Məhkəmə qərarları › İş №2(004)-1247/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1247/2020

22.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1247/2020 22.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı Şəhəri 23 saylı Notariat ofisinə qarşı “miras qalmış əmlaka vəsiyyətnamə əsasında tam mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı Şəhəri 23 saylı Notariat ofisinə qarşı “miras qalmış əmlaka vəsiyyətnamə əsasında tam mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X2 məxsus olmuş yaşayış evini vəsiyyətnamə əsasında ona vəsiyyət etdiyindən onun həmin əmlaka dair ½ pay hüququnun, Cavabdeh2 isə mərhum qardaşının yeganə qanun üzrə 1-ci növbəli vərəsəsi olduğundan həmin evə dair onun digər ½ pay hüququnun tanınması, miras qalmış yaşayış evi hal-hazırda söküldüyündən, kompensasiya qismində müəyyən edilmiş 50995 manat məbləğində pulun onunla Cavabdeh2 arasında paylara mütənasib olaraq bərabər qaydada bölünməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum qardaşı X4ndan miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə dair onun tam mülkiyyət hüququmun tanınması barədə müvafiq qətnamə qəbul edilməsi barədə iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda iddia tələbinin həcminin azaldılaraq, dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Belə ki, iddia ərizəsində də qeyd edilmişdir ki, mərhum qardaşı X4 xx.xx.1966-cı ildə anadan olmuş, 2012-ci ildən onunla birgə yaşamış, ailə həyatı qursa da ailəsi onu atmış, rəsmi olaraq xx.xx.2015-ci ildə keçmiş həyat yoldaşı ilə aralarında olan nikah pozulmuşdur. O, xx.xx.2019-cu ildə 23 saylı Notariat Ofisində vəsiyyətnamə yazaraq ölən günədək ona məxsus bütün daşınmaz əmlaklarını, rəsmi reyestrlərdə dövlət qeydiyyatına alınan daşınar əmlaklarını, nəqliyyat vasitələrini və s. mənə vəsiyyət etmişdir. Qardaşım, xx.xx.2019-cu ildə vəfat etmişdir. Qardaşından miras qalmış Yasamal rayonu Ə.Ələkbərov küçəsi ev 33/75 ünvanında yerləşən yaşayış evi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsinin yenidənqurulması” lahiyəsi çərçivəsində yeni tikilən yolun tikintisi altına düşdüyündən həmin yaşayış evi sökülmüşdür. Yaşayış evinin sözügedən lahiyə çərçivəsində sökülməsi ilə əlaqədar ümumilikdə, 50995 manat kompensasiya hesablanmış və qeyd olunan məbləğ “xxxxxxxxxxxx” ASC-nin Gənclik filialına köçürülmüşdür. Vərəsəlik prosesi başa çatmadığına görə qeyd olunan vəsait mərhum X1 adında qalmaqdadır. Mərhum qardaşı qanun üzrə vərəsəsi, Cavabdeh2 cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməli, qardaşımdan miras qalmış Yasamal rayonu Ə.Ələkbərov küçəsi ev 33/75 ünvanında olmuş yaşayış evinə dair ona vəsiyyətnamə verildiyi üçün həmin yaşayış evi üzərində onun 1/2 pay hüququ, Cavabdeh2 isə mərhumun birinci növbədə vərəsəsi olduğundan digər 1/2 pay hüququ tanınmalı, həmin yaşayış evi hal-hazırda lahiyə çərçivəsində söküldüyündən və 50995 manat məbləğində kompensasiya müəyyən edildiyindən, paylara mütənasib olaraq həmin konpensasiya məbləği onunla, Cavabdeh2 arasında bərabər qaydada bölüşdürülməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsinii xahiş etdi. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsini qismən etiraf edərək, kompensasiya qismində müəyyən edilmiş 50995 manat məbləğində pulun 1/2 hissədə onun ½ hissədə İddiaçı payının müəyyən edilməsinə razı olduğunu bildirdi və məhkəmədən iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdeh Bakı Şəhəri 23 saylı Notariat ofisinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili, Cavabdeh2 izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli vəsiyyətnamədən görünür ki, X4 ona məxsus olan bütün daşınmaz əmlakını, rəsmi reyestrlərdə dövlət qeydiyyatına alınan daşınar əmlakını, nəqliyyat vasitələrini ünvan 2 ünvanında yaşayan bacısı İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, X3 23 saylı Notariat ofisinə müraciət edərək, ünvan 5 saylı mənzilinə dair ona vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Notariat hərəkətinin aparılmasından imtina edilməsi barədə qərardan görünür ki, X1 digər vərəsəsi Cavabdeh2 mirası qəbul etmək üçün xx.xx.2019-cu il tarixdə Bakı şəhər notariat ofisinə ərizə ilə müraciət etmişdir. İddiaçı digər vərəsə Cavabdeh2 arasında mübahisə olduğu üçün İddiaçı notariat hərəkətinin aparılmasının imtina edilməsini xahiş etmişdir. İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Göründüyü kimi, ünvan 3 ünvanında olmuş yaşayış eviX1 mülkiyyəti olmuş olduğundan, mübahisəli mənzil miras əmlakıdır. Belə ki, Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Belə ki, Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1145-сi maddəsinəəsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məсəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məсəllənin 1151-сi maddəsinəəsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd edilən Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar). Bundan əlavə həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmçinin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məhkəmə miras əmlakına dair vərəsələrin dairəsini araşdıraraq hesab edir ki, cavabdeh miras qoyanın övladı olduqlarından, miras qalmış əmlaka qanun üzrə birinсi növbəli vərəsəsidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, miras qoyan X4 xx.xx.2019-cu il tarixli vəsiyyətnaməyə əsəsan ona məxsus olan bütün daşınmaz əmlakını, rəsmi reyestrlərdə dövlət qeydiyyatına alınan daşınar əmlakını, nəqliyyat vasitələrini ünvan 4 ünvanında yaşayan bacısı İddiaçı vəsiyyət etmişdir. Həmçinin Cavabdeh2 mərhum X1 qızı, yəni qanun üzrə 1-ci növbə vərəsəsidir. İş materiallarından olan Cavabdeh2 tərəfindən verilmiş iddia tələbinin etiraf edilməsi haqqında ərizədən görünür ki, kompensasiya qismində müəyyən edilmiş 50995 manat məbləğində pulun 1/2 hissədə onun 1/2 hissədə İddiaçı payının müəyyən edilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 5 ünvanında yerləşən sökülmüş mənzilə görə kompensasiya qismində müəyyən edilmiş 50995 manat məbləğində pulun ½ hissəsində İddiaçı, ½ hissəsində Cavabdeh2 payları müəyyən edilərək bölünməlidir. İddia tələbi X2 məxsus olmuş yaşayış evinə dair ½ pay hüququnun, Cavabdeh2 isə mərhum qardaşı yeganə qanun üzrə 1-ci növbəli vərəsəsi olduğundan həmin evə dair onun digər ½ pay hüququnun tanınması hissəsində təmin edilməməlidir. Belə ki, ünvan 5 ünvanında yerləşən mənzil artıq söküldüyündən həmin mənzilə dair mülkiyyət hüququ tanına bilməz. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. ünvan 5 ünvanında yerləşən sökülmüş mənzilə görə kompensasiya qismində müəyyən edilmiş 50995 manat məbləğində pulun ½ (ikidə bir) hissəsində İddiaçı, ½ (ikidə bir) hissəsində Cavabdeh2 payları müəyyən edilərək bölünsün. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar