Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1335/2022 10.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının səksənə yaxın yaşı var,tək yaşayır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli 2(009)-1931/2018 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanında tikilmiş yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 63.kv.m-dən ibarət olan,1 otaqlı 26 saylı mənzilinə dair cavabdeh "xxxx" MMC ilə aralarında 06 avqust 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh2 onun qızıdır. Qızı onun yaşlı olmasından, köməksiz vəziyyətindən istifadə edərək, onu döyərək, ölümlə hədələyərək həmin mənzildən onun oğlu Azərin adına 14 saylı notariat ofisində imtina ərizəsi yazdırmışdır. Cavabdehlər onun imtina ərizəsini nəzərə alaraq 01 sentyabr 2021-ci il tarixdə mübahisəli mənzil barəsində alqı-satqı müqaviləsi bağlamışlar. O ərizəsində mənzilə görə ödədiyi puldan imtina etməmiş, payından imtina etmişdir. Mənzilə görə ödənilmiş pul cavabdeh "xxxx" MMC tərəfindən ona geri qaytarılmamışdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 28 avqust 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə ərizə ilə müraciət edərək "xxxx"MMC-nin ünvan 1 ünvanında tikilmiş yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 63.kv.m-dən ibarət olan,1 otaqlı 26 saylı mənzilə dair onun adına olan müqavilədən və pay hüququndan imtina etdiyini və müqavilənin digər şəxsin adına keçirilməsinə etiraz etmədiyini, gələcəkdə "xxxx" MMC-yə hər hansı maddi iradı və tələbi olmayacağını bildirmişdir. İddiaçı notariusun iştirakı ilə etdiyi imzasının həqiqiliyi Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1.-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.4.-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı ona qarşı Cavabdeh2 tərəfindən 2021-ci ilin avqust ayında zorakılıq tətbiq edilərək mübahisəli mənzildən 28 avqust 2021-ci ildə notariat ofisində imtina barədə ərizə yazmasına məcbur edilməsini bildirsə də, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, mənzildən imtinaya dair ərizə 28 avqust 2021-ci il tarixdə iddiaçının iradəsinə uyğun yazılmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1335/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1335/2022
10.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver