Məhkəmə qərarları › İş №2(004)-1344/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1344/2023

03.04.2023 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1344/2023 03.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə2, Maraqlı şəxs "Azərterminalkompleks" Birliyinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyini və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi daşınar əşyaların sahibsiz hesab edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" Birliyinin depozitdə saxlanılan 3056,06 manatın sahibsiz elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Rusiya Federasiyası vətəndaşı X1 idarə etdiyi “Kamaz-54112” markalı, B027MC dövlət nömrə nişanlı qoşqulu yük avtomobilinə gömrük baxışı keçirilərkən, yük müşayiət sənədlərində göstərilməyən 56451,48 manat dəyərində tütün və ərzaq məmulatları aşkar edilmişdir. Aşkarlanmış faktlara görə xx.xx.2006-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 206.1ci maddəsi ilə cinayət işi başlanmış və bir sıra zəruri istintaq-əməliyyat tədbirləri keçirilmiş, lakin cinayətin digər iştirakçılarını ifşa edib cinayət məsuliyyətinə cəlb etmək qanunla müəyyən edilmiş müddət ərzində mümkün olmamışdır. Bundan sonra xx.xx.2006-cı il tarixdə İ.İbragimov cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 206 1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin təqsiri sübuta yetirilmədiyi üçün barəsində olan cinayət işinə xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş və həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İstintaq orqanının xx.xx.2006-cı il tarixli qərarı ilə 32800 qutu “Yava”, 11500 qutu “Kent”, 250 qutu “Marlboro”, 4800 qutu “Zolotoya Yava”, 3500 qutu “Muratti”, 2400 qutu “Vest” markalı siqaret, 944 paket “solomka sladkaya” şirniyyatı, 250 kq qənnadı məmulatı, 2981 qutu “Pricuda” tortu, 1125 paket “Rolton” vermişelli toyuq sousu, 1250 ədəd “Rolton” vermişelli ət sousu, 225 paket “Rolton-stakan" vermişelli sousu, 2300 ədəd “Sup-tarelka”, 1135 paket “Kukuruznıe xlopya”, 750 kq marmelad və 1000 paket “Kukuruznıe kileçki” yükü maddi sübut qismində tanınmışdır. İstintaq orqanının xx.xx.2006-cı il tarixli və xx.xx.2006-cı il tarixli qərarları ilə iş üzrə məhkəmə-bioloji və məhkəmə-iqtisad ekspertizaları təyin edilmişdir. İstintaq orqanının qeyd olunan qərarlarının icrasına başlayan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2006-cı il tarixli və xx.xx.2006-cı il tarixli rəy tərtib edərək həmin tarixli məktubla istintaq orqanına göndərmişdir. Qeyd olunan rəydə tədqiqata təqdim edilmiş siqaret və qənnadı məmulatlarının orta bazar qiymətinin 56451,48 manat təşkil etməsi qeyd edilmişdir. Ərizəyə əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" Birliyinin xx.xx.2012-ci il tarixli 182-14/xxxx/000171 nömrəli cavab məktubuna əsasən maddi sübut olan məhsulların xx.xx.2006-cı il tarixdə satışından əldə olunan 3056,06 manat pul “Dövlət Gömrük Komitəsi Azərterminalkompleks” Birliyinin depozitində saxlanıldığı müəyyən edilmişdir. Bundan sonra Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin 25 06.2012-ci il tarixli qərarı Azərbaycan Respublikası Baş prokurorunun müavininin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilərək iş üzrə icraat təzələnsə də, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən qanunamüvafiq qərar qəbul edilməsi üçün xx.xx.2022-ci il tarixli göstərişlə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmişdir. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Azərbaycan Respublikası CM-nin 10, 15 və 75-ci maddələrinin tələbini nəzərə alaraq cinayətin törədildiyi gündən, yəni xx.xx.2006-cı il tarixdən 16 ildən artıq müddət keçməsi və iş üzrə toplanmış sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verməklə cinayət işinin icraatına cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi nəzərə alınmaqla Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Həmin qərarda qeyd edilən məhsulları xx.xx.2006-cı il tarixdə satılmasından əldə olunan və Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks" Birliyinin depozitində saxlanılan 3056,06 manat pulun dövlət nəfinə keçirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Hüquqi Təminat İdarəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi cinayətin predmeti olduğundan istintaq orqanı tərəfindən xx.xx.2006-il tarixli qərarla maddı sübut qismində tanınmış, məhsulların satılmasından əldə olunan və Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks" Birliyinin depozitində saxlanılan 3056,06 manat daşınar əşyalara xx.xx.2006-cı il tarixdən Dövlət Gömrük Komitəsi tərəfindən sahiblik edilməyə başlanmışdır. Nəzərə almaq lazımdır ki, ötən 16 il ərzində əşyanın sahibliyə verilməsi ilə əlaqədar Dövlət Gömrük Komitəsinə və Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks" Birliyinə müraciət olmamışdır. Belə olan təqdirdə 3056,06 manatın sahibsiz elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs "Azərterminalkompleks" Birliyinin nümayəndəsi ərizəni qəbul edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikası Malliyyə Nazirliyi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Həmin Məcəllənin 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemlərinin 17 may 2006-cı il tarixli, 4518/4535 saylı rəyin nəticə hissəsinə əsasən, iddia ərizəsində qeyd edilən məhsullar (18 adda siqaret və qannadı məmulatlarının orta bazar dəyəri 282.257.400 AZN (iki yüz səksən iki milyon iki yüz əlli yeddi min dörd yüz) müəyyən olunur. Həmin məbləğ yeni manatla 5641,48 manat təşkil edir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizədə qeyd olunan əmlakların mülkiyyətçiləri keçən 16 il ərzində həmin əmlaklar barədə maraqlanmamış, həmin əmlaklar sahibsiz qalmışdır. Bu müddət ərzində həmin əşyalar satılaraq satışından əldə olunmuş vəsait dövlət orqanı - Dövlət Gömrük Komitəsində saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilərək həmin pul vəsaiti sahibsiz hesab edilməli və dövlət mülkiyyətinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat İdarəsi istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə başlanmış və həmin şöbənin 16 noyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsi ilə icraatına xitam verilmiş 73140 nömrəli cinayət işi üzrə aşagıda göstərilən maddi sübutlar: 944 paket “solomka sladkaya” şirniyyatı 250 kq qənnadı məmulatı 2981 qutu “Pricuda” tortu 1125 paket “Rolton” vermişelli toyuq sousu 1250 ədəd “Rolton” vermişelli ət sousu 225 paket “Rolton-stakan" vermişelli sousu 2300 ədəd “Sup-tarelka” 1135 paket “Kukuruznıe xlopya” 750 kq marmelad 1000 paket “Kukuruznıe kileçki” yükünün satışından əldə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks" Birliyinin depozitində saxlanılan 3056,06 manat (üç min əlli altı manat altı qəpik) sahibsiz hesab edilsin və dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar