Məhkəmə qərarları › İş №2(004)-1325/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1325/2021

15.04.2021 · Müqavilələrin ləğv edilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1325/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh2 arasında Yasamal rayonu, Gəray Əsədov küçəsi, 12 saylı evin 5/12 hissəsini alması barədə əqdin ləğv edilməsi, cavabdehlərdən 100000 manat əsas borc və 50000 manat əldən çıxmış faydanın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək bildirir ki, makler ona bildirmişdir ki, belə bir ev var. O isə bildirmişdir ki, araşdırsın, qarışıq iş deyilsə alar. Normal 3 otaqlı ev idi. Alğı-satqı olmuş, evi almışdır. 12 nəfərdən imza etməyən iki nəfər sonra çıxdı ki, onların orada payı var. Sonra məhkəməyə verib otaqların ikisini ondan almışdırlar. Mənzilin açarını cavabdehlər ikisi vermişdir. 3 otağın bir girişi var. Otaqlar hamısı açıq idi. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 izahat verərək bildirir ki, iddiaçı cavabdehlərdən Yasamal rayonu Gəray Əsədov küç 12 saylı evin 5/12 hissəsi 3 otaqlı 105 m2 sahəsini 100000 manata almışdır. Bu xx xxxx 2014 tarixdə baş vermiş, müqavilədə göstərilən öhdəlik iddiaçı tərəfindən icra olunmuş, lakin alğı-satqıdan xeyli sonra, məhkəmə prosessləri zamanı ona məlum olmuşdur ki, əslində cavabdehlər qərəzli şəkildə onu aldatmış və 3 otaq adı ilə iddiaçıya 1 otaq satmışlar. Belə ki, iddiaçı mənzilə sahiblik və istifadə etdiyi zaman X1 və X3 adlı şəxslər həmin otaqlardan ikisinin onlara məxsus olduğunu bildirmişlər. Aralarında olan məhkəmə prosesləri zamanı bu fakt təsdiqini tapmışdır. Beləliklə iddiaçı aldadılmış faktiki olaraq 1 otaq üçün ondan 100000 manat alınmışdır ki, əslində 1 otağın real bazar qiyməti 30000 manatdan çox deyildir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirir ki, 3 otağın iki otağını həyat yoldaşı rəhmətə getməmişdən əvvəl satmışdır. İddiaçıya evi satanda isə ona bildirmişdir ki, digər otaqlardan müvəqqəti istifadə edə bilər. Digər otaqların sahibləri var, çıxarış sahiblərinin adınadır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirir ki, iddiaçı ilə dəfələrlə eyni mübahisə ilə bağlı tələblər dəyişərək məhkəmə prosesləri olmuşdur. Hər məhkəmə prosesində də iddiaçı uduzaraq iddiası rədd olunmuşdur. Mübahisə 2014-cü ildən gedir. İddiaçı polisə də iki dəfə şikayət etmişdir, cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı başqasının otaqlarını zəbt etmiş və məhkəmə qərarı ilə həmin otaqlar boşaldılaraq sahiblərinə təqdim olunmuşdur. Onlar iddiaçıya notarial qaydada, özünün iştirakı ilə 1 otaq satmışdırlar. İddaçı məqsədli şəkildə 1 otaq almışdır ki, digər otaqları da zəbt etsin. İddiaçıya 1 otaq satıldığı halda 3 otaq tələb edir. Onlarda 1 otaqdır, 3 otaq satmaqları mümkün deyildir. Digər iki otaq atası rəhmətə getməmişdən əvvəl 2004-cü ildə satıldığı halda, iddiaçı həmin otaqları zəbt etmişdi. Halbu ki, həmin otaqlar başqalarının olmuşdur. Məhkəmə qərarı ilə də iddiaçı həmin otaqlardan çıxarıldı və həmin otaqlar sahiblərinə təhvil verilmişdir. Alğı-satqı zamanı digər şəxslər yaşamamışdır. Alğı-satqıdan sonra açarlar təhvil verilmişdir. Alğı-satqı ilə bağlı Soltanmuradla Araza məlumat verilmişdir. Soltanmuradla Arazın adına kommunal xidmət olmamışdır. Digər iki otağın açarı onda olmuşdur. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin surətinə əsasən ünvan 1 fərdi yaşayış evinin ona məxsus olan 5/12 hissəsi Cavabdeh2 tərəfindən İddiaçı 100000 manata satılmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Texniki İntervallaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı, 025212 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən ünvan 1 fərdi yaşayış evi X9 adına 1 otaq-18,6 m2 xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2004-cü il tarixdə, 30/7888 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 011/443 nömrəli, xx.xx.2014-cü il tarixli arayışa əsasən Cavabdeh2 ünvan 1 fərdi yaşayış evində 5/12 hissədən 1 otaq-18,6 m2 sahədə paylı mülkiyyət hüququ vardır və bu barədə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 64 saylı MKİS-nin rəisi və kargüzarının imzaladlğı arayışdan müəyyən olunur ki, mülkiyyətçilər X1, X3 və X10 ünvan 1 ünvanda yaşamırlar. İş materiallarında olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın surətinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, G.Əsədov küçəsi 12 saylı evin 5/12 hissədən 1 otaq üzərində paylı mülkiyyəti vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirir ki, evin alğısatqısında iştirak etməmişdir. Cavabdehləri 2003-cü ildən tanıyır. Alğı-satqıdan xəbəri yoxdur. Notariat ofisinə dəvət olunmamışdır. Həmin evin bir otağı ona məxsus olmuşdur. Ona məxsus olan otağın ayrıca girişi olmamışdır. Həmin otaqda əşyaları olmamışdır. İlahə xanımgilin satdığı otağın ona aidiyyəti yoxdur, ona məxsus olan otağın ayrıca sənədləri vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirir ki, o, Sahibə xanımı tanımışdır. Sahibə xanım üç otaqlı ev satığını bildirmişdir. Ev həyət evi idi. Həmin vaxt evdə Sahibə xanımın ailəsindən başqa heç kəs yox idi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iddiaçı dostudur. Onlar evi tapmış, iddiaçıya göstərmişlər, onun xoşuna gəlmiş və evi almışdır. Onlara evi Bəxtiyar adlı oğlan tapmışdır. Ev sahibi kimi Sahibə xanım özünü təqdim etmişdir. Evə əvvəl Bəxtiyarla baxmışlar. Onlar gedəndə orada Sahibə xanım olurdu, Sultanmuradı sonradan tanımışlar. Sultanmuradı tanıyandan sonra mübahisə başlamışdır. Sahibə xanım alğı-satqı vaxtı onlara Sultanmurad barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, iddiaçı dostudur. O vaxtı iddiaçı ev axtaranda ona bildirmişdir. O da “Sovetski” adlanan ərazidə yaşadığına görə Bəxtiyar adlı makler ona belə bir yerdə 3 otaqlı ev satıldığını bildirmişdir. Evə baxmaq üçün gedib Sahibə xanımla görüşmüşlər. Sahibə xanım onlara köhnə çıxarış göstərmişdir. 256 kv.m evin 5/12 hissəsi yazılmışdı. Bildirmjişdir ki, bu hissə satılır. Onlar da Cabir müəllimə bildirmişlər. Gecə ilə gətirib Sahibə xanıma beh vermişlər. Sonra alğı-satqı günü təyin olunmuşdur. Alğı-satqıdan sonra evi təhvil vermişdir. 2-3 ay sonra İlqar evə gələndə bir nəfər qapını döyüb İlqara bu evin sahibi olduğunu bildirmişdir. Həmin şəxs Soltanmurad olmuşdur. İlqar ona və Sahibə xanıma zəng etmiş və o, oraya getmişdir. Sahibə xanım da oraya gəlmişdir. Soltanmuradla Sahibə xanım mübahisə etməyə başlamışdır. Onlar həmin vaxt şübhələnmişdir. Sahibə xanıma evi qaytarmaq istədiklərini bildirmişdlər. Sahibə xanım isə heç bir narahatçılığa əsas olmadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki,lazım olsa qonşuların iştirakı ilə yazıb bildirə bilər ki, 3 otağı tam olaraq onlara satmışdır. Sahibə xanım bir neçə qonşunun iştirakı ilə yazıb bildirmişdir. Sonra məhkəmə vaxtı məlum olmuşdur ki, Araz adlı şəxsin də həmin otaqlarda payı vardır. Alğı-satqı zamanı Arazla Soltanmurad olmamışdır. Onlara heç kim heçnə deməmişdir, kiminsə alğı-satqıda iştirakı ilə bağlı açarı onlara Sahibə xanım təhvil vermişdir. Otaqlarda yaşamaq üçün şərait var idi, 2-ci mərtəbə yox idi. Ora tikilmək üçün alınmamışdı. Forma 2-ni isə görməmişdir. İşin müəyyən olunmuş halı odur ki, iddiaçı ilə Cavabdeh2 arasında daşınmaz əmlakın alğı-satqısına dair müqavilə bağlanmışdır. İddiaçı müqavilənin ləğvini tələb edir. Tələbini onunla əsaslandırır ki, iddiaçı aldanmışdır. Ona 3 otaqlı mənzilin satıldığı bildirilmişdir. Müqavilədə ünvan 1 fərdi yaşayış evinin cavabdehə məxsus olan 5/12 hissəsinin satıldığı qeyd edilmişdir. O hesab etmişdir ki, 5/12 hissə üç otaqdır. Cavabdeh2 isə iddiaya etiraz edərək bildirir ki, o, müqavilə üzrə öz öhdəliyini yerinə yetirmişdir. İddiaçı hər dəfə yeni iddia ilə bu məsələni mübahisələndirir. Uzun illərdir aralarında məhkəmə çəkişmələri davam edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı eyni tələblə bağlı məhkəmədə iddia qaldırmışdır. İddiası rədd edilmişdir. Həmin qətnamə Bakı Apelaysiya Məhkəməsi tərəfindən pretenziya qaydasına əməl olunmadığına görə ləğv olunmuşdur. İddiaçı bir ildən sonra yenidən eyni iddianı qaldırmışdır. Hətta məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 Cavabdeh2 müqavilənin ləğv edilməsini təklif etmişdir. Cavabdeh2 isə təklifi rədd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilənin ləğvini xahiş etsə də iddianın əsasını onun aldanması təşkil edir. İddiaçı qeyd edir ki, ona 3 otaqlı mənzil satıldığı bildirilmişdir. İddiaçının vəsatəti ilə məhkəmə iclasında dindirilmiş şahidlər də bu halı təsdiqləmişlər. Hətta iddia ərizəsinə nəzər saldıqda görünür ki, tələbin əsaslandırılması aldatma və vacib əhəmiyyətli yanılma nəticəsində əqdin etibarsızlığına dayanır. Məhkəmə qeyd edir ki, iddiaçı əqdin etibarsız hesab edilməsini tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə, eyni zamanda qeyd edir ki, müqavilənin ləğvi üçün əsas yoxdur. Müqavilə tərəfi olan Cavabdeh2 ünvan 1 fərdi yaşayış evinin ona məxsus olan 5/12 hissəsini iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş və öz öhdəliyini yerinə yetirərək ünvan 1 fərdi yaşayış evinin ona məxsus olan 5/12 hissəsini iddiaçının mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Yasamal rayonu, Gəray Əsədov küçəsi, 12 saylı evin 5/12 hissəsinin alınması barədə əqdin ləğv olunması, cavabdehlərdən 100000 manat əsas borc və 50000 manat əldən çıxmış faydanın tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar