Məhkəmə qərarları › İş №2(004)-1363/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1363/2022

21.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1363/2022 21.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X3 oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 432 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində olan ünvan 1-ə aid qaz sayğacına "X1”nin Bakı Regional Qazın Satışı İdarəsinin əməkdaşları tərəfindən 20.09.2021-ci il tarixdə baxış keçirilərkən guya sayğaca müdaxilə olunduğu aşkar edilmiş və aşkar edilmiş pozuntu ilə əlaqədar akt tərtib edilmiş, sayğac laborator müayinəyə göndərilmişdir. Sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 13.10.2021-ci il tarixli 29/1710-03820-1 N-li aktına əsasən hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən dəymiş ziyan hesablanmış və Qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qeyd edilir. Həmin tələbnaməyə əsasən ona 4 x 12 x 90 = 4320 m3 qaz sərfiyyatı hesablanmışdır.. Buna əsas isə 29.10.2021-ci il tarixli ******* saylı akt olmuşdur. Qeyd edilən aktı o, cavabdehə müraciət edib ona təqdim edilməsini xahiş etsə də, Birlik tərəfindən digər sənədlər təqdim edilmiş, lakin həmin akt təqdim edilməmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, hesablanmış borc qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında silinməlidir. Belə ki, təbii qazdan istifadə üçün sayğac həyətin çıxışında yaşadığı evdən kənarda quraşdırılıb. Bundan əlavə 20.09.2021-ci ilin tarixdə Cavabdeh əməkdaşları tərəfindən ona məxsus evin və onun yaşadığı məhəllənin sakinlərinin adına quraşdırılmış sayğacların vaxtının keçməsi ilə əlaqədar sökülüb aparılması və əvəzində yenisinin quraşdırılması barədə məlumat verilmişdir. Birliyin əməkdaşları tərəfindən sayğaclar onun iştirakı ilə çıxarılmış və çıxarılan zaman sayğaclara müdaxilə olunması barəsində heç bir məlumat verilməmiş və iştirakı ilə heç bir qüsur aktı tərtib edilməmişdir. Əgər sayğaca yerində müayinə zamanı qüsur və ya müdaxilə aşkar edilmişdisə, bu zaman ona bu barədə məlumat verilməli idi ki, iddiaçının da həmin qüsur və ya müdaxilə barəsində məlumatı olmuş olsun. Sonradan sayğacda qüsur və ya müdaxilə var idisə, bu artıq onun təqsirindən deyil, İstehsalat Birliyinin əməkdaşlarının ehtiyatsız hərəkətləri nəticəsində baş verə bilərdi. Bundan başqa sayğacın plombu üstündə olmuşdur, bu fakt da cavabdeh idarənin əməkdaşı tərəfindən təsdiq edilmişdir. Əks təqdirdə tərtib edilmiş aktda plombun yerində olmaması qeyd edilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazını məhkəməyə təqdm etmişdir. Etirazda cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00050 saylı abonent kodu verilmiş fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldıqda, sayğacın hesablama mexanizminin qapağının yan tərəfindən əzilməsi və daxili qulaqcıqlarında əzik izləri aşkar edilmişdir. Bütün bunlara əsasən itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. İddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X2’nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-4.9-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etdi ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş 29.10.2021-ci il tarixli ******* saylı aktda köhnə qaz sayğacına müdaxilə edildiyi göstərilmış və iddiaçıya 432 manat məbləğində borc hesablanmışdır. Səbəb qismində sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması göstərilmişdir. Halbuki, sayğac çöldə yerləşdirildiyindən müdaxilənin olduğu təqdirdə belə, bunun iddiaçı tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçının qaz sayğacına müdaxilədə təqsiri müəyyən edilmədiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanına hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc silinsin. Borcun silinməsi vəzifəsi Cavabdeh İB-nin üzərinə qoyulsun. Cavabdeh “Azəriqaz İB”-dən 30 (otuz) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar