Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1140/2023 09.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair əmr çıxarılması barədə 02 sentyabr 2015-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən xx.xx.1972-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh kreditor İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 1482 ABŞ dolları əsas borc və 222 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1704 (bir min yeddi yüz dörd) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə 04 sentyabr 2015-ci il tarixli, 2(004)-9705/2015 saylı əmr çıxarılmışdır. Borclu Cavabdeh Bakı şəhəri Yasamal Rayon 04 sentyabr 2015-cu il tarixli, 2(004)-9705/2015 nömrəli əmrinin ləğv edilməsi və işə ümumi iddia icraatı qaydasında baxılmasına dair xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1140/2023 saylı, xx.xx.2023-cü il tarixli tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2(004)-9705/2015 saylı məhkəmə əmri ləğv edilmiş və həmin mülki iş iddia icraatına keçmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə bağlanmış HHA 11199 saylı nisiyə alqı-satqı müqaviləsinə əsasən kreditor borcluya satış qiyməti 1852 USD olan “SamsungN800” gray markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satılmışdır. Borclu ilə kreditor arasında həmin müqvailə bağlandıqdan sonra borclu ilkin olaraq 370 USD ödəniş etmiş lakin sonradan ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu müqavilə üzrə öhdəliklərinin yerinə yetirmədiyindən onun tərəfindən ödənilməli olan 1482 ABŞ dolları məbləğində borc tutulmalıdır. Məhkəmədən Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə bağlanmış HHA 11199 saylı nisiyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1482 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 faizi həcmində 222 ABŞ dolları cərimə, cəmi 1704 ABŞ dolları və 20 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, müqavilə üzrə ona üç telefon təqdim edildiyini, həmin mallar üzrə müəyyən ödənişlər etdiyini, qəbzləri özündə saxlamadığını, müqavilənin bağlanılmasından 9 il sonra belə bir mübahisənin absurd olmasını bildirib, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh xx.xx.2014-cü il tarixli sifariş ərizəsindən görünür ki, Cavabdeh “SamsungN8000” markalı və 2 ədəd Samsung T-2110 markalı mobil telefonları nisyə alqı-satqı yolu ilə ona verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, HHA 11199 saylı nisyə alğı-satqı müqaviləsindən və eyni tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İddiaçı MMCdən 1852 ABŞ dolları məbləğində “SamsungN8000” markalı və 2 ədəd Samsung T- 2110 markalı mobil telefonları əldə etmişdir və həmin malların dəyərini 12 ay müddətində İddiaçı MMC-yə ödəməyi öz öhdəliyinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən malın satış qiyməti 1852 ABŞ dollarıdır. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı malın satış qiymətininin 370 ABŞ dolları qədər hissəsini ilkin ödəniş qismində satıcının xeyrinə ödəyir. Müqavilənin 3.3-cü bəndinə əsasən ödəniş satıcının razılığı əsasında nağd və ya nağdsız qaydada həyata keçirilə bilər. Ödəniş ABŞ dollarının günlük kursu ilə manatla aparılır. Müqavilənin 3.4-cü bəndinə əsasən malın satış qiymətinin ödənilməmiş hissəsi alıcı tərəfindən birmənalı şəkildə müqavilənin ayrılmaz hissəsi olan Ödəniş cədvəli (əlavə 1) uyğun olaraq həyata keçirilir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli təhvil-təslim aktından görünür ki, **********78647 İMEİ kodlu, “SamsungN8000” markalı, **********92636 İMEİ kodlu, “Samsung T2110” markalı və **********96333 İMEİ kodlu, “Samsung T2110” markalı mobil telefonları Cavabdeh təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən Cavabdeh müqavilə üzrə yaranmış 1482 ABŞ dolları borcu 12 ay hər ay 123 ABŞ dolları və sonuncu ay 129 ABŞ dolları olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim olunmuş xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə xx.xx.2014-cü il tarixli, HHA 11199 saylı müqavilə üzrə ödənilməmiş 1482 (bir min dörd yüz səksən iki) ABŞ dolları əsas borc, 222 (iki yüz iyirmi iki) ABŞ dolları cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğısatqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 666.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qiymətini tələb edə bilər. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddiaçı borcu tələb etməkdə haqlıdır. Odur ki, 1482 (bir min dörd yüz səksən iki) ABŞ dolları məbləğində əsas borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddiaçı MMC-nin iddiasının müqavilə üzrə hesablanmış tənasübsüz surətdə yüksək cərimə azaldılmalı, xx.xx.2014-cü il tarixli HHA 11199 müqavilə üzrə hesablanmış 222 ABŞ dolları məbləğində cərimə borcu azaldılaraq 50 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Beləliklə, iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2014-cü il tarixli HHA 11199 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 1482 (bir min dörd yüz səksən iki) ABŞ dolları əsas borc, 50 (əlli) ABŞ dolları cərimə olmaqla, cəmi 1532 (bir min beş yüz otuz iki) ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə qiymət verərək hesab edir ki, iddiaçı xx.xx.2014-cü il tarixli HHA 11199 müqavilə üzrə pul tələbi ilə 02 sentyabr 2015-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Bu səbəbdən məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəni əsassız hesab edir və tətbiq edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarından göründüyü kimi, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8..2-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 20 (iyirmi) manat miqdarında dövlət rüsumu ödənilir. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli HHA 11199 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 1482 (bir min dörd yüz səksən iki) ABŞ dolları əsas borc, 50 (əlli) ABŞ dolları cərimə olmaqla, cəmi 1532 (bir min beş yüz otuz iki) ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1140/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1140/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver