Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1252/2021 25.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyünə xitam verilməsi və əmlakın ipotekadan azad olunması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyünə xitam verilməsi və əmlakın ipotekadan azad olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli 21608-SKMF-İMN/6 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956/1989-cu məhəllə, ev 26, 1157 saylı mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, RX seriyalı, ******* saylı yüklülük çıxarışının ləğv edilməsi və həmin əmlakın ipotekadan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 107-21608/SKMF-01 saylı kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə, illik faiz dərəcəsi 6% olmaqla, ödəniş cədvəli üzrə hissəhissə qaytarmaq şərti ilə 300000 manat məbləğində kredit verilmişdir. Bundan başqa Cavabdeh ASC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 107- 21608/SKMF-01/1 saylı kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə, illik faiz dərəcəsi 6 % olmaqla, ödəniş cədvəli üzrə hissə-hissə qaytarmaq şərti ilə 200000 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqavilələrinin təminatı qismində onunla ”Cavabdeh” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 21608-SKMF-İMN/6 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956/1989-cu məhəllə, ev 26, mənzil 1157 bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. O, xx.xx.2014-cü il tarixdə, ipoteka müqaviləsi bağlanan gündə “Tac” kredit İttifaqından 100000 manat kredit götürmüşdür və əslində mülkiyyətində olan sözügedən əmlakı həmin kreditin təminatı olaraq girov qoymuşdur. Başqa sözlə yuxarıda adı çəkilən ipoteka müqaviləsi məhz onunla “Tac” Kredit İttifaqı arasında olan münasibətlərin təminatı olaraq bağlanmışdır. Ona görə də hesab edir ki, hazırki ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin hesab edir ki, aşağıdakı əsaslara görə hər iki kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan əmlakın ipoteka yüklülüyünə xitam verilməli və əmlak ipotekadan azad olunmalıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 10.6-cı maddəsinə görə ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Hazırda mübahisləndirilən ipoteka müqaviləsində ipoteka ilə təmin edilən öhdəliyin icra müddətinin kredit müqaviləri ilə müəyyən edildiyi və 60 ay təşkil etdiyi göstərilmişdir. Lakin kredit müqavilərindən birinin xx.xx.2012-ci il tarixli 107-21608/SKMF-01/1 saylı kredit müqaviləsinin müddəti 48 ay olsa da, bu ipoteka müqaviləsində göstərilməmişdir. Göründüyü kimi, ipoteka müqaviləsində hər hansı bir kredit müqaviləsi üzrə ödənişlərin məbləğləri, müddətləri, dövriliyi və ya ödəniş məbləğlərini müəyyənləşdirməyə imkan verən sərtlər göstərilməmiş, həmçinin xx.xx.2012-ci il tarixli 107-21608/SKMF-01/1 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti də qevd edilməmişdir. Ona görə də hazırki ipoteka predmeti hər iki kredit müqaviləsi üzrə öhdəliklərin təminatı ola bilməz. Mülki Məcəllənin 269.1 və 269.5-ci maddələrinə müvafiq olaraq, ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və bu səbəbdən ipoteka müqaviləsinə hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi ilə birlikdə baxılmalıdır. Sadalanan normaların məzmunundan göründüyü kimi, ipoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Qeyd edilən mövcud qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, sözügedən ipoteka müqaviləsi qanunvericiliyin imperativ normalrına uyğun olaraq tərtib edilməmiş və bağlanılmamışdır. İpoteka predmeti olan əmlak isə hər iki kredit müqaviləsi üzrə öhdəliklərin təminatı ola bilməz. Ona görə də ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyünə xitam verilməli və əmlak ipotekadan azad olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, hazırki mübahisəyə birbaşa aidiyyəti olan qətnamə var. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin icraatındadır. Odur ki, hazırki tələb tamamilə əsassızdır. Cavabdehin nümayəndəsi iddia tələbinin əsassız hesab edilib təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iddiaçı ondan kreditə pul istədi ona bildirdi ki, o, qədər pulu yoxdur verə bilməz.Daha sonra iddiaçı özü gedib “xxxx” MMC-nin müdiri ilə danışıb evini “xxxx” MMC-nin Cavabdeh” ASC-də olan kreditinə ipotekaya qoymuşdur. “xxxx” MMC-nin müdiri ona 40 000 manat və 50 000 manat pul verdiki iddiaçıya kredit verək. “Tac” Kredit İttifaqı ilə iddiaçı arasında kredit müqaviləsi bağlayaraq kredit verildi. İddaçı həmin krediti tam olaraq bağlamışdır. Məhkəmə proses iştirakçılarının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 385.1, 386.1, 390, 424-cü maddələrini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-122/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər “xxxx” MMC-yə və İddiaçı qarşı“kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən Cavabdeh ASC-nin xeyrinə xx.xx.2011ci il tarixli 107-21608/SKMF-01 saylı kredit müqaviləsinin müddəti bitdiyi tarixə cəmi 149.157,99 manat kredir borcunun, 30 manat dövlət rüsumunun və 60 manat məbləğində digər xərclərin, ümumilikdə 149.247,99 manatın və xx.xx.2012-ci il tarixli 107- 21608/SKMF-01/1 №-li kredit müqaviləsinin müddətinin bitdiyi tarixə cəmi 89.633,08 manat kredir borcunun, 30 manat dövlət rüsumunun və 60 manat məbləğində digər xərclərin, ümumilikdə 89.723,08 manatın tutulması, tələbin xx.xx.2014-cü il tarixli, 21608- SKMF-İMN/6 nömrəli ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956/1989-cu məhəllə, ev 26 mənzil 1157 ünvanda yerləşən 116,9 kv.m olan mənzilə yönəldilməsi, hərracda ilkin satış qiymətinin 240.000 manat müəyyənləşdirilərək satılması, satışdan əldə olunan vəsaitin hesabına banka olan borcun ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması, əldə edilən vəsait borcun tam ödənilməsinə yetərli olmadıqda, qalıq borcun “xxxx” MMC-dən Cavabdeh ASC-nin xeyrinə tutulması, ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində həmin mənzilin boşaldılması qət edilmişdir. Hazırda İddiaçı ”Cavabdeh” ASC aralarında Cavabdeh ASC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 107-21608/SKMF-01 saylı və xx.xx.2012-ci il tarixli, 107-21608/SKMF-01/1 saylı kredit müqavilələri üzrə öhdəliklərin təminatı qismində Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956/1989-cu məhəllə, ev 26, 1157 saylı mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli 21608-SKMF-İMN/6 saylı ipoteka müqaviləsinin əslində onunla “Tac” Kredit İttifaqı arasında olan münasibətlərin təminatı olaraq bağlandığını göstərərək, qeyd olunan ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə, mənzilin ipoteka yüklülüyünə xitam verilməsinə, RX seriyalı, ******* saylı yüklülük çıxarışının ləğv edilməsinə və həmin əmlakın ipotekadan azad olunmasına dair məhkəməyə müraciət etmişdir. İddiaçı tələblərini əsaslandırarkən qeyd olunan ipoteka müqavilələrinin onunla “Tac” Kredit İttifaqı arasında arasında deyil, Cavabdeh ASC arasında bağlanmış kredit müqavilələrinin təminatı qismində bağlanması barədə Lənkəran Rayon Məhkəməsinin 2(049)-122/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi icraya yönəldildikdən sonra məlumatının olmasını, həmin qətnamənin onun tərəfindən xx.xx.2020-ci il tarixdə rəsmi qaydada qəbzə imza etməklə alındığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir... iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Göründüyü kimi, iddia müddətinin keçməsi ilə əlaqədar qanunvericiliyin tələbi imperativ xarakter daşıyır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçı vacib əhəmiyyətli yanıltmanın təsiri altında bağlandığını iddia etdiyi ipoteka müqaviləsinin etibarsızlığını bu barədə xx.xx.2020-ci il tarixdən məlumatı olmasına baxmayaraq, qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddəti ötürməklə, yalnız xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi verməklə mübahisələndirmişdir. Digər tərəfdən, ipoteka müqaviləsinə dair tələblərin pozulması ilə bağlı mülahizələrinə münasibətdə məhkəmə qeyd edir ki, belə olan halda iddiaçının həmin ipoteka müqaviləsinin Cavabdeh ASC ilə bağlanması barədə həmin müqavilənin bağlandığı an məlumatı olmuşdur. Bu halda da, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş 1 il iddia müddəti buraxılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız və qanunsuz olub rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyünə xitam verilməsi və əmlakın ipotekadan azad olunması tələbinə dair” iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1252/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1252/2021
25.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver