Məhkəmə qərarları › İş №2(004)-1310/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1310/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1310/2025 14.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: kredit müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Apple Macbook” üçün 2724 manat ödənilməmiş hissə, 272 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Sleeve” kompüter çantası üçün 71,01 manat ödənilməmiş hissə, 7,99 manat cərimə, ümumiliikdə 3075 manat borc, 50,75 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən “Apple Macbook”, “Sleeve” kompüter çantası almış və nəticədə 3075 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2724 manat (12 ay x 227 manat + 0 manat ilkin ödəniş) “Apple Macbook” üçün ümumiliikdə 2996 manat olmaqla, ondan 2724 manat ödənilməmiş hissə, güzəşt olunaraq 272 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 71,01 manat (9ay x 7,89 manat + 0 manat ilkin ödəniş) “Sleeve” kompüter çantası üçün ümumilikdə 79 manat olmaqla, ondan 71,01 manat ödənilməmiş hissə, güzəşt olunaraq 7,99 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaq tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı həmçinin göndərdiyi xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbir olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər əsasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşların təhvil-təslik aktı və ödəniş cədvəlindən ibarətdir.

3. Cavabdeh iddiaya etiraz ünvanlayaraq iddianın təmin olunmamasını xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, dələduz şirkət olan İddiaçı xx.xx.2022-ci il tarixində ona köhnə markalı notbuk satmışlar. Hadisə Bakı şəhəri Səbail rayonunda yerləşən filialdan gedir. Məsələ odur ki, iddiaçı yeni vaxtda ona məcburi qayda budur deyərəkdən megogo adlıq aylıq abunə ilə film kanalı da satmışdır. İş orasıdır ki, şifrəni vurduqda heç bir nəticə əldə edə bilməmiş, hətta notbuun klaviaturalarında nasazlıq olduğu bəlirlənmişdir. Belə ki, o notbuku əlinə alıb geri qaytararkən rəsmi sənəd əldə etdi və o sənədi təqdim etmişdir. Böyük stress keçirib həqiqətən də aylarla notbuksuz qaldı və bundan üzülən BƏƏ-də yaşayan rəfiqəsi yoldaşı ilə birlikdə onun üzüldüyünü görüb eyni marka çəhrayı rəngdə notbuk hədiyyə etdilər. Buna baxmayaraq, Buna baxmayaraq, İddiaçı şərəf və ləyaqətini alçaldaraq vaxtı keçmiş bir proses olsa da, dayanmadan onu hər il məhkəməyə şikayət etmişdir. Bildirmək istəyir ki, sənədləri təhvil verilib və o artıq Bakı sakinidir.

İİ. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi qaytarma ilə bağlı sənəd onlara aid deyil, bununla bağlı özlərinə aid olan bir neçə dövrə aid qaytarılma sənədlərini iş materiallarına əlavə etmişdir. Cavabdehin açıq səhifəsində paylaşılan fotoşəkillərdən də görünür ki, satılan komputer onun istifadəsində olmuşdur. Cavabdeh etiraz ərizəsində ona satılan komputeri qaytardıqdan sonra rəfiqəsinin ona çəhrayı rəngdə eyni markalı, eyni modelli komputeri hədiyyə etdiyini bildirmişdir. Lakin onun açıq instagram səhifəsində paylaşdığı fotoşəkillərdən də görünür ki, onda olan komputer məhz iddiaçı tərəfindən satılan qızılı rəngdə olan məhsul olmuşdur.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, notebook aldıqdan sonra nasazlıq olduğu üçün onu geri qaytarmışdır. Belə ki, Türkiyə Respublikasında işgüzar səfərdə olduğu zaman ona məlum olmuşdur ki, ona satılan məhsulun modeli köhnədir. Buna görə də qayıtdıqdan sonra məhsulu geri qaytarmışdır. Digər tərəfindən instagram səhifəsində paylaşdığı şəkillərdə olan notebook onun iddiaçıdan aldığım məhsul deyil. Bu məhsulu ona rəfiqəsi xarici ölkədən alıb hədiyyə etmişdir. Bu məhsulun rəngi çəhrayı rəngdir. Hazırda heç o məhsul da onda deyil. Xarab olduğuna görə satmışdır. Əlavə olaraq bildirmək istəyir ki, iddia müddəti ötdüyünə və məhsulu geri qaytardığına görə iddia tələbinin təmin olunmamasını xahiş edir.

İİİ Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 13861123 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ilkin ödənişsiz aylıq 227 manat olmaqla 12 ay müddətinə alqı-satqı qiyməti 2724 manat olan “Apple Macbook” satılmışdır.

9. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 13861124 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ilkin ödənişsiz aylıq 7,89 manat olmaqla 9 ay müddətinə alqı-satqı qiyməti 71,01 manat olan “Sleeve” kompüter çantası satılmışdır.

10. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

11. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, odur ki, müqavilə əsasında alınmış əşyanın saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını tələb etmiş, əks təqdirdə 3 iş günü müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

12. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə “Apple Macbook” üçün 2724 manat ödənilməmiş əsas borcu, 272 manat cərimə olmaqla, ümumilikdə 2996 manat, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə “Sleeve” kompüter çantası üçün 71,01 manat ödənilməmiş əsas borcu, 7,99 manat cərimə olmaqla, ümumilikdə 79 manat borcu vardır.

13. Əşyaların təhvil-təslim aktına əsasən “Apple Macbook” və “Sleeve” kompüter çantası Cavabdeh tərəfindən tam qüsursuz halda təhvil alınmışdır.

14. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4117/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamışdır.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2348/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4117/2024 saylı qətnaməsi ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

16. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

22. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

23. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alqısatqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

24. Cavabdeh iddiaya etiraz edərək iddia tələbini qəbul etmədiyini və alqı-satqı müqaviləsi üzrə ona satılmış əşyaları iddiaya geri qaytardığını bildirsə də, bu barədə mötəbər sübut təqdim edə bilməmişdir.

25. Belə ki, cavabdeh tərəfindən X2 13 MGND 3RU/A Gold markalı məhsulun geri qaytarılması ilə bağlı sənəd təqdim olunsa da, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş həmin sənədi hazırkı iş üzrə mötəbər sübut qismində qəbul etmir.

26. Belə ki, həmin sənəddə məhsulun qaytarılması səbəbi göstərilməmiş, məhsulun qaytarılması ilə bağlı bütün xanalar doldurulmamış, o cümlədən iddiaçının möhürlə təsdiq edilməmiş, “Sleeve” kompüter çantasının qaytarılması ilə bağlı heç bir qeyd əksini tapmamışdır.

27. Halbuki iddiaçı tərəfindən təqdim edilən bir neçə dövrə aid (2022,2023,2024cü illərə aid) məhsulun qaytarılmasını təsdiq edən nümunə sənədlərdən görünür ki, qaytarılma ilə bağlı sənəddə bütün qrafalar komputer vasitəsilə doldurulmuş, məhsulda yaranmış qüsurun nədən ibarət olması göstərilmiş, həmçinin iddiaçının imzası və möhürü ilə təsdiq edilmişdir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Beləliklə də cavabdehin təqdim etdiyi yazılı sənədlər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, həmin sənədlər cavabdehin etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

32. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

35. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).

36. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

37. Bundan başqa məhkəmə cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə aşağıdakılar qeyd edir.

38. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

39. Tərəflər arasında alqı-satqı müqavilələri xx.xx.2022-ci il tarixdə bağlanmış, müqavilənin üzrə öhdəliklərin icra edilməsi müddəti isə 2023-cü ilədək nəzərdə tutulmuşdur.

40. İddiaçı isə alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

41. Belə olan halda aydın olur ki, 2023-cü ildən hesablanmaqla iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmamışdır.

42. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilələr üzrə iddiaçıya 2724 manat və 71,01 manat məbləğində bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.

43. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən hesablanmış 272 manat və 7,99 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

44. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

45. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

46. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

47. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılaraq 191 manat və 5 manat müəyyən edilməlidir.

48. Beləliklə iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Apple Macbook” üçün 2724 manat əsas borc, 191 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Sleeve” kompüter çantası üçün 71,01 manat əsas borc, 5 manat cərimə borcu tutularaq, İddiaçınə ödənilməlidir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50,75 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. V Nəticə:

51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Apple Macbook” üçün 2724 manat əsas borc, 191 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Sleeve” kompüter çantası üçün 71,01 manat əsas borc, 5 manat cərimə borcu və ödənilmiş 50,75 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3041,76 manat (üç min qırx bir manat yetmiş altı qəpik) məbləğində pul tutularaq, İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar