Məhkəmə qərarları › İş №2(004)-1219/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1219/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1219/2021 25.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********12338 olan “iPhone Xs” markalı telefon üçün 2910 manat əsas borc, 873 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********93664 olan “Nokia 8110” markalı telefon üçün 96 manat əsas borc, 28 manat dəbbə borcu olmaqla, ümumilikdə 3907 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə “xxxx” MMC arasında xx.xx.2019-cu il tarixli, 00634562 saylı və xx.xx.2019-cu il tarixli,00634599 saylı müqavilələr bağlanmış, müqavilə üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və borcunu vaxtında ödəməmiş, nəticədə cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********12338 olan “iPhone Xs” markalı telefon üçün 2910 manat əsas borc, 873 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********93664 olan “Nokia 8110” markalı telefon üçün 96 manat əsas borc, 28 manat dəbbə borcu olmaqla, ümumilikdə 3907 manat borcu yaranmışdır. Cavabdeh ümumilikdə 678 manat ödəniş etmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00634599 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ Kodu **********93664 olan “NOKİA 8110” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00634562 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ Kodu **********12338 olan “iPhone Xs” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 00634599 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 192 manat təşkil edir və aylıq 32 manat olmaqla 6 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 00634562 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 3492 manat təşkil edir və aylıq 194 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulur. İşə əlavə edilmiş maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli, 00634599 alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 192 manat olan əsas borcdan 96 manat ödənilməmiş hissə, 28 manat cərimə, cəmi 124 manat borcu, xx.xx.2019-cu il tarixli, 00634562 alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 3492 manat olan əsas borcdan 2910 manat ödənilməmiş hissə, 873 manat cərimə, cəmi 3783 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, xx.xx.2019-cu il tarixli, 00634562 saylı müqavilə üzrə 100 manat və xx.xx.2019-cu il tarixli, 00634599 saylı müqavilə üzrə 4 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli 00634562 saylı müqavilə üzrə 2910 manat əsas borc, 100 manat dəbbə borcu, xx.xx.2019cu il tarixli 00634599 müqavilə üzrə 96 manat əsas borc, 4 manat dəbbə borcu olmaqla, ümumilikdə 3110 (üç min yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00634562 saylı müqavilə üzrə 2910 manat əsas borc, 100 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli 00634599 müqavilə üzrə 96 manat əsas borc, 4 manat dəbbə borcu olmaqla, ümumilikdə 3110 (üç min yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar