Məhkəmə qərarları › İş №2(004)-1312/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1312/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1312/2022 04.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X4 oğlunun katibliyi İddiaçı2 Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC, Qaradağ Rayon İcra Şöbəsi və "xxxx" ASC-yə qarşı hərracın nəticələrinin ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən üç otaqlı ümumi sahəsi 59,64 kv.m olan 79 saylı mənzil üzrə "xxxx" MMC tərəfindən 17.11.2021-ci il tarixli, 485/21 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun və protokoldan əmələ gələn nəticələrin ləğv olunması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yelobank (əvvəlki adı "xxxx" İKB ASC) iddiaçılara qarşı iddia ərizəsi ilə məhkəməyə müraçiət edərək, İddiaçı1 ilə bank arasında bağlanmış 15 noyabr 2013-cü il tarixli 2-G-1-0-735-13 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 8037 mant əsas borcun, 1455 manat faiz borcunun, 2412 manat dəbbə borcunun, cəmi 11904 manat borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumun, 20 manat xidmət haqqının İddiaçı1 Bankın xeyrinə tutulması, tutmanın öhdəliyinin təminatı kimi 15 noyabr 2013-cü il tarixli 2-G-1-0-735-13 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən üç otaqlı ümumi sahəsi 59,64 kv.m olan 79 saylı mənzilin hərracda ilkin satış qiymətinin 45000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan məbləğin iddiaçının tələb etdiyi borcun ödənilməsi, ipoteka predmeti olan mənzildə qeydiyyatda olan hazırkı iş üzrə iddiaçıların istifadə hüququnun itirilmiş hesab olunmaqla, yaşayış sahəsindən çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 may 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlərdən 15 noyabr 2013-cü il tarixli 2-G-1-0-735-13 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 8037 manat əsas borc, 1457 manat faiz borcu, 100 manat dəbbə borcu, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və ödənilmiş 20 manat xidmət haqqı, cəmi 9652 manatın alınaraq iddiaçı “Nikoyl“ X1 ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən üç otaqlı ümumi sahəsi 59,64 kv.m olan 79 saylı mənzilə yönədilməsi, həmin mənzilin ilkin satış qiymətinin 45000 manat müəyyən edilməklə mənzilin açıq hərracdan satılması və mənzilin satışından əldə olunmuş pul vəsaitinin yaranmış borcun ödənilməsi üçün "xxxx" X3 verilməsi, ünvan 4 ünvanında yerləşən üç otaqlı ümumi sahəsi 59,64 kv.m olan 79 saylı mənzilinə tutma yönəldikdən və mənzil satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildə qeydiyyatda olan İddiaçı1 və oğlu İddiaçı2 həmin mənzilən istifadə hüquqlarının itirilmiş hesab olunmaqla həmin mənzildən çıxarılmaları və mənzilin boşadılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6476/2016 saylı, 28 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətini qismən təmin edərək, mənzildən istifadə hüquqları saxlamaqla qalan hissələrdə Qaradağ Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Lakin Qaradağ Rayon İcra şöbəsi iddiaçılara məxsus mənzilin açıq hərracda satılması üçün icra sənədini “Bakı Hərrac Mərkəzi" MMC-yə göndərmişdir. Hərrac Mərkəzi tərəfindən birinci hərracın 20 oktyabr 2021-ci il 11:00-da keçirilməsi ilə bağlı onlara bildiriş göndərmişdir. Həmin Mərkəz tərəfindən ikinci hərracın 10 noyabr 2021-ci il saat 11:00-da keçirilməsi ilə bağlı bildiriş verilmişdir. Lakin, Hərrac Mərkəzi tərəfindən yekun hərracın keçirilməsi ilə bağlı iddiaçılara bildiriş daxil olmamışdır. Onlara məxsus mənzilin Hərrac Mərkəzi tərəfindən açıq hərracda satılması və mənzilin Yelobank tərəfindən alınması 2021-ci ilin dekabr ayının sonlarında məlum olmuşdur. Məlumatı Bankın əməkdaşı vermişdir. Onlar həm icra şöbəsinə, həm də banka müraciət edərək açıq hərracın nə vaxt keçirilməsi və yekun protokolun təqdim olunmasını istəsələr də, həmin sənəd onlara verilməmişdir. Sonda "xxxx" MMC-yə müraciət etmişlər və hərrac mərkəzi belə sənədlərin yalnız Məhkəmə qərarı əsasında verə biləcəklərini bildirmişlər. Şifahi qaydada əldə etdikləri məlumat ondan ibarət olmuşdur ki, onlara məxsus mənzil 17 noyabr 2021-ci il tarixində keçirilmiş üçüncü hərracda 28687,50 manata Yelobank tərəfindən alınmışdır. Üçüncü hərracın keçirilməsi barəsində onlara məlumat verilməməsi və ikinci hərracdan bir həftə sonra üçüncü hərracın keçirilməsi başa düşülən deyil. İddiaçı1 məxsus mənzilin hərracda satılması ilə bağlı "xxxx" MMC mübahisə predmeti olan mənzil üzrə hərracı qanunvericiliyin tələblərini pozmaqla həyata keçirmişdir. İpoteka predmeti olan Bakı şəhərində olan mənzilin hərraca çıxarılması qaydaları, hərracda satılması qaydaları, hərracın keçirilməsində mülkiyyətçinin hüquqlarını müəyyən edən qanun və normalar kobud şəkildə pozulmuş, ona məxsus olan mənzilin qiymətləndirilməsi barədə qanunun tələbləri pozulmuşdur. Hərracın bu qaydada iştirakları olmadan keçirilməsinin nəticəsi olaraq bir ailəni ciddi madddi və mənəvi zərərə salmış, şəxsi maraq güdməklə ən ciddi qanunsuzluğa yol vermişlər: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində deyilir: “İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyulanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndirənin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir”. Azərbaycan Respublikası MM-nin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan İpoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu qarşılıqlı razılaşma əsasında müəyyən edirlər. İş materiallarından isə görünür ki, ona məxsus olan yaşayış evinin hərracının keçirilməsini “Sərraf-N"MMC-nin qeyri-qanuni qiymətləndirilməsi əsasında məhkəmə icraçıları və “Bakı Hərrac Mərkəzi" MMC özbaşına olaraq “stolüstü”- yalnız kağız parçası üzərində keçirməklə nə onu - satılan əmlakın mülkiyyətçisi kimi tanımamış, nə də tanımaq belə istəməmiş, özgənin əmlakını özlərinə məxsus xüsusi əmlakları kimi məlumat vermədən “aşağı qiymətə” qiymətləndirməklə mülkiyyətinə qəsd etmiş, öz vəzifə səlahiyyətlərindən qanunsuz sui-istifadə etməklə qanunsuzluğa yol vermişlər. Yaşayış evinin hərracda satılma qiymətinə dair ipoteka saxlayan tərəfindən ona heç bir təklif olunmamışdır. Onunla heç bir razılaşma aparılmamışdır. Qanunun tələbindən göründüyü kimi ilkin satış qiyməti ya tələbkar və borclunun qarşılıqlı razılaşması ilə, mübahisə olduqda isə məhkəmə tərəfindən müəyyən olunmalıdır. Ona məxsus olan yaşayış evinin qiyməti kreditor tərəfindən hələ ipoteka müqaviləsinin bağlandığı zaman da başqa qiymətlə qiymətləndirildiyi halda hərracda real bazar qiymətindən fərqli qiymətləndirilməsi və həmin rəqəmdən başlanılmaması və hərrac da bu qiymətlə -“Yelobankın" - xeyrinə keçirilməsində xüsusi marağın, hərrac təşkilatının qanunsuz və səlahiyyətlərindən sui-istifadə etməsindən başqa heç nə ilə izah oluna bilməzdi. Belə olduğu halda hərracın keçirilməsi üzrə həyata keçirilən hərəkətlər, əmlakın qiymətləndirilməsi və hərracın keçirilməsi tam əsassız və qeyri-qanuni olmuş, hərrac təşkilatı isə yuxarıda göstərilən qanun pozuntularına yol verməkdə davam etmişdir. Nəticədə onlara məxsus olan mənzil məlumatları olmadan özgəninkiləşdirilmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi İddiaçı1 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər "xxxx" MMC və Qaradağ Rayon İcra Şöbəsi məhkəmədə səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri rədd edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur (42.6-cı maddə). Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir (maddə 43.2). Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 44-cü maddəsinə əsasən bu qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası MM-nin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2). İstinad olunan maddələrin tələblərinə əsasən qanunla müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac və onun nəticələri məhkəmə tərəfindən yalnız etibarsız hesab edilə bilər. İddiaçı isə hərrəcın nəticələrinin ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, hərracın nəticələrinin ləğvi qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmadığından hərracın keçirilməsinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun keçirilib-keçirilməməsi araşdırılmadan “Hərracın nəticələri haqqında yekun Protokol”un və həmin protokoldan irəli gələn nəticələrin ləğv edilməsi iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar