Məhkəmə qərarları › İş №2(004)-1188/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1188/2022

21.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1188/2022 21.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçıya su təchizatının əsassız dayandırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, carəyə götürdüyü ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əsassız və qanunsuz şəkildə xarab edilmiş su sayğacının təmir edilməsinə və qeyri-yaşayış sahəsinin su ilə təmin edlməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 14-cü bəndinə əsasən, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 mart 2005-ci il tarixli, 50 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 3.2-ci bəndinə əsasən Cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. Bu məqsədlə Cəmiyyət suyun götürülməsi, emalı, nəqli və satışı sahəsində tabeliyində olan təşkilatların fəaliyyətini təşkil edir və onların bu sahədə fəaliyyətini tənzimləyir, tabeliyindəki sutəmizləyici qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsi işlərinə nəzarət edir; (3.3.1. ) istehsal olunan suyun və axıdılan çirkab sularının miqdarının təyin edilməsi üçün sərfölçənlərin və tələbatçıların sifarişi ilə suölçmə cihazlarının quraşdırılmasını təmin edir və istismara qəbul edir (3.3.9); su sayğaclarının istehsalı, təmiri, yoxlanılması və sınaqdan keçirilməsi işlərində iştirak edir (3.3.17). Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 mart 2005-ci il tarixli, 50 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən, su təchizatının təmin edilməsi və quraşdırılmış su sayğacının təmir edilməsi fiziki və hüquqi şəxslərin müraciətləri əsasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin funksiya və məqsədləri kimi müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı vergi ödəyicisi kimi (VÖEN **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsində qeydiyyatdan keçmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Cavabdeh ASC ilə onlar arasında bağlanmış müqavilədən əmələ gələn istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı deyil, cavabdehin nizamnamə ilə məqsəd və funksiyalarına aid edilmiş “su təchizatının təmin edilməsi və su sayğaclarının təmiri” funksiyasını yerinə yetirmədiyinə görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 14-cü bəndinin tövsiyəsini nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbinə ümumi məhkəmədə deyil, inzibati icraat qaydasında baxılmalıdır. Həmin qərarın 15.4-cü bəndində isə göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə iddiaçıya tövsiyə edilir ki, o, hazırkı məsələnin həllini tapmaq məqsədilə Cavabdeh ASC-yə müraciət etsin. Həmin orqandan imtina cavabı aldığı və ya Cavabdeh ASC – nin hərəkətsizliyindən narazı qaldığı təqdirdə isə müvafiq dövlət orqanının və ya vəzifəli şəxsin qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) inzibati icraat qaydasında məhkəməyə müraciət etsin. Çünki, vətəndaşla adı çəkilən orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr inzibati mübahisə kateqoriyasına aiddir və beləliklə də bu cür tələblərə ümumi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçıya su təchizatının əsassız dayandırılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya hazırkı tələblə əlaqədar ilkin olaraq Cavabdeh ASC - yə rəsmi müraciət etməsi, həmin müraciətə imtina cavabı aldığı halda isə, sözügedən qurumun hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malik olması izah edilməldiir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehlakçıya su təchizatının əsassız dayandırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya hazırkı tələblə əlaqədar ilkin olaraq Cavabdeh ASC - yə rəsmi müraciət etməsi, həmin müraciətə imtina cavabı aldığı halda isə, sözügedən qurumun hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malik olması izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar