Məhkəmə qərarları › İş №2(004)-1317/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1317/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1317/2023 27.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pul və lizinq obyektinə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pul və lizinq obyektinə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 oktyabr 2021-ci il tarixli MAS-4546 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 31 avqust 2022-ci il tarixə 593,38 manat gecikdirilmiş əsas, 365,42 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 359,68 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 624,50 manat, ümumilikdə 1942,98 manat borc və ödənilmiş 39,43 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərmaş" MMC ilə X3 arasında bağlanmış 21 oktyabr 2021-ci il tarixli MAS-4546 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801629 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 23% hesablanmaqla 44 aylıq müddətə hər ay sabit məbləğ olmaqla, 372,65 manat, ümumilikdə isə 16397 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 16397 manatın 11010 manatı əsas məbləğ təşkil edir. 22 noyabr 2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-4546 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və 21 oktyabr 2021-ci il tarixli MAS-4546 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Cavabdeh tərəfindən lizin şirkətinə sonuncu ödəniş 19 iyul 2022-ci il tarixdə 100 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMCnin mülkiyyətində olan “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 avqust 2022-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 624,50 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh 21 oktyabr 2021-ci il tarixli MAS-4546 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 31 avqust 2022-ci il tarixə ümumilikdə 1318,48 manat məbləğində gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən lazımı qaydada icra edilməməmisinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxıb, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Lizinq verən» qismində İddiaçı MMC ilə «Lizinq alan» qismində X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4546 saylı “Daxili lizinq” müqaviləsinə və həmin müqaviləyə əlavələrə əsasən Lizinq verən lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801629 ban nömrəli, ağ rəngli avtomobili Lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, Lizinq alan isə həmin avtomobil üçün illik 23% hesablanmaqla 44 ay müddətə hər ay sabit məbləğ olmaqla 372,65 manat, ümumilikdə isə 16397 manat məbləğində pulu lizinq verənin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil təslim aktına əsasən, İddiaçı MMC 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801629 ban nömrəli, ağ rəngli avtomobili X2 təhvil vermişdir. İş materiallarında olan “Öhdəlikləri ötürən” qismində X3 ilə “Öhdəlikləri qəbul edən” qismində Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-4546 nömrəli “öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən 21 oktyabr 2021-ci il tarixli MAS-4546 saylı “Daxili lizinq” müqaviləsi üzrə “Öhdəlikləri qəbul edən” “Öhdəlikləri ötürən”in İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil təslim aktına əsasən, X3 İddiaçı MMC-nin mülkiyyətində olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801629 ban nömrəli, ağ rəngli avtomobili Cavabdeh təhvil vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Khazar LX” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər 624,50 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2022 akta əsasən, İddiaçı MMC-yə məxsus “Khazar LX" minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmışdır. Həmin aktda avtomobilin son vəziyyəti kimi “sağ qapının cızığı, sol qanadın batığı, qabaq sağ qanadın başqa rəngdə olması” və s. qeyd edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlandırılmış xx.xx.2022 və xx.xx.2022-ci il tarixli pretenziya məktublarına əsasən cavabdeh iddiaçı qarşısında olan borcu və müqavilənin ləğvi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan AE № 131942 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801629 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 4828 nömrəli arayışa əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-4546 saylı “Daxili Lizinq” müqaviləsi üzrə cavabdehin 31 avqust 2022-ci il tarixə əsas borc üzrə 593,38 manat, mükafat borcu üzrə 365,42 manat, cərimə borcu üzrə 359,68 manat olmaqla, ümumilkdə 1318,48 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövrülüklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Göstərilən Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, «Azərmaş” MMC ilə X3 arasında bağlanmış 21 oktyabr 2021-ci il tarixli, MAS-4546 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801629 ban nömrəli, ağ rəngli avtomobil X1 istifadəsinə və sahibliyinə verilmiş, X3 illik 23% hesablanmaqla 44 ay müddətə hər ay sabit məbləğ olmaqla 372,65 manat, ümumilikdə isə 16397 manat məbləğində pulu «Azərmaş” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS- 4546 nömrəli “öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən 21 oktyabr 2021-ci il tarixli MAS-4546 saylı “Daxili lizinq” müqaviləsi üzrə cavabdeh X1 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri öz üzərinə götürmüşdür. “Daxili lizinq" müqaviləsi və “ödəniş cədvəli"nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Həmçinin cavabdehin sahibliyində və istifadəsində olan müddətdə avtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən “Khazar LX” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 624,50 manat müəyyən edilmişdir. Habelə iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 4828 nömrəli arayışa əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, MAS- 4546 saylı “Daxili Lizinq” müqaviləsi üzrə 593,38 manat əsas, 365,42 manat mükafat, 359,68 manat cərimə borcu olmaqla, cəmi 1318,48 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin tələbindən habelə tərəflər arasında bağlanmış lizinq nüqaviləsinin şərtlərindən göründüyü kimi lizinq obyektinin qəbul protokolu imzalandığı andan lizinq obyektinin təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir və lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, mübahisə predmeti olan lizinq obyektinə ziyan dəydiyindən və buna görə məsuliyyəti Cavabdeh daşıdığından iddia tələbi ona qarşı olan hissədə təmin olunmalı, 21 oktyabr 2021-ci il tarixli, MAS-4546 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 593,38 manat əsas borc, 365,42 manat gecikdirilmiş mükafat, 624,50 manat dəymiş ziyan, 30 manat cərimə, cəmi 1613,3 manat borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi 359.68 manat cərimə borcunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimə pulunun 359,68 manat məbləğində deyil, 30 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi qismən 1613,3 manat məbləğində təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş məbləğ də iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq yəni 39,43 manat məbləğində deyil, 36,13 manat məbləğində cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 36,13 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 21 oktyabr 2021-ci il tarixli, MAS-4546 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 593,38 (beş yüz doxsan üç manat otuz səkkiz qəpik) manat əsas borc, 365,42 (üç yüz altmış beş manat qırx iki qəpik) manat gecikdirilmiş mükafat, 30 (otuz) manat dəbbə pulu, 624,50 (altı yüz iyirmi dörd manat əlli qəpik) manat dəymiş ziyan, cəmi 1613,3 (min altı yüz on üç manat otuz qəpik) manat borc və 36,13 (otuz altı manat on üç qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar