Məhkəmə qərarları › İş №2-2(103)-941/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-941/2023

12.12.2023 · Müqavilələrin ləğv edilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-941/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 oğlunun iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı (LPO "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-2(113)-1200/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakıları müəyyən etdi, İşin halları

1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 2012-ci il 6 dekabr tarixli 104-LD/12 saylı dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqaviləyə əsasən, lizinq verən "xxxx" ASC 50 faiz güzəştdən sonrakı ümumi dəyəri 3.622,80 manat olan Holştin-friz cinsindən olan 2 baş damazlıq heyvanı 3 il müddətinə Cavabdeh lizinqə vermişdir. Lizinq alan Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 1.816,90 manatı əvvəlcədən lizinq verənə ödəməyi, qalan 1.816,90 manatı isə müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür.

2. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 2013-cü il 28 mart tarixli 50-LD/13 saylı dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqaviləyə əsasən, lizinq verən "xxxx" ASC ümumi dəyəri 87.003,29 manat olan Holştin-friz cinsindən olan 50 baş damazlıq heyvanı 3 il müddətinə Cavabdeh lizinqə vermişdir. Lizinq alan Cavabdeh damazlıq heyvanların güzəştli satış dəyərindən 43.501,65 manatı əvvəlcədən lizinq verənə ödəməyi, qalan 43.501,64 manatı isə müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür.

3. "xxxx" ASC tərəfindən cavabdehə göndərilmiş 2014-cü il 16 sentyabr tarixli pretenziya məktubuna əsasən, 2014-cü il 1 sentyabr tarixədək yaranmış 4.103 manat borcun ödənilməsi, 2016-cü il 14 iyun tarixli pretenziya məktubuna əsasən, 2016-cı il 1 iyun tarixədək gecikdirilmiş 28.751,54 manat borcun ödənilməsi tələb edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək tərəflər arasında bağlanmış 2012-ci il 6 noyabr tarixli 104-LD/12 və 2013-cü il 28 mart tarixli 50-LD/13 saylı müqavilələr üzrə yaranmış 23.965,92 əsas borc, 40.189,63 manat cərimə və 30 manat məbləgində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2012-ci il 6 noyabr tarixli 104-LD/12 və 2013-cü il 28 mart tarixli 50-LD/13 saylı müqavilələrə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 52 baş cins damazlıq heyvanı lizinqə götürmüş, damazlıq heyvanların dəyərindən 45.318,55 manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun müqavilələr üzrə 2020-ci il 4 fevral tarixinədək 23.965,92 manat əsas borc, 40.189,63 manat cərimə borcu qalmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

6. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 427.3, 445.2.1, 748-1.12.4-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 40.2-ci maddələrinə istinad edilmişdir.

7. Cavabdehin vəkili və nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək ekspertiza təyin edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2017-ci il 15 noyabr tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir (hakim – V.Həsənov).

9. Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 11 oktyabr tarixli 31369 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin 2017-ci il 20 iyun tarixinədək iddiaçıya ümumi 41.888,08 manat borcu vardır.

10. Cavabdeh 2020-ci il 16 yanvar tarixində vəsatətlə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin 3-cü şəxs qismində işə cəlb edilməsini xahiş etmiş, məhkəmənin qərarı ilə vəsatət təmin edilmişdir.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2020-ci il 21 sentyabr tarixli 2(008)- 104/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının xeyrinə cavabdehdən 23.965,91 manat əsas borc, 4.000 manat dəbbə pulu, cəmi 27.965,92 manat borc və 30 manat dövlət rüsumu, ümumilikdə 27.995,92 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir (hakim - Z.Hacıyev).

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 20 aprel tarixli 2(103)-4062/2021 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - X.Mərdanova, hakimlər - E.Həsənov və F.Babayev).

13. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 23 sentyabr tarixli 2(102)-4873/2021 saylı qərarı ilə şikayət təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən - V.Həsənov, hakimlər – Ə.Əhmədov və İ.Şəfiyev)

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 1 dekabr tarixli 2(103)-10842/2021 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2020-ci il 21 sentyabr tarixli 2(008)- 104/2020 saylı qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən - İ.Şirinov, hakimlər T.Səmədov və A.Tanrıverdiyev).

15. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 3 mart tarixli 2-2(113)-1200/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 23.965,92 manat əsas borc, 1.000 manat dəbbə pulu, cəmi 24.965,92 manat pul və 11,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, 18,60 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləgin 60 manat məbləğinin cavabehdən, 90 manat məbləğinin isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).

16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında tədqiq olunan sənədlərlə cavabdehin lizinq müqavilələri üzrə iddiaçıya olan gecikdirilmiş borcu təsdiq olunduğundan 23.965,93 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə iddianın trəddəmin edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-nin 102.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. İş hələ Sabunçu Rayon Məhkəməsində olarkən tərəfindən ekspertiza təyin olunması barədə vəsatət verilmiş, həmin vəsatətə ödənilmiş pullarla bağlı kassa mədaxil qəbzləri əlavə etmişdir. Lakin həmin qəbzlər ekspertin rəyində öz əksini tapmamış və məhkəmə həmin kassa mədaxil qəbzlərinə hüquqi qiymət verməmişdir. İş Sabuncu rayon Məhkəməsinin icraatında olarkən düzgün hesablanma aparılmadığından təkrarən ekspertiza keçirilməsi barədə xx.xx.2020-ci il tarixdə vəsatət vermiş, lakin vəsatət təmin olunmamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2013-cü il tarixli 286552 №-li kassa mədaxil qəbzdən görünür ki, o, 1.498,35 manat, xx.xx.2013-cü il tarixli 286665 №-li kassa mədaxil qəbzdən görünür ki, 8.000 manat, xx.xx.2013-cü il tarixli 288798 №-li kassa mədaxil qəbzdən görünür ki, 7.000 manat, xx.xx.2013-cü il tarixli 357220 №-li kassa mədaxil qəbzdən görünür ki cavabdehə 3.525 manat ödənilmişdir. Göründüyü kimi əlavə ödənilmiş 20.023,35 manat nəzərə alınmamışdır. Məhkəmə tərəfindən 1.000 manat dəbbə pulun tutulması qət edilmişdir. Məhkəmə düzgün hesablama aparmadığından, iddiaçıya borc qalmadığından dəbbə pulu da tutula bilməz. Sabunçu Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, guya sığorta ilə bağlı 4.785, 62 manat məbləğində sığorta ödənişi təmin edilmiş həmin məbləğ onun ərizəsi əsasında borcuna silinmişdir. Göstərilmiş 4.785,62 manat məbləğ iddiaçı tərəfindən silinməsi göstərilsə də ekspertin rəyində öz əksinin tapmamış və ümumiyyətlə silinmə ilə bağlı onun ərizəsi məhkəməyə təqdim edilməmişdir. Hesab edir ki, məhkəmə yalnız iddiaçının məhkəməyə sığorta ilə bağlı təqdim etdiyi məktubla kifayətlənməməli idi, 3-cü şəxsin mövqeyini nəzərə almalı idi. Həmin məktubda göstərilmişdir ki, 13 baş damazlıq heyvandan dördü ilə bağlı sığorta pulu alınıb, 7 heyvanla bağlı (12 301,43 manat) imtina olunması göstərilmiş, 1 baş heyvanla bağlı (1745,66 manat) "xxxx" ASC ləğv olunması ərəfəsində olduğundan cavabsız qalmış, 1 baş heyvanla bağlı sənədlərin sahibkar tərəfindən təqdim edilmədiyi göstərilmişdir. Lakin göstərilən dəlillərlə bağlı iddiaçı tərəf heç bir sənəd təqdim etməmişdir, çünki həmin heyvanlarla bağlı iddiaçı tərəf pul almışdır. Həmçinin sığorta şirkətinin ləğv olunması imtina üçün əsas ola bilməz. Mülki işin materiallarda olan müqavilənin 8-ci bəndindən görünür ki, müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və həlli 30 gün müddətində danışıqlar yolu ilə, mümkün olmadıqda məhkəmə müraciət olunacaq. Göründüyü kimi tərəflər məhkəmədən əvvəl pretenziya ilə müraciət etməlidirlər. Lakin iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl 23.965, 92 manat əsas və sair tələbdən bağlı ona müraciət etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

20. İddiaçı 2022-ci il 22 iyun tarixində vəsatətlə məhkəməyə müraciət edərək, bağlanmış lizinq müqavilələri üzrə hüquq və öhdəliklərin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürüldüyünü bildirmiş, ona görə də Aqrar Kredit və İnkişaf Agentliyinin işə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir; Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli qərardadı ilə iddiaçı, prosessual hüquq varisi olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz olunmuşdur.

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-471/2022 saylı 7 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı Kommersiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

23. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir.

Kassasiya instasiyası məhkəməsində ilkin icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 695/2022 saylı 11 noyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 7 iyul 2022-ci il tarixli 2-2(103)-471/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

25. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, məhkəmələr qətnamə qəbul edərkən ekspert rəyini sübut kimi qəbul etsələr də, ekspertin rəyindən tədqqiqat aparılarkən cavabdeh tərəfindən təqdim edilmiş kassa mədaxil orderlərinin hamısının nəzərə alınmadığı aydın olmuşdur. Cavabdehin apellyasiya və kassasiya şikayətlərində qeyd edilmişdir ki, məhkəməyə təqdim edilmiş 2013-cü il 27 mart tarixli 286552 №-li kassa mədaxil qəbzi üzrə ödənilmiş 1.498, 35 manat, 2013-cü il 28 mart tarixli 286665 №-li kassa mədaxil qəbzi üzrə ödənilmiş 8.000 manat, 2013-cü il 8 aprel tarixli 288798 №-li kassa mədaxil qəbzi üzrə ödənilmiş 7.000 manat, 2013-cü il 8 may tarixli 357220 №-li kassa mədaxil qəbzi üzrə ödənilmiş 3.525 manat, cəmi 20.023,35 manat ekspert tədqiqatı aparılarkən nəzərə alınmamışdır. Apellyasiya Məhkəməsi tərəfindən isə həmin dəlillərə müfəssəl və adekvat hüquqi qiymət verilməsi təmin edilməmiş, həmçinin rəydən ekspertin cavabdehin borcunu hansı qaydada və hansı sənədlərə əsasən hesablandığını da müəyyən etmək olmamışdır. Ekspertin rəyinin məhkəmə üçün məcburi olmadığı və digər sübutlarla birlikdə məhkəmələr tərəfindən qiymətləndirilməli olduğu nəzərə alınarsa, həmin rəyin mötəbərliyi işdəki digər sübutlarla da təsdiq edilməmişdir.

26. İş materiallarında olan qəbzlər kserosurətdir və məhkəmələr tərəfindən işə baxılarkən onların əsillərinə baxış keçirilib-keçirilmədiyi iş materiallarından aydın olmamışdır. Bundan əlavə cavabdeh kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə tərəfindən "xxxx" ASC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş, sığorta ilə bağlı 4.785,62 manat məbləğində sığorta ödənişi məbləğinin iddiaçı tərəfindən silinməsi göstərilsə də, ekspertin rəyində öz əksini tapmamışdır. Həmçinin qanunvericiliyin (MM-in 748-10.1-ci maddəsi) tələblərinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir və lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

27. İş materiallarına əsasən isə, hər iki müqavilə üzrə lizinq ödənişlərinin ümumi məbləği (3.622,80 + 87.003,29) 90.626,09 manat təşkil etmişdir və sadə riyazi toplama aparan zaman məhkəməyə təqdim edilmiş kassa mədaxil orderlərinə əsasən, cavabdeh tərəfindən iddiaçıya 2013-cü il 13 mart tarixində 15.000 manat, 27 mart tarixində 28.501,65 manat, 27 mart tarixində 1.498,35 manat, 28 mart tarixində 8.000 manat, 8 aprel tarixində 7.000 manat, 8 may tarixində 3.525 manat, 9 iyul tarixində 3.500 manat, 13 avqust tarixində 604 manat, 4 oktyabr tarixində 4.105 manat, 4 noyabr tarixində 4.103 manat, 2014-cü il 27 yanvar tarixində 4.105 manat, cəmi 79.942 manat vəsait ödənilmişdir. Mübahisələndirilən qətnamədən isə cavabdeh tərəfindən aparılmış bütün ödənişlərin mülki qanunvericiliyin istinad olunan normalarının tələbləri nəzərə alınmaqla qiymətləndirildiyi görünməmişdir və lizinq verən tərəfindən cavabdehin apardığı ödənişlərin bəzilərinin lizinq ödənişlərinə aid edilməməsinə apellyasiya məhkəməsi işə baxan zaman düzgün hüquqi qiymət verməmiş və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

28. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, kassa mədaxil qəbzlərinin əsilləri, yaxud onların lazımi qaydada təsdiq edilmiş surətləri əldə olunaraq iş materiallarına əlavə edilməli, müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC-nin iştirakı təmin edilərək, işin halları (aparılmış sığorta ödənişləri) barədə mövqeyi, edilmiş sığorta ödənişlərinin məbləği dəqiqləşdirilməli, cavabdehin apardığı ödənişlər isə MM-in 748- 10-cu maddəsinin tələbləri baxımından qiymətləndirilməklə, mübahisənin qanuni həlli təmin edilməlidir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli 2-2(103)-178/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 3 mart tarixli, 2-2(113)-1200/2022 saylı qətnaməsi qismən, cavabdehdən 9.498,35 manat əsas borcun tutulması hissəsində ləğv edilərək iddia həmin hissədə rədd edilmiş, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – X.Cəmilova, hakimlər – A.Oruczadə və R.Səmədov).

30. Apellyasiya baxışı zamanı iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında qoyulan (3-cü şəxs "xxxx" ASC-nin iştirakının təmin edilməsi) barədə olan göstərişin icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirilsə də, həmin 3-cü şəxsin məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. İşdə iştirak edən şəxslər hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etməmişlər. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi MPM-nin 376.2-ci maddəsinə əsasən, işə həmin 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Apellyasiya instansiyası məhkəməsi işə həmin 3-cü şəxsin iştirakı olmadan baxılıb qərar qəbul edilməsini mümkün sayarkən onu da nəzərə almışdır ki, aşağıda qeyd olunan araşdırmaların aparılması hazırkı vəziyyətdə məhkəmənin iş üzrə müvafiq qənaətə 3-cü şəxsin iştirakı olmadan da gəlməsi üçün yetərli olmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında 2 müqavilə olmuş və müqavilənin dəyərinin ilkin olaraq 50% ödənildikdən sonra ödəniş qrafiki açılmışdır.

31. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən iş üçün əhəmiyyətli sayılan kassa mədaxil orderlərinin qəbzlərinin (4 sayda) əslləri məhkəməyə təqdim olunmuşdur. Həmin kassa mədaxil orderlərinin qəbzləri nəzərdən keçirilərkən müəyyən olundu ki, 2013-cü il 27 mart tarixli 286552 №-li kassa mədaxil qəbzi üzrə 1.498,35 manat, 2013-cü il 28 mart tarixli 286665 №-li kassa mədaxil qəbzi üzrə 8.000 manat, 2013-cü il 8 aprel tarixli 288798 №-li kassa mədaxil qəbzi üzrə 7.000 manat, 2013-cü il 8 may tarixli 357220 №-li kassa mədaxil qəbzi üzrə 3.525 manat olmaqla, ümumilikdə cavabdeh tərəfindən 20.023,35 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmin pul vəsaitlərinin iddiaçının tələb etdiyi lizinq ödənişlərinə aid edilməli olması barədə məsələ araşdırılarkən müəyyən olundu ki, təqdim olunan ÇBÜ/2 seriyalı 288798 saylı 2013-cü il 8 aprel və ÇBÜ/2 seriyalı 357220 saylı 2013-cü il 8 may tarixli kassa mədaxil orderlərinin qəbzlərinə əsasən cavabdeh tərəfindən müvafiq olaraq 7.000 manat və 3.525 manat məbləğində pul vəsaiti həmin qəbzlərin özündə də qeyd olunduğu kimi, “damazlıq heyvanların sığorta haqqı” təyinatı üzrə ödənilmişdir. İddiaçı tərəf həmin ödənilmiş pul vəsaitinin həqiqətən də sığorta haqqına aid olduğu üçün lizinq ödənişlərinə aid edilməsinin qeyri-mümkünlüyünü bildirmişdir. Cavabdeh tərəf isə həmin pul vəsaitinin ödəniş təyinatının qəbzlərdə iddiaçı tərəfindən göstərildiyini və həmin pul vəsaitinin də lizinq ödənişlərinə aid edilməli olduğunu bildirmişdir.

32. Məhkəmə araşdırmaları zamanı məlum oldu ki, tərəflər arasında 2012-ci il 6 dekabr və 2013-cü il 28 mart tarixli sığorta haqqının ödənilməsi barədə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, lizinq alan 10.022,78 manat və 418,61 manat məbləğində olmaqla, cəmi 10.441,39 manat sığorta haqlarını Lizinq verənə tam ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, iddiaçı cavabdeh tərəfin hər iki müqavilə üzrə ÇBÜ/2 seriyalı 288798 saylı 2013-cü il 8 aprel tarixli və ÇBÜ/2 seriyalı 357220 saylı 2013-cü il 8 may tarixli kassa mədaxil orderlərinin qəbzlərinə əsasən müvafiq olaraq 7.000 manat və 3.525 manat olmaqla, cəmi 10.525 manat məbləğində pul vəsaitini haqlı olaraq ödənilmiş sığorta haqqı kimi qəbul etmiş və həmin məbləğləri lizinq ödənişlərinə aid etməmişdir. Cavabdeh tərəf isə həmin pul vəsaitinin məhz tərəflər arasında bağlanmış sığorta müqaviləsi üzrə ödənilməli olan sığorta haqqı deyil, lizinq ödənişləri ilə bağlı ödənildiyini əsaslandıra bilməmişdir. Buna görə də adı çəkilən hər iki qəbz üzrə ödənilmiş 10.525 manat pul vəsaiti lizinq müqaviləsi üzrə müəyyən edilmiş ödənişlərə aid edilə bilməz.

33. Cavabdeh tərəfindən məhkəmə iclasında təqdim etdiyi digər iki - ÇBÜ/2 seriyalı 286552 saylı 2013-cü il 27 mart tarixli və ÇBÜ/2 seriyalı 286665 saylı 2013-cü il 28 mart tarixli kassa mədaxil orderlərinin qəbzlərinə gəldikdə isə qeyd olunmuşdur ki, həmin qəbzlərdə ödənişin təyinatı olaraq “damazlıq heyvanların saxlanma və üstəlik xərci” göstərilmişdir. Hər iki qəbzə əsasən müvafiq olaraq 1.498,35 manat və 8.000 manat olmaqla, cəmi 9.498,35 manat məbləğində vəsait ödənilmişdir. Həmin vəsaitin iddiaçı tərəfindən tələb olunan lizinq ödənişlərinə aid edilməli olması barədə məsələ araşdırılarkən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 2.2.1-ci bəndinə əsasən, lizinq alan damazlıq heyvanların daşınma, saxlanma, boşaltma və digər xərclərinin ödənilməsini öhdəsinə götürmüşdür. Odur ki, damazlıq heyvanların saxlanması və digər hər iki qəbzdə göstərilən “üstəlik xərcləri” həmin müqavilələr üzrə tərəflər arasında ödənilməsi müəyyənləşdirilmiş ümumi lizinq ödənişinin tərkibinə daxildir. Belə olan halda, cavabdeh tərəfin müqavilə üzrə razılaşdırılmış qrafikə əsasən hər dəfə iddiaçıya ödədiyi ümumi lizinq ödənişi, həm də lizinq predmetinin saxlanması və digər xərcləri də əhatə etmişdir. Odur ki, iddiaçının hazırda cavabdehdən tələb etdiyi lizinq ödənişindən ekspert rəyi əsasında müəyyənləşdirilmiş 23.965,92 manat əsas borc məbləğindən cavabdehin hər iki ÇBÜ/2 seriyalı 286552 saylı 2013-cü il 27 mart tarixli və ÇBÜ/2 seriyalı 286665 saylı 2013-cü il 28 mart tarixli kassa mədaxil orderlərinin qəbzlərinə əsasən ödədiyi 1.498,35 manat və 8.000 manat olmaqla, cəmi 9.498,35 manat pul vəsaiti çıxılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı tərəf bu ödənişin lizinq ödənişinə aid edilməli olduğunu nəzərə alıb onu tələb etdiyi borc məbləğindən çıxmalı idi, lakin bunu etmədiyi üçün həmin ödənişlər lizinq ödənişi olaraq nəzərə alındığından iddiaçının həmin pul vəsaitini tələb etməsi əsassız hesab edilmişdir.

34. Cavabdeh 2023-cü il 29 may tarixində kassasiya şikayəti verərək həmin qətnamənin iddianın təmin edildiyi hissəsini (qətnamənin qalan hissələrində dəyişdirilmədən saxlanıldığı hissəsini) ləğv edərək, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instasiyası məhkəməsində ikinci icraat

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023cü il tarixli 2-2(102)-397/2023 saylı qərarı (hakimlər sədrlik edən Bəhram Məmmədli, Abiddin Hüseynov, Əhməd Nurməmmədov) ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli 2-2(103)- 178/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən - əsas borcun 4.785,62 manatı hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

36. Ali Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi qərarda məhkəmə tərəfindən sığorta ilə bağlı 4.785,62 manat məbləğində sığorta ödənişi məbləğinin iddiaçı tərəfindən silinməsi göstərilsə də, ekspertin rəyində öz əksini tapmadığı qeyd olunmuş və son apellyasiya baxışında, aparılmış sığorta ödənişləri ilə bağlı mövqeyin dəqiqləşdirilməsi barədə göstəriş verilmişdir.

37. Lakin apellyasiya instansiyası məhkəməsi həmin göstərişi yerinə yetirməmiş, nəticədə MPM-in 420-ci maddəsinin (bax yuxarıda § 76) tələbləri pozulmuşdur. Bu isə sözügedən 4.785,62 manat məbləğində sığorta ödənişi məbləğinin iddiaçı tərəfindən cavabdehin borcuna yönəldilib-yönəldilməməsi və bununla əlaqədar hazırda cavabdehdən tələb olunan borc məbləğinə daxil edilib-edilməməsi barədə birmənalı nəticəyə gəlməyə imkan vermir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı tərəfin birinci instansiya məhkəməsinə təqdim etdiyi maliyyə arayışında 4.785 manat pulun silinməsi ilə bağlı məlumat yoxdur. Sözügedən qrafik daha sonra iddiaçı tərəfindən tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. xx.xx.2020-ci il tarixində birinci instansiya məhkəməsinə verilmiş ərizə ilə sığorta ödənişi 4785 manat məbləğində təmin edildiyi və həmin məbləğin cavabdehin ərizəsi əsasında borca yönəldildiyi müəyyən edilmişdir. Lakin onlar belə ərizə təqdim etməmişlər. İddiaçı tərəf həmin pulu aldığını bildirir, lakin həmin məbləğ borc məbləğindən silinib-silinmədiyi məlum deyildir. Sığorta haqqı Cavabdeh tərəfindən ödənilsə də, sığorta ödənişi iddiaçıya verilmişdir. İş materiallarına əlavə edilmiş mühasibatlıq cədvəlini kadrlar şöbəsi təsdiqləmişdir.

39. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qeyd etmişdir ki, Ali Məhkəmənin mövqeyi tamamilə yanlışdır, çünki əvvəlki apellyasiya baxışı zamanı tərəf özü etiraf etmişdir ki, 4.785 manat məbləğində ödənişi tərəfindən edilməyib. Tərəfindən hesabdan çıxarış təqdim olunmuşdur, həmin çıxarışdan görünür ki, 2016-cı ildə 4.785 manat 62 qəpik ödəniş kimi edilmiş, hesaba oturmuş və həmin məbləğ nəzərə alınmışdır. Belə olduğu halda müəyyən olunur ki, həmin ödəniş sığorta ödənişidir. İş materiallarında da 4.785 manatlıq ödəniş qəbzi mövcud deyildir.

40. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən qətnamə əsas borcun 4.785,62 manatı hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

45.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 46.427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

47. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icraedilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 48.443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 49.445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün vəgecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 50.448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 51.445.7-ci maddəsinə əsasən, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digərəsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 52.448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və yahərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 53.747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 54.748-10.1-ci və 748-10.2-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 55.748-13.4.-cü maddəsinə əsasən lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. 56.748-1.12.-ci maddəsindən görünür ki, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

57.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 58.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 59.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 60.Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsitərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (372.2-ci maddə).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

61.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

62. Məhkəmə aktlarına əsasən müəyyən edildiyi kimi 2012-ci il 6 noyabr tarixli 104- LD/12 və 2013-cü il 28 mart tarixli 50-LD/13 saylı müqavilələr üzrə yaranmış əsas borc olaraq cavabdehdən ekspert rəyinə əsasən 23.965,92 manat iddiaçının xeyrinə tutulması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli 2-2(103)-178/2023 saylı qətnaməsi ilə ekspert rəyi əsasında müəyyənləşdirilmiş 23.965,92 manat əsas borc məbləğindən ÇBÜ/2 seriyalı 286552 saylı 2013-cü il 27 mart tarixli və ÇBÜ/2 seriyalı 286665 saylı 2013-cü il 28 mart tarixli kassa mədaxil orderlərinin qəbzlərinə əsasən 1.498,35 manat və 8.000 manat olmaqla, 9.498,35 manat ödənildiyi müəyyən edilmiş, həmin pul məbləği əsas borc məbləğindən çıxılmışdır.

63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023cü il tarixli 2-2(102)-397/2023 saylı qərarı ilə 4.785,62 manat məbləğində sığorta ödənişi məbləğinin iddiaçı tərəfindən cavabdehin borcuna yönəldilib-yönəldilməməsi və bununla əlaqədar hazırda cavabdehdən tələb olunan borc məbləğinə daxil edilib-edilməməsi məsələlərinin araşdırılması barədə müvafiq göstərişlər verilmişdir.

64. Belə ki, hər iki müqaviləyə görə cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 52 baş cins damazlıq heyvanı lizinqə götürmüş, lizinq ödənişlərinin ümumi məbləği (3.633,80 + 87.003,29) 90.637,09 manat təşkil etmişdir, müqavilələrə əsasən damazlıq heyvanların dəyərindən 43.501,65 və 1.816,90 manat məbləğində ilkin ödəniş edilmişdir. Hər iki müqavilə üzrə ödənilməli olan məbləğ 45.318,55 manat təşkil etmişdir.

65. Birinci instnasiya məhkəməsi tərəfindən "xxxx" ASC-nin sığorta ödənişi kimi verdiyi 4.785,62 manat məbləğinin iddiaçı tərəfindən cavabdehin borcuna yönəldilməsini müəyyən etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli 2-2(103)-178/2023 saylı qətnaməsi ilə iddiaçının cavabdehdən tələb etdiyi lizinq ödənişi olan və ekspert rəyi əsasında ödənilməmiş əsas borc məbləği kimi müəyyənləşdirilən 23.965,92 manatdan ÇBÜ/2 seriyalı 286552 saylı 2013-cü il 27 mart tarixli və ÇBÜ/2 seriyalı 286665 saylı 2013-cü il 28 mart tarixli kassa mədaxil orderlərinin qəbzlərinə əsasən 1.498,35 manat və 8.000 manat olmaqla, cəmi 9.498,35 manat ödənildiyi müəyyən edilmiş, həmin pul məbləği əsas borc məbləğindən çıxılmışdır.

66. Kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi sadə riyazi hesablama aparan zaman müəyyən etmişdir ki, cavabdeh tərəfindən cəmi iki müqavilə üzrə (50-LD/13:3954+3594+3594+3594(2014)+ 3954+682,62(2015); 104-LD/12:150+150+150+150+150(2014)+149(2015)) 21.351,62 manat ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli 2-2(103)-178/2023 saylı qətnaməsi ilə əlavə 9.498,35 manat ödənildiyi müəyyən edilmişdir. Hər iki əsasla ödənildiyi müəyyən edilmiş məbləğ ödənilməli olan 45.318,55 manat məbləğindən çıxılanda yerdə qalan məbləğə əsasən 4.785,62 manat məbləğində sığorta ödənişi məbləğinin iddiaçı tərəfindən cavabdehin borcuna yönəldildiyi və bununla əlaqədar cavabdehdən tələb olunan borc məbləğindən həmin məbləğin çıxıldığı müəyyən edilir.

67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh, 2014-cü ildə hər iki müqavilə arasında bölüşdürülmüş 4.785,62 manat məbləğinin (3954+682,62+149) onun tərəfindən ödənildiyini təsdiq edən müvafiq qəbzləri məhkəməyə təqdim etməmiş, bununla da əsas borcdan çıxılmış həmin məbləğin sığorta ödənişi məbləğinin olmadığını sübuta yetirə bilməmişdir. Cavabdeh silinmə ilə bağlı onun ərizəsi məhkəməyə təqdim edilmədiyinə istinad etsə də, bu ərizənin iş materiallarında olmaması ödəniş qrafikində ödənilmiş məbləğ kimi gəstərilən 4.785,62 manatın onun borcuna yönəldildiyini təkzib edən sübut deyildir və hazırki məsələdə bu hala cavabdehin istinad edilməsi yolverilməzdir.

68. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

69. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

70. Beləliklə, birinci instansiya məhkəməsi (apellyasiyanının baxış predmetinə aid hissədə) işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1200/2022 saylı 03 mart 2022-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar