Məhkəmə qərarları › İş №2(004)-4952/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4952/2025

12.12.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4952/2025 12.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 176303 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətində hüquqşünas vəzifəsinə işə qəbul edilmiş və öz ərizəsi ilə xx.xx.2025-ci il tarixdə işdən azad edilmişdir.

2. X1 məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdən əvvəlki 7 ay üzrə əmək haqqı təyinatlı ödənişlərin cəmi 13178,22 manat olmuşdur.

3. Tədqim edilmiş səs yazılarından görünür ki, cavabdeh MMC-nin əməkdaşları olaraq qeyd edilən Fuad bəy və Aynurə xanım adlı əməkaşlarla işə qəbul prosesi ilə bağlı mütəmadi danışıqlar olmuş, İddiaçı məhkumluq haqqında arayışı almaq məsləhət görülmüş, sonuncuya sabah komanda ilə görüşmək və tanışlıq prosesinə başlamaq təklif olunmuşdur.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən işdən çıxmağına görə aylıq əmək haqqından olduğu üçün 3 aylıq əmək haqqı olan 7500 manat, dəfələrlə MMC-yə gedib gəldiyi üçün 2500 manat və mənəvi ziyan olaraq 15000 manat, cəmi 25000 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, xx.xx.2025-ci il tarixdə internet səhfəsində "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin problemli kreditlər üzrə şöbəsinə müdir axtardığını görmüşdür. Özü "xxxx" hazırlamış və həmin MMC-nin e-mail adreslərinə göndərmişdir. Həmin dövrdə o "xxxx" MMC-də (Manato.az) məhkəmə işləri üzrə şöbənin hüquqşünası işləyirdi. MMC-yə CV-ni göndərdikdən sonra həmin müəsissənin əməkdaş Aynurə Mirhəsənova (**********) onunla əlaqə saxlayaraq müsabiqəyə dəvət etmişlər. 07.7.2025-ci il tarixdə müsabiqədə iştirak etmiş və onu işə qəbul edəcəklərini bildirmişlər. xx.xx.2025-ci il tarixində onunla yenidən əlaqə saxlayaraq iş planı hazırlayıb onlara göndərməyini xahiş etmişlər. xx.xx.2025-ci il tarixdə geri dönüş edərək onların əməkdaşlıq edəcəyini və işə qəbul olmaq üçün sənədləri hazırlamağını bildirmişlər. Bundan əlavə isə işlədiyi "xxxx" MMC-də işdən ayrılmaq üçün ərizə təqdim etməyini söyləmişlər. Bu səbəbdən "xxxx" MMC-dən işdən azad edilmə barədə ərizə təqdim etmiş və işə getməmişdir. xx.xx.2025-ci ildə MMC-nin yerləşdiyi “Malibo Residence”ə dəvət etmişlər. Ora gedərkən onu əməkdaşlarla tanış edib, problemli kreditlər şöbəsinin müdiri kimi təqdim etmişlər, əlavə olaraq xx.xx.2025-ci il tarixindən iş fəaliyyətinə başlayacağını elan etmişlər. Ancaq bundan sonra xx.xx.2025-ci il tarixədək müxtəlif bahanələr gətirərək işə buraxmamışlar. xx.xx.2025-ci il tarixdə isə onlarla işləyə bilməyəcəyi, əsas kimi guya ki, Mərkəzi Bankla onların şirkəti arasında hər hansısa yaranmış mübahisə olduğu bildirilmişdir.

b) iddiaya etiraz

6. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının qeyd etdiyi şəxslərin – kadlar şöbəsinin əməkdaşının və təsisçinin işə götürmək səlahiyyəti olmamışdır. Sübutetmə yükü iddia edənin üzərinə düşür. İddiaçı tələblərini sübut edə bilmir.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Zamin Cəfərov iddia tələbini qəbul etməyərək göstərdi ki, o MMC-də müşahidə şurasının sədri vəzifəsində çalışır. X5 şəxsi işə qəbul etmək səlahiyyəti yoxdur. Onların problemli yığım şöbəsinə şöbə müdiri və ya qrup rəhbəri vakansiyası olmuşdur. İddiaçı Fuad bəylə danışıb, sonda onunla tanış ediblər. İşə qəbul etmək istədikləri şəxsə əməkdaşları, işlərin yerinə yetirildiyi yerləri izah xarakterli göstərirlər. İddiaçıya da bu tipli izah xarakterli görüş təşkil edilsə də yekunda işə qəbul edilməsi barədə qərar qəbul edilməyib. Onun qərarı olmadan şəxsin işə qəbul üçün dəvət edilməsi mümkün deyil.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

13. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

14. Belə ki, iddiaçının hüquqşünas (şöbə müdiri) vakansiyası üzrə işə qəbul edilməsi üçün cavabdeh MMC-nin əməkdaşları ilə görüşməsi, işə qəbul prosesi ilə bağlı mütəmadi danışıqların və müzakirələrin aparıldığı, yekunda MMC-nin əməkdaşının təkidi ilə əvvəlki iş yeri üzrə işdən öz təşəbbüsü ilə azad olunması iş materialları ilə öz təsdiqini tapır.

15. Cavabdeh MMC-nin iddia tələbinə qarşı şifahi etirazının əsas dəlillərindən biri iddiaçının əlaqədə olduğu şəxslərin heç birinin işə işçi götürmək səlahiyyətinin olmaması barədədir.

16. Məhkəmə bu dəlilləri qəbul etmir. Əvvəla, həmin ərəfədə cavabdeh MMC-də “yığım şöbəsinə şöbə müdiri və ya qrup rəhbəri” vakansiyasının olduğunu cavabdehin nümayəndəsi də məhkəmə iclasında qəbul etmişdir. İddiaçı da adıçəkilən şəxsləri - təsisçi Fuad bəyi və kadrlar şöbəsinin əməkdaşı Aynurə xanımı şəxsi münasibətlər zəmnində tanımamış, cavabdeh MMC-nin vakansiyasına müraciət etdikdən sonra, MMC-nin əməkdaşları olaraq onlar özü iddiaçı ilə əlaqə saxladıqlarında tanımışdır. Bu baxımdan, iddiaçının MMC-nin əməkdaşları olaraq adıçəkilən şəxslərə etimad göstərməsi normal olmuşdur.

17. İşçinin müsahibələrdən və tanışlıqdan sonra işə qəbul edilməməsinin normal olması barədə dəlillər də qəbul edilmir. İşçidən məhkumluq haqqında arayışın istənilməsi, iş planı barədə müzakirələr, işçinin kollektivə təqdim edilməsi və s. hərəkətlər işgüzar təcrübədə işəgötürənin işçinin işə qəbul edilməsi ilə bağlı müsbət yekun qərarı verməsindən sonra icra edilən addımlardır.

18. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdeh MMC-nin məsul şəxslərinin hərəkətlərinə və sözlərinə inam göstərərək öz ərizəsi ilə işdən azad olunması, sonradan razılaşdırılanın əksinə işə qəbul edilməməsi, nəticədə bir müddət işsiz qalması ona cavabdehin təqsiri ucbatından zərər vurulduğunu deməyə əsas verir.

19. İddiaçının dediyinə görə cari ilin oktyabr ayında yeni işə qəbul ola bilmişdir və bunun əksi iş materialları ilə təkzib edilmir. Odur ki, iddiaçının işdən məhrum olduğu 2 ay üzrə əmək haqqı məbləği cavabdehdən zərərin əvəzi qismində tutulmalıdır. İddiaçı aylıq əmək haqqının 2500 manat olduğunu bildirsə də təqdim etdiyi hesab çıxarışdan görünür ki, əmək haqqı sabit pul məbləğində yox, hissəvi ödənişlər formasında köçürülmüşdür. Hesabdan çıxarışın əhatə etdiyi əvvəlki 7 ay üzrə cəmi əmək haqqı məbləği 13178,22 manat, aylıq orta əmək haqqı isə 1882,60 manat təşkil etmişdir. Odur ki, 2 ay üzrə 3765,20 manat cavabdehdən tutulmalıdır.

20. Cavabdeh MMC-nin ofisinə gediş-gəliş xərclərinə dair hər hansı sübut təqdim edilmədiyindən bu hissədə tələb təmin edilməməlidir.

21. İddiaçı eyni zamanda mənəvi zərərin əvəzinin tutulmasını da xahiş edir ki, məhkəmə bu hissədə də iddia tələbinin təmin olunmaması qənaətinə gəlir.

22. Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır.

23. Hazırkı işin halları baxımından isə işin bu faktiki hallarının heç biri iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

24. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 3765,20 manat məbləğində pul "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir.

25. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. 3765,20 manat məbləğdə pul "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar