirilməsi və sonda iddiaçını işə qəbul edilməməsi iddiaçıya zərər vurulması kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı işə qəbul edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, nəticə etibarı ilə cavabdehlə əmək müqaviləsi bağlanılmadığından bu müraciət və onun əsasında olan danışıqlar, görüşlər onların arasında əmək fəaliyyətinin yaranması və davam etməsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda cavabdeh tərəfindən iddiaçını mütləq qaydada işə qəbul edilməli olması ilə bağlı da hər hansı mötəbər sübut təqdim edilməmiş, həmin hal iş materialları ilə müəyyən edilməmişdir. Kollegiyanın qənaətinə görə cavabdeh tərəfindən iddiaçıya hər hansı bir formada işə qəbul edilməli olması ilə bağlı öhdəlik götürmüş olduğu təqdirdə, o vaxt zərər vurula bilərdi. Lakin qeyd edildiyi kimi cavabdeh tərəfindən belə bir öhdəlik götürülməməmiş və iddiaçı özü də öz istəyi ilə əvvəlki iş yerindən ərizəsi əsasında çıxmışdır. Eyni zamanda iddiaçı əvvəlki iş yerindən ayrılan zaman yazdığı ərizəsində cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətində işə qəbul edilməsi ilə bağlı hər hansı bir qeyd də olmamışdır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi işçidən məhkumluq haqqında arayışın istənilməsi, iş planı barədə müzakirələr, işçinin kollektivə təqdim edilməsi və s. hərəkətlərin işgüzar təcrübədə işəgötürənin işçinin işə qəbul edilməsi ilə bağlı müsbət yekun qərarı verməsindən sonra icra edilən addımlar olmasını göstərməsi cavabdeh tərəfindən iddiaçının işə qəbul edilməsi ilə bağlı hərəkətləri kimi qiymətləndirilə bilməz. Həmçinin öz ərizəsi ilə əvvəlki iş yerindən ayrılan zaman yazdığı ərizədə bunun digər bir iş yerinə getməsi ilə bağlı hər hansı qeydin olmaması da diqqətə alınmalı idi. Belə ki, onun işdən azad edilməsi barədə ərizə verməsi iddiaçının cavabdeh MMC-nin məsul şəxslərinin hərəkətlərinə və sözlərinə inam göstərməsi ilə əlaqələndirilə bilməz. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının cavabdeh MMC-nin məsul şəxslərinin hərəkətlərinə və sözlərinə inam göstərərək öz ərizəsi ilə işdən azad olunması, sonradan razılaşdırılanın əksinə işə qəbul edilməməsi, nəticədə bir müddət işsiz qalması ona cavabdehin təqsiri ucbatından zərər vurulduğunu deməyə əsas verməsinə dair nəticəsi səhv olmuş, cavabdehin iddiaçı qarşısında işə götürmək kimi öhdəliyi olmamış, həmçinin iddiaçının cavabdehlə faktiki olaraq əmək münasibətlərinə aid olan hər hansı formada fəaliyyət göstərməsi, yəni iş görməsi faktının da olmaması təsdiqini tapmışdır. Beləliklə, birinci instansiya məhkəməsi isə işin faktiki hallarını düzgün müəyyən etməyərək iş üzrə səhv nəticəyə gəldiyindən Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab edir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməklə, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatorlara aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4952/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni 3765,20 manat məbləğdə pulun "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı X3 özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar