Məhkəmə qərarları › İş №2(004)-1322/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1322/2021

06.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1322/2021 06.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ASC, Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ASC, Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 279a/İ-15 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 279a/İ-15 saylı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 iddiaçının həyat yoldaşıdır. Sözügedən mənzil birgə nikah dövründə əldə edilmişdir, tərəflərin birgə mülkiyyətindədir. Həmin əmlak onun xəbəri olmadan ipoteka ilə yüklü edilmişdir. Buna görə də ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Cavabdeh1 ilə bank arasında ipoteka müqaviləsi bağlanan zaman İddiaçı notarial qaydada razılığını ifadə edən ərizəsi təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclası cavabdehlərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh3 ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ASC arasında xx xxxx 2015-ci il tarixli 279a/İ-15 saylı ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsi bağlanan zaman İddiaçı notariat qaydada ərizəsi təqdim edilmiş, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin ipoteka qoyulmasına etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, iddiaçının guya onun ipoteka müqaviləsindən xəbəri olmaması barədə dəlilləri əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar