Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1179/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə x xxxx 2020-ci ildə Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, 1072 saylı bağ sahəsində taxta ev tikdirmək üçün tanış olmuş, müqavilə bağlamış və cavabdeh avqustda evi iddiaçıya hazır təhvil verəcəyini söyləmişdir. O, cavabdehin səmimiliyinə inanaraq x xxxx 2020-ci il tarixdə müqavilədə göstərilən ümümi məbləğin, 16000 manatın 30 faizini, yəni 4800 manatını Elnura, Elnurun oğlu Tural vasitəsilə fundament üçün məbləğin 2200 manatını vermişdir. Ümumilikdə, iddiaçı Cavabdeh 7000 manat pul ödəmişdir. Cavabdeh bağın hamam və darvaza açarını usta üçün almış, səbəbsiz bəhanələrlə evi tikməmiş və açarları, pulu qaytarmamışdır. Cavabdeh həmin pulu qaytaracağını bildirsə də, bu günə qədər cavabdeh pulu qaytarmamış, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən evin özülü adı ilə yalnız bir gün 2 nəfər fəhlə gətirilirərək saat 10:30-dan saat 13:00-dək xəndək qazılmış, həmin xəndək isə artıq külək nəticəsində qumla dolmuşdur. Cavabdehin tərəfindən görülmüş özül işləri bundan ibarət olmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx xxxx 2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, 1072 nömrəli bağın 12 sot həyətyanı torpaq sahəsində layihədə nəzərdə tutulmuş 1 mərtəbəli taxta evi tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə bu işin müqabilində müqavilədə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin dəyəri 16.000 manat təşkil edir. Müqavilənin ödəniş qaydalarına dair 5-ci fəslinin birinci bəndinə əsasən sifarişçi müqavilənin dəyərinin 30%-ini avans olaraq ödəyir. İş materiallarına əlavə edilmiş əlyazma qəbzlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx xxxxxxxx 2020-ci il tarixdə müqavilədə nəzərdə tutulmuş işlərin dəyərinin 30%-i 4800 manat verilmiş, xx xxxx 2020-ci il tarixli qəbzdən isə müəyyən olunur ki, 2200 manat fundament tikintisi üçün cavabdehin oğlu X4 verilmişdir. Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd qərarından görünür ki, iddiaçının qızı X1 şikayətlə müraciət edərək Cavabdeh tərəfindən 18.500 manat müqabilində onlara məxsus bağ sahəsində taxta evin tikintisini vəd etmiş, avans olaraq ona 7000 manat pul ödənilmiş, lakin cavabdeh bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək taxta evi tikməmiş, götürdüyü pulları da geri qaytarmamışdır. Araşdırma zamanı Cavabdeh ziddiyyətli izahat verərək beh olaraq aldığı pul ilə Eldar adlı şəxsin Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsində evin özülünü qazıb hazırladığını, eyni zamanda mal-material aldığını bildirərək pulu geri qaytara bilmədiyini bildirmiş, lakin eyni zamanda yaxın müddətdə aldığı pul ilə əlaqədar olaraq ya evi tikməyə, ya da pulu geri qaytarmağa söz vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı müqavilənin ona aid olan hissəsi üzrə öhdəliyini yerinə yetirilərək 7000 manat pul vəsaitini Cavabdeh vermiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, bağ evinin tikintisini aparmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçıdan aldığı 7000 manat məbləğində pul vəsaitini qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir.. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1179/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1179/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver